Yuxarı

Onlar əsgərliyin 2 il olmasını istəyirlər – Rektor

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dillər Universitetinə rektor təyin edilən Kamal Abdulla bu gün universitetin akt zalında mətbuat konfransı keçirib.

Rektor konfrans zamanı Axar.az-ın suallarını cavablandırıb. Universitetdə etdiyi və edəcəyi dəyişiklərdən danışan Kamal Abdulla xüsusən qaranlıq qalan hərbi xidmət məsələsinə aydınlıq gətirib:

- Siz Azərbaycan Dillər Universitetinə rektor təyin olunandan sonra bir sıra dəyişikliklər etdiniz. Bunlardan biri də 4-cü kursda oxuyan oğlan tələbələrə əsgərlik probleminə görə kəsirlərində köməklik olunması ilə bağlı idi. Yəni bu dəyişikliyə əsasən, onların kəsirləri düzəldiləcək?

- Əvvəlcə deyim ki, bizim elə tələbələrimiz var, onlar etiraz edib deyə bilərlər ki, siz niyə bizim 2 il hərbi xidmət keçməyimizə şərait yaratmırsınız?! Mən əminəm ki, bu dəqiqə bizim universitetdə, eləcə də başqa təhsil ocaqlarında belə vətənpərvər tələbələrimiz var. Hansı ki, onlar vətənə daha uzun müddət xidmət etmək istəyirlər.

İkinci tərəfdən onu deyim ki, biz heç bir tələbəyə süni şəkildə şərait yaratmarıq ki, o, 1 il hərbi xidmət keçsin. Hansı tələbə neçə ay hərbi xidmətdə olmalıdırsa, o qədər də olacaq. Bu artıq vətən, torpaq məsələsidir. Yəni oğlan tələbələrin kəsirlərinin süni şəkildə aradan qaldırılmasına izn verilməyəcək.

- ADU-da ilk qərarlarınızdan biri tələbələrə füzəştlə bağlı oldu və bu da hər kəs tərəfindən sevinclə qarşılandı. Mümkünsə, bu güzəşt məsələsini hansı səbəbdən tətbiq etdiyinizi əsaslandırardınız.

- Bildiyiniz kimi, mən yay məktəbi üçün tətbiq olunan ödəmələri ləğv etdim. Bu, ilk belə addım idi, tələbələr də bunu sevinclə qarşıladılar. Düşünürəm ki, əgər tələbənin universitetə kəsir borcu varsa, deməli, universitetin də tələbəyə borcu var. Yəni universitet onu lazımınca öyrədə bilməyib. Buna görə də tələbədən ödəniş tələb etmək düzgün deyil. Biz də yay məktəbinə görə tələbədən ödəniş almayacağıq!

- Əvvəllər rektoru olduğunuz Bakı Slavyan Universitetinin necə bir rəngarəng təhsil ocağı olduğunu hər kəs bilir. Xüsusən, burada keçirilən “Bir günlük Xəlifə” mərasimi maraqla qarşılanırdı. Bilmək istərdik, həmin tədbir ADU-da da keçiriləcək?

- Əlbəttə, “Bir günlük Xəlifə” ənənəsinin ADU-da davam etdirilməsini istəyərdim. Çünki tələbələrlə söhbətim zamanı onlar məndən xahiş etdilər ki, bu maraqlı təşəbbüs ADU-da da keçirilsin. Hiss etdim ki, tələbələr bu tədbirə böyük maraq və sevgi ilə yanaşırlar. Əlbəttə ki, ADU tələbələri də “Bir günlük Xəlifə” ola biləcəklər. Bu tədbir həm tələbələrin həyatına yeni bir ruh, yeni nəfəs gətirir, həm də onları gələcəkdə hansısa postda vəzifə tutmağa, məsuliyyətli, təcrübəli olmağa hazırlayır. Onlar artıq özünə inanan fərdlər kimi cəmiyyətdə yerlərini tutacaqlar.

- Kamal müəllim, daha əvvəl rektor olduğunuz Bakı Slavyan Universitetində tələbələrin hər semestr 5 kitab (roman, hekayə və s.) oxuması kimi bir şərt qoymuşdunuz. Yəni tələbə hər semestrin sonunda dünya ədəbiyyatının 5 nümunəsindən imtahan verdikdən sonra digər imtahanlara buraxılırdı. Maraqlıdır, bu sistemi ADU-ya da tətbiq edəcəksinizmi?

- Xeyr, biz Dillər Universitetinin tələbələrinə 5 əsər oxumaq şərtini qoymayacağıq, 10 əsər oxumaq şərtini qoyacağıq. Bilirsiniz, kitab oxumaq insanın dünyagörüşünü, mənəviyyatını, savad və baxış bucağını formalaşdırır. Əminəm ki, bu 10 əsərdən imtahan verilməsi ilə bağlı şərtimə görə tələbələr gəlib mənə təşəkkür edəcəklər. Çünki Slavyan Universitetinin tələbələri bu gün mənimlə qarşılaşan zamanı bu nüansı xüsusi qeyd edirlər ki, onlara məcburi olaraq oxutdurduğum əsərlər həyatlarında gözəl dəyişikliklər edib. Məsələn, elə tələbə olub ki, onu məhz həmin oxuduğu kitablara görə işə götürüblər.

- Bəs bu əsərlər hansı kriteriyalara əsasən seçiləcək?

- Biz elə sistem qurmuşuq ki, tələbələrin oxuyacaqları bu kitab onların öz ixtisaslarına uyğun olacaq. Məsələn, Beynəlxalq münasibətlər fakültəsinin tələbələri üçün diplomatiya ilə bağlı kitabları, xarici (ingilis) dil fakültəsinin tələbələri üçün Şekspirin əsərlərini seçmişik. Yəni bu kitabları oxuyan tələbə öz sahəsində daha savadlı kadr olacaq.

Biz yalnız və yalnız tələbələrimizin daha savadlı, daha dünyagörüşlü və güclü bir fərd kimi yetişməsinə, uğur qazanmasına çalışacağıq.

Tarix
2017.06.19 / 14:28
Müəllif
Aqşin, Nərmin
Oxunub
8 219
Şərhlər
Digər xəbərlər

Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradıldı

5 gündür susan Makron barmaqlamağa başladı... - Video

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verir

Azərbaycanda su qıtlığı problemi... - BCG

Sadır Japarov Şəhidlər xiyabanında...

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi

Prezidentlər Çingiz Aytmatovun abidəsinin açılışında...

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı

Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla