Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
15 Dekabr 2017


Heydər Əliyevin məxfi poçtu yalnız məndən keçirdi...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Son illər belə ətraflı və genişmiqyaslı müsahibə verməmişdim" sözü söhbətimizin maraqlı keçdiyinə müsahibimizin özünün verdiyi qiymət kimi maraqlıydı.

Bizimçün də çox maraqlı məqamlar oldu. Çünki Eldar Namazov mərhum Heydər Əliyevlə işə başlamasından tutmuş ayrılmasına qədər olan səbəblərdən danışdı – bu vaxta qədər demədiklərindən.

Demokratiyanın beynəlxalq aləmdəki durumu da, "milli demokratiya" anlayışı da Eldar Namazovun dilindən səsləndi.

Beləliklə, H.Əliyevin "xüsusi imtiyazla" komandasına qəbul etdiyi və yetişdirdiyi Eldar Namazovla vəd etdiyimiz müsahibəni təqdim edirik.

(davamı)

Heydər Əliyevin gənc kadrı – Eldar Namazov

- Eldar Namazov Əliyev hakimiyyətinin şərti olaraq "beyin mərkəzi" adlandırdığımız şəbəkəsinin tərkibində olan şəxslərdən biri sayılırdı və səhv etmirəmsə, orda sizin qohumunuz Dilarə xanım da var. Yeri gəlmişkən, Dilarə xanım sizin bibinizdir?

- Bibim deyil, amma yaxın qohumuq.

- Dilarə xanım indi də hakimiyyətlə çalışır... Onda belə bir təsəvvür yaranmışdı ki, həmin o mərkəzdə informasiya toplanır, təhlil olunur, hazırlanır. Həm də ora təbliğat daxiliydi, təbii ki, ona görə sizə media qurmağa imkan tanınmışdı. Bizimçün çox maraqlıdır, Eldar Namazov o ideoloji mərkəzdə hansı təkilfləri verib?

- Bilirsiz, burda bir balaca çəkdiyiniz çərçivəni korrektə eləmək lazımdır. Əslinə qalsa, orda iki ideoloji mərkəz var idi. Rəsmi vəzifə bölgüsünə görə bizdə ictimai-siyasi şöbə daxil olmaqla bir ideoloji xətt vardı, ona Aparatın rəhbəri başçılıq edirdi. Hər həftənin beşinci günü Prezident Aparatında iclas keçirilirdi və mətbuat da o iclaslarda təmsil olunurdu, təlimatlandırılırdı. Orda həftəlik planlar tutulurdu. Ancaq nə mən, nə də mənim yaratdığım KİV-lər - "Space" telekanalı, "Panorama" qəzeti, "Ekskluziv İnformasiya Agentliyi" - o tədbirlərdə iştirak edirdik.

Bir dəfə Heydər Əliyev dedi ki...

Bir dəfə Heydər Əliyev dedi ki, sənin iclaslarda iştirak etməməyin və media qurumlarını digərləri ilə uzlaşdırmamağından şikayətlər var, get, orda iştirak elə. İştirak etdim və bu, cəmi bir dəfə oldu.

Sonra Heydər Əliyevə dedim ki, əgər icazə versəniz, mən yenə köhnə qaydada öz işimi davam etdirərəm. O da etiraz eləmədi. Həmin illərdə "Panorama" qəzeti ölkədə ən çox oxunan qəzetlərin birinə çevrilmişdi.

"Panorama" qəzeti "Yeni Nəsil"in keçirdiyi sorğuda qəflətən aparıcı yerlərin birinə çıxmışdı.

Həmin dövrdə Prezident Aparatında bir çox qəzetlər çıxırdı. Amma həmin siyahıda heç 20-ci yerdə də yox idilər. Hətta Prezident Aparatının təhlükəsizlik üzrə iclaslarında bəzi məmurlar "Panorama"nın kimə işlədiyini bilmədiklərini dedilər. Mən də belə söhbətlərə hazır idim. Həmin söhbətlər açılan zaman stolun üstünə "Qasid"in aylıq hesabatlarını qoydum. Bakıda bir gündə 10-15 min arası "Panorama"nın nüsxəsi satılırdı. Ancaq məni tənqid edənlərin rəhbərlik etdiyi qəzetlərin aylıq satış hesabatını prezidentə göstərdim - cəmi 60-70 dənə satılmışdı.

Ona görə də belə iradları qəbul etmirdim.

Heydər Əliyev mürəkkəb siyasətçi idi

- Və Heydər Əliyev də sizi müdafiə edirdi. Maraqlıdır, Heydər Əliyevin stavka etdiyi gənc siyasətçi niyə o komandadan ayrıldı? Ümumiyyətlə, onun sizlə iş prinsipini necə xarakterizə edərdiniz?

- Heydər Əliyev mürəkkəb siyasətçi idi. Heydər Əliyev bütün sahələrdə - daxili və xarici siyasətdə çalışırdı ki, müxtəlif, çoxşaxəli yanaşmalardan istifadə etsin. Misalçün, xarici siyasətdə görürdük ki, o, həm Avropa, həm Amerikayla, eyni zamanda, Yeltsinlə hələ "Politbiro"nun dövründən münasibətlərinin pis olmasına baxmayaraq, Rusiya ilə stabil siyasət qurdu. Daxili siyasətdə də Heydər Əliyevin müxalifətin azadlıqlarını əlindən almadığını görürdüm. O dövrlər şəhərin mərkəzində mitinqlər olurdu, müxalifət liderlərinin telekanallara yolu bağlanmamışdı. Mətbuat azad idi. Yəni onun bir məşhur ifadəsi vardı: yanında çalışan bəzi məmurların sərt təkliflərinə qiymət verəndə deyirdi ki, "Əzizlərim, Politbüro indi Moskvada deyil, Vaşinqtondadır. Odur ki, nəzərə alın".

Yenə deyirəm, o, daha geniş təbəqələrlə iş qururdu.

- Yəni siz də dolayısı ilə Lalə Şövkətin Heydər Əliyevi müxalifət liderlərindən üstün tutması ilə bağlı son açıqlamasını bölüşürsünüz?

- Lalə xanımın o açıqlamasından xəbərsizəm.

- Onda öz münasibətiniz: Heydər Əliyevi necə ümumiləşdirərdiniz?

- Bu barədə yuxarıda fikirlərimi təxminən dedim... Bilirsiz, bir dəfə ABŞ-da oxuyub gələn gənclərlə bizim görüşümüz oldu. Ora məni və ABŞ-ın o vaxtkı səfiri Rino Harnişi dəvət etmişdilər. Və məndən Heydər Əliyevdən ayrılma səbəbini soruşdular. Mən onlara burda həm insanların yaş, həyat təcrübəsi, həm də dünyagörüşünü nəzərə alınmalı olduğunu dedim.

- Sizə gənc olmağınıza baxmayaraq, böyük imkanlar tanımışdı Heydər Əliyev...

- Heydər Əliyevin sahələr üzrə köməkçiləri yox idi və mən hər şeyə cavabdeh idim. Daxili, xarici siyasət, hətta iqtisadi məsələlərlə bağlı müşavirələr olanda belə məni dəvət edirdi. Hətta Təhlükəsizlik Şurası yaradılandan sonra məmurlardan biri dedi ki, fərmanda Təhlükəsizlik Şurasının katibi vəzifəsi nəzərdə tutulub. Heydər Əliyev dedi ki, buna ehtiyac yoxdur, Eldar Namazov bu vəzifənin də öhdəsindən gələcək.

Məni prezidentin adından Lalə Şövkət dəvət eləmişdi

- Onunla işləməyə özü dəvət etmişdi sizi?

- Məni ora prezidentin adından Lalə Şövkət dəvət eləmişdi. Lalə xanım o vaxt dedi ki, prezident sizin ona köməkçisi olmağınızı təklif edir, mən isə daxili məsələlər üzrə dövlət müşaviri vəzifəsini qəbul etmənizi istərdim.

Lalə xanıma təşəkkür etdim və hər iki təklifdən imtina etdiyimi bildirdim. Bunun səbəbini heç vaxt dövlət işlərində çalışmamağımla və həmişə müstəqil insan olmağımla əlaqələndirdim.

O, çox təcrübəli psixoloq idi...

- Heydər Əliyevin adı ilə çağırılırdızsa, demək, hardansa sizi tanıyırdı və ya üz-üzə gəlmişdiz. Bəlkə, Dilarə xanımın təşəbbüsü olub?

- Yox, özü tanıyırdı... Lalə xanım həmin vaxt Heydər Əliyevə zəng eləyib dedi ki, Eldar mənim yanımdadır, amma hər iki vəzifədən imtina edir. Sonra Heydər Əliyev məni kabinetinə çağırdı. Onu da deyim ki, o, çox təcrübəli psixoloq idi. Məni görəndə məsələni başqa cür qoyaraq, niyə belə məsuliyyətli durumda işləmək istəmədiyimi soruşdu. Və sözünə belə başladı: "Bir tərəfdən ermənilərin hücumları gedir, bir tərəfdən daxildə siyasət gərgindir, Xalq Cəbhəsi də məni dəvət elədi bura, indi də vəzifələrini dondurublar. Ölkədə bir sabitlik yaratmaq lazımdır, sən də deyirsən yox, işləmək istəmirəm".

Mən də dedim ki, cənab prezident, məsuliyyətdən qaçmıram, sadəcə, bu məsuliyyəti dərk edirəm, çünki mənə mühüm dövlət postlarını təklif edirsiniz, mənsə təcrübəsizəm. Lalə xanım deyir ki, dövlət müşaviri kimi 4-5 nazirliyə rəhbərlik edəcəksən, siz isə bütün müstəvilərdə köməkçiniz olmağımı istəyirsiniz. Mən bu məsuliyyəti dərk edirəm, ona görə də deyirəm ki, daha təcrübəli birini cəlb edəsiniz.

O da Lalə xanıma zəng elədi ki, daha hansı vəzifələr var? Lalə xanım prezidentə vəzifələri sadaladıqca mən bir-bir imtina edirdim. Axırda gəldi analitik xidmətin rəhbəri. Dedim ki, cənab prezident, mən elə özüm analitik mərkəzin rəhbəriyəm. O vaxtlar mənim rəhbərlik etdiyim mərkəzdə Tofiq Zülfüqarov və Leyla Əliyeva kimi siyasi analitiklər çalışırdı. Təbii ki, mən prezidentin təklif etdiyi bu posta razılaşdım.

Həmin günü məni analitik xidmətin rəhbəri təyin elədi. 2-3 həftədən sonra da məni çağırıb dedi ki, noldu, təcrübə topladın? Dedim ki, cənab prezident, 2-3 həftəyə necə təcrübə toplaya bilərəm? Bundan sonra prezidentin səfərlərində onu müşayiət eləməyə başladım. Hardasa 94-cü ilin yaz aylarında məni kabinetinə çağıraraq yeni vəzifəyə təyin etdi və prezidentin köməkçisi olaraq çalışmağa başladım.

- Sizi siyasətçi və kadr kimi yetişdirən bir adamdan könüllü ayrılmağınız belə bir rəy yaratmışdı o zamanlar: yəqin ki, bu istefa razılaşdırılıb.

- Yox, bunlar şayiədir.

- İstefa ərizənizin üstünü yazmamış Heydər Əliyev sizinlə görüşdümü?

- Yox, mən elə həmin gün ordan getdim. Sadəcə olaraq, dövlət məmurları iki dəfə mənimlə söhbətə gəldilər. Onlara qərarımın qəti olduğunu bildirdim. Onların dediyinə görə, Heydər Əliyev deyib ki: "Eldara çatdırın ki, ya mənimlə dost ola bilər, ya da düşmən. O da seçimini etsin, əgər dostdursa, qayıtsın".

Mən də dedim ki, Heydər Əliyevi heç vaxt özümə düşmən saymaram, amma o komandayla işləyə bilmərəm.

- Demək ki, söhbət komandanın hansısa məmurundan gedir, Heydər Əliyevlə heç bir narazılığınız olmayıb.

- Bəli.

- O komandada işləmək istəmədiyiniz kim və ya kimlər idi?

- Ad çəkməyə ehtiyac görmürəm. Amma onlar ölkədə islahatların getməsinə mane olan adamlar idi.

- Vəfa Quluzadə, Eldar Namazov və Tofiq Zülfüqarov Heydər Əliyev xarici siyasətini beynəlxalq aləmdə təmsil edən üç nüfuzlu diplomat hesab olunurdu. Amma hər üçünüz eyni vaxtda istefa verdiniz. Bu hadisə ATƏT-in İstanbul sammiti ərəfəsində Ermənistan və Azərbaycan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli yönündə ilkin razılıq əldə olunması ilə eyni vaxta təsadüf etdi. İstefadan sonra isə siz susdunuz və istefanızın əsas mahiyyətindən danışmadınız.

- Bir neçə məqamı qeyd etmək istəyirəm. Bir müddət bu sualın cavabını ictimailəşdirməməyimizin bir səbəbi var idi - söhbət qapalı gedən danışıqlar idi. Qarabağ ətrafında gedən danışıqların hamısı məxfi idi. Təsəvvür edin ki, prezidentin məxfi poçtu yalnız məndən keçir. Biz Heydər Əliyevlə xaricdə səfərlərdə olanda heç kimin həmin sənədləri oxumağa ixtiyarı yox idi. Yəni belə vəzifədə çalışan insanların həm qanun qarşısında, həm də vicdanı qarşısında mənəvi məsuliyyəti olur. Dövlət sirrinə aid olan məsələləri biz ictimaiyyətə açıqlamırıq. İkinci səbəbi də Azərbaycanın mövqeyinin zəifləməməsi üçün hansısa detalı ictimailəşdirməyi əsassız hesab edirdik. Bunu etmək mövqeyimizə də zərər edəcəkdi.

Bir az məsələ ATƏT-in İstanbul sammitində dəyişdi. Həmin sammitin rəsmi qərarlarında yazılmışdı ki, bu sammitdə Qarabağ münaqişəsinin həlli yönündə razılıq əldə olunmalıdır. Ancaq Azərbaycanda üç vəzifəli şəxsin istefaya getməsi və Yerevanda parlament binasında baş vermiş güllələnmə bu razılaşmanın əldə olunmasına mane oldu. Bu yalnız ATƏT-in sənədlərində öz əksini tapdıqdan sonra biz istefamızın səbəbini açıqlaya bildik.

Bəli, bizim istefamız Qarabağ məsələsi ilə bağlı idi. Amma bir məsələni vurğulamaq istəyirəm ki, Vəfa Quluzadə və Tofiq Zülfüqarov xarici siyasətə baxırdılar, amma mən həm xarici, həm də daxili siyasətə nəzarət edirdim. Mənim istefamın ilkin səbəbi də daxili siyasətə aid olan narazılıqlar idi. Bir məqamı da vurğulayım ki, mən ilk dəfə istefa ərizəmi 1999-cu ilin axırında yox, həmin ilin əvvəlində yazmışam. Onda nə Vəfa Quluzadə, nə də Tofiq Zülfüqarov istefaya getməyə hazırlaşırdı. Sadəcə, o vaxt Heydər Əliyev bərk xəstələndiyinə görə ondan ayrılıb gedə bilmədim. Yəni onda getməyimi mənəvi cəhətdən düzgün saymadım.

- Deyirsiz ki, ATƏT-in sənədlərində münaqişənin həlli olumamasına səbəb kimi Ermənistan parlamentindəki terror aktı və Azərbaycanın 3 nüfuzlu diplomatının istefası göstərilib. Ermənistandakı terror aktını Rusiyanın həyata keçirdiyi hələ o vaxtlar da heç kimdə şübhə doğurmurdu. Yəni Rusiya münaqişənin həllində maraqlı deyildi. Amma eyni vaxtda siz də istefaya getdiniz və bunu münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmaması ilə əsaslandırdız. O zaman məntiqlə belə düşünmək olar ki, dolayısı ilə Rusiyanın maraqlarına xidmət edirdiniz?

- Çox məntiqli sual verirsiniz, onun da eyni məntiqli cavabı var. Rusiya bizdən fərqli olaraq ümumiyyətlə münaqişənin həllində maraqlı deyildi. Çünki münaqişə həll olunsaydı, region onların əlindən çıxıb ABŞ-in əlinə keçəcəkdi. Amma bizi münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməməsi narahat edirdi. Yəni hadisələr üst-üstə düşsə də, fərqli səbəblərdən baş verdi.

Müsahibənin əvvəli burada

Tarix
2013.11.20 / 11:56
Müəllif
İlqar Vəliyev, Tural Qurbanlı
Şərhlər
loading...
Digər xəbərlər

Putinin arzuladığı dialoqlar rədd edilir – Şərh

S-400 müəmması: Türkiyə geri addım ata bilərmi?

Ərdoğan Qarabağ Zirvəsi keçirə, birgə ordu qura bilər – Şərh

Qaça bilməyən erməni gənclər Qarabağa sürgün edilir

ABŞ Türkiyəyə qarşı inanılmaz addıma hazırlaşır

Dilqəm Əsgərov və Şahbaz Quliyevdən yeni xəbər

Bu ərazilər Ermənistandan alındı - İrəvan şokda

Qarabağ təkcə Azərbaycanın deyil... - Gürcü alim

Putin Tehranda Əliyevdən nə xahiş edib - Sensasion iddia

Növbəti ildə hansı nazirliklər birləşdiriləcək?

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla