Yuxarı

Zamirə Hacıyeva kimi varlı olsaydınız... - Sorğu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq bir neçə gündür ki, həm Azərbaycan, həm də Rusiya, Britaniya, Türkiyə mətbuatında Azərbaycan Beynəlxalq Bankının həbsdə olan keçmiş prezidenti Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın dəbdəbəli həyat tərzi barədə məlumatlar dərc edilir. Onun milyonlarla dolları alış-veriş mərkəzlərində xərcləməsindən tutmuş, özəl təyyarə almasına, mülk sahibi olmasına, şüşəsi 4 min manata şərab içməsinə kimi çox şey yazılıb.

“Yeni Müsavat” Azərbaycanın tanınmış xanımları ilə maraqlı sorğu edib.

Zamirə Hacıyevanın imkanlarına sahib olsaydılar, nə edərdilər?

Axar.az həmin cavabları təqdim edir:

Sabiq deputat, “Gündəlik Teleqraf” Media Qrupunun baş direktoru Aynur Camalqızı sorğumuzu bu cür cavablandırdı:

“Əvvəla, heç vaxt o xanımın yerində olmağımı arzulamazdım. Həmişə arzu edərdim ki, qazandığım pul halal zəhmətlə olsun və heç kəsin qarşısında “gözü kölgəli” olmayım. Amma ümumilikdə əgər mənim də o cür maddi imkanım olsaydı, xeyriyyəçiliyə, kasıb insanlara, xüsusən də gənclərin təhsilinə, məktəb və uşaq bağçalarına, xəstəxanalara xərcələyərdim. Təbii ki, əqli yerində olan, vətənpərvərlik hissinə malik qadınların hər biri bu cür etmək istəyər, arzulayar. Tanrı bizə elə bir imkan yetirsin ki, xalqımız, millətimiz, dövlətimiz qarşısında bu cür işlər görə bilək.

Konkret olaraq Zamirə Hacıyevanın gördüyü işlərə gəldikdə isə, mən bunu görməmişlik adlandırardım. Təbii ki, bu pullar haram yolla qazanılan, oğurluq olduğundan, onlar üçün heç bir dəyəri olmur və mənasız alış-verişə xərcləyirlər. Əlbəttə ki, hər bir insan, xüsusilə qadın alış-verişi xoşlayır və bilirik ki, alış-veriş qadının psixologiyasına yaxşı təsir göstərir. Ancaq bu qədər barbar, ağılsızcasına "alış-veriş"in ümumiyyətlə psixologiyaya qəti aidiyyəti yoxdur.

Məlum olduğu kimi, onun həyat yoldaşı məhkəmənin hökmü ilə 15 il həbs cəzasına məhkum edilib. Kimin ağlına gələr ki, ərinin həbsdə olduğu bir zamanda Zamirə Hacıyeva insanları şoka salan alış-verişlə məşğul olsun?! Bir daha qeyd edirəm ki, bunun bir adı var – görməmişlik, görgüsüzlük”.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu maraqlı məqama toxunub:

“Sizin əmin edirəm, mənim heç zaman bu qədər pulum ola bilməz. Bir məsələni qeyd edim ki, Amerikada adətən milyarderlər öz uşaqlarına çox pul miras qoymur. Çünki istəyirlər ki, uşaqları özləri çalışıb qazanc əldə etsin. Amerikada yaşayan tanışlarımızdan da eşidirik ki, kimlərsə tələbələrin təhsilinə, məktəblərin, baxçaların açılmasına pullar xərcləyir. Yaxşı olardı ki, insanların maddi imkanları çox olduqca, xeyriyyəçiliyə xərcləsinlər”.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova qeyd edib ki, xərclənən pulların hesabatı insanlarda şok yaradıb:

“Əgər maddi imkanım bu qədər çox olsaydı, qız uşaqlarının təhsil alması üçün, uşaqlarını baxçaya qoya bilməyən, buna görə işləməkdən məhrum olan analar üçün proqramlar hazırlayardım ki, onlar da çalışa bilsin və təbii ki, böyük sığınacaq və kişilər üçün aqressiyaya qarşı mərkəzlər açardım.

Düşünürəm ki, bu qədər məbləğin birdən paltara, şəraba və yaxud digər şeylərə verilməsi heç də acgözlük məsələsi deyil, sadəcə, çirkli pulların silinməsi üçün vasitə, oyundur. Yəqin ki, hansısa formada həmin pulları bazara çıxartmağa çalışıb.

Ümumiyyətlə, insanların şok yaradan alış-veriş etməsinin səbəbi özünü təsdiq etmək istəməsi, mərhəmət hissinin itirilməsidir. Bu cür insanlar ölkəni düşünməyən, gələcək planları olmayan, milli hissdən uzaq şəxslərdir”.

Yazıçı-publisist Mehriban Vəzir:

“Mənim dədə-babalarım çox zəng olub, onların Qarabağda böyük torpaqları olub. Məsələn, nənəm ərə gedəndə atası ona cehiz kimi 12 kənd hədiyyə verib. Bu kəndlərin vergisinin hamısı nənəmin cibinə axıb. Eyni zamanda, pambıq zavodları və digər müəssisələri olub. Vəzirovlardan 10 nəfər Avropada təhsil alıb, yəni ziyalı olublar. Maddi imkanları çox olduğu üçün məktəb açıblar, kasıb uşaqları oxudublar, xeyriyyə işləri görüblər. Bildiyiniz kimi, Nəcəf bəy Vəzirov ilk teatrın yaradıcısı olub, Qasım bəy Vəzirov isə nəşriyyat, 8 mətbuatın açılmasında yaxından iştirak edib. Mən bu işlərə görə öz soyuma çox böyük hörmətim var. Yəni mən onların törəməsiyəm və maddi imkanım çox olsaydı, bu cür işləri davam edərdim. Lakin xeyriyyəçi olmaq üçün ilk növbədə pulun, varidatın halal olmalıdır. İkinci bir tərəfdən, insanın özü nəcib olmalıdır. Nə birinci, nə də ikinci xüsusiyyətə malik olmayanda, olursan Zəmirə Hacıyeva. Onun davranışları görməmişlikdən, genetik zəiflikdən, mənliksizlikdən irəli gəlir. Mənlik o deməkdir ki, sənin imtina etmək gücün var və xəzinənin üstündə oturanda ona dəymirsən ki, bu, xalqa məxsusdur. Bütün bu cür yüksək keyfiyyətlər olmayanda insan yırtıcılaşır.

Şəkillərdən də görünür ki, həmin xanım kosmetik olaraq öz üzərində çox işləyib. Çox güman ki, estetik əməliyyatlar edən firmaları da araşdırsalar, məlum olacaq ki, ora da külli miqdarda pullar xərcləyib. Bu insanlar zahirən özlərini gözəlləşdirir, lakin mənəviyyatlarına fikir vermirlər”.

Politoloq Nəzakət Məmmədova isə bildirib ki, gözəl geyinmək hər bir qadının arzusudur və təbii istəyidir, lakin buna həddən artıq aludəçilik normal hal deyil:

“Hətta müasir psixologiyada “şopinqomaniya” deyilən bir sindrom da var. Bu, maniya halına gələndə insanda pis, zərərli vərdişə çevrilir. Hər bir şey həddində yaxşıdır. Dinimiz də nə çox israfçılığı, nə də çox xəsisliyi qəbul edir və mütəvazi davranmağı tövsiyə edir. Belə əməl günah sayılmasa da, bəyənilmir və məkruh sayılır. Üstəlik, bu əməl halal qazanılmamış pullar hesabına edilirsə, artıq günaha yazılır.

Bir çox dünya ulduzu var ki, onlar bahalı brend geyinməkdənsə, onun pulunu yoxsul insanlara ianə verməyi üstün tutur. Doğrudur, dünya əzəldən belə qurulub ki, müəyyən insanların geyimi, bahalı zinyət əşyaları onların statusu ilə vəhdət təşkil edib, lakin hər bir halda sadəlik gözəllikdir. Düşünürəm ki, insan bahalı, dəbdəbəli geyimlər, zinyət əşyaları istifadə edəndə öz şəxsiyyəti arxa plana keçir, özünü kölgədə qoymuş olur. Mövlanə demiş, "çox insanlar gördüm üstündə libası yox, çox libaslar gördüm içində insan yox!" Daxili zəngin olan insan xarici zənginliyə çox da aludə olmaz. Bu baxımdan hələ qədim zamanlardan o xanımların adı bu günədək tarixdə yaşayıb ki, onlar əllərində olan vəsaiti ehtiyacı olana sərf ediblər, yardımsevər olublar. İndiyədək onların adı və əməlləri tarixdə qalır, hamı da onlara rəhmət oxuyur.

Üstəlik, sözügedən xanımı Hacı Məmmədov oğurlamışdı və zindanda saxlamışdı. Belə vəziyyətə düşən insan, məncə, dünyanın faniliyini, ölümün yaxınlığını daha çox dərk etməli olardı. Məcburi tərki-dünya olan insanlar daha çox müdrikləşir bəzən.

Şəxsən mənim pulum çox olanda minimal ehtiyaclar üçün saxlayıb, qalanına kitab almışam. Çünki insan bu dünyanı dərk etməli, kamilliyə can atmalıdır. Həddən artıq zəngin olsaydım, mütləq öz yaşayışım üçün bir miqdar vəsait saxlayıb, qalanını xeyriyyə işlərinə, insanların təhsil almasına, maariflənməsinə sərf edərdim. Elə bir işə vəsait qoyardım ki, uzun illər insanlara faydalı olsun. Konkret olaraq, mənim bir arzum var. O da gələcəkdə Qırmızı Xaç cəmiyyəti kimi bir təşkilat yaratmaq və əsir, girovluqda olan insanlara kömək etməkdir. Dünyanın harasında olursa-olsun, doğmalarından uzaqda olan insanları azad edib, qovuşdurmaq ən böyük arzumdur. İstərdim ki, öz vəsaitim olsun, heç kəsdən asılı olmayım. Lakin qrant alsam, məcburam onların dediyi kimi olum, müstəqil olmayım. Qırmızı Xaç artıq çoxdan başqa cür olub, heç bizim iki girovumuzla bağlı adi məktub belə gətirmir. Heç 4 mindən çox məzlum, binəva əsirlərimizi demirəm".

Tarix
2018.10.12 / 22:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla