Yuxarı

ABŞ, Azərbaycan və Gürcüstan birgə tədbir keçirdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Gürcüstanın ABŞ-dakı səfirliklərinin təşkilatçılığı ilə Vaşinqton şəhərində fəaliyyət göstərən nüfuzlu analitik və təhsil mərkəzi olan Daniel Morqan adına Milli Təhlükəsizlik İnstitutunda “ABŞ-Gürcüstan-Azərbaycan: Üçtərəfli əməkdaşlığın qlobal və regional prespektivləri” mövzüsünda tədbir keçirilib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, tədbiri giriş nitqi ilə İnstitutunun prezidenti Kristofer Kroft açaraq qonaqları salamlayıb. “Cənubi Qafqaz yol ayrıcında: Regional sabitlik üçün çağırışlar” adlı paneldə çıxış edən Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov ölkəmizin müstəqilliyini qazandığı ilk günlərdən bəri öz rifahını tərəfdaş və qonşu ölkələrlə birgə inkişafda gördüyünü vurğulayıb. Səfir Azərbaycanın yerləşdiyi regionda Gürcüstan və Türkiyə ilə üçtərəfli səviyyədə strateji əməkdaşlıq əlaqələri qurduğunu qeyd edib və davamlı olaraq xarici işlər və müdafiə nazirləri səviyyəsində görüşlərin keçirildiyini vurğulayıb. E.Süleymanov bu əməkdaşlığın bünövrəsində enerji və nəqliyyat bağlantıları layihələrinin dayandığını bildirib. Azərbaycan, Gürcüstan və Türkiyənin dünyanın ən böyük enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizi layihəsi üzərində işlədiyini bildirən E.Süleymanov sözügedən layihəyə 40 milyard ABŞ dolları həcmində investisiya yatırıldığını diqqətə çatdırıb. 1918-ci ildə müsəlman Şərqində ilk Respublika quran Azərbaycanın hələ o zamanlardan Gürcüstanla uğurlu əməkdaşlıq əlaqələri qurduğunu qeyd edən səfir, bu əlaqələrin tarixi köklərə malik olduğunu bildirib. 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanın Gürcüstan ilə əməkdaşlığı davam etdirdiyini vurğulayan E.Süleymanov, Ümummilli lider Heydər Əliyevin Gürcüstanın Prezidenti Eduard Şevarnadze və Türkiyə Prezidenti Süleyman Dəmirəl ilə qurduğu şəxsi dostluq münasibətlərinin üç dövlət arasında əlaqələrin daha da inkişafına gətirib çıxardığını qeyd edib. Səfir Ümummilli liderin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyevin təşəbbüskarı olduğu və həyata keçirdiyi regional layihələr sayəsində bu gün Azərbaycanın Gürcüstan və Türkiyə ilə münasibətlərinin uğurla inkişaf etdiyini bildirib. Azərbaycan və Gürcüstanın müstəqilliklərini bərpa etdikdən sonra ərazi bütövlüklərinə təhdidlərin yarandığını vurğulayan E.Süleymanov, ölkəmizin 20 faiz ərazisinin Ermənistan tərəfindən işğal olduğunu diqqətə çatdırmış və apardığı işğalçı siyasət nəticəsində Ermənistanın özünü bütün regional təşəbbüslərdən və layihələrdən təcrid vəziyyətinə saldığını qeyd edib. Ermənistanın düşdüyü ağır vəziyyətdən təəssüflər olsun ki, müvafiq nəticə çıxara bilmədiyini bildirən E.Süleymanov, bu xüsusda Azərbaycan-Gürcüstan münasibətlərini nümunəvi tərəfdaşlıq modeli kimi xarakterizə edib. Səfir Azərbaycanın ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri olan ABŞ, Fransa və Rusiyadan gözləntisinin münaqişənin həlli ilə bağlı davamlılıq nümayiş etdirməsi olduğunu qeyd edib. ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun bu yaxınlarda regiona səfər etdiyini vurğulayan E.Süleymanov, bu səfərin ABŞ-ın regiona marağının yenidən artıdığının göstəricisi olduğunu bildirib. İşğal olunmuş ərazilərimizdə qurulmuş qondarma rejimin lideri Bako Saakyanın ABŞ-a hazırkı gəlişini təəssüf hissi ilə bildirən səfir E.Süleymanov, B.Saakyanın ABŞ-da qeyri-qanuni fəaliyyətlər üçün maliyyə ianəsi topladığını qeyd edib. E.Süleymanov ABŞ-ın müharibə cinayətkarı B.Sahakyana viza verməklə region ölkələrinə səhv ismarıc yolladığını və Avrasiya məkanında separatçı rejimlərə münasibətdə qeyri-ardıcıl siyasət yurutdüyünü xüsusi vurğulayıb. Azərbaycanın Gürcüstanın ərazi bütövlüyünə hörmətlə yanaşdığını qeyd edən səfir Gürcüstanın ərazi bütövlüyü ilə bağlı BMT-də irəli sürülən bütün qətnamələri Azərbaycanın dəstəklədiyini, Ermənistanın isə bu qətnamələrə qarşı səs verdiyini diqqətə çatdırıb. Səfir Azərbaycan və Gürcüstanın GUAM təşkilatının həmtəsisçi ölkələrindən olduqlarını bildirib. ABŞ-ın regionda həyata keçirdiyi ən uğurlu layihələrdən birinin Bakı-Tbilisi-Ceyhan olduğunu vurğulayan E.Süleymanov, layihəyə 1996-cı ildə start verildiyini və 2006-cı ildə tikinti işlərinin başa çatdığını qeyd edərək layihənin ABŞ-ın həm demokrat, həm də respublikaçı administrasiyaları tərəfindən dəstəkləndiyini diqqətə çatdırıb. Azərbaycanın və Gürcüstanın dünyanın mürəkkəb regionunda yerləşdiyini və müxtəlif çağırışlar ilə üzləşdiyini vurğulayan səfir Ümummilli lider Heydər Əliyevin uzaq görən siyasəti nəticəsində bu çağırışların inkişaf və əməkdaşlıq üçün yeni imkanlara çevrildiyini bildirib.

Səfir E.Süleymanovla eyni paneldə çıxış edən Gürcüstanın ABŞ-dakı səfiri David Bakradze regiondakı sabitliyin qorunması məqsədilə hər iki ölkənin eyni mövqedən çıxış etdiyini vurğulayıb. Gürcüstanın müdafiə və təhlükəsizlik sahələrində Azərbaycan və Türkiyə ilə üçtərəfli səviyyədə yaxından əməkdaşlıq etdiyini qeyd edən D.Bakradze, 2012-ci ildən bəri hər üç ölkənin müdafiə nazirlərinin mütəmadi olaraq görüşlər keçirdiyini bildirib. Gürcüstanın Azərbaycanla enerji və nəqliyyat sahələrində də yaxından əməkdaşlıq etdiyini qeyd edən səfir, bu sahələrdə həyata keçirilən layihələrə ABŞ tərəfindən də böyük maraq göstərildiyini diqqətə çatdırıb.

“Azərbaycan-Gürcüstan: Avropa və Asiya arasında enerji və ticarət üçün strateji körpü” adlı ikinci paneldə çıxış edən Azərbaycanın ABŞ-dakı səfirliyinin müşaviri Orxan Zeynalov və Vaşinqtonda fəaliyyət göstərən Mərkəzi Asiya-Qafqaz İnstitutunun Ramsfeld Təqaüd Proqramının direktoru David Sumbadze Azərbaycan və Gürcüstanın iştirakı ilə həyata keçirilən Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan neft kəmərləri, Cənub Qaz Dəhlizi və Bakı-Tbilisi-Qars dəmir yolu layihələri və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verib.

Tədbirin təşkilində Azərbaycan və Gürcüstandan olan tələbələr, o cümlədən, Fuad Şahbazov xüsusi rol oynayıblar.

Tarix
2018.11.20 / 19:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla