Yuxarı

Yeltsinin əmri ilə ermənilər hücum etdi: Heydər Əliyev isə…

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

90-cı illərin əvvəllərində Azərbaycan Rusiyaya təklif vermişdi ki, Qarabağ konfliktinin bitməsi və torpaqların qaytarılması qarşılığında Azərbaycan neft kontraktlarını Rusiya ilə imzalayacaq, Rusiyanın hərbi bazalarını Azərbaycanda yerləşdirilməsinə izn verəcək.

Bu sözləri Axar.az-a geniş müsahibəsində Azərbaycan Prezidenti katibliyinin rəhbəri, Prezidentin köməkçisi vəzifəsində çalışmış (1993-1999) politoloq Eldar Namazov Ümumilli lider haqda xatirəsini bölüşərkən deyib. O bildirib ki, o dövrdə Gürcüstan da təqribən eyni vəziyyətdə idi. Şevardnadze də Rusiyaya müraciət etdi, hərbi bazaların Gürcüstanda yerləşdirilməsinə razılıq verdi:

“Ancaq onlar şərt qoymadılar ki, Abxaziya və Cənubi Osetiya məsələsi öz həllini tapsın. Ona görə də bir tərəfdən ruslar Gürcüstanda hərbi bazalarını saxladılar, eyni zamanda, Abxaziya və Osetiya məsələləri də öz həllini tapmadı. Şevardnadze sonradan buna belə qiymət verdi ki, bizi dizi üstə qoydular.

Heydər Əliyevin mövqeyi isə sərt idi. O, Qarabağ probleminin tam həllini şərt kimi irəli sürdü. Yeltsin bu təklifə yox dedi. Yeltsin düşünürdü ki, Azərbaycan o qədər zəif və çətin duruma qalacaq ki, onunla həm neft kontraktlarını imzalayacaq, həm də bazalarını, Şevardnadze kimi, ölkədə yerləşdirilməsinə şərtsiz razılıq alacaq”.

Politoloq bildirib ki, 1994-cü ildə ermənilərin hərbi qüvvələri Tərtər, Bərdə istiqamətində hücuma keçdi:

“Bu, ermənilərin deyil, Rusiyanın təşəbbüsü idi. Faktiki olaraq, ermənilərin adından bizə ultimatumu Rusiya verirdi ki, rus qoşunlarının Azərbaycana gəlməsinə, bazaların yerləşdirilməsinə razılıq verin, yoxsa ermənilər gəlib Gəncəni də tutacaq. Yəni hücumları gələcək neft boru kəmərinin yolunu kəsmək üçün təşkil edirdilər. Bununla da onun Gürcüstan ərazisindən keçməyinə mane olmağa çalışırdılar. Həm də Azərbaycanı dizi üstə qoymaq istəyirdilər ki, Azərbaycanın özü ermənilərin Gəncəni tutmaması üçün Rusiya qoşunlarını dəvət etsin. Rusiyanın planı bu idi.

Tərtər istiqamətində hücumlar başlayandan sonra Heydər Əliyev ordunu səfərbər etdi və hücumların hamısını dəf etdi. Ermənilər Tərtər istiqamətində gedən döyüşlərdə o qədər itki vermişdi ki, İrəvanda əsgər analarının mitinqləri keçirildi. Rus mətbuatı yazırdı ki, hər gün 100-dən çox tabut təyyarə ilə gətirilir. İrəvanın yanında hərbçilər üçün yeni qəbiristanlıq salınmışdı. Döyüşlərə dəstək vermək üçün Gürcüstandakı hərbi bazalardan Rusiya öz tanklarını ermənilərə göndərdi. Ermənilər arasında tank üçün ekipaj tapılmırdı. Gürcüstandan gələn ruslar özləri döyüşə girdilər. Sonradan vurulan tanklardan əsir götürülənlərin çoxunun rus olduğu da ortadadır.

Rus hərbçiləri artıq özləri gəlib erməni tərəfdə vuruşurdu ki, Kremlin Tərtəri və Bərdəni almaq planı reallaşsın. Bakı-Qazax magistralını tutmaq və Gəncəyə hücum hazırlamaqla bağlı Kreml göstəriş vermişdi. Heydər Əliyev elə bir müdafiə təşkil etdi ki, bir müddətdən sonra artıq ermənilər açıq şəkildə müharibəni davam etdirə bilməyəcəklərini dedilər. Ermənilərin bu tapşırığı həyata keçirməyə nə halı, nə gücü qaldı. Və nəhayət, biz atəşkəs imzaladıq.

Bu atəşkəsdə heç bir şərt yer almadı. Bundan sonra Heydər Əliyev sürətlə neft kontraktlarını hazırlatdı və cəmi 4 aydan sonra planı reallaşdırdı - 12 mayda atəşkəs imzalanmışdı, 20 sentyabrda neft kontraktlarına imza atıldı. Heydər Əliyev bunu o qədər sürətli və peşəkarcasına icra etdirdi ki, Rusiya nə qədər neft kontraktlarına mane olmaq üçün müqavimət göstərsə də, bunu bacarmadı.

Bakı-Tiflis-Ceyhan boru kəməri tikilib qurtarandan və Azərbaycana böyük neft gəlirləri gəldikdən sonra rus siyasətçiləri, diplomatları ilə görüşüm zamanı dedilər ki, biz o vaxt böyük səhvə yol verdik. Bizə verilən təklifi Yeltsin rədd etdi və hesab etdi ki, Azərbaycanı sındırmaq mümkün olacaq. Amma biz uduzduq. Artıq neft kontraktları başqa ölkələrlə imzalanıb. Neft və qaz boru kəmərləri çəkilir...”

Yeltsinin belə mühüm təklifdən niyə imtina etməsinə isə E.Namazov belə aydınlıq gətirib:

“Düşünürəm ki, bu, Yeltsinin Heydər Əliyevə qarşı şəxsi qərəzliyindən və yaxud Heydər Əliyevin gücünü dəyərləndirmə imkanının olmamasından irəli gəlirdi. Bu, hələ, SSRİ Siyasi Bürosunun dövründən vardı. Yeltsin o vaxtı Heydər Əliyevə qarşı açıq çıxışlar edirdi. Ona görə ki, o vaxt Heydər Əliyev SSRİ-nin əsas liderlərindən biri kimi qəbul olunurdu. Qərb mətbuatında da Heydər Əliyevdən çox danışılırdı. Yeltsində bir qısqanclıq var idi. Heydər Əliyev rəqib kimi nüfuzlu və yaşca digər Siyasi Büro üzvlərindən gənc idi. Cavan olmasına baxmayaraq, Heydər Əliyevin çox böyük nüfuzu var idi. Yəqin bu şəxsiqərəzlik, qısqanclıq Yeltsinə vəziyyəti obyektiv və düzgün qiymətləndirməyə imkan vermədi. O, ürəyindən keçən halı reallıq kimi qəbul etdi və Heydər Əliyevin əməkdaşlıq təklifinə yox dedi. O, Heydər Əliyevi və Azərbaycanı diz üstə qoymağa çalışırdı. Nəticədə isə Heydər Əliyev elə bir siyasət həyata keçirdi ki, Rusiya çox şeyləri itirdi və Kreml sonradan dərin peşmanlıq keçirdi...”

Tarix
2018.12.12 / 13:49
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla