Yuxarı

Büdcədən Qarabağa vəsait ayrılarsa, nə baş verəcək? - Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gələcək kontekstdə düşünən insanlar Qarabağla bağlı maliyyələşmənin büdcə sənədlərinə salınması təklifimin daşıdığı məqsədi yaxşı anlayırlar və onun tərəfdardırlar.

Bu sözləri Axar.az-a Dağlıq Qarabağın maliyyələşməsi ilə bağlı parlamentdə irəli sürdüyü təklifin gələcək siyasi perspektivləri ilə bağlı danışan millət vəkili Zahid Oruc deyib. O bildirib ki, təcavüz nəticəsində itirdiyimiz torpaqlarda vaxtilə mövcud olan icra hakimiyyəti orqanları və digər dövlət institutları qorunub saxlanmaqda idi:
“Bununla bərabər, sanki istisnalar da mövcud idi. Məsələn, xatırlayırsınızsa, parlamentdə Konstitusiya üzrə seçilməli olan 125 tərkibdən bir yer boş saxlanılırdı və belədə kimsə siyasi cəhətdən bu yerin Qarabağdan seçilə biləcək şəxslər üçün müəyyənləşdirildiyini düşünə bilərdi. Əslində, Azərbaycanda seçkilərin keçirilməsi sırf ərazi vahidi üzrə müəyyənləşir və burada etnik amil yoxdur. Azərbaycan reallığında belə bir vəziyyət yaranırdı ki, sanki bu yer ermənilər üçün saxlanılıb. Bu isə hüquqi cəhətdən qətiyyən düzgün deyildi. Çünki bizdə seçkilərin keçirilməsinin hüquqi prinsipləri fərqlidir. O zaman parlamentdə də təklif etmişdim ki, 125-ci yer bütöv ölkə miqyasında hər bir namizəd üçün açıq elan olunur. Necə ki, bizim digər bölgələrimizdə hər bir vətəndaşımızın iştirakına da yaşıl işıq yandırılır, xüsusi bir yasaq rejimi yoxdur. Eləcə də biz Xankəndi dairəsi namizədləri üçün bu prosesi işə salmalıyıq. Sonrakı dövr dövlət rəsmiləri də bu mövcud yanaşmanı düzgün dəyərləndirdilər. Azərbaycan dünyada BMT tərəfindən bütün əraziləri üzrə tanınıb. Bu, həm də o anlama gəlir ki, bütün siyasətimizdə o amili nəzərə almalıyıq. Baxmayaraq ki, real mənzərə fərqlidir. Ona görə də biz siyasi-hüquqi addımlarımızı həmçinin iqtisadi tədbirlərlə də açıq elan etməliyik. Yəni ölkəni xəyalən işğal olunmuş vəziyyətdə tutmalı deyilik. Sadə dillə desək, hökumət tərəfindən verilən qərar və sərəncamlarda, yaxud hər hansı tədbirlərdə, həmçinin büdcə qəbulu siyasətində Qarabağla bağlı o müstəsnalığı qoruyub saxlamalıyıq”.

Millət vəkili qeyd edib ki, Azərbaycan hələ müharibənin yekununu gözləmədən aralıq bir status verərək köçkün rayonların icra hakimiyyətlərini o təsisatda birləşdirməlidir:

“Büdcədə Dağlıq Qarabağ ayrıca bir sətirlə göstərilir, xüsusi vəsaitlər ayrılır. Eyni zamanda, yekun sənəddə vurğulanır ki, hazırkı müddəa ərazilər işğaldan azad olunandan sonra işləyəcək. Bununla da iki mühüm xüsusi faydanı görə bilərik. Birincisi, Azərbaycan siyasi cəhətdən beynəlxalq məkana rahatlıqla təqdim edir ki, Qarabağa edilən kənar yardımları ölkəmizin hüquqlarına zidd tədbir sayır. Ona görə ki, bu, separatizmin maliyyələşdirilməsi anlamına gəlir. Faktiki olaraq təcavüzkarlıqda ermənilərin möhkəmlənməsini təmin edir, sülhü çətinləşdirir, əksinə, tərəfləri savaşa daha artıq dərəcədə təhrik edir və Qarabağ saxta müstəqilləşmə hərəkatına sanki investisiya qoymaq kimi qəbul olunur. Baxın, ABŞ ötən 25 ildə bu saxta subyektə 250 milyon dollardan artıq vəsait yönəldib. Nəticə etibarilə Qarabağ beynəlxalq hüquq subyektinə çevrilibmi? Xeyr. Deməli, o siyasət bəhrəsini verməyib. Ancaq Azərbaycan büdcədə Dağlıq Qarabağla bağlı xüsusi vəsaitlər müəyyənləşdirdiyi təqdirdə çox rahatlıqla xarici aləmə təqdim edir ki, baş qaldırmış separatizm və Ermənistan vasitəsilə həyata keçirilən işğala görə öz ərazisində bu fəaliyyəti apara bilmir. Bu heç şübhəsiz ki, ölkəmizin beynəlxalq məkanda mövqeyini gücləndirir, ölkəyə bütöv yanaşdığımızı və Qarabağda yaşayan əhalini öz vətəndaşlarımız olaraq saydığımızı sübuta yetirir.

İkinci mühüm məqam ondan ibarətdir ki, şübhəsiz, bu, Qarabağda ağır sosial şəraitdə yaşayan insanların da mənəvi psixoloji aləminə təsir göstərəcək və onların içərisində Azərbaycanın tərəfinə keçmək istəyənlər, yaxud Azərbaycanın büdcə imkanlarından istifadəyə çalışanlar tapılacaq. Yəni bir meyillənmənin, parçlalanmanın yaradılması mütləqdir. Bu proses təsirsiz qalmayacaq. Hesab edirəm ki, bu, mahiyyət etibarilə Azərbaycanda çox rahatlıqla Qarabağı öz məkanımız kimi hiss etməyimizlə bərabər, hər bir erməni vətəndaşına hüquqi və siyasi bir dəhliz yaratmaq deməkdir. Bu mahiyyətdə Azərbaycanda bütün proseslərdə, o cümlədən seçki hadisələrində Dağlıq Qarabağda yaşayan şəxslərə iştirak hüququnu yaratmaq deməkdir. Bununla da onların Azərbaycanı özünə təhlükə sayması təbliğatını da xeyli dərəcədə əngəlləmiş olarıq. Ümumiyyətlə, siyasət taktiki və strateji plan cızmağı tələb edir. Azərbaycanın bütün addımlarını hüquqi müstəvidə gerçəkləşdirməsi çox önəmlidir. Dövlət adamları, hakimiyyət təmsilçiləri bütün bu stratejilərdə çox ağıllı hərəkət etməlidir. Necə ki Qarabağ tərəfinin guya SSRİ dağılandan sonra 1920-ci ilin reallıqlarına istinad etməsi özlərinə bir hüquqi bazis tapmağına işarədir. Azərbaycan da öz fəaliyyətini dediyimiz konsepsiyalarla daha dəqiq addımlarla zənginləşdirməlidir. Məhz buna görə də Qarabağla bağlı maliyyələşmənin büdcə sənədlərinə salınmasını təklif etmişəm”.

Qeyd edək ki, millət vəkili Zahid Oruc 2018-cil dövlət büdcəsinin müzakirəsi zamanı büdcədən Dağlıq Qarabağa vəsait ayrılmasını təklif edib.

Tarix
2017.11.10 / 00:25
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla