Yuxarı

Aqrar sektorda dəyişən məfhumlar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnsanların öz qida ehtiyaclarını torpağı becərməklə qarşılaması bir gerçəklikdir. Bu gerçəklik insanların əkin-biçinlə məşğul olduğu ən qədim zamanlardan bəri müxtəlif formalarda təzahür etsə də, dəyişməz olaraq qalır.

Torpağın kimlər tərəfindən becərilməsi, onun üzərində kimlərin mülkiyyət haqqına sahib olması tarix boyu çox sayda savaşlara, üsyanlara, inqilablara, islahatlara rəvac verib. Yaşadığımız çağda informasiya və texnologiyaların önəmi qabarıq dərəcədə irəli çıxsa da, əkinçilik öz böyük əhəmiyyətini itirmiş deyil. Bir yanda elmi-texniki nailiyyətlərin və gen mühəndisliyi kimi yeni sahələrin, digər yanda aclıq və səfalət içində yaşayan milyonlarla insanın ərsəyə gətirdiyi mənzərə dünyamızda əkinçiliyin xüsusi önəmini daha aydın bir şəkildə qavramağımıza yardımçı olur.

Günümüzdə kənd təsərrüfatı ölkə və dünya iqtisadiyyatının əhəmiyyətli bir hissəsinin təşkil edir. Odur ki, hər bir ölkə öz vətəndaşlarının qidalanmasını təmin etmək üçün vaxtaşırı sözügedən sektorun inkişafına xidmət edən islahatlar aparır, eyni zamanda, müxtəlif beynəlxalq platformalar kənd təsərrüfatının problemlərini çözmək üçün çeşidli layihələr hazırlayaraq həyata keçirir. Elə bu səbəbdən də Azərbaycan da daxil, heç bir ölkənin kənd təsərrüfatını dünya iqtisadiyyatının ümumi inkişaf tendensiyalarından ayrıca təsəvvür etmək mümkün deyil. Müstəqil inkişaf xəttini tutmuş bütün dövlətlər kimi, Azərbaycanda da kənd təsərrüfatının inkişafına yönəlmiş islahat proqramlarının məqsədi sadəcə əhalinin qida ehtiyaclarının maksimum təmin edilməsi deyil, həmçinin, iqtisadiyyatın digər sahələri üçün xammalın hazırlanması, ixracatın həyata keçirilməsidir.

Çağdaş dünyadan tam fərqli sosial-iqtisadi modelə malik olan SSRİ-nin dağılmasından və milli müstəqilliyimizə qovuşmamızdan sonra Azərbaycanda kənd təsərrüfatının inkişaf təməllərinin atılması baxımından bir çox önəmli addımlar atılmasına baxmayaraq, təəssüflə qeyd etməliyik ki, bu sektorun istər infrostrukturunda, istər fermerlərin və işçi qüvvəsinin təhsil bazasında, istərsə də iqtisadiyyatın digər sahələri ilə inteqrasiyasında çoxsayda boşluqlar, həllini gözləyən problemlər nəzərə çarpır. Prezident İlham Əliyev Azərbaycanın post-neft erasına qədəm qoymasını açıqca elan etməklə, regionların sosial-iqtisadi inkişafı konsepsiyası çərçivəsində kənd təsərrüfatının inkişafı üçün xüsusi proqramlar həyata keçirməklə, o cümlədən İnam Kərimovun timsalında problemlərin həllinə müasir düşüncə ilə yanaşa biləcək bir kadrı nazir təyin etməklə yuxarıda ümumi konturlarını təqdim etdiyimiz problemlərin həllinin sürətlənməsi istiqamətində qətiyyət nümayiş etdirir.

Kənd təsərrüfatının inkişafına dəstək proqramları hər bir ölkənin ümumi iqtisadi, coğrafi və digər bu kimi şərtlərinə əsasən həyata keçirilir. Bu şərtlərdən asılı olaraq kənd təsərrüfatının inkişafına dəstək proqramları fərqli məqsədlərə xidmət edir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) bu məqsədləri belə sıralayır:

1) İstehsalçılara ədalətli və yetərli həyat şəraitinin yaradılması;

2) Kənd əhalisinin gəlirlərində dalğalanmaların qarşısının alınaraq sabit və davamlı qazanc imkanlarının formalaşdırılması;

3) Ölkə daxilində kənd təsərrüfatı məhsullarının qiymətlərinin sabitləşdirilməsi;

4) Xaricdən qaynaqlanan iqtisadi böhranların qarşısının alınması və fermerlərin bu cür risklərdən maksimum qorunması;

5) Regionlarda həyat standartlarının yüksəldilməsi ilə miqrasiyanın qarşısının alınması;

6) Bölgələr arasındakı disbalansın minimuma endirilməsi;

7) Ailəvi fəaliyyət sahələrinin genişləndirilməsi;

8) Ekoloji mühitin qorunması;

9) İstehlakçılar üçün təmiz və təminatlı məhsulların satışa çıxarılması;

10) İstehlakçılar üçün münasib qiymət təkliflərinin verilməsi üçün bazanın hazırlanması;

Ötən əsrin son illərindən başlayaraq, qloballaşma prosesinin genişlənməsi kənd təsərrüfatı sektorunda da böyük dəyişikliklərə səbəb olub və bu sektoru şəbəkələndirərək sürətli yeniliklərə məruz qoyub. İlk növbədə dünyada kənd təsərrüfatı ilə bağlı yanaşma və məfhumlar dəyişib. Məsələn, köhnə təsəvvürlərə görə, əkinçilik fermer təsərrüfatıdırsa, yeni baxışa əsasən qida istehsalı və satışı sistemidir. Bu sistemdə istehlakçı təqdim olunan malların keyfiyyətinə kor-koranə inanmır və onu şübhə ilə nəzərdən keçirir. Bu qəbildən olan kriteriya fərqləri həm də ona gətirib çıxarır ki, istər kənd təsərrüfatı sektorunun praktik iştirakçıları, istərsə də müvafiq siyasəti müəyyənləşdirənlər bir şeydə razılaşmalı olurlar: dəstək kəndlinin daimi haqqı deyil, müəyyən vaxtda, şərtlər daxilində və konkret ehtiyaclara görə verilməlidir. Odur ki, bütün dünyada kənd təsərrüfatını klassik dəstəkləmə üsulları arzulanan nəticəni vermir, büdcə vəsaitlərinin faktiki olaraq itkiyə getməsinə səbəb olur.

Bu vəziyyətdə istər-istəməz “nə edək” sualı yaranır. Sual cavabsız deyil, əlbəttə! Kənd təsərrüfatında istehsalı gücləndirmək və qida təminatını genişləndirmək üçün ilk növbədə metodları nəzərdən keçirmək vacibdir. Layihələr nə qədər yaxşı niyyətə hesablansa da, metodlar aydın və səmərəli olmadığı halda gözlənilən nəticəni verməyəcək. Bu baxımdan səmərəli üsullardan biri mülkiyyətin birləşdirilməsi yönündəki çətinlikləri də nəzərə alaraq, fəaliyyət və xidmətlərin cəmləşdirilməsidir. Bu, toxumdan sahəyə, sahədən süfrəyə qədər uzanan yolda fermerlərin sərmayələrini və texnikalarını təmərküzləşdirməklə, həm məhsuldarlığın, həm də qazanclarının artmasına, eyni zamanda, dövlətin daha dəqiq hədəflər üçün maliyyə dəstəyi ayırmasına zəmin yaradır.

Aydəm İsmayılov

Fəlsəfə üzrə fəlsəfə elmləri doktoru

Tarix
2018.05.26 / 23:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla