Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 Noyabr 2018


ABŞ-da ən kritik seçki: dünyanın siması dəyişir – Sensasiyalı şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018-ci il seçkilərini ABŞ-da identiklik siyasəti (identity politics) üzərində qurulmuş seçki prosesi adlandırırlar. Bu, son illərdə ölkənin siyasi, sosial və demoqrafik mənzərəsində baş verən fundamental keyfiyyət dəyişikliklərinin siyasi həyatda öz əksini tapmasının nəticəsidir. Belə ki, bu dəyişiklik Respublikaçılar və Demokratlar partiyasının irəli sürdüyü namizədlərin yaşında, cinsində, etnik mənşəyində, dərisinin rəngində və dini inanclarındakı bir-birilə tam ziddiyyətdə öz əksini tapır.

Axar.az xəbər verir ki, bu sözləri Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin aparıcı elmi işçisi Fuad Çıraqov deyib. O bildirib ki, amerikalı seçicilər qanunverici orqanın yuxarı palatası Senatın 100 üzvündən 35-ni, eləcə də Nümayəndələr Palatasının 435 üzvünün hamısını yenidən seçəcək:

“Bundan əlavə, bu gün amerikalılar 36 qubernator, ştat qanunverici orqanlarına 6066 şəxsi və ştatların çoxsaylı rəsmilərini seçməlidirlər. Bu ilin Konqres seçkiləri Tramp və onun administrasiyası üçün ölkədə son illərdə pik həddə çatmış siyasi mübarizə fonunda həlledici siyasi hadisə olacaqdır. Bu cür seçkilər (midterm election) zamanı adətən Konqres administrasiyaya müxalif siyasi partiya tərəfindən ələ keçirilir. Əvvəlki dövrlərin təcrübəsi onu göstərir ki, seçilən prezidentlərin fəaliyyətlərinin başlanğıcında mənsub olduqları partiya tərəfindən qanunverici orqana nəzarət edilib. Belə ki, Bill Klinton da, Corc Buş da, Barak Obama da prezident kimi fəaliyyətə başlamasının birinci dövrlərində qanunverici orqana onların partiyaları da nəzarət etmiş, lakin sonrakı seçkilərdə (midterm) onlar bu nəzarəti itirmiş və nəticədə həmin prezidentlərin fəaliyyətləri əhəmiyyətli dərəcədə məhdudlaşdırılmışdır. Budəfəki seçkilərdə isə eyni ssenarinin baş verəcəyini əminliklə demək çətindir, belə ki, son günlərə qədər keçirilən rəy sorğuları nisbi olaraq demokratların irəlidə olduğunu göstərsə də, iki partiya arasında sorğularda fərq çox cüzidir”.

Ekspert qeyd edib ki, ötən müddət ərzində liberal mətbuatın Trampa, onun administrasiyasına qarşı hücumları, Rusiya ilə bağlı ittihamlar və aparılan cinayət işi, digər qalmaqallar və administrasiya daxilində qeyri-sabitlik prezidentin və respublikaçıların imicinə gözlənildiyi qədər böyük zərbə vura bilməməsi maraqlıdır:

“Trampa və onun administrasiyasına qarşı bu cür hücumlar ölkədə qütbləşməni daha da dərinləşdirmiş, əksinə, prezidentin tərəfdarlarını daha mobilizasiya etmiş və mövqelərində daha da radikallaşdırmışdır.

Respublikaçıların imicinə və mövqelərinə seçkilər ərəfəsində hətta Trampın Ali Məhkəmənin hakimi vəzifəsinə namizədi Brett Kavanaha (Brett Kavanaugh) qarşı cinsi zorakılıq ittihamları belə təsir edə bilmədi. Nəticədə Tramp hakimiyyətdə olduğu müddətdə Ali Məhkəmənin ömürlük seçilən iki hakim vəzifəsini ələ keçirməklə Respublikaçılar Partiyasına böyük xidmət göstərdi və bununla da uzun illər məhkəmə hakimiyyətində respublikaçıların və mühafizəkarların mövqelərini təmin edə bildi. Qeyd edək ki, məhkəmə hakimiyyətində bu cür strateji qələbə respublikaçıların qarşılarına qoyduqları ən vacib və həlledici hədəflərdən biri idi, əhəmiyyətinə görə isə istər qanunverici orqan, istərsə də prezidentlik postu uğrunda mübarizədən daha yüksəkdir. Belə ki, son onillərdə Ali Məhkəmədə liberalların mövqelərinin güclənməsi onlara mühafizəkarların mövqelərinə zərbə vurmağa imkan verirdi. Bunlardan ən mühümü bir neçə il əvvəl cinsi azlıqların nikah hüququnun qanuniliyini tanıyan qərarın qəbul edilməsi idi”.

Ekspertin sözlərinə görə, bu seçkilərdə demokratların Konqresə irəli sürdüyü namizədlərdən aydın şəkildə görünür ki, partiya özünün ideologiyasında, siyasi bazasında və siyasətində sola meyil edərək, daha da liberallaşır:

“Demokratlar bu dəfə daha çox qadın, milli və cinsi azlıq nümayəndələrini namizəd kimi irəli sürüb. Bu, liberal ideyanın daha çox fərqliliyə (diversity) önəm verməsindən doğur. Məsələn, Demokratlar Partiyasının Nyu Yorkdan Konqresə namizədi 28 yaşlı əslən latın amerikalı qadın, kasıb Bronks rayonundan Alexandria Okasio-Kortezdir. O, əvvəlki ağdərili ənənəvi demokrat namizədə üstün gələrək, Konqresə namizədliyini irəli sürüb. A.Okasio-Kortez demokratların parlayan ulduzuna çevrilməklə, yeni tip siyasətçi standartına çevrilib. A.Okasio-Kortez özünü demokratik sosialist kimi təsvir edir. Nyu York ştatından demokratların Konqresə digər namizədi qaradərili, Harvad məzunu və rep musiqiçisi Antoni Delqado da ictimai diqqətin mərkəzindədir. Demokratların Vermont ştatında qubernator vəzifəsinə keçiriləcək seçkilərdə namizədi isə transcender qadındır.

Bunun tam əksinə olaraq Respublikaçılar Partiyası D.Trampın “zövqünə” uyğun daha çox ağdərili, kişi və yaşlı namizədlər irəli sürüb. Başqa sözlə, respublikaçılar demokratların ziddinə fərqli identiklik növünə ağırlıq verirlər. Şərhçilər əvvəlki mövqelərinin getdikcə itirdiyini görə ağdərili və yaşlı əhali kütləsinin daha acıqlı və aqressiv olduğunu göstərirlər (older, angrier, and whiter). Bu trend digər ölkələrdəki trendlərə bənzəyir. Məsələn, Rusiyada hazırkı hakimiyyətin əsas sosial bazası yaşlı və pensiyaçılardır və ya Britaniyada Breksitə dəstək verənlər də bənzər demoqrafik qrupdur.

Bu trenddə isə demokratların, liberalların hücumları və təzyiqləri qarşısında Tramp administrasiyası daha çox ağdərili, dindar (yevangelist), mühafizəkar və aqressiv əhali kütləsinin dəstəyini qazanmaq üçün onları maraqlarına uyğun daxili və xarici siyasət yeritməyə sövq edilir”.

Ekspert vurğulayıb ki, böyük ehtimalla seçkilərdən sonra Müdafiə naziri Mettis və administrasiya rəhbəri Kelli istefaya göndəriləcək:

“Mettisin yeni milli təhlükəsizlik müşaviri Bolton ilə münaqişəsində Tramp daha çox Boltonun tərəfini tutur və onu sonuncu müsahibələrindən birində “demokrata bənzər” adlandırmışdı. Beləliklə, Mettisin getməsindən və onun yerinə təyinatdan sonra, belə demək olarsa, İrana qarşı müharibə kabineti tam formalaşır. Maraqlıdır ki, Mettisin özü də İrana qarşı heç vaxt yumşaq mövqeyi ilə tanınmayıb. O, vaxtilə Obama administrasiyası zamanı Silahlı Qüvvələrin Qərargah rəisi vəzifəsini də İranla imzalanan nüvə sazişinə etiraz olaraq tərk etmişdi. Bolton-Pompeo cütlüyü isə Mettisdən də artıq qatı İran əleyhdarlarıdır.

Qısası regionda və dünyada vəziyyət getdikcə daha da qəlizləşir”.

Tarix
2018.11.06 / 16:23
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Загрузка...
Digər xəbərlər

Vaşadze seçilərsə, Bakı ilə əlaqələr... - Şaşkin

İvanişvili azərbaycanlılara nələr söz verdi, nələr etdi?

Generallar Bakıda: görüşün məqsədi.. – Nazir açıqladı

Bir davanın tarixçəsi: gizli çəkiliş, məhkəmə və… - Videolar

Qarabağ separatçılarına ağır zərbə vurmaq üçün... - Professor

Əliyevlə Lukaşenkodan dünyaya Qarabağ mesajı - Mühüm

Əliyev-Lukaşenko görüşü niyə çox çəkdi? – Açıqlama

Minsk səfərinin İrəvan şoku: Nikol nəyin “əvəzini” çıxa bilər ki?

Lukaşenko Əliyevə o sözü təsadüfən demədi... - Politoloq

Belarusdan MDB-yə nümunə: Bakıya görə...

KULT
<>
Xəbər xətti
 
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla