Ana səhifə Gündəm |
Baş nazir Artur Rasizadənin imzaladığı qərarla Azərbaycan Dövlət Muğam Teatrı ləğv edilib.
Qərarda bildirilir ki, Mədəniyyət və Turizm, Maliyyə
nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılmış
təklif nəzərə alınaraq, Baş nazir Mədəniyyət və Turizm Nazirliyinin
tabeliyində olan Azərbaycan Dövlət Muğam Teatrı 2014-cü il 1 yanvar
tarixindən ləğv edilir.
Ləğv edilmiş Muğam Teatrının sərbəstləşmiş ştat vahidlərindən 30
ştat vahidi Beynəlxalq Muğam Mərkəzinə, 25 ştat vahidi isə
R.Behbudov adına Dövlət Mahnı Teatrına verilib.
Mədəniyyət və Turizm Nazirliyi və Maliyyə Nazirliyinə tapşırılıb ki, Azərbaycan Respublikasının 2014-cü il və sonrakı üç il üçün dövlət büdcəsi layihəsinin tərtibi zamanı aparılan islahatları nəzərə alsınlar və bu qərardan irəli gələn digər məsələləri həll etsinlər.
Teatrın direktoru Arif Qazıyev "Aznews.az"a bildirib ki, "Muğam teatrının nə özü var, nə də yurdu. İşçilərinin də bəziləri Mahnı Teatrına gediblər. Mən də ortalarda qaldım. Nazirin Muğam Teatrı ilə nə işi, görünür bu göstəriş ona daha yuxarılardan gəlib. Ayının min oyunu bir armudun başında olduğu kimi Teatrın da ləğv olunmasının bir səbəbi var. O da Muğam Teatrının lövbər saldığı karvansara. Məqsədə bizi həmin karvansaradan çıxartmaq idi. Yalandan dedilər ki, karvansara təmir olunsun, qayıdarsınız. Biz də teatrdan çıxdıq. Təmirdən sonra isə bizi teatra buraxmadılar".
Arif Qazıyev onu da deyib ki, Muğam Teatrının ləğvi ilə bağlı nazirliyin rəsmi qərarı artıq elan olunub:
"Nazirlikdə kollegiya iclası keçirilib. Müavinim getmişdi. Nazir müavini Ədalət Vəliyev çıxışında bildirib ki, daha Muğam Teatrı adında bir mədəniyyət ocağı yoxdur. Bu da son… Bu teatrın bağlanmasına görə, çox adamların başı ağrıyacaq".
Tarix
2013.11.05 / 13:02
|
Müəllif
Axar.az
|