Yuxarı

Mikser: "Bakını İrəvan qarşısında tam dəstəkləyirik"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 1-də Avropa İttifaqı Şurasına sədrlik ilk dəfə Estoniyaya keçib.

Axar.az xəbər verir ki, Estoniyanın xarici işlər naziri Sven Mikser Azərtac-a məxsusi müsahibəsində ölkələrimiz arasında ikitərəfli münasibətlərdən, iqtisadi əməkdaşlıq potensialının artırılmasından və ölkəsinin Aİ Şurasına sədrliyindən danışıb.

- Cənab nazir, Estoniya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin səviyyəsini necə qiymətləndirirsiniz?

- Estoniya ilə Azərbaycan arasında münasibətlər həmişə yaxşı səviyyədə olub. Bizim normal siyasi münasibətlərimiz və iqtisadi əlaqələrimizi yaxşılaşdırmaq üçün yaxşı perspektivlərimiz var. Hər iki ölkə istər iqtisadi, istərsə də siyasi əlaqələri daha da inkişaf etdirməkdə maraqlıdır.

Biz Azərbaycandan olan həmkarlarımızla son yarım ildə iki yüksək səviyyədə görüş təşkil etmişik. Aprelin əvvəlində Bakıda Estoniya ilə Azərbaycan arasında ticari-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası keçirilib, mən iyunun ortalarında Bakıda səfərdə olmuşam və Avropa İttifaqı Şurasına sədrlik edəcək ölkə kimi Estoniyanın prioritetlərini təqdim etmişəm.

Biz “Şərq tərəfdaşlığı” Proqramına həsr olunmuş yüksək səviyyədə görüşdən əvvəl fikir mübadiləsi aparmışıq və ikitərəfli münasibətlər gündəliyini müzakirə etmişik. Parlamentimizin Estoniya-Azərbaycan dostluq qrupu geniş və diqqətəlayiq fəaliyyət göstərir. Sahibkarlarımız da Azərbaycana böyük maraq göstərirlər. Mənə çox xoşdur ki, ölkələrimiz arasında ikitərəfli münasibətlər canlanır. Biz bu qarşılıqlı potensialdan ən yaxşı şəkildə istifadə etməliyik.

- Hazırda ölkələrimiz arasında əmtəə dövriyyəsini genişləndirmək üçün hansı layihələr həyata keçirilir?

- Son vaxtlar ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcmi kiçik olub. Əmtəə dövriyyəsinin dinamikasına nəzər salsaq görərik ki, 2016-cı ilin məlumatına görə, o, təqribən 4,8 milyon avro təşkil edib. Müqayisə üçün deyim ki, 2011-ci ildə bu rəqəm təqribən 16 milyon avro olub, yəni bu sahədə tənəzzül aşkardır. Biz iqtisadi münasibətləri və əmtəə dövriyyəsini möhkəmləndirməkdə maraqlıyıq. Bunun üçün, məsələn, ticari-iqtisadi portfelimizi genişləndirməkdən başlamaq olardı. Tərəflər logistika, nəqliyyat, kənd təsərrüfatı, turizm və informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorlarına daha böyük maraq göstərirlər.

İKT sahəsində Estoniyanın uğurları bütün dünyaya məlumdur. Belə bir fakt məni çox sevindirir ki, Azərbaycanda Estoniyanın İKT firmaları fəaliyyət göstərir və ölkənizdə elektron dövlət üçün müxtəlif servislər yaradılmasına kömək edirlər.

Damazlıq heyvandarlıq, süd sənayesi və bunların texnologiyaları sahəsində də qarşılıqlı maraq var. Bu potensialı reallaşdırmaq məqsədi ilə bir neçə idarələrarası müqavilə imzalanıb. Ümidvaram ki, həmin müqavilələr artıq yaxın vaxtlarda sahibkarlarımıza kənd təsərrüfatı sektorunda da yeni imkanlar yaradacaq.

Biz yaxın xarici ölkələrin bazarları üçün birgə Estoniya-Azərbaycan kənd təsərrüfatı və ya dərman məhsulları istehsalının inkişafı üçün də yaxşı imkanlar görürük. Ölkəmizdə sanballı startap birliyi mövcuddur, çünki biz startap şirkətlər arasında əməkdaşlığa kömək edirik və şirkətlərin Estoniyada fəaliyyət göstərməsinə imkan verən startap vizalar təqdim edirik. Yeri gəlmişkən, “Sorry as a service” startapının heyəti çoxmillətlidir və onun gənc istedadlı əməkdaşlarından biri əslən Azərbaycandandır. Əminəm ki, bu, yeganə nümunə deyildir.

- Nəqliyyat və energetika sahələrində əməkdaşlıq hansı səviyyədədir?

- Biz logistika və nəqliyyat sahələrində səmərəli əməkdaşlıq qurmaq istəyirik. Estoniyanın prioritetlərini və üstünlük verdiyi sahələri onun coğrafi mövqeyi və regional imkanları şərtləndirir. İnfrastruktur və tranzit yükdaşımaları sahəsində xidmətlər, habelə logistika mərkəzlərinin xidmətləri Estoniyada yaxşı səviyyədədir. Yüklərin dəniz limanları və aeroportlar, avtomobil və dəmir yolları ilə daşınması üçün geniş imkanlarımız var. Estoniyanın və Azərbaycanın coğrafi mövqeləri ölkələrimizin həm şimal və cənub istiqamətlərində, həm də Yaxın Şərq, Hindistan, İran və s. istiqamətlərdə əməkdaşlıq etmələrinə imkan verir.

Bundan əlavə, Estoniya Azərbaycan sahibkarlarının Şimali Avropa bazarına çıxış əldə etmələri üçün onlara öz dəniz limanlarının xidmətlərini təklif etməyə hazırdır. İkitərəfli sazişlər bazası daim genişlənir. Tezliklə “Estoniya Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında beynəlxalq sərnişin və yükdaşımaları haqqında saziş”i imzalamağa hazırlaşırıq. Bu sənəd müəssisələrimizin fəaliyyətinə əlavə zəmanətlər verəcək.

Biz, həmçinin ümid edirik ki, aprel ayında “EVR Cargo” şirkəti, Paldiski limanı və “Azərbaycan Dəmir Yolları” QSC ilə imzalanmış qarşılıqlı anlaşma haqqında Memorandum gələcəkdə Estoniya və Azərbaycan sahibkarları üçün əlavə imkanlar yaradacaq.

Estoniya və Avropa İttifaqı enerji resursları təchizatı mənbələrinin daha da şaxələndirilməsini dəstəkləyirlər və biz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına Azərbaycanın töhfəsini yüksək qiymətləndiririk. “Cənub Qaz Dəhlizi” layihəsini davam etdirmək, habelə texnologiyalar sahəsində bilik və təcrübə mübadiləsi aparmaq xüsusi əhəmiyyət daşıyır.

-Məlum olduğu kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi 20 ildən çoxdur həll edilməmiş qalır, BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinə baxmayaraq, Azərbaycan torpaqlarının 20 faizindən çoxu hələ də Ermənistanın işğalı altındadır. Estoniyanın bu problemə dair mövqeyi necədir?

-Cənubi Qafqaz regionunda davam edən münaqişələr təhlükəsizliyi təhdid edir, sabitliyə və inkişafa mane olur. Yəni beynəlxalq birlik regiondakı münaqişələrin həllinə nail olmaq üçün səylərini fəallaşdırmalıdır.

Estoniya Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəkləyir. Aydın məsələdir ki, Dağlıq Qarabağ münaqişəsi hərbi yolla həll edilə bilməz, amma status-kvo da qəbuledilməzdir. Buna baxmayaraq, münaqişənin dinc yolla həlli prioritet olaraq qalmalıdır.

Biz ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin münaqişənin sülh yolu ilə tənzimlənməsi istiqamətində səylərini dəstəkləyirik və onların münaqişənin siyasi yolla tənzimlənməsinin beynəlxalq hüquq prinsiplərinə cavab verən etibarlı üsulunu tapmaq üçün fəal addımlar atacaqlarını gözləyirik. Buna görə əsas məsuliyyəti Ermənistan və Azərbaycan daşıyırlar. Hər iki ölkə gərəkli siyasi iradə nümayiş etdirməli və sülhə nail olmaq üçün yüksək səviyyədə danışıqları fəallaşdırmalıdırlar.

-Aİ Şurasına sədrlik bu ilin iyulundan Estoniyaya keçib. Estoniya hökumətinin gündəliyində Şuraya sədrlik çərçivəsində Azərbaycanla əlaqələri “Şərq tərəfdaşlığı” Proqramının üzvü olan ölkə kimi də inkişaf etdirmək məsələsi varmı?

-Estoniyanın Avropa İttifaqı Şurasına sədrliyi 2017-ci il iyulun 1-dən başlayıb. Biz tariximiz ərzində ilk dəfədir bu rolda çıxış edirik. Biz, kiçik bir dövlət kimi, Avropa İttifaqının möhkəmlənməsinə töhfə vermək üçün bu məsələdə unikal imkan görürük. “Şərq tərəfdaşlığı” Proqramı və onun iştirakçısı olan ölkələrin dəstəklənməsi Estoniyanın dəyişməz xarici siyasət prioritetlərindən biridir. Mən Aİ Şurasına sədrlik, habelə “Şərq tərəfdaşlığı” Proqramı çərçivəsində yüksək səviyyədə görüş nöqteyi-nəzərindən Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş ilə əlaqədar bu yaxınlarda başlanmış danışıqları alqışlayıram. Mən istərdim ki, bu danışıqlar sürətlə irəliləsin. Ümidvaram ki, yeni saziş Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərə müsbət təkan verəcək, siyasi dialoqu və iqtisadi əməkdaşlığı dərinləşdirəcək.

Münasibətlərin yeni səviyyəyə yüksəlməsinə hər iki tərəf maraq göstərir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasını nəzərdə tutan “Cənub Qaz Dəhlizi” layihəsində mühüm rol oynayır. Biz Azərbaycanın bu məsələyə töhfəsini yüksək qiymətləndiririk.

“Şərq tərəfdaşlığı” Proqramı çərçivəsində yüksək səviyyədə görüş 2017-ci il noyabrın 24-də Brüsseldə keçiriləcək. Biz bu görüşü o halda baş tutmuş sayacağıq ki, ölkələrimizin vətəndaşları istər yeni nəqliyyat və ya energetika əlaqələrinin yaradılması, istər insanların sərbəst yerdəyişməsi, istərsə də xarici ölkələrdə təhsil və ya təcrübə mübadiləsi üçün yaxşı imkanlar baxımından onun aşkar nəticələrini görsünlər.

Bundan əlavə, Estoniya yüksək səviyyədə görüşlə əlaqədar Tallində bir sıra tədbirlər, o cümlədən sahibkarlar, vətəndaş cəmiyyəti forumları, elektron tərəfdaşlıq üzrə konfrans təşkil etməyi planlaşdırır. Sahibkarlar forumunun məqsədi Avropa İttifaqının və “Şərq tərəfdaşlığı” Proqramının üzvü olan ölkələrin xırda sahibkarlarını bir araya gətirərək, onları ümumi elektron bazarın imkanları, habelə rəqəmsal həllərin onların biznesinə tətbiqi imkanları ilə tanış etməkdir. Vətəndaş cəmiyyəti forumuna Avropa İttifaqının və “Şərq tərəfdaşlığı” ölkələrinin qeyri-kommersiya təşkilatlarının nümayəndələri toplaşacaq. Forum hökumət və qeyri-kommersiya təşkilatlarının əməkdaşlığının möhkəmlənməsi, demokratik idarəetmə, korrupsiyaya qarşı mübarizə məsələlərinə, habelə idarəetmənin şəffaflığını artırmağa xidmət edən elektron həllərə həsr ediləcək. “Şərq tərəfdaşlığı” ölkələrinin ən yaxşı elektron həlləri təqdim ediləcək, elektron idarəetmənin inkişafına dair siyasi tövsiyələr veriləcək, habelə 2017-2019-cu illər üçün elektron idarəetmə sahəsində fəaliyyət planı tərtib ediləcək. Bu, təşkil edəcəyimiz tədbirlərin yalnız bəzi nümunələridir.

Hesab edirəm ki, belə tədbirlər və görüşlər eyni maraqları olan insanları birləşdirməyin və bununla da artıq mövcud olan əməkdaşlığın səmərəliliyini artırmağın, yaxud yenisinə başlamağın ən yaxşı üsuludur.

Azərbaycanı bu tədbirlərin potensialından maksimum faydalanmağa çağırırıq.

Tarix
2017.07.22 / 18:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla