Yuxarı

Nazir: Ciddi qanunsuzluqlar aşkarlanıb

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) verilmiş tapşırıqların icrası sahəsində görüləcək işlərə dair müşavirə keçirilib.

Nazirliyin mətbuat xidmətindən Axar.az-a bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev ölkə başçısının uğurlu sosial siyasətinin sosial müdafiə proqramları çərçivəsində həssas qruplara dövlət qayğısının daim artmasına imkan verdiyini vurğulayıb. Eyni zamanda, sosial təminat sistemində şəffaflığın tam təminatı Prezident İlham Əliyev tərəfindən nazirlik qarşısında müəyyən edilən vəzifələr sırasındadır. Dövlət başçısı Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında sosial təminat sahəsində ciddi islahatlar aparılmasını, yol verilmiş pozuntuların aradan qaldırılmasını, bu sahədə şəffaflığın tam təmin edilməsini, sosial ədalətin bərqərar olunmasını tapşırıb.

Nazir, həmçinin ölkə başçısı tərəfindən qeyri-formal məşğulluğa qarşı ciddi tədbirlərin görülməsi, burada həm inzibati, həm də institusional elementlərdən istifadə olunması, bağlanmış iş yerlərinin təhlilinin aparılması, hər il 6-7 min insanın özünüməşğulluq proqramına cəlb olunması ilə bağlı tapşırıqlar verdiyini də diqqətə çatdırıb.

S.Babayev bildirib ki, ünvanlı dövlət sosial yardımının təyinatı üzrə son iki ayda aparılan araşdırmalar yardımların təyinatında bir sıra hallarda ünvanlılığın pozulduğunu, yardım üçün müraciətlərlə əlaqədar maddi-məişət müayinələrinin aparılması zamanı qeyri-obyektiv yanaşmalara, nəticədə qeyri-qanuni yardım təyinatlarına yol verildiyini, sosial yardım üçün müraciətlərin bir hissəsinin məhz nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) yerli şöbələrinin İP ünvanlarından daxil edildiyini və s. aşkara çıxarıb. Bu sahədə pozuntuların aradan qaldırılması üçün institusional və inzibati xarakterli ciddi tədbirlər görülür, həmçinin DSMF-nin yerli şöbələrinin bu sahədə ciddi nöqsanlara yol vermiş rəhbərləri və əməkdaşları işdən kənarlaşdırılır. Bir neçə yerli şöbənin əməkdaşlarının qanunsuz hərəkətləri barədə materiallar hüquq mühafizə orqanlarına təqdim edilib. Ümumilikdə, sosial yardım sistemində subyektiv yanaşmaların aradan qaldırılması, sistemin aztəminatlı ailələrə əlçatanlığının tam təmin edilməsi, sosial yardım proqramının özünüməşğulluqla əlaqəli mexanizminin formalaşdırılması üçün qısamüddətli və ortamüddətli dövr üçün müəyyən edilən fəaliyyət istiqamətləri üzrə işlər aparılır.

Nazir sosial sığorta daxilolmaları üzrə büdcə proqnozlarına əməl olunması sahəsində DSMF-nin bir sıra rayon və şəhərlər üzrə göstəricilərinin aşağı olduğunu, bu istiqamətdə ciddi tədbirlərin görülməsini, proqnozların düzgün tərtib olunması və icrası üçün metodologiyanın hazırlanmasını tapşırıb. S.Babayev araşdırmalar nəticəsində pensiya təyinatı sahəsində də ciddi qanunsuzluqların, saxta sənədlər tərtib olunmaqla pensiya təyinatlarının aparılması hallarının aşkar edildiyini, belə hallarla bağlı hüquq-mühafizə orqanlarına məlumat verildiyini deyib. Nazir, ümumilikdə, pensiya təyinatı sisteminin elektronlaşdırılması ilə bu sahədə şəffaflığın tam təmin ediləcəyini qeyd edib.

S.Babayev stasionar və səyyar formada sosial xidmətlər sahəsində də ciddi nöqsanların mövcud olduğunu, sosial xidmət müəssisələrində ştat vahidləri üzrə işə qəbul edilənlərin sayı ilə faktiki işləyənlərin sayı arasında fərqlərin aşkar olunduğunu, belə halların aradan qaldırılması üçün tədbirlərin görüldüyünü qeyd edib, sosial xidmətlərdə formal yanaşmaların aradan qaldırılmasını tapşırıb.

Nazir bildirib ki, risk qrupu xəstəlikləri ilə əlaqədar cari ilin birinci rübündə aparılmış əlillik təyinatları araşdırılarkən yanlışlıqlar aşkar edilib, həmin şəxslərə yönələn pensiya, müavinət və təqaüd ödənişləri dayandırılıb. Ödənilmiş vəsaitin dövlət büdcəsinə bərpası üçün təxirəsalınmaz tədbirlər görülüb. Artıq cari ilin ikinci rübünə dair əlillik təyinatları üzrə araşdırmalar aparılır. Araşdırmalar ikinci və üçüncü qrup əlillik təyinatlarını da əhatə edəcək. S.Babayev reabilitasiya müəssisələrində də nöqsanlara yol verildiyini, bir çox hallarda növbəliliyin pozulduğunu, bununla bağlı ciddi tədbirlərin görüldüyünü qeyd edib, bu müəssisələrdə çalışanların bilik və peşəkarlıq səviyyələrinin artırılmasının vacibliyini diqqətə çatdırıb.

S.Babayev məşğulluq orqanlarının bir sıra tədbirlərinin bəzən formal xarakter daşıdığını deyib, məşğulluq xidmətlərinin keyfiyyətinin artırılması, özünüməşğulluq proqramında növbəliliyin pozulmasının qarşısının alınması, vətəndaşların proqrama cəlb olunması zamanı müəyyən edilmiş kateqoriyalara (sosial cəhətdən həssas qruplara) üstünlük verilməsi prinsipinə əməl olunması, işsizlikdən sığorta təyinatı ilə bağlı vətəndaşların müraciətlərinə bərabər və ədalətli yanaşmanın təmin olunması, habelə işsizlikdən sığorta sistemi ilə bağlı işəgötürənlər arasında daha geniş məlumatlandırma işlərinin aparılması və s. barədə tapşırıqlar verib.

Nazir əmək qanunvericiliyinə əməl olunmasına nəzarətin təkmilləşdirilməsi üçün bu sahədə informasiya kommunikasiya texnologiyalarının imkanlarından geniş istifadə olunmasını, elektron protokol layihəsinin tətbiqini, “ASAN xidmət”in Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən monitorinqlərin nəticələri ilə bağlı təqdim olunan məlumatlar üzrə aidiyyəti araşdırmaların operativ şəkildə yerinə yetirilməsini və s. tapşırıb.

Qeyri-formal məşğulluğun qarşısının alınması sahəsində aidiyyəti qurumlarla birgə tədbirlərin getdikcə gücləndirildiyini vurğulayan S.Babayev bildirib ki, bu sahədə nəzərəçarpan nəticələr əldə olunması üçün daha səmərəli alətlərdən, stimullaşdırıcı tədbirlərdən istifadəyə xüsusi önəm verilir.

S.Babayev vurğulayıb ki, Prezident İlham Əliyev tərəfindən verilən tapşırıqların yüksək səviyyədə icrası, vətəndaşlara daha keyfiyyətli və şəffaf xidmətlərin göstərilməsi, sosial ədalət prinsipinin rəhbər tutulması və vətəndaş məmnunluğunun təmin edilməsi üçün ƏƏSMN konkret və məqsədyönlü tədbirlərin görülməsini, qeyd olunan istiqamətlərdə ciddi dönüş yaradılmasını qısa müddətdə təmin edəcək.

Müşavirədə dövlət başçısının tapşırıqlarından irəli gələn vəzifələr üzrə görüləcək işlər müəyyən olunub, nazirliyin struktur bölmələrinin rəhbərlərinə aidiyyəti göstərişlər verilib.

Tarix
2018.07.14 / 19:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla