Ana səhifə Gündəm |
İran Ermənistanla münasibətlərdə daha çox praqmatik məqsədlər güdür.
Bu sözləri Axar.az-a Ruhani və Paşinyan arasında gələcək görüş proqramları barədə razılığa münasibət bildirən politoloq İlqar Vəlizadə deyib. Ekspert əslində Ermənistanla İran arasında heç bir yaxınlaşmanın olmadığını bildirib:
“Hər iki dövlətin rəhbərləri arasında telefon zəngləri və planlaşdırılan gələcək görüşlər sadəcə protokol xarakteri daşıyır. Əlbəttə ki, İran burada öz maraqlarını və Ermənistanla münasibətlərə maraq göstərən digər ölkələrdən geri qalmadığını nümayiş etdirir. Çünki Ermənistanla İran həmsərhəd ölkələrdir. Ona görə də İran Ermənistandakı yeni hakimiyyətin gələcək siyasətində Tehranın da maraqlarını nəzərə almasını istəyir. İki ölkə arasında müəyyən sazişlər, ticari-iqtisadi əlaqələr mövcuddur. Hazırkı addımlar da bu maraqları sığortalamaq üçün atılır. Əslində, İran Ermənistanla münasibətlərdə daha çox praqmatik məqsədlər güdür. Bu üzdən də Paşinyanın xüsusilə də xarici və qonşuluq siyasətində atacağı addımlar Tehran üçün maraqlıdır. Sözügedən görüş proqramları iki ölkə arasında hansısa ciddi əlaqələrdən xəbər vermir”.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyanla İran Prezidenti Həsən Ruhani arasında telefon danışığı baş tutub. Tərəflər gələcək görüş proqramları barədə də razılığa gəliblər.
Tarix
2018.05.15 / 08:45
|
Müəllif
Aygün Yusibova
|