Yuxarı

Özümüz özümüzün düşməniyik - Millət vəkili

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev bu günlərdə İtaliyada veteranlar arasında keçirilən kikboksinq üzrə dünya çempionatında qalib gəlib.

Axar.az deputatın "Yeni Müsavat"a yarışla bağlı açıqlamasını təqdim edir:

- Açığı, mən bu yarışı daha səviyyəli yarış hesab edirdim. Ancaq güclü bir yarış olmadı. Həm təşkilatçılıq, həm iştirakçıların sayı, həm də yarışın səviyyəsi çox aşağı idi. Düzdür, biz veteranların bu kimi yarışlarda iştirakı normaldır. Amma ölkənin yığma komandasında təmsil olunan idmançılar üçün elə bilirəm ki, belə yarışların səviyyəsi çox aşağıdır.

- Bu cür aşağı səviyyədə təşkilatçılıq nə ilə əlaqədar idi?

- Dünyada bir-biri ilə rəqabət aparan 4 kikboksinq təşkilatı var. VAKO adlanan Dünya Kikboksinq Təşkilatı öz səviyyəsi, təşkilatçılığı, iştirakçı ölkələrin sayı ilə zəif təşkilatları sıradan çıxarıb. Bu yarışı təşkil edən qurum da yavaş-yavaş sıradan çıxır. VAKO isə doğrudan da çox mötəbər təşkilatdır. Eyni vaxtda orada Avropa Çempionat keçirilirdi. Bizim də yığma komandamız yarışa qatılmışdı.

- Avropa Çempionatında nəticə necə oldu?

- Bizim 3 idmançımız finala çıxmışdı. Yığma komandamız oradan 1 qızıl, 2 gümüş, 3 bürünc medalla geri döndü.

- Siz təmsil olunduğunuz yarışın zəif təşkilat tərəfindən keçiriləcəyini qabaqdacan bilmirdiniz?

- Bilirdim ki, zəif təşkilatdır. Sadəcə olaraq onlar məni dəvət etmişdilər. Özüm də istədim ki, gedim yarışın səviyyəsini öz gözümlə vəziyyəti görüm, gəlim.

-Siz kiminlə döyüşdünüz?

-Bir Rumınıya idmançısı ilə üz-üzə gəldim. Mən yaşda, mən çəkidə, yəni 45-50 yaş arasında, 84 kq çəkidə yalnız iki nəfər idik. Dünya çempionatında eyni çəkidə 20-30 ölkənin idmançısı olur. Burada isə yalnız iki ölkə idi. Çünki ancaq veteran idmançılar idi.

- Döyüş nə qədər çəkdi?

- Digər idmançılar arasında yarışın vaxtı 3 dəqiqədir. Ancaq bizdə 3 raund, 2 dəqiqə oldu. Nokaut olmadı. Xal üstünlüyü, hakimlərin yekdil qərarı ilə mən qalib oldum.

- Sözünüzdən belə anlaşıldı ki, buna bənzər yarışlara bir daha getməyəcəksiniz, eləmi?

- Təbii ki. Bu mənim sonuncu gedişim idi. Bir daha deyirəm ki, bu, çox səviyyəsiz təşkilat idi. Orada iştirak etməyin özü də onlara iştirak etmək kimi bir şeydir. Düzdür, federasiyamız məni dəvət etmişdi, ona görə qatılmışdım. Yoxsa heç idmançılarımızı belə tədbirlərə qatılmağa qoymuruq.

- Mükafatlandırma mərasimi necə keçdi? Yoxsa burada da problem yaşandı?

- Yox, problem olmadı. Düzdür, biz qalib olduq, ancaq mükafatlandırma mərasimində iştirak etmədik. Çünki yarış 7 gün çəkir. Gəliş, açılış günü, sonra açılış olur. Döyüşlər davam edir, sonuncu gün də mükafatlandırma baş tutur. Biz mükafatlandırmaya qalmadığımız üçün mükafatımızı sonradan özləri göndərdi. Çünki artıq gözləməyin mənası da yox idi.

- Sirr deyilsə, mükafat nədən ibarət idi?

- Heç nə. Bu, peşəkar deyil, həvəskar idman növüdür. Ona görə də burada hər hansı bir qiymətli mükafatdan söhbət gedə bilməz. Yarışın xatirə medalı və diplomla ilə mükafatlandırırlar.

- Təşkilatçılığın zəif olmasına görə etiraz bildirdinizmi?

- Yox, mən kimə etiraz edəcəyəm? Orda hamının başı qarışıq idi. Dünyanın bir çox ölkələrindən yarışlara qatılmışdılar. 25 döşək, 3 kinqboksinq rinqi, 1 səkkizguşə rinq var idi. Hamının başı qarışıq idi, kimə şikayət edəcəkdim? Mənim şikayət etməyimin də mənası yox idi. Artıq bundan sonra belə yarışlarda iştirak etməməyim özü şikayət deməkdir.

- Bəs, idman yarışında kimsə zədə alsa, onun taleyi necə olur?

- Elə buna görə də yarışlara gedəndə sığortalanırsan ki, səhər hansısa bir hadisə baş verdikdə müalicə olunasan. Məsələn, keçən il bir idmançımızın çənəsi sınmışdı, o bir ay İtaliyada qaldı və sığorta təşkilatı onun müalicəsini davam etdirdi.

- Deməli, gedəndən sonra peşman olubsunuz ki, ilin-günün bu vaxtında xərc çəkib niyə gəldim...

- O dərəcədə də yox. İndi sən ölkədən çıxırsan, başın dincəlir, beynin sakitləşir. Yarışın öz ab-havası var. Həm də tanınmış idmançıları görürsən. Mənim məqsədim dünya çempionu olmaq deyildi. Veteranların iştirakı başqa nəticələr əldə etmək üçündür. Uşaqlara və gənclərə sonrakı karyerası üçün dünya çempionu olmaq lazımdır. Amma bu, mənimçün elə də əhəmiyyət kəsb etmir.

- Bundan sonra karyeranızı davam etdirəcəksiniz?

- Mən heç vaxt idman karyerama son qoymaram. Çünki idman mənim həyat tərzimdir. Bu gün ruhdan düşən, əzgin, üzgün olan, əhval-ruhiyyəsi aşağı olan insanların hamısını mən idmana dəvət edirəm. İdman insanın yaşaması üçün çox böyük stimul verir.

- (Yarızarafat) Adil bəy, yəni bahalaşma, devalvasiya və digər qayğıları da unutdurur?

- Hamısını unutduracaq. O yarışlarda iştirak etmək, tərləmək çox şeyi unutdurur. Qoy 50, 60, 70 yaşlı insanlar gəlsinlər bizim zalımıza, boks əlcəklərini geyinsinlər... Onlar burada elə həvəslənəcəklər ki, növbəti günlərdə də gələcəklər. İdman çox böyük avantajdır. İdmanla məşğul olan adam dediklərinizi də unudacaq.

- Amma elə məşqlərə qatılmaq üçün də müəyyən qədər vəsait tələb olunur...

- Vallah idmana heç bir vəsait lazım deyil. İdman edən adam üçün bu qədər gözəl parklarımız, bulvarımız var. Şərt deyil ki, adamlar gedib bahalı zallarda məşq etsin. Hər yerdə idman etmək mümkündür. Elə gəlsinlər bizim zallarımıza. Çox da bahalı zallar deyil. Zal ab-havası tamam başqadır. Adamlar boş-boş çayxanalarda oturmaqdansa, restoranlarda, kabinetlərdə yeyib-içməkdənsə, idman zallarına gəlsinlər. Çünki bu, daha effektli, xeyirli, mənalıdır. İnsanlar arağı içib, siqareti çəkib boş-boş qeybətlə məşğuldurlar. İdman zallarına girib stresslərini atsınlar, sağlam olsunlar. Siqaretdir, içkidir, bunlar hamısı stressin üstünə stress gətirir. Ölkədə bu qədər idman qurğuları tikilib istifadəyə verilib. Bunlar insanların istifadəsi üçündür. Özümüz özümüzün düşməniyik. Yeyib-yatmaq insanı məhv edir. Ona görə də idmanla məşğul olsunlar, çəkini tənzimləsinlər. İdman gözəllikdir, paklıqdır. İdman insan həyatı üçün hər şeydir. Ən ağır xəstəni də idmanla müalicə etmək olar. Həm psixi xəstəni, həm qan-damar sistemində problemi olanları, həmçinin şəkəri, təzyiqi olanları idmanla müalicə etmək olar.

Tarix
2016.11.04 / 22:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev güclü liderdir, sözünün ağasıdır - Solonnikov

Nikol "bu həftə müharibə olacaq" dedi - Rusiyadan reaksiya

Paşinyan Stoltenberqlə görüşdü

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla