Yuxarı

Sovet təyyarəsini qaçıran məşhur azərbaycanlının müdhiş - Məktubu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli iş adamı Necati Keserin azərbaycanlı təyyarəçi Məhmət Altunbayla bağlı xatirələrini Məhmət bəyin İsveçrədə yaşayan oğlu Oqtay Altunbay Axar.az-dan oxuyub və Necati bəy vasitəsilə məktub göndərib. Oqtay bəy atasının bir məktubunu da əlavə edib.

Oqtay Altunbay vaxtilə atasının yanında çalışan və hazırda böyük iş adamı olan Necati bəyə yazır:

"Sizin müsahibəni indi oxudum, ürəyinizə sağlıq! Əlbəttə ki, siz atam haqqında uşaqlıq illərinizdə bildiyiniz, tanıdığınız qədər danışmağa çalışmışınız. Ancaq atamın Sovet rejimindən qaçış tarixi səhv yazılıb. Atam 1964-cü ildə deyil, 1941-ci ildə, Alman-Rus müharibəsi vaxtında təyyarə ilə qaçaraq Türkiyəyə gəlib. 1964-cü il yaxın tarixdir.

Atamın Azərbaycandakı soyadını bildirmişdim sizə - Məmmədov (Necati bəy bizə müsahibəsində Məhmət Altunbayın Azərbaycandakı soyadını xatırlamadığını deyib – red.). Məmməd Məmmədov (Mehmet Altunbay) 1911-ci ildə Azərbaycanda, Gəncə şəhərində doğulub. O vaxt Hərbi Hava Qüvvələri Universitetinin komandiri olub və bir azərbaycanlı zabitin bu vəzifəyə gəlməsinə dözə bilməyən KQB adi bir bəhanə ilə onu edam etmək istəyib. Bu barədə məlumat alan atam isə güvəndiyi 2 dostu ilə birlikdə qatarla Bakıdan Tiflisə səfər edir və daha sonra Tiflisdən qaçırdıqları hərbi təyyarə ilə Türkiyəyə getmək üçün uçurlar. Ancaq İran sərhədində Sovet zenitləri tərəfindən mühərrikin biri vurulur və onlar da məcburi şəkildə İran torpaqlarına eniş edirlər. Rza şah Pəhləvi dövrünün İran hakimiyyət nümayəndələri təyyarədən xilas olan atamı və digər 2 dostunu alman casusu zənn edirlər. Çünki üzərlərindən heç bir sənəd, şəxsiyyət vəsiqəsi çıxmır, həm də üzərlərində alman istehsalı tapançalar olur. İranda uzun və məşəqqətli keçən bir ildən sonra möcüzə nəticəsində bir dostlarını orda KQB-yə qurban verərək, 2 dost Türkiyəyə çatmağı bacarırlar.

Necati abi, çox detallı bir tarix və həyat hekayəsi... Sağlığında həyatında kitab da yazdı, amma nəşr etdirməyə ömrü çatmadı. Mən isə bu işə laqeyd yanaşdım. Maddi imkansızlıq da oldu, belə ki, kitab halında çıxarda bilmədim.

İnşallah, bir vəsilə olar, bu kitabı çap elətdirə bilərəm.

Bir də atamın öz dilindən danışıb silsilə halında yazdığı yazını sizə göndərirəm. Bəlkə, növbəti reportajlarınızda yardımçı olar:

Mən Mehmet Altunbay (Məmməd Məmmədov)

Azadlıqdan məhrum bir ölkədə doğuldum. Orada, özgürlüyün gerçək mənasının nə olduğunu belə öyrətmədilər mənə. Yaşadığım rejimdə insanlar daim bir-birindən qorxur, günün iyirmi dörd saatı boyunca kimin kimi jurnal edəcəyini (satacağını – red.) düşünürdülər. Hamımız qorxusuz yaşamaq həsrəti ilə alışıb-yanırdıq. Bir vulkan kimi içimizi dolduran bu duyğular günlərin bir günü orada yaşayan insanların çörək və su qədər imtina edə bilmədikləri vacib şey olmuşdu. Hamımız bu qaynaqdan qidalandıq. Biz, azadlıq aşiqi, azadlığa və xoşbəxtliyə susamış insanlar, Stalin diktaturasının o qorxunc rejiminə boyun əyə bilməzdik. Ardı-arası kəsilməyən böhtanlar, terrorlar, bitməz-tükənməz zülm və işgəncə metodları bir-birinin ardıyca gəlirdi.

Orada bizlər azadlıq üçün çırpınarkən buna ölümlə sədd çəkmək istəyənlər kütlələri sürgünə və güllələnməyə aparırdılar. O vaxt çox balaca idim. Lakin atamın və dayımın güllələndiyi o vəhşilik gününü heç cür unuda bilmədim. O gün neçə-neçə azadlıq mücahidi olan insan onlarla birlikdə güllələndi. Qadınlarını və uşaqlarını da onlarla birlikdə öldürdülər. Ogünkü azadlıq qəhrəmanlarının indi məzarları belə bəlli deyil. Çünki orada insanlar məhkəmə qarşısına çıxarılmadan kütlələr halında güllələnməyə aparılırdılar. Orada azadlıqdan danışan insanları gecə yatdıqları yerdən aparıb ya sürgün edirdilər, ya da güllə yağışı altında ölümün qucağına atırdılar. Orada edamsız və sürgünsüz günümüz yox idi.

Mən belə bir aləmdə yaşamışam. Nəhayət, güc-bəlayla da olsa, ölümdən qurtulub özümü Ana vətənim Türkiyədə, azadlığın qucağında tapdım. Lakin bu o qədər asan olmadı. Zindanlarda zəncirlərə vuruldum. Min cür işgəncələrin ağrısını çəkdim. Lakin bütün bu çətinliklərə və təhlükələrə baxmayaraq, qüvvəmi içimdə alovlanan azadlıq məşəlindən aldım və bu məşəl mənə azadlıq yolunda işıq tutdu. Azadlıq üçün yaşadım. Bunun üçün o iyrənc və qorxunc rejimin iç üzünü azad dünyanın azad insanlarına tanıtmağa başladım.

Mən azadlıq aşiqi Azərbaycanlı, mən Şimali Qafqazlı, mən Türkistanlı, mən İdil-Urallı və Krımlıyam. Və bu əsərimi, azadlıq aşiqi ogünkü yoldaşlarımın və azadlıq yolunda şəhid olan adsız qəhrəmanların əziz ruhuna ərməğan edirəm!"

Məktubdan da göründüyü kimi, bu yazı ehtimal ki, Məmməd Məmmədovun (Məhmət Altunbayın) yazdığı həyat hekayəsinin ön sözüdür.

Axar.az olaraq, Oqtay Altunbaydan (Məmmədov) atalı xatirələrini almağa və həyat hekayəsinin dərci üçün Məmməd Məmmədovun əlyazmasını əldə etməyə çalışırıq.

P.S. Oqtay Altunbayın hələlik yalnız bu şəklini əldə edə bilmişik...

Tarix
2014.06.10 / 16:10
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla