Yuxarı

Gənc qızın ahı tutdu: direktorun faciəli sonu...

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölmüş heykəl

(Müəllifin qeydi: Hekayə real hadisələrə əsaslanır)

- Alo? Səsin tam eşidilmədi! Necə yəni özünü yandırıb? Sağdır? - arvadı çaşdığından elə mətbəx tutacaqlarını alıb dəsmal əvəzi üz- gözünün tərini sildi.

- Kim kimi yandırıb benzinin bu baha vaxtında?..

O, qəsdən bərkdən telefondakı danışığa müdaxilə etdi. Arvadı üz- gözünü daraldıb, ona sarı əli ilə acıqlı “bəsdir” ifadəsini yellədi.

O təslim olmurdu. Gileyini mətbəxdən gətirdiyi qəhvəni qonaq otağındakı masa üzərinə qoyduqdan sonra da davam etdirdi.

- Sübh tezdən bu nə xəbərdir ee?.. Öldürüb öldürüb də! Allah rəhmət eləsin! Yox e, dində deyilir, özünü öldürənə rəhmət düşməz, - söyləndi və qəfil də öz içində ürpəndi.

Son aylar ancaq intihar barədə düşünürdü. Allahla danışmağa cəhd edirdi, alınmırdı. Əvəzində soyuq nəfəs ona bu həyatdan əl çəkməyi pıçıldayırdı: “Niyə yaşayırsan axı? Nəyə görə? Kimə lazımsan?”

Bu suallara cavab vermək istəsə də, çətinlik çəkirdi. Soyuq səs haqlı idi, o, işdən qovulanı heç kəsə gərək deyildi.

“Lazımsız əşya kimi tulladılar məni bayıra”, - dostlarına belə deyirdi. Hər qədəhində daha bir etriaf səslənir, daha bir hayqırtı çırpılırdı zamanında yolunda qurban getdiklərinin üzünə. Bu dəfə də soyuq səs asta-asta üzünə tərəf yaxınlaşırdı ki, oğlunun səsi onu bədbinlik quyusuna enməkdə yubatdı.

- Ata, bax, gör müəllimə nə yazıb?

- Nədir a bala? Eyməndirdin lap məni!

Dəftərdə səliqə ilə bir sətirə düzülmüş əlyazmanı oxudu: “Sinif otağının pəncərəsi sındırıldığı üçün uşaqlardan ümumi təmir pulu yığılır”.

- Mən həmişə demişəm, sizin müəllimənizin başı xarabdır! Vəzifədə olduğum vaxt anan qoymadı onu rədd eləyəm. Di gəl indi, sınan qapı-pəncərə ilə oyna!

***

Hər dəfə valideyn iclaslarına arvadı yollandığından, bu ağır missiya haqqında ümumiyyətlə düşünmürdü. Təzyiqdən əziyyət çəkən Tənzilə isə bu dəfə iclasa məhz onun getməyini istədi: “Başım partlayır, uşağın iclası var”, - deməyi isə yeni macəranın başlanğıcına təməl oldu.

Könülsüz-könülsüz avtomobilə əyləşərək, “sür 96-ya” deməsi də, gəlib məktəbin həyətində ağır addımlarla avtomobildən enib, pilləkan yuxarı onu maraqlı nəzərlərlə süzən insanları sürətlə yara-yara keçməsi də oğlunun müəlliməsi ilə ilk tanışlığına qədər ona yorucu və maraqsız gəlirdi. İndi isə qarşısında dayanan, boylu-buxunlu, cavan, qüsursuz ayaqlarının nəzərdən keçirilməsi üçün kifayət qədər qısa ətək geyinən müəllimə oğlunun dərsə davamiyyətini danışarkən, onunla yalnız necə sevişəcəyi barədə planlar qururdu; “Kasıb maaşa baxan müəllimədir, əvvəl naz-qoz edib, sonra da razılaşacaq də... Razılaşmayıb hara gedəcək?”

- Siz məni dinləyirsiniz, Rafiq müəllim?

“Köpəyin qızı psixoloqdur e, dərhal tutdu ki, fikrim ayaqlarından da yuxarı qalxıb”.

O, cəld özünü toparladı:

- Əlbəttə, xanım. Uşaqlara daha çox yoldaşım vaxt ayırır. Mən isə sadəcə onlardan “hesabat” alıram.

“Hesabat” sözünün səslənməsi ilə sinif otağında iclasa yığılan valideynlərin gülüşməsi müəlliməni bir qədər çaşdırdı. İşdə toplantı üçün işlətdiyi sözü şəxsən özünə xoş təsir bağışladı və hətta bu əsnada cavan müəlliməyə göz vurmağı da unutmadı.

Yekunda müəllimə valideynlərə öz mobil nömrəsini xatırlatdı:

- Nə sözünüz olsa, istənilən vaxt sizi dinləyə bilərəm.

Zəngi dərhal etmədi. İclasdan bir həftə keçirdi. “Qoy darıxsın, - düşündü, - onsuz da məni gözləri ilə necə yediyini görürdüm”.

Bir həftədən sonra isə zərif səs sahibəsi onun zənginə cavab verdi:

- Tanımadım, kimdir?

Özünü təqdim etdi. Arxasınca iclasda yarımçıq qalan məsələnin davamı üçün bərabər bir şam yeməyi üçün dəvət yolladı.

- Təşəkkür edirəm. Amma zamanım azdır. Dərslərimizdən, hazırlıqlardan başımız açılmır.

O, daha da açıq şəkildə danışmağa cəhd etdi:

- Sizi görəndən düşünürəm ki, biz bir-birimiz üçün mütləq vaxt tapmalıyıq.

Onun bu ehtiras dolu pıçıltı ilə söylənilən sözlərindən sonra cavan müəllimənin səsi ciddi ahəng aldı:

- Siz məni düzgün anlamamısınız. Gərək, iclasa Tənzilə xanım özü gələrdi, - deyərək, dəstəyi asdı.

O öz- özünə gülümsünüb, bir də zəng etdi: “Məni Tənzilə ilə qorxudur”. Bu dəfə isə zəngdən imtina siqnalı ilə qarşılaşdı. “Eybi yox, başqa yola əl atarıq”, - deyərək, əl telefonunu hirslə masanın üzərinə tulladı.

Başqa üsula gərək qalmadı. Axşam işdən evə döndükdə, arvadı hikkəli-hikkəli onu düz qapının astanasında qarşıladı:

- Gülnarə müəllimə zəng etmişdi. Deyir, yoldaşınız mənə zəng edir, narahat edir.

Ayaqqabılarını soyunmamış əlini telefona atdı:

- Elə deyir? Gəl elə bu dəqiqə zəng edim, görək necə narahat etmişəm?!

Arvadı telefonu əlindən almağa cəhd etdi:

- Zəng etmə. Deyir, nişanlı qızam. Nə ehtyac var axı, onu yığasan?

- Utanmaz-utanmaz yardım istəyir, “zəng edin” deyir, köməklik etmək istəyəndə isə söz edir. Eybi yox, müdiriyyətə çatdırılanda bilər ki, vəzifəli şəxsə şər atıb işsiz qalmaq nə deməkdir.

Amma bu məsələ elə həmin gecə arvadının şux sinəsi sinəsinə toxunarkən unduldu və ənənəvi, onun təbirincə desək, “müqəddəs aktdan” sonra söz verildi ki, bir də bu mövzu barədə danışılmayacaq...

Nostalji hisslərdən onu arvadının mətbəxdən qonaq otağına səsləndirdiyi nekroloq başlığını xatırladan cümləsi ayırdı:

- Həsənin arvadı özünü yandırıb.

Həsən bağ evlərində gözətçi idi. Bağ-büsatdan anlayışı olmadığından, əsas işləri cavan oğlu və arvadı görərdi. Həsən isə elə ancaq veyillənər, qapı-pəncərəyə nəzarət edər, gecəyə yaxın isə lül-qəmbər olanadək içərdi. Tənzilənin səxavəti müəllimə məsələsindəki kimi, burada da onu geriyə atdı. Neçə dəfə arvadına dedi ki, ay sənə qurban olum, axı bu sərxoş bədbəxt özünü qoruya bilmir, bizi necə qoruyacaq? Amma heç nə kar etmədi. Tənzilə xanım iki ayağını bir başmağa dirəyib, Həsənin “hüquqlarının müdafiəsinə” qalxdı. Bu məsələ isə o vaxta qədər uzandı ki, Həsənin oğlu və arvadı öz doğma elləri Tovuza baş çəkməyə getdi və Həsən də ənənəvi içki qəbulundan sonra tək qaldığı bağ evində “zəhrimarla” (öz izahatında eyni ilə qeyd etdiyi kimi) nuş etməyə iki tikə ət bişirdiyi ocağı söndürməyi unutdu.

Əvvəl eyvan yanıbmş, sonra dəhliz boyu qonaq otağı, yataq otağı və yalnız qaraja çatanda guya bu qədər həngamədən bixəbər qonşular yanğın şöbəsinə zəng etməyə başlayıblar. Elə ilk sözünü də qorxudan ayılmış və gözləri bərələ qalan Həsənə deyil, məhz qonşularına söylədi.

- Siz burda mənim itimin qalıqları ilə qidalanırsınız, ay zavallılar! Haramınız olsun hamınızın!

Bu vahiməlli sözlərdən hətta yanğın söndürənlər də duruxdu; içərilərindən biri isə sanki sözlər ona aid imiş kimi, cəld əlcəyi ilə üzünü tutdu.

Belə ağır məqamlarda həssaslıq artır. O özü həmişə belə deyirdi. Kiçik bir davranış belə gözdən yayınmır. Evin təmiri üçün sığorta idarəsi ilə danışıldı. Yenə də Tənzilə xanımın sayəsində, Həsənə arvad-uşağına görə güzəşt etməli oldu. Nə etsin axı? Həyatındakı hər bir uğuruna görə məhz Tənziləyə borclu idi; təhsili, rütbəsi, vəzifəsi, hətta yanan bağ evi beləTənzilənin atasından onlara miras qalmışdı. Tale onunla Tənziləni qarşılaşdırmasaydı, kim bilir, o indi hansı pullu kişinin nökəri idi?! Rəhmətlik qaynatası onun ədəb-ərkanlı sürücü olmağı ilə yanaşı işə məsul yanaşdığı üçün kombinatdakı tapşırıqlardan savayı evinə də göndərərdi. Elə Tənzilə ilə də ilk tanışlıq məhz həmin ərəfədə başladı. Əvvəlcə heç ağlının ucundan da keçirməzdi ki, o boyda ət kombinatının direktorunun yeganə qızı buna aşiq ola bilər və ya bu yetim savadsız oğlanla ailə qurar. Amma necə deyərlər, sən saydığını say, gör fələk nə sayır. Sən demə, əlahəzrət direktor cənabarı Firqət müəllim artıq qızının istəyi ilə onun hansı ali məktəbə qəbul olunacağına qədər söhbət edib, qərarlaşdırıbmış da. Bu məsələdən isə bixəbər yalnız o özü imiş.

Bir gün yenə də Firqət müəllim bir neçə ərzaq torbasını ona göstərərək, “axşam bunları bizə gətir” deyib, şəxsi maşınına əyləşərək yola düşdü. Xidməti maşın sürücüsü olduğu üçün adətən ona evə getmək kimi tapşırıqlar az verilirdi. Lakin son zamanlar direktorun evinə sarı tez-tez getməyi fəhlə dostlarının da nəzərindən qaçmamışdı. Əyriburun Fərid onu ələ saldı:

- Ədə, olmaya sənə qızını sırımaq istəyir? Bu boynuyoğunlardan nə desən çıxar haa, ehtiyatlı ol!”

Hamı gülüşdü. O zaman Fəridə əsəbləşdiyi yadında idi:

- Fərid, sən öl, sifətinə bir yumruq ilişdirərəm, o yapışıx əyri burnun əməliyyatsız-filan düzələr!

Hamı güldü, Fərid isə ondan yaman incidi. Əslində heç kim bilməsə də, o bilirdi ki, Fəridin ən böyük arzusu burnunu əməliyyat etdirmək, kəndlərindəki istədiyi qıza elçi göndərmək idi. Lakin nə Fəridin burnunun “təmirinə” pulu vardı, nə də kənddəki qızın əyriburun Fəridə ərə getmək arzusu. Sözügedən inciklikdən sonra isə Fərid öz qısa ömrünün sonuna qədər onunla bir kəlmə də olsun danışmayacaqdı. Hətta kombinatda heyvanlara su verən xüsusi qurğunun nasazlığı ucbatından Fəridi cərəyan vuranda və məhz onun qolları arasında can verəndə belə üzünə baxmayacaqdı. Bu hadisə isə onu uzun müdət sarsıntıya salacaqdı. Lakin bütün bunlar sonra baş verəcəkdi. Çox sonra...

Kombinat direkroru Firqət müəllimin tapşırığını yerinə yetirmək üçün evlərinə gedəndə artıq gecədən xeyli ötmüşdü. Buna baxmayaraq, dəyirmi masa arxasında əyləşən ev sahiblərinin gözlərindən sezilən yuxu həsrəti onu görcək bir ümid qığılcımı ilə əvəzləndi. Tənzilə hər kəsdən çox sevinirdi. Balaca uşaq kimi az qala atıla-atıla ona tərəf gəlib əlindəki torbaları almağa cəhd etdi. O, yalnız utanaraq “ağırdır” sözünü söyləyə bildi. Tənzilə “eybi yox” deyərək, torbalarla mətbəxə doğru daşındı.

Sağollaşıb çıxmaq istəyirdi ki, Firqət müəllimin iti baxışları ilə qarşılaşdı: “Əyləş, danışmalıyıq”.

Elə o vaxtdan necə danışdılarsa, artıq iyirmi ilə yaxın idi ki, Tənzilə xanımla hər gecə təkbətək “danışırdı”.

Firqət müəllim o zaman bir qədəh özünə süzdü, bir qədəh də ona:

- Bilirəm ki, sözümdən çıxmazsan, sən də yetim oğlansan, sənə də dayaq lazımdır. Yeganə qızımın könlü səni tutub. Mən də baxıram, işində zirəksən, düzgünsən. Mənim üçün kasıbçılığın bir önəmi yoxdur. Nəyin yoxdur – sayəmizdə düz-qoş edərik. - Sonra da yavaşca başını əyib sakit səslə, - Mən də elə yetimliklə gəlmişəm, bala, əziyyətin nə olduğunu yaxşı bilirəm, sağ olsun Rəhimə xanım, - deyib, arvadına sarı badəni qaldırdı.

Bir həftə sonra isə nağıllardakı həyat onu gözləyirdi: bahalı kostyumlar, ətirlər, ətrafında yaranan nüfuzlu ailələlərin uşaqlarından ibarət dəstə, gözəl məclislər, ən əsası isə kombinat direktorunun kürəkəni “titulu” və bütün bunlardan karıxmış kombinatdakı fəhlə dostlarının sual dolu çaşqın lal baxışları.

Firqət müəllim isə kürəkənini ən yaxın köməkçisinə çevirməklə, sanki “sapı özündən olan dost-tanışlarını” elə onun özünə bir-bir doğradırdı. Özünə isə belə söyləyirdi:

- Sən onları yaxşı tanıyırsan. Uzun müddət onlarla ünsiyyətdə olmusan. Necə rəftar etməli oduğunu da sən bilirsən.

İlk olaraq o, zavallı, əyriburun Fəriddən başladı. Fərid son vaxtlar işə gec gəlirdi. Kənddə uzun illərdən bəri sevdiyi qız nişanlanmışdı və Fərid çarəni yalnız içməkdə görürdü. Beləliklə, ilk hədəf Fərid idi. Toplantıda ona verilən əsaslara görə, o, bütün işçilərdən hesabat aparmalı, baş verən nöqsanlara aydınlıq gətirməli idi. Fərid ayaq üstə lal-dinməz onu dinləyirdi.

- Niyə içkili vəziyyətdə işə gəlirsən? - deyə üstünə səsini qaldırdıqda isə, onun yazıq və küskün baxışları ilə qarşılaşdı. Bəlkə də Fərid susmağı ilə ona cavab verirdi: “Sən ki bilirsən içməyimin səbəbini, niyə soruşursan?!”

Həmin gün axşam öz-özünü məzəmmət elədi, “gərək onunla işim olmayaydı”. Amma Fərid yenə içir, yenə də işə gec gəlirdi, o isə öz növbəsində yenə də onu danlayırdı.

Fəridin ölümü də qəfil oldu. Heyvanların suvarılması üçün nəzərdə tutulan su qurğusu nasaz imiş, kefli Fərid isə sən demə elə ölümü gəzirmiş. Onu cərəyan vurduqdan sonra ancaq xırıldayırdı. Yalvarış dolu nəzərləri kimisə axtarırdı, son dəfə ətrafına yığılan dostlarına bir-bir baxdı, bircə onun özündən başqa. Fərid onun üzünə ölüm ayağında belə baxmadı...

***

İki ay sonra Tənzilə ilə təmtəraqlı toyları oldu: mötəbər insanların çıxışı, ağlasığmaz gözəl rəqslər, ifalar və daha nələr...

Sürətli zaman onu nağıllar aləminin ağuşuna apardıqca, baş gicəlləndirici uğur havasından daha hökmlü və daha yırtıcı olurdu. Bu onun xasiyyəti deyildi. Yetim, bir zamanlar heç kimə lazım olmayan zavallı oğlanın taleyində “şah kimi” yaşamaq qisməti də varmış ki, indi bu ləzzətdən faydalınrdı. Özü də necə lazımdır!

Bir dəfə məscidə uz tutdu. Filmlərdə görmüşdü: günahkar insanlar kilsədə rahiblə danışar, ürəklərindəki kin qarışıq dərdi, günahı etiraf edərək, günahlarından azad olurdular. Məsciddə ona yaxınlaşan əmmaməli, saqqallı mollanı görcək, tez ondan bu barədə xəbər aldı. Molla gülümsünərək, “şəriət qanunlarına bu cür hallar ziddir, - söylədi. - Mən sizə namazın, orucun sirlərini aça bilərəm ki, öz ürəyinizdəkiləri Allahınıza birbaşa söyləyəsiniz”.

O zaman razılaşmadı, indi isə artıq gecikdiyini düşünürdü:

- Yüz il də ibadət etsəm, Allah məni bağışlamayacaq...

Xəyalının film səhifəsində qolları arasında fəryad edən yeniyetmə qızın lənətləri canlandı. Hadisə isə bu cür olmuşdu.

Dostları ilə növbəti yemək-içməkdən sonra könlünə “quzu əti” düşdü, özü də “mələməmiş”. Uşaqlığından sevimli ifadəsi vardı, sözarası ürəyincə olan dost-tanışına deyərdi; “ay sənə mələməmiş quzu kəsim”. İndi də bu kefli dəmində, dostlarının eşqbazlıq təklifinə “mələməmiş quzu olsa, razıyam, nə qədər xərci var, mənlikdir” cavabı altı-yeddi nəfər məclis əhlinin bir- birlərinə maraqlı baxışları ilə müşahidə olundu. Birdən Kök Aslan telefonu əlinə alıb, kiməsə zəng etdi:

- Dostumuz var, hörmətli adamdır, istirahət üçün bakirə arzulayır, - dedi.

Dumanlı beyninə Aslanın sonrakı danışığı çatmadı. Axırıncı badəni içə-içə Aslanın dediyi “on altı yaşı var, gəlsin?” sualına razılıq əlaməti olaraq əlini yellədi.

Yalnız sonra biləcəkdi ki, yanına gətirilən qız son illər xalasının himayəsində böyüyən anadan yetim kənd qızıdır. Atası dustaq olan qızın anası pis xəstəlikdən dünyasını dəyişdikdən sonra xalası götürüb şəhərə gəlibmiş. Ayağısürüşkən xala gecə- gündüz “işlədiyini”, çalışıb-vuruşduğunu, qızın isə ona yalnız yük olduğunu zavallının üzünə vururmuş. Məktəbə belə getməyən qızın isə toxunma güllər hazırlamaqdan başqa əlindən heç bir iş gəlmirmiş. Yaxınlıqdakı mağazanın müdiri cavan oğlanla danışıb, hazırladığı toxunma əl işlərini oraya satmaq üçün qoyarmış ki, bir gün sözügedən ünvanın rəhbəri də satılmış əşyalar əvəzinə verəcəyi pulları ləngidərək, qızdan xoşlandığını dilə gətirir.

Qızın növbəti işsizliyi məcburi halda “xala biznesinə” qatılma ilə müşahidə olunur.

Bütün bunları o, qızın bir saytda gedəcək intihar xəbərindən sonra biləcəkdi. Böyük məqalədə insan faciəsini çoxsaylı tiraja çevirən müxbirin “canfəşanlığı” nəzərdən qaçmamışdı; az qala qızın körpəlikdə iməklədiyi kənd çəmənliyini belə öz təsviri ilə ələ almış yazıda günahkarın kim olduğu haqda heç bir sual olunmurdu. Bütün bu düşüncələr isə onsuz da gərilmiş əsəblərinə daha şiddətlə çırpılır, vicdan aynasının pasını təmizləməyə can atırdı. Qızcığazın ona yalvarışlarını, sonra isə bağırtı ilə söylədyi lənətləri xatırladı; “Mənə toxunma, öldür ondansa, Allah sənin bəlanı versin!”

Bu bağırtı indi də qulağında aydın səslənir və daxilindəki pıçıltı yenidən özünü xatırladırdı ki, bu dəfə də azyaşlı qızı boynuna atılıb, onu “qara fikirlər quyusuna” enməkdən xilas etdi.

Balaca Zümrüd onun dünyası idi. Amma bu dünya belə indi ona dayaq ola bilmirdi, sığmırdı özündən kiçik bu gözəl dünyaya, uyğunlaşmırdı paklığına. Maddiyət də deyildi, işsizlik də deyildi onu bu qədər üzən. Dəfələrcə Tənzilə ilə söhbətində vaxtı ilə daha ağır zamanlarının olduğunu, ac-susuz yatdığı gecələrdən danışardı. Yox, bu bəla başqa idi. Ürəyindəki ağrı daxili dünyasını parçalamışdı, qəlbində azacıq nuru belə söndürmüşdü. Onun dünyadan üzülüşünə vicdan ağrısı səbəb idi, daxilində tuğyan edərək, bütün vücuduna təsir edən ruhunun çarəsiz ağrısı idi bu səs. Zaman geçdikcə isə ağrı daha da artır, dözülməz olurdu.

İkinci səs tam ruhunun içindən qəlbinə boylanaraq, həzin səslə pıçıldayırdı: “Onlar sənə görə öldülər, səbəbkar sən idin. Öldür özünü. Sən ancaq bu cür bağışlana bilərsən!”

Zamanında qarşısına çıxan bütün dünya naz-nemətlərindən əl çəkməyə hazır idi, yetər ki, bu səs susaydı, danışmayaydı onunla. Gözünün önündə nakam, bəxti qara Fərid dayandı. Arxasınca güclə bədəninə sahib olduğuna görə intihara əl atan tanımadığı qızcığaz gəldi.

Daxilindəki səs ona dünyasını dəyişən ruhlara qovuşmağı əmr edirdi. Başını ovuclarının arasına alaraq, əlləri ilə beynini sakitləşdirməyə çalışdı, alınmadı. Xeyli müddət yalnız qışqırıqla səsi dəf etməyə çalışırdı. Bir müddət sonra isə qan dammış gözləri ilə ətrafa boylanaraq, nə baş verdiyini anlamağa, cavab tapmağa çalışırdı. Küncə qısılan qızı, ağlayan arvadı və ürkək baxışla onu izləyən oğlu çaşqınlıq içində idilər. Bu mənzərə onun gördüyü son ailə tablosu oldu.

Ertəsi gün psixiatrik xəstəxanalardan birinin pasiyenti idi və əlləri-qolları sarıqlı halda daxilindəki səslə söhbətləşirdi:

- Zavvalı, sən məni öldürə biməzsən. Mən onsuz da olmüşəm. İnsan var - ölümündən sonra daşlaşar, tarixə çevrilər, insan var sağlığında heykəl olar, ölüb qalar. Mən də heykələm, ölmüş heykəl...

Daxilindəki səs yalnız tibb bacısının bədəninə yeritdiyi naməlum yuxugətirici məhluldan sonra beynindən uzaqlaşırdı.

Növbəti günlər isə Heykəl ilə Səsin eyni dialoqu yenidən təkrarlanırdı...

Tarix
2018.12.08 / 03:36
Müəllif
Aynur Nurlu
Şərhlər
Digər xəbərlər

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla