Yuxarı

ABŞ-Çinin yeni səhifəsi: Kissincer yenə təəccübləndirir - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kolumbiya Universitetində bu il sentyabr ayının 26-da Amerika ilə Çinin 200-dən çox nüfuzlu dövlət xadimləri, siyasətçilər, elm adamları, biznes dairələrinin və ictimai təşkilatların nümayəndələri bir araya gəlmişdi. Onlar yaxın 50 il müddətində iki ölkə arasındakı münasibətlərin geosiyasi aspektlərini müzakirə etdilər. Tədbirdə tanınmış strateq, ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer də iştirak edib. O, çıxışında irəli sürdüyü tezislərlə növbəti dəfə ekspertləri heyrətləndirib. Amerikalı mütəxəssis qlobal geosiyasi proseslərin məzmununu dəyişə biləcək meyillərdən bəhs edib. Vaşinqtonla Pekin arasında əlaqələrin daha yüksək səviyyəyə qalxması, geniş şəkildə müxtəlif konseptual problemləri əhatə etməsi kontekstində maraqlı fikirlər söyləyib. Onların aktuallığını nəzərə alaraq, üzərilərində təhlili dayanmağa ehtiyac görürük.

İki gücün birləşməsi: prinsiplər dəyişirmi?

Bəlkə də Henri Kissincer Nyu York ştatının Kolumbiya Universitetində Çin və ABŞ universitetləri və analitik mərkəzlərinin rəhbərlərinin birgə toplantısına qatılmasaydı, həmin tədbir ekspertlərin diqqətini elə də çəkməyəcəkdi. Tədbirin diqqətçəkən və gələcəyə ünvanlanan “ABŞ və Çin universitetlərinin rektorları. Beyin mərkəzlərinin forumu – sonrakı əlli ildə münasibətlər” adı vardı. Çinin siyasi elitasını Çin Xalq Respublikası Dövlət Şurası baş nazirinin müavini Lyu Yandun, Amerika tərəfini isə keçmiş dövlət katibi Henri Kissincer təmsil edib.

Konfransda dünyanın məşhur geostrateq və analitiklərindən olan Henri Kissincerin iştirakı və söylədiyi fikirlər böyük maraq doğurub. O, faktiki olaraq, dünyanın iki supergücünün qarşılıqlı münasibətlərinin strateji fəlsəfəsinə dair tezislər irəli sürüb. Onların qısa məzmunu aşağıdakı kimidir.

Hazırda qlobal miqyasda ciddi geosiyasi problemlər özünü göstərir. Bu cür həssas və mürəkkəb vəziyyətdə dünyanın gələcək taleyi bir çox mənada Amerika ilə Çin arasındakı münasibətlərdən asılı olacaq. ABŞ və Çin bir yerdə çalışmalıdırlar ki, qarşılıqlı münasibətlər səviyyəsini praqmatizmdən və gündəlik məsələlərin həlli səviyyəsindən konseptual səviyyəyə yüksəltmək mümkün olsun. Nəticədə, “bu, dünya nizamının yeni əhatəli konsepsiyasını yaratmağa imkan verəcək. Dünyada sülhün bərqərar olması və tərəqqi baş verməsi üçün şans meydana gələcək” (bax: Kissinger: Sino-US ties crucial for peace, progress / “China Daily”, 28 sentyabr 2017).

İndi bu məsələdə iki seçim imkanı var. Birincisi, ABŞ və Çin “çəkişməkdə davam edirlər”. İkincisi, onlar dialoqa girərək, ortaq fəaliyyət göstərir, bununla da bəşəriyyətin inkişafına, sülhə töhfə verir, dünyada birgə inkişaf üçün şərait yaradırlar. Fikirlərinə davam edərək, H.Kissincer vurğulayır ki, birinci seçimi etsək, bu, hər iki ölkə və bütün dünya üçün fəlakət olar. Bu səbəbdən, “biz bu seçimi edə bilmərik” (bax: əvvəlki mənbəyə).

Şəxsi diplomatik təcrübəsindən də misal çəkən analitik dinləyicilərin diqqətinə maraqlı bir məqamı çatdırıb. O deyib ki, ABŞ və Çin diplomatik münasibətləri təzə quranda, əsasən, strateji təsəvvürləri rəhbər tuturdular. H.Kissincer 46 il bundan əvvəl Çinə səfər edərkən bunun şahidi olmuşdu.

Bu o deməkdir ki, Vaşinqtonla Pekin arasında diplomatik münasibətlər rəqabət prinsipi üzərində qurulub. İndiyə qədər də həmin qaydadan elə də kənara çıxılmayıb. Çinin sürətli inkişafı bu rəqabətə yeni gərginlik çaları verib. Burada kimisə günahlandırmaqdan deyil, başlıca olaraq, real vəziyyəti adekvat dərk etməkdən söhbət gedir. Konkret ifadə etsək, H.Kissincer etiraf edir ki, hələlik hər iki ölkə rəhbərliyi rəqabəti düşünür. Dünya liderliyi uğrunda açıq, yaxud gizli savaş gedir. Bu isə çox təhlükəlidir. Səbəbi ondan ibarətdir ki, dünyada geosiyasi şərtlər sürətlə dəyişir, qarşıya mürəkkəb xarakterli risklər çıxır. Onlar o dərəcədə həssas vəziyyət yaradıblar ki, bütövlükdə dünya nizamı pozula bilər. Açıq deyilsə, bəşəriyyət artıq bu qarşısıalınmaz xaosun astanasındadır. Ona görə də təcili tədbirlər görülməlidir. Onların sırasında ABŞ-la Çin qarşılıqlı münasibətlərin əsasında gördükləri prinsipi dəyişməli, rəqabətdən dialoqa keçid etməlidirlər.

Birgə inkişaf zərurəti: supergüclər buna hazırdırlarmı?

Bunları nəzərə alaraq, Henri Kissincer siyasi baxımdan maraqlı bir tezis irəli sürüb: “Bu gün isə biz yalnız təhlükəsizliyə deyil, həm də birgə inkişafa və birgə mövcudluğa can atırıq” (bax: əvvəlki mənbəyə). Təbii ki, yüksək nüfuz sahibi olan bir mütəxəssisin bu cür nikbin danışması təqdirəlayiqdir. Ancaq sual olunur: doğrudanmı, Vaşinqton və Pekin bəşəriyyətin tərəqqisi naminə ortaq mövqeyə gəlməyə çalışırlar? Bəs onda onların geosiyasi və strateji maraqları necə olur? Dünyanın müxtəlif bölgələrində iki böyük güc arasında müşahidə edilən intriqalar, qarşıdurmalar, toqquşmalar haqqında nə düşünək?

Deməli, faktiki olaraq, H.Kissincer başqa tezisi sətiraltı ifadə edib. O da bundan ibarətdir ki, Amerika təkbaşına dünyaya liderlik edə bilməyəcəyini anlayıb! Vaşinqton təklif edir ki, ABŞ və Çin birgə bu vəzifəni yerinə yetirsin! Çinə edilən təklifin əsas mahiyyəti bundan ibarətdir. Maraqlıdır, Pekinin cavabı nədən ibarət ola bilər? Çin ABŞ-ın uzun illərdir buraxdığı səhvləri liderlik naminə təkrarlamağa hazırdırmı?

Əgər məsələyə Realpolitik konsepti aspektində baxsaq, cavab müsbətdir. Çin praqmatik maraqlar naminə dünyanın ən güclü ölkəsinin təklifini qəbul edə bilər. Bununla yanaşı, Şərq müdrikliyi deyilən bir dəyər də vardır. Məsələyə onun prizmasından yanaşsaq, Pekin son nəticədə həmin təklifi qəbul etməyəcək. Çinlilər müdrikdirlər. Onlar anlayırlar ki, yalnız birgə fəaliyyət, kollektiv məsuliyyət uzunmüddətli müsbət nəticə verə bilər.

Deməli, H.Kissincerin söylədikləri Vaşinqtonun fikirləşdiklərinin ifadəsidirsə, dünyada yeni və maraqlı fikir yarışı, yaxud mövqe çəkişməsi başlayır – Qərb Realpolitik düşüncə tərzi ilə Şərq müdrikliyi “münasibətləri” aydınlaşdırmalıdırlar. Keçən əsrin 70-80-ci illərində olduğu kimi, əgər Vaşinqton Çin amilindən öz marağı üçün sona qədər istifadə edə biləcəksə, dünyanın geosiyasi təkamül xətti növbəti gərginlik müstəvisinə keçəcək. Bu ssenaridə səmərəli və dünyanın maraqlarına cavab verə biləcək sonucun alına biləcəyinə inanmırıq.

Mümkündür ki, Rusiya, Braziliya, Türkiyə, Meksika və Aİ kimi güclər ABŞ-Çin tandeminə qarşı alternativ güc mərkəzi yaratsınlar. Artıq Rusiya KİV-i Kolumbiya Universitetindəki görüşə geosiyasi məzmun verir. Konkret olaraq, onlar vurğulayırlar ki, “Çin Amerikaya doğru kurs götürür” (bax: Пекин начал дрейф в сторону Америки / “Военное обозрение”, 2 oktyabr 2017).

Təbii ki, bütün bunları rəsmi Pekin əzəldən bilir. İstisna deyil ki, Çin Amerika ilə əlaqələrində çox ehtiyatlı və ölçülü-biçili davranmaqda davam etsin. Bununla yanaşı, qlobal geosiyasət üçün əhəmiyyətli olan bir sıra məsələlərdə tərəflərin əməkdaşlığı istisna edilmir. Bu bağlılıqda Henri Kissincerin vurğuladığı məqamı da xatırlatmaq istərdik.

Onun sözlərinə görə, Çin “yüz ilin yaxınlaşan iki yubileyi”nə istiqamətlənmiş məqsədlərinin reallaşması yolu ilə inkişaf proqramları həyata keçirməyə çalışır. “Çin ikinci yüzillik yubileyə yönəlmiş məqsədləri reallaşdıran anda istənilən başqa cəmiyyətdən daha güclü olacaq, hər nəfərə düşən orta gəlir inkişaf etmiş ölkələr səviyyəsinə çatacaq” (bax: əvvəlki mənbəyə). Bu, Çinin “arzusudur”. Artıq 200 ildir ki, Pekin həmin arzunu həyata keçirmək istiqamətində fəaliyyət göstərir.

Yekun olaraq, Henri Kissincerin fikrincə, bütün bunlar geosiyasi əhəmiyyət və fəallıq baxımından Asiyanın “dünyanın ağırlıq mərkəzi”nə çevrilməsinə aparıb çıxaracaq. Təbii ki, ABŞ bu prosesdən kənarda qala bilməz. Ona görə də əsas vəzifələrdən biri “amerikan müstəsnalığı” ilə “Çin arzusu” arasında uyğunluğun tapılmasından ibarət olmalıdır.

Beləliklə, Kolumbiya Universiteti ABŞ-Çin münasibətləri baxımından tarixə düşə bilər. Mümkündür ki, iki böyük dövlət bütün məsələlərdə olmasa da, prinsipial məqamlarda ortaq razılığa gəlsinlər. Əgər bu baş versə, sözün həqiqi mənasında dünya miqyasında yeni maraqlı, mürəkkəb və eyni zamanda, riskli proseslər başlayacaq. İlk növbədə, Rusiya və Avropa İttifaqının Amerika-Çin tandeminə reaksiyası maraqlıdır. Lakin potensial baxımından çətin ki, kimlərsə ABŞ-la Çinə qarşı duruş gətirə bilsin. Bəşəriyyət yeni münasibətlər mərhələsinə qədəm qoya bilər.

Nyustayms.az

Tarix
2017.10.13 / 20:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla