Yuxarı

Bu, ermənilərə böyük bir zərbədir – Millət vəkili

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkə başçısının məhbusların əfv edilməsi, yaxud onların işinə daha humanist nöqteyi-nəzərdən baxılmasıyla əlaqədar atdığı addımlar hər bir vətəndaş tərəfindən yüksək qiymətləndirilir, eləcə də bu məsələyə beynəlxalq reaksiyalar da mövcuddur. Azərbaycan prezidenti tərəfindən verilən bu cür humanist qərarlar bunaqədərki dövrdə də dövlətin mühüm bir siyasəti kimi reallaşdırılıb. O, sadəcə hansısa fiziki şəxslərə yönəlik deyil, yaxud da hansısa bir kriteriya ilə yalnız siyasi, seçilmiş tanınmış insanlara tətbiq olunmur, hər kəsin qanun qarşısında bərabərlik prinsipini vurğulayırıqsa, siyasi mənsubiyyətindən və ictimai mənşəyindən asılı olmayaraq, hər kəs belə humanist qaydaların ünvanına çevrilə bilir.

Bu sözləri Axar.az-a ötən gün Prezident İlham Əliyevin göstərişinə əsasən “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin, cari ilin iyulunda üç il müddətinə azadlıqdan məhrum olunmuş Aleksandr Lapşinin və Nardaran hadisələrinə görə həbs edilmiş bir qrup şəxsin azadlığa buraxılması ilə bağlı danışan millət vəkili Zahid Oruc deyib. Millət vəkili vurğulayıb ki, son üç gün ərzində ölkə başçısı tərəfindən verilən qərarlar ölkənin ümumi ictimai-siyasi həyatına çox güclü şəkildə təsir göstərməkdədir:

“Beynəlxalq təşkilatlar Azərbaycan ətrafında bir sıra hallarda lövbər salıblar, istənilən hadisəni öz mübarizələrinin ideologiyasına çevirməyə cəhd edirlər. Adamda hərdən belə təəssürat yaranır ki, onların bu mübarizələri hədəf olaraq Qarabağa yönəlsəydi, biz çoxdan işğal reallığından xilas olardıq. Lakin hazırkı dünyanın mənzərəsi budur. Qəbul etməliyik ki, plüralizm və demokratiya dalğası tank və toplarla deyil, indiki reallıqda müxtəlif təşkilatların yumşaq güc siyasəti adı ilə informasiya sistemində təbliğata çevirməsilə müşayiət olunur. Belə olan təqdirdə biz bu mübarizənin prinsip və qaydalarını başa düşməliyik və ona adekvat da fəaliyyətimizi qurmalıyıq. Azərbaycan ətrafında çətir quran və bir mübarizə istehkamında hər bir hadisəni ölkəmiz əleyhinə neqativə döndərərək nüfuzumuza xələl gətirmək istəyən, dövlətin siyasi elitasının enejisini, gücünü və diqqətini öz üzərinə yönəltməyə çalışan, ölkəni normal platformadan və inkişaf sistemindən çıxarmağa cəhd edən qüvvələrin planlarını hər zaman pozmaq lazımdır. Düşünürəm ki, bu cəhətdən “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevə münasibətdə böyüklük nümayiş olundu, eləcə də Lapşinlə bağlı məsələdə Azərbaycan prezidenti bundan əvvəlki dövrdə tutduğu dəst-xətti və mövqeyi davam etdirdi”.

Millət vəkili bildirib ki, Azərbaycanın Qarabağ və işğal gerçəkliyi ilə barışmaması və haqq davası bir Lapşin hadisəsinə yönəlik deyil:

“Yəni konkret bir ölkə vətəndaşını cəzalandırmaqla torpaqlarımızı işğaldan azad etməyə bel bağlamırıq. Lakin biz çox sadə həqiqətləri dünyaya bəyan etdik. Azərbaycanda son illər viza sistemində ASAN-laşmanın yaratdığı nəticə ondan ibarətdir ki, istənilən əcnəbi 15-20 dəqiqə ərzində internet resursları üzərindən bu ölkəyə girişini rəsmiləşdirə bilər. Elə isə bunu bütün ərazilərimizdə görmək istəyirik. Baxmayaraq ki, torpaqlarımızın bir qismi ermənilər tərəfindən ələ keçirilib, işğalçının həmin əraziləri tutmaları azmış kimi, ora daha çox xarici vətəndaşları cəlb etməklə Qarabağın beynəlxalq hüquq subyektinə çevrildiyini nümayiş etdirmələri yolverilməzdir. Bu siyasətdə iştirak edənlər təbii ki, Azərbaycan əleyhinə siyasi döyüşdə olmuş kimi görünürlər və hesab edirəm ki, Lapşinin cəzalandırılması yaxşı mənada bir sindrom yaratdı. Bu hadisə üzərindən həm sözügedən şəxsin özü, həm də gələcəkdə Dağlıq Qarabağa ziyarətə hazırlaşanlar istiqaməti Bakıya, onun rəsmi hakimiyyət orqanlarına yönəltməyə məcbur olacaqlar. Bu, eləcə də ermənilərin özünə böyük bir zərbə oldu.

Mehman Əliyev hadisəsi üzərindən şübhəsiz görünən bu idi ki, personası sakit bir təbiətə malik olması və radikalizmdən uzaqlığı fonunda hətta müxtəlif cinahlardan bu hadisəylə bağlı fərqli bir qərarın, yolun seçilməsi istəkləri də mövcud idi. Ölkə başçısı sanki bu mövqeləri nəzərə aldı və qərarda da qeyd olunduğu kimi, Mətbuat Şurasının müraciəti burada əsas götürüldü. Bütün bunlar cəmiyyətdə bir konsensus yaratdı və eləcə də göstərdi ki, bəzən çox da mülayim qüvvələrin - hər hansı media təmsilçisini və ya başqa sahənin nümayəndəsini öz hüdudlarının önünə çıxarmağa çalışan, onu hakimiyyətlə hesab çəkməyə cəhd edən və bundan bir az irəli gedərək beynəlxalq məkanda az qala təşkilatlandıran narazıların cəbhəsində xarici səfirliklərin, ayrı-ayrı agentura şəbəkələrinin yer alması prosesini hər zaman bir şəbəkə kimi dağıtmağa cəhd etmək lazımdır.

Düşünürəm ki, əgər Azərbaycanda insan haqları uğrunda mübarizə aparılırsa, şübhəsiz ki, bu hüquq yaratma işi, fəaliyyəti yalnız belə şifrələnmiş ayrı-ayrı qüvvələrin ətrafında olmamalıdır. Bu cür toxunulmaz kasta üzvləri yoxdur. Bəzən məmurlara münasibətdə qeyd olunur ki, onlar özlərini hansısa bir qanun tələbindən üstün tuturlar. Bu, əlbəttə ki, normal bir yanaşmadır, ancaq həm də ayrı-ayrı ölkələrin sanki xüsusi “elçilərinə” çevrilmiş adamlara münasibətdə də biz bu fikri irəliyə sürməliyik. Yəni məmura, hakimiyyət təmsilçisinə onun qanun qarşısında məsuliyyətini xatırladırsansa, bu, eləcə də müxalif təmsilçi üçün də qüvvədə olmalıdır. Bu günlərdə Fransa radiosunda və televiziya kanalında Azərbaycan əleyhinə təhqiramiz leksionda aparılan bir verilişlə bağlı Azərbaycan dövləti adından açılmış məhkəmə davasında iştirak edən şəxslərə bir baxın. Görün, Azərbaycanın siyasi həyatını qara timsalda təqdim etmək üçün kimlər həmin məhkəmələrə baş vururlar. Ancaq sözün həqiqi mənasında onlar milli davada belə davranırlarmı? Özü də dünənə qədər bir-birini didməyə hazır olan adamlar necə olur ki, Azərbaycan hakimiyyəti əleyhinə çox asanlıqla birləşirlər? Məgər Leyla Yunusu Xalq Cəbhəsi hakimiyyətində “erməni adamı” adlandıran həmin hakimiyyətin öz nümayəndələri deyildimi? Yəni onu vəzifəsini yarımçıq tərk etməyə də bizmi məcbur etmişdik? Ondan sonrakı illərdə onun izlənilməsi və hər zaman da üzərində saxlanılan damğalar və onun xarici agentura mərkəzləri ilə iş birliyi iddiaları da həmin camiyyənin fikirləri deyildimi? Yəni bunları ki biz düşünməmişik! Ona görə də Azərbaycan əleyhinə mübarizədə ön cərgələrə çıxarılan qüvvələrin fəaliyyəti, diapazonu və irəli sürdükləri arqument bazasının gerçəkdən də yalnız iqtidar əleyhinə olmadığını və bütövlükdə xalq əleyhinə mübarizənin aparıldığını görməliyik və onu dəyərləndirməliyik. Bütün hallarda hakimiyyət güclüdür, onun lideri milli mənafeləri hər zaman yüksək bir səviyyədə nəzərə almaqdadır və onu seçdiyi yoldan, kursdan, qətiyyətindən və mübarizliyindən heç kəs daşındıra bilməz”.

Tarix
2017.09.13 / 08:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla