Yuxarı

AXC-nin 100 illiyi Londonda qeyd edildi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin təşkilatçılığı ilə Londonda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə ziyafət təşkil edilib. Tədbirə Britaniyada fəaliyyət göstərən Azərbaycan Qadınlarının Assosiasiyası (AWA-UK) yaxından dəstək verib.

Axar.az xəbər verir ki, tədbirdə Böyük Britaniyanın Avropa və Amerika məsələləri üzrə dövlət naziri Alan Dunkan, Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri, Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin Azərbaycan tərəfdən rəhbəri Nərgiz Paşayeva, BP şirkətinin Hasilat, Transformasiya və Karbon, Upstream üzrə baş əməliyyat rəhbəri Qordon Birrel, 20-dən çox ölkənin Britaniyadakı səfiri, o cümlədən Londondakı səfirliklərin və ali komissarlıqların digər nümayəndələri, Böyük Britaniya parlamentinin üzvləri, Britaniya hökumətinin rəsmiləri, səfirliyimizin əməkdaşları, bu ölkədə fəaliyyət göstərən Azərbaycan təşkilatlarının təmsilçiləri, media nümayəndələri, eləcə də Britaniyada yaşayan və Azərbaycan mədəniyyəti ilə maraqlanan şəxslər daxil olmaqla 250 nəfərədək qonaq iştirak edib.

Əvvəlcə Londonda yaşayan həmyerlimiz, skripka ifaçısı Səbinə Rakçeyeva Azərbaycanın və Britaniyanın dövlət himnlərini səsləndirib.

Tədbiri açan Azərbaycanın Britaniyadakı səfiri Tahir Tağızadə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) müsəlman dünyasında ilk dəfə siyasi plüralizm və çoxpartiyalı sistemə əsaslanan Avropa modelində bir dövlət olduğunu və həmin dövr üçün ən qabaqcıl və demokratik siyasəti tətbiq etdiyini söyləyib. O, Azərbaycan Xalq Cümhuriyyətinin müstəsna nailiyyətlərindən söz açaraq məhz Cümhuriyyətin yaradılması nəticəsində Azərbaycanın dünya xəritəsində bir reallığa çevrildiyini bildirib. Səfir müasir müstəqil Azərbaycan Respublikasının AXC-nin davamçısı olduğunu və Cümhuriyyətin demokratik ənənələrinə sadiq qaldığını qeyd edib.

Azərbaycan və Britaniya arasında münasibətlərin inkişaf etdiyini bildirən T.Tağızadə aprelin 26-da Baş nazir Tereza Meyin dəvəti ilə Prezident İlham Əliyevin Britaniyaya səfər etdiyini və yüksəksəviyyəli görüşlər keçirdiyini xatırladıb.

Səfir iki ölkə arasında mədəni sahədə də əməkdaşlığın qürurlandırıcı nəticələrini qeyd edib. Bu xüsusda, o, mayın 9-13-də Qarabağ atlarının “Royal Windsor Horse Show”da nümayiş etdirilməsini və mayın 23-də Yusif Eyvazov və Anna Netrebkonun “Royal Albert Hall”da konsert proqramı ilə çıxış etməsini xatırladıb.

T.Tağızadə Azərbaycan ilə Britaniya arasında mədəni əməkdaşlığın inkişafında İngiltərə-Azərbaycan Cəmiyyətinin fəaliyyətini xüsusi vurğulayıb. Bu xüsusda, o, Oksford Universitetində fəaliyyət göstərən Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin Universitetin tərkibində daimi mövcudluğu haqqında kontraktın imzalanması, eləcə də Universitetin Şərqşünaslıq İnstitutunun kitabxanasına dahi Azərbaycan şairi Nizami Gəncəvinin adının verilməsi barədə söhbət açıb.

T.Tağızadə AXC-nin qadınların hüquqlarının qorunmasındakı müstəsna roluna, müsəlman Şərqində qadınlara səsvermə hüququ verən ilk ölkə olmasına da diqqət çəkib, Britaniyada fəaliyyət göstərən Azərbaycan Qadınları Assosiasiyasının Cümhuriyyətin bu irsinin qorunub saxlanmasında rolunu yüksək qiymətləndirib.

Daha sonra tədbirdə Alan Dunkan çıxış edib. O, Azərbaycanın müstəqilliyinin yüz illiyinin qeyd edildiyi tədbirdə iştirak etməkdən böyük məmnunluq duyduğunu söyləyib.

O, 2017-ci ilin sentyabr ayında özünün Azərbaycana, 2018-ci ilin aprelində Prezident İlham Əliyevin Britaniyaya səfərini xatırladaraq Azərbaycanda müstəqillik ruhunun uzun tarixi olduğunu hiss etdiyini bildirib.

A.Dunkan çox qısa müddət ərzində AXC-nin böyük nailiyyətlər əldə etdiyini, həmin dövr üçün proqressiv islahatlar aparmaqda nümunə olduğunu vurğulayaraq, Cümhuriyyətin Britaniyadan və bir çox digər demokratiyalardan öncə qadınlara səsvermə hüququ verməsinə diqqət çəkib. Bu xüsusda, tədbir zamanı AWA UK tərəfindən Azərbaycanda qadınların rolunun gücləndirilməsinin 100 illiyinə önəm verilməsinin sevindirici hal olduğunu qeyd edən dövlət naziri Britaniyanın Baş naziri xanım Tereza Meyin tədbirlə bağlı təbriklərini Azərbaycan tərəfinə çatdırmaqdan böyük məmnunluq duyduğunu bildirib.

2017-ci ildə Azərbaycan və Britaniya arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünün qeyd edildiyini xatırladan A.Dunkan bu gün iki ölkə arasında hər iki tərəfə fayda verən mükəmməl münasibətlərin və siyasi əməkdaşlığın davam etdirildiyini vurğulayıb. Dövlət naziri, həmçinin BP-nin Azərbaycanın ən böyük enerji tərəfdaşı olmasından, “Azəri-Çıraq-Günəşli” yatağının işlənməsi üzrə müqavilənin müddətinin uzadılmasının BP və SOCAR arasında münasibətlərin daha da gücləndirilməsinə töhfə verməsindən bəhs edib, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsindəki rolunu vurğulayıb. O, iki ölkə arasında münasibətlərin enerji və iqtisadiyyatdan əlavə, təhsil başda olmaqla digər bir çox sahələrdə də inkişaf etdirilməsi üçün hər iki tərəfin səylər göstərdiyini qeyd edib.

A.Dunkan Britaniyanın Azərbaycana dost ölkə olmaqdan qürur duyduğunu və 25 illik əməkdaşlığa əsaslanaraq hər iki xalqın rifahı və təhlükəsizliyi üçün iki ölkənin birgə çalışmağa davam edəcəyinə ümid etdiyini bildirib.

Tədbir Azərbaycan Qadınlarının Assosiasiyasının təşkilatçılığı ilə Azərbaycan qadınlarının mədəniyyətimizə xas olan əl işlərinin təqdimatı, tar və kamançada Azərbaycan musiqilərinin ifası ilə davam edib. Qonaqlara Azərbaycan mətbəxinin nümunələri təqdim edilib.

Tarix
2018.05.26 / 01:06
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

XİN-dən Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım

PA rəsmisindən Rasmussen paylaşımı: Pullar danışır!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla