Yuxarı

AB-Türkiyə görüşündə əsas məqsəd nədir? – Müsahibə

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyi və Türkiyə arasında martın sonunda yüksək səviyyədə görüş keçirilməsi planlaşdırılır. Brüsselin bu görüş sayəsində Ankara ilə münasibətlərini yaxşılaşdırmaq istədiyi iddia edilir. Görüşdə əsas müzakirə mövzusunun beynəlxalq terrorizmlə mübarizə, miqrasiya siyasəti, energetika problemi və tələbə mübadiləsi olacağı vurğulanıb.

AB və Türkiyə arasında keçirilməsi nəzərdə tutulan görüşün nə ilə nəticələnəcəyinə dair politoloq Qabil Hüseynlinin Axar.az-a müsahibəsini təqdim edirik:

- Qabil müəllim, bu görüşdən nə gözləyə bilərik?

- AB Türkiyə kimi müttəfiqi itirmək istəmir. ABŞ bu məsələdə çox vecsiz davranır. Tramp müasir siyasətdən uzaq yanaşmaları ilə bu məsələni həll etməyə çalışır. Amma Avropa siyasətdə realistdir. Türkiyəni Avropanın ayrılmaz və mühüm hissəsi hesab edir. Bu nöqteyi-nəzərdən AB bu görüş vasitəsilə Türkiyə ilə münasibətləri əvvəlkindən də yüksək səviyyəyə qaldırmaq və AB-yə üzvlüklə bağlı məsələlərdə onunla müzakirələri yeniləmək niyyətindədir. Avropanın bu yanaşması nəinki Türkiyə, ümumilikdə bütün Avropa dövlətləri üçün mühüm strateji əhəmiyyətə malikdir.

- AB-nin Türkiyə ilə münasibətlərində əvvəlki səviyyədə yaxınlaşacağını düşünürsünüzmü?

- Bu məsələdə hər şey hər iki tərəfdən asılıdır. Bundan əvvəl Türkiyə üçün AB tərəfindən yol xəritəsi cızılmışdı. Bu xəritədə Türkiyə öz üzərinə müəyyən öhdəliklər götürmüşdü. Bu öhdəliklər mərhələ-mərhələ Türkiyə daxilində demokratik islahatlar, insan haqları, mətbuat azadlığı və s. bu kimi məsələləri özündə ehtiva edən bir çox sahələri birləşdirirdi. Türkiyə bunları etdikcə Avropaya doğru yolda yeni bir məsafə qət etməli idi. Amma çox təəssüf ki, Türkiyə 15 iyul dövlət çevrilişinə cəhddən sonra bir sıra məcburi və bəzən də yanlış hərəkətlərə yol verdi. Məsələn, mətbuat işçilərinin bəziləri həbs edildi, onlara qarşı müxtəlif maddələrlə iddia qaldırıldı. Ölkədə insan haqları ilə bağlı müəyyən azadlıqlar məhdudlaşdırıldı. Türkiyə ölkədə idarəetmə sistemini dəyişdi. Parlament idarə üsulundan prezident üsul-idarəsinə keçdi və bu da Avropada avtoritarizm kimi dəyərləndirilir. Təsadüfi deyil ki, bu məsələdən sonra Türkiyə ilə AB arasında AB-yə üzvlüklə bağlı danışıqlar dayandırıldı. Doğrudur, Türkiyənin idarəçilikdə qəbul etdiyi yeni sistemi dəyişəcəyini düşünmürəm, amma AB ilə münasibətlərin yaxşılaşdırılması üçün Türkiyə bəzi mühüm addımlar atmalıdır. Yəni Türkiyə Avropa demokratiyasını öz ölkəsində qismən də olsa bərqərar etməyə çalışmalıdır. Türkiyə demokratiya, insan haqları və bütövlükdə hüquqi dövlət məsələlərində dərin islahatlar barədə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Yalnız bundan sonra AB ilə Türkiyə arasında münasibətlər tam qaydasına düşə bilər.

- Bəs bundan əvvəl Ərdoğan da AB qarşısında müəyyən öhdəliklər irəli sürmüşdü. Bu görüşdən sonra AB tərəfindən bu öhdəliklərin çox hissəsi yerinə yetiriləcəkmi?

- Əvvəla, Türkiyə FETÖ ilə bağlı məsələlərdə həddindən artıq həssaslıq göstərir. Türkiyədə FETÖ-çulara qarşı ölüm hökmünün bərpa edilməsi ilə bağlı fikirlər səsləndirilir. Avropa dövlətləri isə ölüm hökmü olan dövlətlərə heç bir zaman məhbus və ya həmin ölkədən qaçmış şəxsləri geri deportasiya etmir. Amma bu məsələdə də Türkiyə və AB arasında anlaşma əldə etmək olar. Bu nöqteyi-nəzərdən düşünürəm ki, Türkiyə FETÖ-çulara göstərdiyi bu həssaslığı PKK yaraqlılarına qarşı həyata keçirməlidir. Çünki Türkiyə üçün FETÖ-dan çox PKK təhdiddir. Türkiyə Almaniyadan orada fəaliyyət göstərən PKK mərkəzlərini, fəal PKK-çıları, PKK-çılar üçün pul yığan qurumların fəaliyyətini məhdudlaşdırmağı tələb etməlidir. Amma ümumilikdə deyə bilərəm ki, AB hazırda Türkiyə ilə müəyyən məsələlərdə müttəfiqlik etmək niyyətindədir.

- Maraqlı məqam odur ki, bu görüş Türkiyə və ABŞ-ın münasibətlərinin pisləşdiyi dövrə təsadüf edir. ABŞ-ın bu görüşə münasibəti necə olacaq?

- ABŞ Türkiyə ilə münasibətlərində ciddi yanlışlıqlara yol verir. Açıq-aşkar Türkiyə əleyhinə müəyyən qüvvələri səfərbər edir, Türkiyə dövlətçiliyi üçün təhlükəli olan insanlara dövlət qurmaq, Türkiyə sərhədləri boyunca silahlı dəstələr yaratmaq və digər buna bənzər pozucu hərəkətlər həyata keçirir. Amma unutmaq olmaz ki, uzun müddət Türkiyə ABŞ-ın Yaxın Şərq bölgəsindəki forpostu rolunu oynayıb. Həmin ölkəyə və NATO-ya İncirlik kimi böyük bir hərbi bazanı verib. Regiona nəzarət etmək imkanlarında da ona yaxından köməklik göstərib. Amma son dövrlərdə ABŞ-ın Türkiyəyə qarşı hərəkətləri qəbuledilməzdir. Avropa ölkələri isə Trampın dövründəki Amerika ilə məsafə saxlamağa üstünlük verir. Bu səbəbdən də Türkiyə ilə münasibətləri yenidən işlək hala salmaq istəyir. ABŞ-ın bu proseslərə qarışmaq və pozmaq səyləri olmayacaq. Amma əgər ABŞ Türkiyə və AB arasında münasibətləri pozmağa cəhd edərsə, bu cəhdləri nəticə verməyəcək.

Tarix
2018.01.19 / 09:32
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla