Yuxarı

Üzünü baş daşıma söykə...

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qurban Yaquboğlunun "Ona çatanda maşın söndü" hekayəsini təqdim edirik:

(Bu əhvalat Azərbaycan rayonlarından birində olub. Başına gələn hadisəni danışmış adam dünyasını dəyişib)

Bir-birimizi orta məktəbdən sevirdik. Hər ikimiz yaxşı oxuyurduq, amma sonuncu sinfi qurtaranda mən şəhərə gəldim, onların ailəsi kasıbıdı – o, kənddə anasına köməyə qaldı. Atası çoxdan rəhmətə getmişdi. Biz sərbəstcə görüşürdük. Səhər tezdən vağzala məni ötürməyə gəlmişdi. Qəribədi ki, gözünün yaşı dayanmırdı, elə ağlayırdı ki, ÜZ-GÖZÜNÜ yaddaşım şəkil kimi çəkib götürürdü. Qatarın tərpənməyinə bir-iki dəqiqə qalmış qəfil hıçqırığını saxladı, məni qırağa çəkib dedi: "Bəlkə getməyəsən?" "Nolub?" "Nə bilim, ürəyimə nəsə damıb". Darıxma, dedim, tez-tez gələcəm, üçüncü kursdan sonra səni də aparacam…

Doğrudan da, semestrləri gözləmirdim, vaxt tapan kimi kəndə qaçırdım, özü də birinci onların qapısına gəlirdim. Hər dəfə də ona bir şey alırdım. Qızarırdı, gülürdü, sevinirdi. Bir dəfə ona yaşıl kofta almışdım. "Üzünü o yana çevir – dedi, – möcüzə görəcəksən… Hə, indi bax". Ona elə yaraşırdı, az qala dəli olacaqdım.

Münasibətlərimizdə o TƏLƏSİRDİ, hərdənbir "evlənək" deyirdi. Mənsə çox SƏBİRLİYDİM, sözü yayındırırdım. Susub içinə çəkilirdi: "Yaxşı, sən deyən olsun". Bir dəfə avqustda gəlmişdim, kənddə dəhşət istiydi. Ağacın altında oturmuşduq. Nəsə susub heç nə danışmırdı. Qəfil:

-Neçənci kursdasan? – soruşdu.

Üçüncünü qurtarmışam, dedim. Ta nə o dindi, nə mən – yəqin o, nəyisə gözlədi, mənsə yenə səbrimi basdım. Vaxt elə bil, saniyələrinəcən hesablanmışdı, onun gözləməsinə mənim səbrim nöqtə qoyanda ağacın bir budağı şaqqıltıyla sınıb yerə əyildi. O, astaca mənə sığınmaq istədi, əlini uzatdı – çatmadı.

Həmişə kiçik qardaşından narahatıdı, "bircə onu böyütsəydik" deyirdi. Onun bütün sözlərini havadaca tuturdum, amma bu narahatlığının şifrəsini heç cür aça bilmirdim – qayğıdan azad olmaq istəyirdi, evin böyük qızıydı, özünə kömək istəyirdi? Nə bilim, vallah. O vaxtdan qızlardan "böyük qardaşın varmı?" soruşmağı vərdiş eləmişəm.

Vaxt öz işini görürdü. Ta kəndə seyrək-seyrək baş çəkirdim. Ondan birinci-axırıncı məktubu yazda aldım: "Mayın 15-i toyumdu. Gəlmə. Xoşbəxt olarsan. Sən Allah, gəlmə".

Getmədim. Kənddən tamam qırıldım. Bir o yadımdadı ki, bir il sonra eşitdim uşaq üstdə ölüb – dünyaya gətirəcəyini də bu dünyaya ust olmadı, özüylə apardı.

***

Şəhərdən evləndim, toy da şəhərdə çalındı. Pul, var-dövlət özü-özünə axırdı.

…Axşam evdə qəfil dedim ki, kəndə gedirəm. Gecə yuxuma qarmaqarışıq qaranlıq və qəfildən aydın, duru, parlaq işıq girdi.

Yolun qırağında dümağ saqqallı, qoca bir kişi vardı, elə bil kimsə mənə "maşını saxla, onu da götür" dedi. Biz tərəflərin adamıymış.

Yolboyu nə o dindi, nə mən. Təkcə bir bulağın böyründə ötüşəndə: "Saxla, a bala – dedi, ­ – su içək, ciyərimiz alışdı-yandı". Başa düşmədim, mənim SUSAMAĞIMI o, hardan bilmişdi. Özü üzünə su atıb maşına mindi. Hə, bir də qəbiristanlığın yanından keçəndə əlini qaldırıb dodaqaltı dua oxudu. Boz bir düzəngahda "maşını əylə" dedi. Düşüb gedəndə bilmədim bu sözləri o söylədi, yoxsa ÖZÜM-ÖZÜMƏ; yəni bu sözlər özü-özünə beynimə doldu: "Ölülər bir yana, dirilərdən muğayat olun…"

Kəndimizə beş-altı kilometr qalmış maşının sürətini yavaşıtdım. Yol qırağı ağacın altında bir qız əl elədi. Maşın düz onun tuşunda sönüb dayandı. Aşağı düşdüm. Dəhşətli bürküydü. Yaşıl koftada dayanan O idi; elə bil o illərdən 12 il yox, 12 saniyə keçmişdi, heç bir cizgisi dəyişməmişdi. Özü salam verdi, "necəsən?" soruşdu. "Yaxşıyam – dedim, ­– sən necəsən?" Neçə il bundan qabaqkı kimi əlimi saçına çəkmək İSTƏDİM, nəsə oldu, YADIMDAN ÇIXDI. O, bir də baxışlarını boynuma sarıdı, sonra danışdı:

- Bu gün kənddə qardaşımın toyudu. Əli çox aşağıdı. Toyuna yaxşı pul sal, qol götürüb oyna. Sevin. Hərdən gəl məni də yoxla. Burda darıxırıq axı… Qurban olum, az qaş-qabaqlı gəz.

Sözü qurtaran kimi BAŞA DÜŞDÜM ki, o tələsir, getməliyəm. Maşına oturanda beynimdə dərhal səhər evdən götürdüyüm on dənə yüzlüyü bircə-bircə saydım. Vəssalam! Ayağımı qaza basıb uzaqlaşana kimi geriyə baxmağı YENƏ DƏ unutdum.

On yüzlükdən səkkizini toya saldım. Oynayanda bir qız da aralığa girdi – koftası yaşılıdı. Tezcə qəbristanlığa getməyi fikirləşdim.

Qəbir ikiymiş; biri özünün, biri də balasının. "Mən səninçün neynəyə bilərəm, qız?"

"Heç nə, üzünü başdaşıma söykə".

Sim-sim.az

Tarix
2016.01.25 / 15:00
Müəllif
Qurban Yaquboğlu
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla