Yuxarı

Trofimçuk: “Əgər Rusiya məhv olsa...” - Müsahibə

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyalı tanınmış politoloq Qriqori Trofimçukun Axar.az-a eksklüziv müsahibəsi:

- Qərb Moskvanı Hələbdə hərbi cinayətlər törətməkdə günahlandırır və yeni sanksiyalarla hədələyir. Suriya ətrafında davam edən bu gərginliyi necə qiymətləndirirsiniz?

- Qərb və konkret olaraq ABŞ hazırkı şəraitdə çalışır ki, Rusiyanı Suriyanın qərb ərazilərinə sıxsın. Bununla da onlar Suriya hakimiyyətinin tərəfində vuruşmağa məcbur olan Rusiyanın həmin ərazidən heç vaxt çıxmamasına çalışırlar. Qismən buna nail olublar. Belə ki, Rusiyanın Suriya problemini bir neçə aya həll etməklə bağlı planı reallaşmayıb. Bir daha xatırladıram ki, Rusiya 30 sentyabr 2015-ci ildə dünya müharibəsinə daxil olub və indi sonu bilinməyən bu prosesin ikinci ilini yaşamaqdadır.

Rusiya Suriyadakı müharibədən 2016-ci il martın ortalarında bu ölkədəki missiyasının başa çatdığını və indi çoxtərəfli danışıqlar prosesinin başlamalı olduğunu deyərək çıxmağa cəhd etdi. Lakin bu baş tutmadı. Martın 15-də İŞİD üzərində qələbə elan olunandan sonra Rusiya ordusu bu müharibənin daha da dərinliyinə girdi.

İndi Avropa Birliyi və ABŞ Rusiyaya qarşı tamamilə yeni sanksiyalar paketi təqdim etməyi düşünür. Bu, artıq nə Donbas, nə də Krımla bağlı olacaq. Yeni sanksiyalar Suriya ilə əlaqədar tətbiq ediləcək. Taktiki məsələlərdə Qərb heç vaxt daimi təzyiqdən istifadə etmir və daha qarışıq sxemlərdən yararlanır. Ona görə də gec, ya tez bu sanksiyalar tətbiq ediləcək, amma Rusiya həmişə guya onun xoşbəxt sonluq əldə etmək üçün şansı olduğunu göstərəcək.

Qərblə Rusiyanın konflikti artıq yekun olaraq Avrasiya məkanının parçalanmasına, həmçinin Rusiyanın iqtisadi cəhətdən tükənən hala gətirilməsinə hədəflənib. Qərb buna nail olmaq üçün bütün imkanlarından istifadə edəcək. Bir şeyi də anlamaq lazımdır ki, Rusiya ordusu Suriyada hələ əsl döyüş aparmayıb. Ona qarşı da burada hələ heç kim döyüşməyib.

- Rusiya Ukraynada da döyüşür. Bir neçə gün öncə "Normand dördlüyü"nün görüşü oldu. Bu görüşdən həm xeyli əvvəl, həm də sonra bir sıra ekspertlər Donbasın artıq Qarabağ konfliktinə çevrildiyindən bəhs edirdilər. Yəni o, bundan sonra hələ uzun müddət dondurulmuş vəziyyətdə qalacaq. Postsovet məkanında isə belə konfliktlər heç də az deyil. Sizcə, Rusiya bu tip konfliktlərə baxış tərzini dəyişə bilərmi?

- Hazırda postsovet məkanında olan Qarabağ tipli konfliktlərdə artıq heç nəyi dəyişmək gərək deyil. Rusiya üçün ən yaxşı variant konfliktlərin açıq müharibəyə keçmədən hazırkı şəraitdə qalmasıdır. Belə ki, bu qədər müharibənin öhdəsindən bizim məkanda olan heç bir ölkə gələ bilməz. Donbasdakı konfliktə gəlincə isə bu məsələ həlledilməzdir. Burada müharibənin davam etməsindən hər iki ölkəni xilas edəcək yeganə şey konfliktin indiki kimi yarımdondurulmuş vəziyyətdə qalmasıdır. Minsk-2 razılaşması 2016-cı ildən başlayaraq reallaşmalı idi. Hazırkı axsama 2017-ci ildə də davam edə bilər.

Əgər Qərbə bütöv Ukrayna lazım idisə, o, müxtəlif imkanlarından yararlanmalı idi. Lakin Qərbə Rusiya və Ukraynanı bir-birinə düşmən etmək lazımdır. Hazırda bu proses uğurla reallaşdırılır. Qəribəsi odur ki, ukraynalılar bunu başa düşmürlər. Qarabağla bağlı da təxminən eyni situasiya baş verir. Belə ki, Qərbə Azərbaycanın bütövlüyü və güclü Ermənistan gərək deyil. Qarabağda ABŞ-ın Donbasdan fərqli olaraq başqa planları var. Məqsəd Qarabağdan suveren dövlət düzəltməkdir. Sadəcə olaraq, Vaşinqton hələ bilmir ki, bu məsələyə praktikada necə yanaşsın.

- Cənubi Qafqaz heç də yaxşı günlər yaşamır. Gürcüstanda keçirilən parlament seçkisi müxalifəti razı salmayıb və ölkədə siyasi böhranın olma təhdidi var. Neft qiymətləri Azərbaycana da təsirsiz ötüşməyib, Ermənistanda isə iqtisadi tənəzzül artıq 20 ildir davam edir. Ölkədə rusofobiya, hakimiyyətdə isə klanlararası savaş artır. Bütün bunlarla bərabər, Qarabağ konflikti də var. Rəsmi Bakının son günlər verdiyi bəyanatlarda Qarabağ məsələsi ilə heç bir dünya gücünün maraqlanmadığı, ona təzyiqlər edildiyi və Azərbaycanın öz ərazilərini heç kimə güzəştə getməyəcəyi deyilir. Kremlin son Qarabağ açıqlaması Bakıda ona qarşı da inamsızlıq yaradıb. Bir sözlə, bölgədə vəziyyət ağırdır. Bu hadisələr fonunda yaxın gələcəkdə Cənubi Qafqazda hansı proseslər baş verə bilər?

- Dünya əhəmiyyətli hadisələr indi Cənubi Qafqazın çox yaxınlığında dolanır. İraqın Mosul şəhəri Azərbaycan və Ermənistan sərhədindən 370 kilometr məsafədə yerləşir. Hələlik dünyanın güc mərkəzlərinin İŞİD döyüşçüləri üçün şimala, daha dəqiq desək, Cənubi Qafqaza çıxış üçün dəhliz açmaq planları yoxdur. Hələlik deyilən odur ki, on minlərlə döyüşçü Qərbə, yəni Suriyaya gedə bilər. Bu da Naxçıvan və ya İrəvandan təxminən bayaq dediyim uzaqlıqdadır.

Bunlar hamısı göstərir ki, müharibə və destabilizasiya artıq faktiki olaraq Qafqaza yaxınlaşıb. Artıq terrorçular üçün Qafqazda yəqin ki, lazımlı bazalar olmasından, antirusiya və digər əhval-ruhiyyədən danışmağa dəyməz.

Ona görə də Cənubi Qafqazın hələ başının qarışıq olduğu seçkilər və partiyalar bir azdan heç bir əhəmiyyət kəsb etməyəcək. Belə ki, nizam üçün olan mümkün təhdid bütün adət edilən mövzuların müzakirəsini üstələyəcək. Fikirləşmək lazım deyil ki, Qərbin Qafqazla bağlı olan enerji layihələri ona gərək olduğu üçün Avropa buna getməyəcək. Məsələn, Liviyada artıq uzun müddətdir heç bir nizam yoxdur, amma enerji və nəqliyyat sxemləri fasiləsiz fəaliyyət göstərir.

- Rusiya iqtisadiyyatında durğunluğun daha 20 il davam edəcəyi barədə rəylər səslənir. Qərbdə hesab edirlər ki, sadə rusların vəziyyəti pisləşsə, onlar küçələrə çıxacaqlar və bu etirazlar özünü, xüsusilə, Şimali Qafqaz, Tatarıstan, Uzaq Şərqdə göstərəcək. İqtisadiyyatdakı durğunluq Rusiyanın təhlükəsizliyinə təsir edəcəkmi?

- Rusiya daxilində stabillik üçün əsas problem burada SSRİ dönəmindəki həyatı gözəl xatırlayan on milyonlarla insanın olmasıdır. Bundan sonra iqtisadi situasiyanın pisləşməsi zamanı onlar birbaşa sual qoyacaqlar ki, niyə məmurlar və oliqarxlar belə ağır tarixi dövrdə bizimlə eyni həcmdə yük çəkmirlər?

Bu zaman açıq küçə mitinqlərini görmək mümkün olmayacaq. Ona görə ki, belə bir prosesi aparmaq üçün yeni siyasi qüvvə lazımdır, o isə Rusiyada yoxdur. Bu, çox pisdir. Belə olan halda biz avtomatik olaraq Rusiyanın yaranmış vəziyyətdən çıxış yolunun olmadığını deyə bilərik. Ona görə də hökumət tərəfindən bəyan edilən uzunmüddətli durğunluq sadəcə ölkəni məhv edə bilər.

Bu cür şəraitin qarşısını almaq olar. Bayaq dediyim kimi, bunun üçün bütün böhran dövründə məmurlar gərək xalq kimi sərt şəkildə eyni gəlirə sahib olsunlar. Məsuliyyətli dövlət nümayəndəsi böhranla mübarizəyə ailəsinin və özünün sabah yeməyə heç nəyi olmadığını görəndə başlayacaq.

Əgər Rusiyada situasiya kəskin şəkildə pisləşsə, bu, onun qonşularına da dərhal təsir edəcək. Obrazlı şəkildə desək, əsgər sabah Rusiya olmasa, o zaman həmin günün axşamına qədər onu əhatəyə alan ölkələrin çoxu olmayacaq. Ona görə də Rusiyanın gələcəyi avtomatik olaraq onu əhatəyə alan məkanın da gələcəyini həll edir.

Tarix
2016.10.25 / 09:37
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla