Son günlər adı qalmaqallarda hallandırılan "Bakı" futbol
klubunun prezidenti, məşhur iş adamı Hafiz Məmmədov (Hafka) ölkədən
qaçarkən saxlanılıb. Bu barədə
etibarlı mənbədən "Qaynar.info"ya məlumat daxil
olub.
Mənbə bildirib ki, Hafiz Məmmədov ölkədən qaçarkən
hüquq-mühafizə orqanları tərəfindən Bakı Hava Limanında saxlanılıb.
Onun konkret hansı səbəbdən saxlandığı bəlli deyil. Hazırda onun
nəzarətdə olduğu və sorğu-suala çəkildiyi bildirilir.
Xatırladaq ki, "Bakı"nın sahibi Hafiz Məmmədovun adı son günlər
qalmaqallarda halanırdı. Belə ki, "Baglan Qrup"un prezidentinin
biznes fəaliyyətindəki "axsamalar", ölkədə ən güclü futbol
klublarından biri hesab olunan "Bakı" futbol klubunun bazasının
satışa çıxarılması, "Bank of Azerbaijan" ətrafında yaranan böhran
və Məmmədovun Nəqliyyat naziri Ziya Məmmədovla əlaqələri medianın
gündəmindən düşmürdü.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin sözçüsü Orxan
Mansurzadə bu barədə məlumatlı olmadığını bildirib.