Yuxarı

İran niyə Türkiyəyə qarşı çıxdı? – Savaşın pərdəarxası

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Suriya macərasına atılmaqda təməl hədəfi rejimi dəyişdirmək və Şamda özünə yaxın, “İhvan” xəttinin təmsilçilərinin ağırlıqda olacağı bir siyasi konfiqurasiya qurulmasına nail olmaq idi. Bölgə liderliyinə hesablanmış bu ambisiyalı hədəf müxtəlif səbəblərdən baş tutmadıqdan, Rusiya və İranın Suriyaya gələrək Əsədi xilas etməsindən sonra Türkiyənin öncəlikləri də məcburən dəyişdi. Artıq məqsəd orada Türkiyənin milli təhlükəsizliyinə və regional maraqlarına qarşı yönəlmiş amillərin qarşısını almaqdan ibarət idi.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli qeyd edib. O bildirib ki, Türkiyənin siyasətində hücum mövqeyindən müdafiə mövqeyinə dönüş baş verdi:

"Afrin əməliyyatı da mahiyyət etibarilə hücum yox, müdafiədir. ABŞ-ın himayəsindəki PYD-YPG-nin timsalında kürdlər Türkiyə sərhədləri boyunca uzanan, “Demokratik Muxtar İdarəçilik” elan etdikləri 3 kantonu (şərqdə Cəzirə, mərkəzdə Kobani, qərbdə Afrin) birləşdirməyi və mümkün olarsa, Aralıq dənizinə çıxmağı strateji hədəf kimi qoymuş və bunu gerçəkləşdirməyə yaxınlaşmışdı. Ərəblərin çoxluqda olduğu Menbiç nəzarətə götürülərək digər 2 kantondan ayrı düşmüş Afrin anklavına yol açılmışdı. Türkiyə əvvəlcə “Fərat qalxanı” əməliyyatı ilə Azez-Cerablus-Əl Bab istiqamətində nəzarətini təmin edərək Menbiç-Afrin xəttini kəsdi, lakin təhlükə aradan qalxmadı, çünki Əsəd Hələbi geri aldıqdan sonra Hələb-Afrin yolu açıldı və kürdlər Menbiçdən cənuba enərək bu yol vasitəsilə qərbdəki Afrinə yenidən çıxış əldə etdilər".

Politoloqun sözlərinə görə, “Zeytun budağı” əməliyyatında məqsəd Hələb-Afrin yolunu da nəzarətə götürmək və ümumilikdə Afrində YPG-ni zərərsizləşdirərək kantonların birləşməsi ehtimalını ortadan qaldırmaqdır:

"Amma təhlükəni tamamilə sovuşdurmaq üçün YPG-nin yaxınlıqdakı Menbiçdən də çıxarılması lazımdır və Ərdoğan məhz bu səbəblə Afrindən sonra hədəfin Menbiç olacağını söyləyir. Afrində hərbi mövcudiyyəti olan Rusiyanın, eləcə də həmin ərazidə əsgəri olmayan ABŞ-ın əməliyyata etiraz etməməsinə və göz yummasına nail olunmasını Ankaranın diplomatik uğuru kimi qiymətləndirmək mümkündür. ABŞ-la bərabər Rusiya da PYD-YPG ilə çox yaxın əlaqələrə malikdir, hətta Moskvada bu qruplaşmanın (yəni dolayısı ilə PKK terror təşkilatının) rəsmi nümayəndəliyi var. Lakin PYD-YPG-nin Rakka əməliyyatından üzü bəri ABŞ-la müttəfiqliyi dərinləşdirməsi və Suriyada ABŞ təsirinin genişlənməsində əsas alətə çevrilməsi, eləcə də son olaraq ABŞ-ın kürdlərdən ibarət “Sərhəd təhlükəsizlik qüvvələri” yaradacağı barədə xəbərlər Rusiyanı narazı saldı".

Politoloq vurğulayıb ki, Moskvanın kürdlərdən Afrini Suriya mərkəzi hökumətinə təhvil vermələrini istədiyi, bu halda onları qoruyacaqlarını vəd etdiyi, lakin kürdlərin bundan imtina etdiyi barədə məlumatlar var:

"Bütün bunlar rusları qıcıqlandıran və onları Türkiyə ilə anlaşmağa sövq edən amillər idi. Rusiya təbii ki, nə isə əldə etmədən nəyəsə razılıq verməz. Əsəd qüvvələrinin son günlər İdlibdə irəliləməyə başlaması Türkiyənin Rusiyaya güzəştinin nəticəsi kimi görünür, halbuki Ankara ötən günlərdə bununla əlaqədar Rusiya və İrana rəsmi etirazını bildirmiş, hətta Ərdoğan Putinə telefon açaraq Əsədin Astana razılaşmalarına zidd olaraq İdlibə irəliləməsinin qarşısının alınmasını istəmişdi. Lakin Türkiyənin Afrin əməliyyatına başlamasından saatlar sonra Əsəd qüvvələri İdlib ətrafındakı Əbu Duhur hava limanını, bir çox kəndi ələ keçirdilər və hazırda hücumu davam etdirirlər".

Politoloq İdlibin strateji əhəmiyyətli bölgə olduğunu bildirib:

"İdlib həm Hələbə, həm də Rusiyanın hərbi bazasının yerləşdiyi Latakiya istiqamətinə yaxındır. Buranı nəzarətə götürmək lazımdır ki, hər iki istiqamətə olan potensial təhdidlər, Əsəd düşmənlərinin revanş imkanları aradan qalxsın. Hmeymim hərbi bazasına son hücumlar məhz İdlib ərazisindən təşkil olunmuşdu. İdlibdə həm Türkiyəyə yaxın Azad Suriya Ordusunun, həm də cihadçı qrupların (Nüsrə Cəbhəsinin varisi HTŞ başda olmaqla) nəzarətində olan ərazilər var. Türkiyə böyük ehtimalla Rusiyanın Afrin əməliyyatına razılığının əvəzində İdlibdəki ASO qruplarını geri çəkəcəyini vəd verib və bunu edib. Bu səbəblə Əsəd və ona dəstək verən Rusiya terrorçuları neytrallaşdırmağa başlayıb. Əsəd İdlibi də geri alarsa, rejimə müxalif və terrorçu qrupların əlindəki son böyük vilayətinə də nəzarətini qaytararaq savaşdakı qələbəsini elan etmiş olacaq. Rusiya isə hərbi bazasının təhlükəsizliyini təmin edəcək. Yəni Putin-Ərdoğan gizli anlaşmasını “Ver İdlibi, al Afrini” şəklində də izah etmək olar. Ankaranın Moskvaya digər güzəşti isə “Türk axını” qaz kəmərinin ikinci qolunun tikintisinə rəsmi razılıq verməsidir".

Politoloq qeyd edib ki, Türkiyənin Afrin əməliyyatında məqsədi cənub sərhədlərində onu Orta Şərqdən ayıracaq kürd dəhlizinin yaranmasına yol verməməklə bərabər, həm də Suriya məsələsinin həllində söz sahibi olmaqdan ibarətdir:

"Bu il problemin siyasi yolla həlli üzrə masanın qurulacağı ildir. Bütün tərəflər, o cümlədən Türkiyə masaya oturmadan öncə mümkün qədər əlini gücləndirməyə çalışır. Türkiyə nəzarət etdiyi əraziləri əvvəl-axır Suriya hökumətinə təhvil verəcək, lakin bunu möhkəm qarantiyalar aldıqdan sonra etmək niyyətindədir. Bu qarantiyaları ala bilmək üçün sahədə, yəni ərazidə varlığını davam etdirməsi və genişləndirməsi zəruridir. Moskvadan fərqli olaraq, Tehran əməliyyata neqativ reaksiya verdi. İran təbii ki, Suriyanın bölünməsini və orada kürd dövlətinin meydana çıxmasını istəmir, lakin eyni zamanda, iranlılar regional rəqib olan Türkiyənin Suriyada öz nüfuz sahəsini yaratmasının, ümumiyyətlə, masada Ankaranın əlini gücləndirəcək hər cür gəlişmənin əleyhinədir. ABŞ Türkiyə ilə böhran vəziyyətində olan münasibətlərində qırılma yaşanmaması üçün Afrin əməliyyatına etiraz etmədi. Pentaqon rəhbəri və NATO tərəfindən Türkiyənin özünümüdafiə haqqına hörmət ifadə edilməsini əməliyyata ehtiyatlı dəstək kimi də qəbul etmək olar. Britaniya da eyni mövqedədir. Lakin Türkiyə Menbiçə doğru hərəkətə başlayarsa, iki ölkə münasibətləri yenidən sınağa çəkiləcək. Fransa isə bölgədə Əsəd xaricində yeganə sekulyar güc olan kürdlərin əzilməsini istəmir. İranla yanaşı, regiondakı əks qütbün də (Səudiyyə-BƏƏ-Misir) rəsmi Qahirənin timsalında Türkiyənin Afrin əməliyyatına qarşı səsini ucaltmasını diqqətdən qaçırmaq olmaz. Onların (ərəb ittifaqının) qarşıdakı dövrdə həm ərazidə, həm də masada kürdlərə dəstək verəcəkləri gözləniləndir. İsraili də bura əlavə edə bilərik".

Politoloqun sözlərinə görə, Türkiyənin hazırkı addımlarına göz yummasına baxmayaraq, ABŞ-ın kürdlərdən vaz keçəcəyini gözləmək də gerçəkçi olmaz, çünki kürdlərlə ittifaq ABŞ-ın Suriyada var olmasını təmin edən və bu mövcudluğa az-çox legitimlik qazandıran yeganə amildir:

"İranın təsirinin genişlənməsinə yol verməmək, İsrailin təhlükəsizliyinə olan riskləri aradan qaldırmaq kimi vəzifələrin icrası üçün kürdlərlə müttəfiqlik Amerikaya lazımdır. Amma digər tərəfdən, Türkiyənin önəmi “soyuq müharibə” dövrü ilə müqayisədə azalsa da, ABŞ bu ölkədən də vaz keçmək, dostu düşmənə çevirmək istəmir. Vaşinqtonun əlində həm Türkiyəni, həm də Suriya kürdlərini eyni anda razı salacaq sehrli formulun olub-olmadığını qarşıdakı günlərdə görəcəyik".

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun iştirakı ilə Afrində YPG-yə qarşı “Zeytun budağı” əməliyyatı başlayıb.

Tarix
2018.01.23 / 07:00
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Siyarto bu gün Azərbaycana gəlir

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Makron “erməni soyqırımı”ndan yazdı: Unutmayaq...

Xocalıda məxfi xəritələr aşkarlandı - Video

5 gündür susan Makron barmaqlamağa başladı...

Prezidentlərin məhdud tərkibdə görüşü oldu

Sülhməramlıların ardınca bayraqları da götürüldü - Video

Bizi savaşa təhrik edirlər: onları Bakıya verək - Sukiasyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla