Ana səhifə Digər Elm |
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Nadir şah Əfşar. Diplomatik yazışmalar" kitabının təqdimatı keçirilib.
APA-nın məlumatına görə, tədbirdə çıxış edən AMEA-nın
vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, kitabda ilk
dəfə akademik Ramiz Mehdiyev Nadir şah Əfşarın türk-oğuz mənşəli
hökmdar olduğunu ortaya qoyub. O deyib ki, kitabda Nadir şah Əfşar
tək hərbi sərkərdə yox, iqtisadi, miqrasiya və digər sahələrdə
islahatlar həyata keçirən dövlət xadimi kimi təqdim olunur:
"Kitabda Nadir şah Əfşarın müxtəlif ölkələrlə diplomatik
yazışmaları, diplomatiya sahəsində məharətindən bəhs edilir. Bu
kitab Azərbaycan dövlətçiliyinin öyrənilməsi üçün
əhəmiyyətlidir".
Prezident Administrasiyasının əməkdaşı Eldar Əmirov qeyd edib ki,
indiyə qədər Nadir şah Əfşarın diplomatik yazışmaları Azərbaycan
dilində mövcud olmayıb, bu kitab bu sahədə boşluğu da aradan
qaldıracaq: "Bu tədqiqat Nadir şah Əfşar haqqında həqiqətlərin
ortaya çıxmasına zəmin yaradacaq. Azərbaycan müstəqillik əldə
etdikdən sonra Şah İsmayıl Səfəvi, Ağa Məhəmməd şah Qacar, Nadir
şah Əfşar və digərləri haqqında stereotipləri dağıtmaq zəruri idi.
Bu insanların Azərbaycan dövlətçiliyi ilə bağlı xidmətlərini
kiçiltmək cəhdləri var, onları İran şahlar kimi təqdim etməyə
çalışırlar. Araşdırmalar aparmaq üçün ilkin mənbələrin yazıldığı
dili bilmək lazımdır, yoxsa dəyərli əsər ortaya qoymaq mümkün
deyil. Azərbaycan mənbəşünaslığında böyük boşluqlar var. AMEA-da
böyük mütəxəssislər var, inanıram ki, bu sahədə daha böyük
tədqiqatlar aparılacaq".
AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudov internet məkanında
Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərini ləkələmək meyllərinin
müşahidə olunduğunu, bəzi telekanallarda tarixi şəxsiyyətlərdə
qüsur axtarışının aparıldığını vurğulayıb: "Erməni tarixçiləri də
tarixi şəxsiyyətlərimizi ləkələməyə çalışırlar. Akademik Ramiz
Mehdiyev Nadir şah Əfşarın Azərbaycanın dövlət xadimi olduğunu
ortaya qoyub. Nadir şah Səfəvilər imperiyasının sərhədlərini bərpa
edib, o cümlədən Hindistanı da bu imperiyadan asılı vəziyyətə
asılıb. Tarixdə 3 hökmdar – Makedoniyalı İsgəndər, Əmir Teymur və
Nadir şah Əfşar Hindistanı asılı vəziyyətə sala bilib. Müxtəlif
tayfaların hərbi müqavimətini qıraraq mərkəzi hakimiyyəti
gücləndirmək vacib idi, kənar qüvvələr məzhəb ayrılığından istifadə
edərək bu qarşıdurmanı gücləndirməyə çalışıblar. Ancaq Nadir şah
Əfşar məzhəb ayrı-seçkiliyində rol oynayan mollaları, din
xadimlərini ciddi cəzalandırmaqla məzhəb ayrı-seçkiliyinə son
qoymağa çalışıb. Bir məsələni də nəzərə almaq laxımdır ki, bugünkü
İran və digər torpaqları Azərbaycan hökmdarları idarə edib. Bizim
kiməsə qarşı torpaq iddiamız yoxdur, ancaq tariximizdən niyə imtina
etməliyik?.."
AMEA Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva
bildirib ki, İran tarixşünaslığında Nadir şah Əfşar barədə 23 kitab
və monoqrafiya dərc olunub: "Müasir İran tarixşünaslığında Nadir
şah Əfşarla bağlı yeni tədqiqatlar aparılmaqdadır. İran
tarixşünaslığında Nadir şah Əfşara iki baxış var. Birincisi, İran
dövlətçiliyini xilas edən xilaskar kimi əfsanələşdirilir, ikinci
baxışda isə ömrünün sonlarında tətbiq etdiyi sərt cəzalara görə
pislənir. Türk birliyi ideyasının daşıyıcısı olan Nadir şah Əfşar
Azərbaycan dövlətçilik tarixində mühüm rol oynayıb. Tarix boyu
Nadir şah Əfşar imperiyası İran imperiyası kimi təqdim olunur,
Nadir şahın mənsubiyyəti inkar olunmasa da, İran dövlətçiliyinə
xidmət etdiyi vurğulanır. İranda islam inqilabından sonra bu ölkədə
azərbaycanlılar Nadir şah Əfşar və onun mübarizəsi barədə
həqiqətlərlə bağlı elmi məqalələr, araşdırmalarla çıxış edirlər.
Nadir şah Əfşar əsrlər boyu islam aləmini parçalayan sünni-şiə
məzhəbi ilə bağlı məsələnin həllinə də çalışıb".
AMEA-nın Dünya Siyasəti İnstitutunun direktoru, millət vəkili Musa
Qasımlı Nadir şah Əfşarın Şərqin Napoleonu kimi də tanındığını qeyd
edib: "Nadir şah Əfşar ölkənin ərazisini genişləndirib. Həmin
dövrdə Avropa ölkələrində güclü donanma vardı. Nadir şah Əfşar
özündən əvvəlki hökmdarların da baxışlarından yararlanaraq hərbi
donanma yaradıb. Digər tərəfdən, Nadir şah islamda radikalizm və
parçalanmanın qarşısını almaq istiqamətində fəaliyyət göstərib. O,
maarifləndirməni də bu istiqamətdə mühüm sayıb".
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru
müavini, filologiya elmləri doktoru Paşa Kərimov sovet stereotipi
ilə hazırlanmış əsərlərlə Azərbaycan tarixini yazmağın mümkün
olmadığını bildirib.
AMEA prezidenti Akif Əlizadə isə Ramiz Mehdiyevin dövlətçiliklə
yanaşı, elmi fəaliyyətə də geniş yer ayırdığına diqqət çəkib:
"Azərbaycan tarixi ilə bağlı akademik Ramiz Mehdiyevin seriya
əsərləri bir proqram kimi qəbul olunmalı, Tarix İnstitutunda təhlil
edilərək istiqamətlər üzrə şaxələndirilməli, bu istiqamətlər tədqiq
olunmalıdır. Mən rus sektorunda oxumuşam, Nadir şah Əfşar barədə
heç nə tədris olunmurdu. Ancaq bizim tariximiz çox zəngin bir
tarixdir. Akademiya adından akademik Ramiz Mehdiyevə təşəkkür
edirik".
Tarix
2015.05.27 / 11:58
|
Müəllif
Axar.az
|