Yuxarı

ABŞ-ın neft strategiyasında iki mühüm hədəf

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadçı ekspert Natiq Cəfərlinin Axar.az-a müsahibəsi:

- ABŞ şist neft istehsalında liderə çevrilir. Bu ölkədə indiyə qədər işlənməyən neft yataqlarının olduğunu nəzərə alsaq, ABŞ gələcək bir neçə onillikdə neft hasilatında liderliyini qoruya bilərmi?

- Artıq bununla bağlı ABŞ-da real hesablamalar aparılıb. Məsələn, ABŞ Beynəlxalq Enerji Agentliyinin hesabatı var. Bir çox beynəlxalq təşkilatların bu hesabatları təsdiqlədiyinə dair artıq konkret rəqəmlər də var. Burada əsas məsələ ondan ibarətdir ki, şist (slans) neftinin istehsalında maya dəyəri kifayət qədər aşağı düşüb. 5 il bundan öncə 1 barrel neftin slans üsulu ilə çıxarılmasının maya dəyəri 80 dollar idisə, artıq bəzi bölgələrdə - Şimali Dakotada bu rəqəm 18-20, ortalama isə təqribən 30 dollara qədər enib. Yəni şist neftinin maya dəyəri kifayət qədər aşağı düşüb və rentabelliyi artıb. ABŞ ətrafında, yəni dənizdə - şelfdə də kifayət qədər böyük neft yataqları var. Ötən il Tramp bu neft yataqlarının işlənilməsi ilə bağlı qadağanın götürülməsinə dair fərman verdi və həmin sahələrdə hazırda kəşfiyyat işləri aparılır. Bu gün ABŞ-da gündəlik 11,6 milyon barrel neft hasil olunur. ABŞ-ın Enerji Agentliyinin hesablamalarına görə, 2020-ci ildə bu rəqəm 13, 2025-ci ildə 14, 2030-cu ildə isə 17-18 milyon barrelə çata bilər. Bu da təbii ki, dünyada rekord göstəricilərdir. ABŞ-ın bu sahədə rəqibləri Rusiya və Səudiyyədir, ancaq həmin ölkələrdə maksimal hasilat heç vaxt 11,5 milyon barreli keçməyib. Bu göstəriciləri və şelfdə hasilatın artması ehtimalını nəzərə alsaq, ABŞ ən azı yaxın 10 ildə bu sahədə lider dövlət olaraq qalacaq. Bunun da neft bazarına ciddi təsirləri olacaq. Çünki ABŞ-ın gündəlik neft tələbatı təqribən 16-17 milyon barreldir. Bunun 11,6 milyon barrelini ABŞ özü çıxarır. Çünki hələ də xaricdən, əsasən də Səudiyyədən gündəlik 4-5 milyon barrel neft alır. Ancaq 5 ildən sonra ABŞ özünü neftlə tamamilə təmin edə biləcək, hətta ixracatçı ölkələrdən birinə çevriləcək.

- ABŞ-ın neft hasilatının artırılması strategiyasına başlaması yalnız Tramp Administrasiyası dövründə olacaq, yoxsa ondan sonrakılar da bu ənənəni davam etdirəcəklər?

- Bu ölkənin maraqları həmişə öndə olub. Yəni ABŞ çox fərqli ölkədir. Əgər bu gün əsasən də şelf yataqlarına milyardlarla investisiyalar qoyularsa, istənilən sonrakı hakimiyyət bunu dayandıra bilməz. Bu zaman dövlət olaraq ABŞ həmin şirkətlərə yüklü miqdarda kompensasiya ödəməyə məcbur olacaq. Çünki ABŞ-da məhkəmə sistemi olduqca güclüdür və təşviq proqramlarına inanan investorlar vəsaitlərini itirdikləri təqdirdə ABŞ hökumətindən milyardlarla kompensasiya ala bilərlər. Ona görə də ABŞ-da istənilən şəxsin prezidentliyi dövründə bu layihələrin davamlı olacağını düşünürəm. Çünki ABŞ-ın strateji hədəfləri də var. Bu, neft hasilatçısı kimi liderliyini qorumaq, artırmaq və nəticə etibarilə neft ixrac edən ölkələrdən birinə çevrilməkdir. ABŞ bu hədəfləri qarşısına qoyubsa, gələcək prezidentin kimliyindən asılı olmayaraq, həmin istiqamətdə addımlar atacaq.

- Neft ehtiyatlarının azalmağa başladığı bir dövrdə ABŞ-ın neft hasilatını artırmasına səbəb nədir?

- Dünyada neft ehtiyatlarının azalmasına dair yanlış bir nəzəriyyə var idi. Bu nəzəriyyə ötən əsrin 90-cı illərində çox məhşur idi. Belə ki, dünyada neft ehtiyatlarının tükənəcəyi və buna görə də gələcəkdə qiymətlərin çox baha olacağı ehtimal edilirdi. Ancaq reallıq bunun əksini deyir. Neft özünü bərpa edən bir təbii resursdur. Son rəqəmlər hələ açıqlanmayıb, ancaq 2015-ci ildə dünya üzrə təsbit olunmuş neft ehtiyatları 90-ci illərə nisbətən 6 dəfə çoxdur. 25 il ərzində dünya durmadan neft istehlak etsə belə, neft ehtiyatlarının həcmi 6 dəfə artıb. Yəni birincisi, neft tükənən bir resurs deyil və ona görə də ABŞ hasilatı artırmaq yolunu tutub. İkinci məsələ isə daha vacib və qlobaldır. Bu, dünyada gedən texnoloji inqilabla bağlıdır. Dünya çox sürətlə dəyişir və 5-10 ildən sonra neft bugünkü əhəmiyyətini itirə bilər. ABŞ da çox yaxşı anlayır ki, neftin gündəmdə olduğu dövrdə hasilatı artırıb, təbii resursu iqtisadi gücə çevirməsə, bir müddət sonra onun heç əhəmiyyəti qalmayacaq. Ən azından ona görə ki, bu gün dünyada neft istehlakının 40 faizə yaxınını daxili yanma mühərriki - benzin, dizel yanacağı, aviakerosin təşkil edir. Ancaq 10 ildən sonra dünya daxili yanma mühərriklərində benzin və neftdən istifadə olunmaya bilər. Çünki sürətlə elektormobillər, hibrid maşınlar gündəmə gəlir, hətta hidrogenlə işləyən maşınların artıq istehsalına başlanılıb. Yəni dünya istehlakında birdən-birə neftə ehtiyac 40 faiz azalsa, bu, qiymətlərin kəskin düşməsinə səbəb ola bilər. ABŞ da bunu çox yaxşı anlayır, ona görə də bugünkü vəziyyəti dəyərləndirir. Çünki 10 ildən sonra daha ucuz və bol neft dövrünə qədəm qoya bilərik.

- ABŞ Senatının ötən gün Səudiyyəyə qarşı qəbul etdiyi yeni qətnamədə Ər-Riyadın Rusiya və Çinlə əməkdaşlığının azaldılmasına çağırışlar edilir və Səudiyyəyə Yəmən məsələsində bundan sonra dəstək verilməyəcəyi bildirilir. Maraqlısı odur ki, bu qətnamə neft qiymətləri ilə bağlı müzakirələrin aktiv olması və Trampın OPEK-ə qarşı sərt ittihamlar irəli sürməsi ilə eyni vaxta düşür.

- Təbii ki, burada birbaşa əlaqə var. Çünki OPEK toplantısından öncə Tramp iki dəfə hasilatın azaldılmayacağına ümid etdiyini rəsmi şəkildə bəyan etdi. Qaşıqçı olayından sonra Səudiyyə hakimiyyətinə bir nömrəli namizəd olan şahzadənin cinayətdə iştirakı hətta Tramp və ABŞ tərəfindən ört-basdır edilirdi. Ancaq OPEK cüzi də olsa, hasilatın azaldılmasına qərar verdi. Bu da təbii ki, ABŞ-ın xoşuna gəlmədi. Bu fonda Konqresin son qətnaməsi OPEK-in qərarına cavabdır. Zənnimcə, bu məsələ daha da böyüsə, Səudiyyənin ABŞ-la konfliktə getmək kimi bir şansı yoxdur. Çünki Səudiyyənin təhlükəsizliyinin zəmanətçisi ABŞ-dır. Ona görə də bu, neft qiymətlərinə də təsirsiz ötüşməyəcək, Səudiyyənin OPEK və qiymətlə bağlı siyasətinin dəyişməsinə səbəb olacaq. Çünki bu addımın davamı kimi Səudiyyəyə qarşı sanksiyalar da tətbiq edilə bilər ki, Ər-Riyad da bunu qaldırmaq gücündə deyil.

- ABŞ neft strategiyası ilə Moskva və Ər-Riyadı bazarda sıxışdıra və onlar arasında fikir ayrılıqlarını yüksək həddə çatdıra bilərmi?

- ABŞ-ın neft strategiyası əslində iki önəmli hədəfə hesablanıb. Birincisi, bazarda və neft sahəsində ABŞ-ın həlledici rol oynamasıdır ki, buna da nail olmaq üzrədirlər. ABŞ bir neçə ildən sonra neft bazarında ən həlledici oyunçuya çevriləcək. Strategiyanın ikinci hədəfi ABŞ-ın dünyadakı rəqibləri - Rusiya, İran və Venesuelanın əsas gəlir mənbəyidir. Bu ölkələrə sanksiyalar tətbiq olunsa da, neftin qiymətlərinin yüksəlməsi hər üç ölkədə embarqoların təsirini minimuma endirməyə imkan yaradır. Əsasən də Rusiyanın sanksiyalar rejimində yaşamasına baxmayaraq, son 2 ildə neft qiymətlərinin yüksəlməsi bu ölkənin iqtisadiyyatını məhv olmağa qoymur. ABŞ da anlayır ki, neft qiymətlərinin yüksək olduğu bir dövrdə rəqiblərinə qarşı aparacağı sanksiya siyasətinin ciddi effekti olmayacaq. Çünki baha neft sanksiyadan dəyən zərəri kompensasiya edir. Ona görə də ABŞ rəqiblərini neft gəlirlərindən məhrum etmək üçün bu iki strategiya ilə hərəkətə davam edəcək.

- Neft ehtiyatlarının azaldığını nəzərə alsaq, Azərbaycan perspektivdə özünün qurudakı ehtiyat yataqlarından da yararlana bilərmi?

- ABŞ-da Şimali Karolina, Şimali Dakota və Texasda nefti slans texnologiyası ilə çıxarırlar. Azərbaycanda da quruda Kürdəmir, Lənkəran, Şirvan, Neftçala, Salyan, hətta çox az həcmdə şimal bölgələrində neft ehtiyatları var. Qurudakı yataqlarda neft ehtiyatlarının işlənməsi üçün yeni texnologiyaların tətbiqinə ehtiyac var. Azərbaycan bunun üçün xarici ölkələr, o cümlədən ABŞ şirkətləri ilə əməkdaşlıq müqavilələri imzalamalıdır. Əgər xarici şirkətlər investisiyaların böyük bir qismini öz üzərinə götürsə və həcm olaraq həmin yataqların işlənməsi onlara maraqlı olsa, bu zaman Azərbaycan əlavə divident və gəlir əldə edə bilər. Qurudakı yataqlarda neft ehtiyatları çox azdır, ona görə də ora investisiya qoymazdan öncə ciddi hesablamalar aparılmalıdır. Çünki az ehtiyatlı yataqlara investisiya qoyarkən həmin yataqlardan çıxarılan neftin maya dəyəri yüksəlir və investisiyaların həcmi artır. Bu baxımdan da yatırılan investisiyaların həmin yataqlardakı neft ehtiyatlarının işlənilməsi nəticəsində geri dönməsi mühümdür. Azərbaycanda qurudakı neft yataqlarının işlənilməsi yeni texnologiyalar köməyi ilə və kifayət qədər ciddi hesablamalardan sonra mümkün ola bilər.

Tarix
2018.12.15 / 08:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla