Yuxarı

Bakıya səfər edəcəyimdən çox məmnunam - Brül

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il Azərbaycanla bır sıra ölkələr arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi tamam olur. Həmin ölkələrdən biri də Avropanın mərkəzində yerləşən İsveçrə Konfederasiyasıdır. Azərbaycan Respublikası və İsveçrə Konfederasiyası arasında diplomatik münasibətlərin əsası 1992-ci il yanvarın 21-də qoyulub. Hazırda hər iki ölkə arasında siyasi, iqtisadi, mədəni sahələrdə əlaqələr uğurla inkişaf edir.

Axar.az xəbər verir ki, İsveçrə Konfederasiyası Xarici İşlər Nazirliyinin Siyasi Məsələlər İdarəsinin rəisi, səfir Nikolya Brül Azərbaycan-İsveçrə münasibətləri ilə bağlı Azərtac-ın suallarını cavablandırıb:

- Bu il Azərbaycanla İsveçrə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi qeyd olunur. Arxada qalan 25 il ərzində Azərbaycan və İsveçrə arasında ikitərəfli əlaqələri necə xarakterizə edərdiniz? Fikrinizcə, bu dövrdə ikitərəfli əlaqələrimizdə əldə etdiyimiz ən böyük nailiyyətlər hansılardır?

- Azərbaycan və İsveçrə arasında yaxşı və səmimi diplomatik əlaqələr mövcuddur. Hər iki ölkə çoxlu ortaq maraqlara malikdir. İkitərəfli münasibətlər qarşılıqlı səfərlərin və görüşlərin yüksək intensivliyi ilə seçilir. Biz xüsusilə yüksək qiymətləndiririk ki, ikitərəfli münasibətlərimizdə – siyasi məsələlərdən tutmuş iqtisadiyyat, idarəçilik və insan haqlarına kimi müxtəlif sahələrdə açıq və konstruktiv dialoq apara bilirik.

Eyni zamanda, iqtisadi sahədə münasibətlərdə hələ də istifadə edilməmiş potensial mövcuddur. Hazırda 20-dən artıq İsveçrə şirkəti Azərbaycanda təmsil olunur. İsveçrədə isə SOCAR 160 yanacaqdoldurma məntəqəsi açmaqla öz brendini tanıdıb. Həmçinin Azərbaycanla İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) arasında uğurlu əməkdaşlığı xüsusi olaraq xatırlatmaq lazımdır. Dövlət Katibliyi artıq ilkin uğurlarını göstərən müxtəlif islahat proqramlarını dəstəkləyir. Onlardan misal kimi daşınmaz əmlakın dövlət qeydiyyatı, əmlakın reyestr qeydiyyatına alınması və şirkətlərin təsisi üçün elektron xidmətlərin yaradılmasını göstərmək olar.

- İkitərəfli münasibətlərimizin perspektivlərini necə qiymətləndirərdiniz?

- Bizim diplomatik münasibətlərimiz inkişaf potensialına malikdir. İqtisadi, peşə təhsili və mədəniyyətlərarası əlaqələr sahəsində Azərbaycan və İsveçrə bir-birindən daha da çox faydalana və öz təcrübələrini bölüşə bilərlər. Parlamentlərarası müstəvidə Azərbaycan-İsveçrə parlament qrupları arasında ikitərəfli münasibətlərin müxtəlif aspektləri üzrə müntəzəm ünsiyyət mövcuddur.

Bundan əlavə, bu ilin ikinci yarısında Azərbaycana səfər edəcəyimdən çox məmnunam. Bu səfər Azərbaycan qurumları ilə mövcud əlaqələrimizi daha da dərinləşdirməyə imkan verəcək.

- Azərbaycanda çoxlu sayda İsveçrə sərmayəli şirkət fəaliyyət göstərir. İsveçrə Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı üçün iqtisadiyyatın konkret hansı sahələrində öz təcrübəsi ("now-how") ilə dəstək verə bilər? Ümumiyyətlə, iki ölkə arasında iqtisadi əməkdaşlığı qənaətbəxş hesab edirsinizmi?

- Cənubi Qafqaz üçün İsveçrə Əməkdaşlıq Strategiyası növbəti dörd il müddətinə əməkdaşlığın əsas istiqamətlərini müəyyən edir. Həmin strategiya əsas diqqətini diversifikasiya, ticarət və regional dialoq çərçivəsində əməkdaşlığın inkişafı, eləcə də ətraf mühit risklərinin idarə edilməsinə yönəldir. Holcim konserni qeyri-neft sektorunda ən böyük xarici investorlardan biridir. Bundan başqa, çoxlu sayda İsveçrə şirkəti var ki, onlar iqtisadiyyatın müxtəlif sektorlarında (nəqliyyat, yeyinti sənayesı, əczaçılıq və s.) fəaliyyət göstərir.

Biz Azərbaycanın kiçik və orta sahibkarlığında potensial görürük. Bu sahə maliyyə imkanlarına sadələşədərilmiş giriş, maliyyə strukturunun diversifikasiyası, mobil ödəniş və bank xidmətlərinin inkişafının dəstəklənməsi ilə təmin edilə bilər.

- Ölkələrimiz “Bretton Woods” institutları çərçivəsində də əməkdaşlıq edirlər. İsveçrə bu əməkdaşlığın səviyyəsindən razıdırmı?

- “Bretton Woods” institutlarında İsveçrənin sədrlik etdiyi səsvermə qrupu Azərbaycanla uzunmüddətli uğurlu əməkdaşlığa malikdir. Azərbaycan səsvermə qrupunda Avropa və Mərkəzi Asiya üzvləri arasında mühüm körpü funksiyasını icra edir. Biz, həmçinin Azərbaycanın rəsmi qurumları və İsveçrənin Maliyyə Bazarına nəzarət qurumu - FINMA arasındakı əməkdaşlığı yüksək dəyərləndiririk və praktiki əməkdaşlığımızı gələcəkdə də davam etdirəcəyik.

- Azərbaycan tarixi ənənələrindən istifadə edərək mədəniyyətlərarası dialoq və multikulturalizm ideyalarına xüsusi önəm verir və son illər bir sıra əhəmiyyətli beynəlxalq tədbirlərə ev sahibliyi edib. İsveçrə də özünün çoxmədəniyyətli cəmiyyəti ilə xarakterizə olunur. Bu sahədə iki ölkə arasında qarşılıqlı əməkdaşlıq imkanlarını necə görürsünüz?

- Azərbaycan öz coğrafi mövqeyinə görə Avropa və Asiya arasında mədəni və iqtisadi körpü rolunu oynayır. İsveçrə isə öz növbəsində çoxdilli ölkə olması ilə tanınır, o, roman və alman dilləri arasında sərhədlərin keçdiyi ərazidə yerləşir və miqrasiya nəticəsində davamlı olaraq yeni dil və mədəniyyətlərə qucaq açır. Bir-birini genişləndirən multikultural təcrübələrlə bağlı mübadilə böyük əhəmiyyətə malikdir.

Azərbaycandakı İsveçrə səfirliyi Mədəniyyət Siyasəti Mərkəzi ilə əməkdaşlıq şəraitində müxtəlif tədbirlər təşkil edir. İsveçrədə isə əsasən mədəniyyət festivalları və Azərbaycan müəlliflərinin əsərlərindən qiraət kimi fərdi təşəbbüslər sayəsində mədəni təmaslar qurulur. Bizim üçün çox sevindiricidir ki, Azərbaycan səfirliyi mütəmadi olaraq müxtəlif səpkilərdə tədbirlərlə fəal şəkildə İsveçrədə mədəni mübadilə ilə məşğuldur.

- İsveçrənin ATƏT-də sədrliyi ən fəal sədrliklərdən biri kimi yadda qalıb və sədrliyi dövründə İsveçrə ATƏT məkanında həll olunmamış münaqişələrə xüsusi diqqət yetirib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bölgənin tam inkişafının və regional əməkdaşlığın qarşısında duran əsas maneədir. İsveçrə 2015-ci ilin dekabrında Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə də ev sahibliyi edib. Məlumdur ki, bu münaqişənin həllində vasitəçilik ATƏT-in Minsk qrupuna həvalə edilib. Uğurlu vasitəçilik təcrübəsi olan İsveçrə Ermənistanla Azərbaycan arasında münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli üçün hansı töhfəni verə bilər?

- İsveçrə ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir və münaqişə tərəfləri arasında davamlı dialoq üçün çalışır. İsveçrə əmindir ki, intensivləşdirilmiş və strukturlu danışıqlar prosesi davamlı sülh üçün şansları artıra bilər. Sədrlik dövrü başa çatdıqdan bəri İsveçrə ATƏT sədarətinə Cənubi Qafqaz üzrə xüsusi nümayəndəni təqdim edib.

Xoşməramlı xidmətlər siyasəti çərçivəsində İsveçrə gələcəkdə də tərəflər arasında yüksək ranqlı danışıqlar üçün ev sahibliyi etməyə hazırdır. Əgər münaqişə tərəfləri arzu edərlərsə, İsveçrə vasitəçilik sahəsində də öz ekspertiza və təcrübəsini tətbiq edə bilər.

Tarix
2017.03.29 / 20:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla