Yuxarı

Sərkisyanı Peskovun bu sözləri məhv etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

21-ci əsrin əsil sensasiyası Dmitri Peskovun dilindən səsləndi. O, İrəvan küçələrində anti-diktatura savaşı verdiyini deyən xalqın son anda “yaşıl adamlar” tərəfindən əziləcəyini düşünən milyonlara tamam fərqli bir hökm oxudu.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Serj Sərkisyanın istefası və baş verənlərə Kremlin reaksiyası haqda danışan millət vəkili Zahid Oruc deyib. Millət vəkili bildirib ki, Putinin sözçüsünün dilindən çıxan iki-üç kəlmə Sərkisyanın acı taleyinin son və həlledici akkordu oldu:

“Kim bilir, hələ neçə illər “erməni baharı”nın arxa cəbhəsində cərəyan edən məkrli oyunların gerçək üzü haqda yazılacaq romanlarda Kremlin ona xas olmayan “mötədil soyuqqanlığı”nın səbəbləri necə təsvir olunacaq. Lakin bir fakt danılmazdır ki, üsyankar kütləni vəcdə gətirən siqnal Moskvadan verildi. Fikir verin, Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri hər gün qlobal savaşın içərisində mühüm rol alaraq, ölkəsinin Suriya, İraq, İran və Ukrayna cəbhəsində milli təhlükəsizlik maraqları üçün vuruşduğunu ruslara və bütün dünyaya başa salmaq üçün əlində olan hər vasitədən istifadə edir. Heç sovet dövründə hazırlıqlı informasiya generallarına Peskov qədər səlahiyyət verilmirdi. Hər kəlməsi 3-cü Roma hökmdarının - Vladimir Putinin mövqeyi kimi qəbul edilən adam İrəvandakı satrapı ondan imdad diləyəndə bəyan edir ki, Moskva kiminsə daxili işlərinə niyə qarışmalıdır ki?! Son 100 ilin tarixini bir kənara qoyun, Ermənistanın Rusiyadan ayrıca yaşaması ürəyi bədənindən çöldə doğulmuş uşağın, yaxud, yarımçıq körpəni küveysdən qoparıb sağ qalacağına ümid olmağa bənzəyir”.

Z.Oruc bildirib ki, yalnız müstəqillik illərində Qafqazlarda gedən 3 müharibənin səbəblərini təhlil etmək hadisələri anlamaq baxımından kifayətdir:

“Levon-Ter-Petrosyan, Robert Köçəryan və Serj Sərkisyanın hansı xalqın iradəsi ilə taxt-taca sahib olduğunu hamı yaxşı bilir. Boris Qrızlovun təsadüfən dilindən səslənən qanadlı fikir 200 illik bir siyasətin əsil epiqrafına çevrildi: “Ön cəbhə”. Kimə qarşı? O qədər mənasız sualdır ki... Məgər düşmən yalnız bir cəbhədə gizlənib? NATO orduları və anqlo-saks dünyası 100 ildən artıq öz qoşunlarını çəkib gəlib Təbrizdən və Kabildan buralarda lövbər salanda onların məqsədləri demokratiya çələngini gətirib Qafqaz çarlarının boğazına taxmaq istəyirdilər? Yaxud, Adolf Hitlerin Terek çayında çəkmələrini yudurtmaq istədiyi əsgərləri Elbrusun zirvəsinə qalxıb Stalinə hərbi salam verəsi deyildilər ki.. Türkiyə 2-ci Dünya müharibəsindən sonra o boyda imperiyanın maraqları qarşısında sipər çəkmək üçün ən hazırlıqlı silahlı qüvvələrini gətirib Ağrı dağının ətəyinə yığmışdı və keçmiş çekist Putin o tarixi heç vaxt unutmur.

Bəs, Gürcüstandan gözlənilən təhlükə necədir? Ona verilən rolu azca başa düşən və strategiyanı anlayanlar erməni forpostunun misilsiz əhəmiyyət daşığıdığını yaxşı bilirlər. İran faktoru da nəzərdən qaçmır. Moskva bir az zəifləsə, fars imperiyası İrəvanı qaytarıb özünə birləşdirər. Ona görə də siz Gümrü hərbi bazasına yerləşdirilmiş "İsgəndər"ləri Bakıya tuşlamağa tələsməyin. Əsas hədəflər bizdən çox-çox böyükdür və Kremldə superdemokratlar da əyləşsə, onların maraqları dəyişməyəcək”.

Millət vəkili bildirib ki, Peskov rus əsgərinə komanda verilmədiyini deyincə, İrəvan Maydanı cuşa gəldi və ölməzliyinə inanaraq, bütün sədləri yarıb bir andaca “Qış sarayı”nı tutdu:

“Devrilmiş çarın aqibətindən hələ bir xəbər yoxdur. Lakin inqilabi eyforiya küçələrdə uzun on illərin köləliyindən azad olmağı bayram edərkən gecə ikən Medvedyev ortada qalmış erməni dövlətinin karikatur şəklinə sahib çıxaraq, “Qazprom”dan göndərdikləri səhmdar Karen Karapetyana telefona açıb. Orda nələrin müzakirə edildiyi hamıya aydındır. Hər halda Moskva sərhədlərini qoruduğu, külli miqdarda investisiya qoyduğu və daim silahla təchiz etdiyi bir koloniyanı yarımcəbhəçi, yarımliberal Nikol Paşaya verəsi deyil. Bütün erməni xalqı rejimlə savaşda əldə etdiyi qalibiyyət və tarixi kədər hissinin ağuşunda uyuduğu 24 aprel tarixində Rusiya kuratorları və xəfiyyəsi Donbasın, fərq etməz İrəvanın gələcək knyazına dəqiq “yol xəritəsi”ni təqdim edəcəklər. Yoxsa, demokratikləşmə və Qərbləşmə havasına uyanlar çox uzağa gedərlər.

Avropa Birliyinin gizli emissarları və Qafqazda ən böyük səfarətxanasının 1200 nəfərlik heyəti, başda təcrübəli diplomat və inqilab memarı Riçard Maylz olmaqla prezidentin iqamətgahında “qızıl dağı” və Vaşinqtonun yardımını ona vəd edərkən, Medvedev qalanın gerçək sahibini təlimatlandırmaqla məşğul idi. Qoy, hərbi hissələr kazarmaları atıb üsyançılara qoşulsun, sonra onlara itəatsizlyin cəzasının nədən ibarət olduğu başa salınacaq. Moskva bircə gün əlini çəksə, Azərbaycan tankları Şuşaya doğru hərəkətə keçər, bax onda silahsız ordu ilə Şoyqunun ətəyindən yapışan inqilabçı ermənilər asi düşməyin bədəlini ödəyərlər”.

Millət vəkili qeyd edib ki, indi həllini gözləyən vəzifələri küçələrdə çözməyin mümkünsüzlüyünü dərk etməyən və tarixən qırıldığını iddia edən bir xalq sabah inqilab məstindən ayılacaq:

“Axı, hələ bircə nəfərin üzərində qazanılmış qələbə sərkisyançılığın tam ləğvi, bütün Ermənistandan çəkilib getməsi demək deyil. Hakimiyyətin bütün qolları keçmiş sistemin adamları üzərində qurulub. Komandasız Spartak qulların üsyanından sonra idarəetməyə hazır olduğunu dünən bəyan edincə, maraq konfliktləri bütün müqəddəs arzuları üstələyəcək. Həm də kapitalını ölkədən çıxarmağa başlayan iqtisadi qruplar onsuz da ağır olan sosial vəziyyəti gərginləşdirəcəklər. Hakimiyyət vakuumu nə qədər sürəcək? Cənubi Qafqazın yaxın şərqləşmə təhlükəsi varmı? Dünyada mövqeyi güclənən erməniçilik regionda hansı yeni geopolitikaya səbəb ola bilər? Türkiyə seçim gündəliyinə bürününcə, nədən İrəvanın gələcəyində iştirakdan özünü kənar saxlayır? Bütün suallara yaxın vaxtlarda cavab veriləcək. Lakin İsgəndər raketlərinin kölgəsində demokratik dövlət qurmaq xəyalı mənə Kubanın Kastro erasından sonra Lüksemburqa çevriləcəyi barəsində absurd iddiaları xatırladır!”

Tarix
2018.04.24 / 12:52
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Xudavənglə bağlı addımlar atılacaq - Hacıyeva

Sülhməramlılar Qarabağdan çıxır - Yeni video

Nikol: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığına sevinin!

Bunu etməsək, bölgədə daha bir partlayış olacaq - Paşinyan

ABŞ-dan sülhməramlıların Qarabağdan çıxmasına reaksiya

Bakı sülhməramlıların çıxması üçün Moskvaya nələr verib?

Paşinyan sərhəd işlərinə onları da cəlb edir

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla