Yuxarı

Stalinə meydan oxuyan görkəmli şairimiz – 81 yaş

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün görkəmli şair Musa Yaqubun 81 yaşı tamam olur.

Kult.az xatırladır ki, Musa Yaqub 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində anadan olub. O, Göyçay pedaqoji məktəbini bitirdikdən sonra Tircan kənd orta məktəbində müəllim (1957-1958), Buynuz kənd ibtidai məktəbində müəllim və müdir (1958-1967) kimi çalışıb, ADU-nun filologiya fakültəsində təhsil alıb (1967-1973). Bakıya köçəndən sonra isə Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda direktor müavini, "Azərbaycan" jurnalında poeziya şöbəsinin müdiri vəzifələrində işləyib (1974-1978).

M.Yaqub ədəbi fəaliyyətə 1957-ci ildə "Azərbaycan" qəzetində çap olunan "İki qəlb, iki dünya" poeması ilə başlayıb. O, “Yarpaqlar oxuyur”, “Bu məhəbbət yaşadır məni”, “Üzü bəri baxan dağlar” “Yaxşı ki, sən varsan”, “Bir sim üstə”, “İki qəlbin işığı”, “Ürəyimdə yerin qaldı”, “Ruhumla söhbət” və s. şeir və poemalar toplusunun müəllifidir.

Bədii yaradıcılıqla yanaşı siyasi fəaliyyətilə də seçilən Musa Yaqub, 1995-2000-ci illərdə Milli Məclisin deputatı olub.

Şairin doğum tarixi (1937-ci il) qəribə bir tarixi reallığı bizə göstərir. Azərbaycan şairlərinin, yazıçılarının, ziyalıların repressiyaya məruz qaldığı, sürgünə göndərildiyi ildə doğulan Musa Yaqub, bir növ, sanki bu qanlı siyasətə meydan oxuyaraq dünyaya gəlmişdi. Onun doğuluşu həm də tarixə bir mesaj idi: qırğınlara, repressiyalara rəğmən, bu xalq yenə də böyük şəxsiyyətlər yetişdirəcək.

Son vaxtlar Musa Yaqubun səhhətində müəyyən problemlər yaranıb. Kult.az olaraq, görkəmli şairimizə can sağlığı arzulayır və onun sevilən şeirlərindən bir neçəsini təqdim edirik:

Onda biləcəksən

İndi nazın böyük, ürəyin aram,

Eh, mən də səninçün belə qalmaram.

Bir də görərsən ki, bir ərk yerin yox,

Qalmısan neçə yad baxışın altda.

Qəfil görəcəksən çətirin də yox,

Əsirsən bir qərib yağışın altda

Günəşdə üstünə kölgə salan yox,

Tənhasan, amma heç yada salan yox.

Sönüb səndən ötrü o isti ocaq.

Onda biləcəksən mənim sevgimi,

Biləcəksən, o da çox gec olacaq.

Könlün darıxanda, lap darıxanda,

Kimlərsə hardasa qoşa baxanda,

Bir də görəcəksən sən burda təksən,

Yanında boş qalıb bir sirdaş yeri

Sızlayır könlünün həmin boş yeri.

O sözün, o səsin, o ərkin yoxdur,

Dərdin var, bu dərdə şərikin yoxdur.

Onda birdən-birə gözün dolacaq,

Onda biləcəksən mənim sevgimi,

Biləcəksən, o da çox gec olacaq.

Məsələn bir dəfə yeri gələndə,

Bir gizli vaxt tapıb güzgülənəndə

Bir də görəcəksən şümşad əllərin,

Çiyninə tökülmüş dalğın tellərin,

Bir gülər üzün var, amma bilən yox,

Bu xumar gözlərlə birgə gülən yox.

Çiynin boş, əlin boş, boş qalan qucaq

Onda biləcəksən mənim Sevgimi

Biləcəksən, o da çox gec olacaq.

Payız duyğuları

Payızın hökmüylə əsdi bir külək,
Bir yaşıl səltənət çovğuna düşdü.
Ağaclar bir yaş da qocaldı demək,
Bir yarpaq nəsli də qırğına düşdü.

Aldı verdiyini geriyə torpaq,
Qazancı nə oldu bağın-bağçanın.
Bir yarpaq boy atdı körpə bir uşaq,
Ömründən bir yarpaq düşdü qocanın.

Palıdlar tab etdi sükuta, yasa,
Gilas yarpaqları qızardı, düşdü.
Hansı bəxtəvərin növcavanınsa
Üzünə bir yarpaq qızartı düşdü.

Çox yarpaq tökümü görüb yerimiz,
Soraq tutmaq olmur cığırdan, izdən.
Torpaq altındakı əzizlərimiz
Yenə də bir yarpaq gen düşdü bizdən.

Bir yarpaq da düşdü Bəzz qalasına,
Divarlar bir yarpaq çökdü aşağı.
İgid Babəklərin, Koroğluların
Bir yarpaq uzaqdan gəldi sorağı.

Yarpaqlar, belədir zamanın hökmü,
Tökülün, əbədi ömrə tamarzı.
Tarixin yüz illik yarpaq tökümü,
Olacaq bir yarpaq yaddaş kağızı.

Payızın ağzından əsdikcə külək,
Bir yaşıl səltənət çovğuna düşdü.
Ağaclar bir yaş da qocaldı demək,
Bir yarpaq nəsli də qırğına düşdü.

Tarix
2018.05.10 / 17:51
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla