Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
26 May 2018


İlham Əliyev və Joze Manuel Barrozu Səngəçalda - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının sədri Joze Manuel Barrozu Səngəçal neft terminalında olublar.

Axar.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb.

Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun rəhbərlik etdiyi nümayəndə heyəti Xəzər regionunda bənzərsizliyi ilə seçilən Xəzər Enerji Mərkəzi ilə tanış olub.

Məlumat verilib ki, Azərbaycanın neft-qaz sənayesinin tarixini dolğun əks etdirən bu Mərkəz ölkəmizin dünya neft və qaz sənayesindəki rolunu geniş təbliğ edir. Mərkəz 2005-ci ildə Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Gürcüstan və Qazaxıstandan olan yüksək səviyyəli rəsmi qonaqların iştirakı ilə Prezident İlham Əliyev tərəfindən açılmışdır. Mərkəzin istifadəyə verilməsi Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin Azərbaycan hissəsinin açılışı ilə eyni vaxta təsadüf edib. Burada qonaqlar rəmzi nişan kimi öz əl izlərini qoyub və bu nişan Xəzər Enerji Mərkəzinin rəmzinə çevrilib.

Qonaqlara respublikamızın neft tarixinin xronologiyası barədə ətraflı məlumat verilib. Bildirilib ki, Mərkəzin əsas məqsədlərindən biri Azərbaycanın neft və qaz sənayesinin 150 illik tarixini nümayiş etdirməkdir. Neft və qaz sənayesi Azərbaycan üçün yalnız iqtisadi dəyər daşımır, o, eyni zamanda, milli qürur mənbəyidir. Dünyada ilk dəfə mexaniki üsulla neft quyusu 1847-ci ildə Bibiheybət ərazisində qazılıb. XIX əsrə qədər dünyada hasil edilən neftin yarısı ölkəmizin payına düşüb. XIX əsrin ikinci yarısında xarici ölkələrin iş adamları Azərbaycanda biznes fəaliyyətinə başlayıblar. Bunlara bütün dünyada tanınan Rotşildlər və Nobel qardaşlarını misal göstərmək olar. Dünyada məşhur olan Nobel mükafatı həm də Alfred Nobelin Bakıdakı neft yataqları üzrə səhmlərinin satışından əldə olunmuş vəsaitlərin toplanması hesabına yaradılıb. İkinci Dünya müharibəsi illərində Sovet İttifaqında neftin 75 faizini hasil edən Azərbaycan ordunu yanacaqla təchiz edərək, Qələbənin əldə olunmasında əhəmiyyətli rol oynayıb.

Ötən əsrin 70-80-ci illəri isə Xəzər dənizinin dərin sulu sektorlarındakı yataqların işlənməsi və neft-kimya sənayesinin inkişafı ilə səciyyəvidir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə nəhəng "Azəri-Çıraq-Günəşli" yatağının işlənilməsi məqsədilə "Əsrin müqaviləsi" kimi tanınan hasilatın pay bölgüsü haqqında müqavilə imzalanıb. Bu müqavilə ölkənin sürətli inkişafına təkan verərək, onu regional enerji mərkəzinə çevirib.

Qonaqlar müxtəlif yataqlardan hasil edilən neft nümunələrinə də baxıblar.

Sonra "Şahdəniz" və "Cənub qaz dəhlizi" layihələrindən bəhs edən videoçarx nümayiş etdirilib.

Prezident İlham Əliyevə və Avropa Komissiyasının sədri Joze Manuel Barrozuya xatirə hədiyyələri təqdim olunub.

Terminalın ərazisində gəzinti zamanı bildirilib ki, Səngəçal terminalı haqlı olaraq Azərbaycanın neft və qaz sənayesinin döyünən ürəyi hesab edilir. O, Azərbaycanın Xəzər dənizindəki yataqlarından hasil edilən xam neftin və qazın qəbul edildiyi, emal olunduğu, saxlandığı və ixrac edildiyi neft və qaz terminalıdır. "Azəri-Çıraq-Günəşli" yatağından ötürülən neft və "Şahdəniz"dən nəql edilən qaz terminala daxil olur, əsasən Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz Boru Kəməri vasitəsilə ixrac edilir. Dünyanın ən böyük və səmərəli neft və qaz terminallarından sayılan Səngəçal terminalının sahəsi 550 hektardan çoxdur. Terminalda gündə 1,2 milyon barreldən çox xam neft və 40 milyon kubmetrdən artıq qaz emal edilə bilir. Onun xam neft saxlama həcmi 3,2 milyon barrel təşkil edir. Terminalın sahəsi mürəkkəb boru kəmərləri və avadanlıq şəbəkəsi ilə əhatə olunub. Dənizdəki qurğulardan terminala daxil olan boru kəmərləri müxtəlif marşrutlara istiqamətlənməklə Azərbaycanın yüksək keyfiyyətli xam neftini və qazını dünya bazarlarına nəql edir.

Bundan əlavə, terminal Qazaxıstan və Türkmənistan neftini də qəbul edir. "İlkin Neft Layihəsi" və "Səngəçal Terminalının Genişləndirilməsi Proqramı" nəticəsində terminalda hər birinin həcmi 25.500 kubmetr olan və ildə 6 milyon tondan çox xam nefti emal etmək, saxlamaq və ixrac etmək iqtidarında olan 4 xam neft saxlama çəni yerləşir. Terminaldakı idarəetmə mərkəzi Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçən ixrac boru kəmərlərinin fəaliyyətini hərtərəfli nəzarətdə saxlaya, problemləri aşkara çıxara bilir. Bundan başqa, Səngəçal terminalı "Şahdəniz" qaz qurğusundan gündə 40 milyon kubmetrdən artıq "mavi yanacaq" qəbul edə bilir.

Mövcud "Şahdəniz" qurğusunun arxasında isə gələcək genişləndirilmə sahəsinin ərazisi yerləşir. "Şahdəniz"in ikinci mərhələsi çərçivəsində Səngəçal terminalında əsas genişləndirmə işləri aparılacaq. Bu, terminalın ümumi qaz emalı həcminin üç misli qədər, yəni, ildə əlavə 16 milyard kubmetr qaz emal etməsinə imkan verəcək və nəhəng kompleksin Azərbaycanın neft-qaz sənayesi üçün əhəmiyyətini daha da artıracaq.

Terminalın işçi heyətində milli kadrların daha geniş təmsil olunmaları ilə bağlı da ardıcıl iş aparılır. Artıq "İlkin Neft Layihəsi"ndə çalışanların hamısı azərbaycanlı kadrlardır.

Səngəçal terminalı öz neft və qaz ixrac sistemləri ilə birlikdə Azərbaycanı Avropa ilə Asiyanın kəsişməsində mühüm bir qovşağa çevirir.

Qonaqlar terminalla tanışlıqdan xoş təəssüratla ayrılıblar.

Tarix
2014.06.14 / 23:06
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

İlham Əliyevdən Teşomeyə məktub...

AXCP-yə 412 min çirkli pul köçürüldü - Rəsmi açıqlama

Makrondan Əliyevə: Bakı gələcək çağırışların həllində...

Prezident yeni xidməti məhz buna görə yaratdı – Əhmədov

İbrahimbəyov öldü – Allah rəhmət eləməsin!

Paşinyan mahiyyət etibarilə Sərkisyandır - Ekspert

Trampın Bakıya Qarabağ mesajı: Nə gözlənilir?

Ərdoğandan bənzərsiz Qarabağ jesti: Putinlə baş-başa...

Sahibkarlar üçün nəzərdə tutulan güzəştlər – Ekspert

Avropa ABŞ-a qarşı Rusiya ilə birləşir? - Mümkün ssenari

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla