Yuxarı

Afrin əməliyyatı: ABŞ və türk əsgəri arasında toqquşma...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Suriyanın şimalındakı kürd bölgələrinin - Kobani və Afrin xəttinin birləşdirilməsi, beləliklə, özünün cənub sərhədlərində kürd qurşağının yaradılması cəhdlərini milli təhlükəsizliyinə birbaşa təhdid kimi qiymətləndirir. Buna yol verməyəcəklərini dəfələrlə bəyan edən Ərdoğan öz ritorikasını son günlər daha da sərtləşdirib.

Bunu Axar.az-a açıqlamasında politoloq Şahin Cəfərli deyib. O bildirib ki, Türkiyə Silahlı Qüvvələri Afrini və ətraf bölgələri ələ keçirmək barədə siyasi rəhbərliyin direktivini yerinə yetirəcək gücə sahibdir:

“Üstəlik, o da nəzərə alınmalıdır ki, Afrin digər kürd bölgələrindən təcrid olunmuş vəziyyətdədir və oradakı kürd silahlıları kəmiyyət və keyfiyyət baxımından türk ordusu ilə qətiyyən müqayisə edilə bilməz. Yəni türk ordusu oraya irəliləməyə başlayarsa, PYD-YPG qruplaşmasının sahib olduğu bütün potensialı Afrinin müdafiəsinə yönəltməyə imkanı olmayacaq. Lakin Afrin əməliyyatı ilə bağlı həm bəzi risklər, həm də qeyri-müəyyənliklər var. Afrində azsaylı da olsa, ABŞ hərbi kontingenti mövcuddur və onlar yerli kürdlərə təlim keçirlər. Bu bölgədə kiçik Rusiya kontingenti də var idi. Əməliyyata ABŞ və Rusiyanın istər siyasi, istərsə də praktik reaksiyası çox önəmli olacaq. ABŞ şübhəsiz ki, Türkiyənin PYD-YPG-yə qarşı hərbi əməliyyat keçirməsini dəstəkləmir və iki tərəfin qarşı-qarşıya gəlməsini istəmir. Bu, məsələnin məlum olan tərəfidir”.

Politoloq qeyd edib ki, məsələnin məlum olmayan tərəfi də var:

“Yəni türk ordusu hərəkətə keçərsə, amerikalılar buna necə reaksiya verəcək? ABŞ əsgərləri türk əsgərlərinin qarşısına çıxacaqmı və iki NATO müttəfiqi arasında hərbi toqquşma baş verəcəkmi? İndiki situasiyada bunu istisna etmək olmaz. Eyni zamanda, İraq hökumətinin Kərkük əməliyyatı zamanı ABŞ-ın reaksiyasına bənzər vəziyyət də yarana bilər. ABŞ İraq ordusunun Bərzani qüvvələrinin Kürd Muxtariyyətinin inzibati sərhədləri xaricində ələ keçirdiyi ərazilərdən çıxarılmasına göz yummuşdu. Birinci versiya, yəni hərbi toqquşma riski gerçəkləşəcəyi halda, Türkiyə ilə ABŞ arasında gərginliyin zirvə nöqtəsinə çıxacağını, iki dövlətin müttəfiqdən sürətlə düşmənə çevriləcəyini söyləmək mümkündür. Hətta ABŞ-ın Türkiyənin NATO-dan çıxarılmasını tələb etməsini də gözləmək olar. İkinci ehtimal gerçəkləşərsə, yəni İraqda olduğu kimi, Vaşinqton əməliyyata göz yumaraq siyasi qınaqla kifayətlənərsə, münasibətlər ciddi zədə almayacaq”.

Ş.Cəfərli hesab edir ki, Rusiyanın mövqeyi də böyük əhəmiyyət daşıyır:

“Məlumdur ki, Türkiyə Astana formatı çərçivəsində Rusiya ilə əməkdaşlıq edir. Moskva ABŞ-ın Suriyanın şimalında “Sərhəd təhlükəsizliyi qüvvələri” adı altında yeni bir silahlı struktur yaratmağa başlamasından narahatdır. Əsəd hökuməti də buna ciddi etirazını ifadə edib. Yəni ilk baxışdan Ankara, Moskva və Dəməşqin mövqeləri üst-üstə düşür. Lakin məsələ burasındadır ki, Türkiyənin düşmən saydığı PYD-YPG ilə Rusiyanın da kifayət qədər yaxşı münasibətləri var və Moskvada bu qruplaşmanın rəsmi nümayəndəliyi fəaliyyət göstərir. Rusiyalı zabitlər Suriyada dəfələrlə YPG səhra komandirləri ilə görüş keçiriblər, hətta müəyyən razılaşmalar imzalayıblar. Bəs, Rusiya Türkiyənin Afrin əməliyyatına nə dərəcədə müsbət yanaşacaq? Şübhəsiz ki, iki ölkə arasında qapalı qapılar arxasında bu barədə müzakirələr aparılıb. Amma biz hələ ki həmin müzakirələrin nəticələrini bilmirik. Bunu əməliyyat başladıqdan sonra Rusiyanın reaksiyası əsasında görəcəyik. O da məlumdur ki, Əsəd rejimi kürdlərin ABŞ-la birlikdə hərəkət etməsindən ciddi şəkildə qıcıqlansa da, Türkiyənin Suriyaya hərbi müdaxiləsinin də qəti əleyhinədir. Hətta Əsədin rəsmi təmsilçiləri dəfələrlə Türkiyəni öz əsgərlərini Suriyadan çıxarmağa çağırıblar. Rəsmi Dəməşq həm ABŞ-ı, həm də Türkiyəni işğalçı sayır”.

Politoloqun sözlərinə görə, Ankara üçün başqa bir risk belə bir əməliyyat nəticəsində bölgədəki bütün kürdləri, o cümlədən Türkiyə daxilindəki separatçı olmayan kürdləri narazı salması ehtimalıdır:

“Aydındır ki, bu cür əməliyyat həm regiondakı kürd əhali arasında, həm də ümumilikdə dünyada “Türkiyənin Suriya kürdləri üzərinə hücumu” kimi təqdim olunacaq. Bu isə Türkiyə içərisində kürdlərin dövlətdən narazılığını artırmaqla yanaşı, beynəlxalq səviyyədə əməliyyatın legitimliyinə şübhə salınmasına gətirib çıxaracaq”.

Ş.Cəfərli vurğulayıb ki, Afrin əməliyyatı Türkiyə üçün “Fərat qalxanı” əməliyyatı qədər asan olmaya bilər:

“Türkiyə rəhbərliyi bütün riskləri gözə almış kimi görünür. Milli təhlükəsizlik qayğıları ilə yanaşı, bunun səbəblərindən biri də Türkiyədə yaxınlaşmaqda olan taleyüklü seçki kampaniyalarıdır. Gələn il Türkiyədə 3 böyük seçki - bələdiyyə, parlament və prezident seçkiləri keçiriləcək. Parlament seçkilərinin vaxtından əvvəl olması istisna edilmir. Prezident Ərdoğan nəyin bahasına olursa olsun, hər 3 seçkidə qələbə çalmaq məqsədini qarşıya qoyub. Suriyada həyata keçiriləcək uğurlu hərbi əməliyyat Ərdoğanın reytinqini yüksəldəcək və onun seçkilərdə qələbəsinə kömək edəcək. Hətta əməliyyat çox uğurlu olmasa belə, düşünürəm ki, Ərdoğan xalqın böyük hissəsini öz ətrafında səfərbər edərək seçki ərəfəsində siyasi rəqiblərini pat vəziyyətinə salacaq. Ona görə də, ehtimal olunan Afrin əməliyyatı Türkiyənin təhlükəsizlik maraqları ilə yanaşı, həm də Ərdoğanın siyasi maraqlarına xidmət edəcək”.

Qeyd edək ki, ABŞ Türkiyə sərhədinə YPG terrorçularından ibarət 30 minlik ordu yerləşdirəcəyini açıqlayıb. Vaşinqtonun bu açıqlaması Türkiyənin sərt reaksiyasına səbəb olub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan artıq Türkiyənin ABŞ-ın bu addımına səssiz qalmayacağını və YPG-ni istənilən an məhv edə biləcəklərini açıqlayıb.

Tarix
2018.01.17 / 09:13
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Ermənistan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla