Qaraçuxur məscidini yandırmağa görə həbs edilən PKK
simpatizanları haqda müxtəlif xəbərlər gəlməkdədir.
Axar.az-ın əldə etdiyi son məlumatda qeyd edilir ki, kürd terror
təşkilatının Azərbaycanda "Yekbun" adlı qruplaşmasının məqsəd və
məramları olub.
Belə ki, "Yekbun" həmtəsisçiləri - Kamil Nəsibov və Elnur
Ələkbərovun təşkilatı yaradarkən əvvəlcədən planları olub. Onlar
gələcəyə hesablanan ideoloji bir strategiya götürüblər.
Xəbərə görə, təşkilat rəhbərliyi xəritədə dəyişiklik etmək,
Laçın, Kəlbəcər, Cəbrayıl, Qubadlı və Zəngilanın Kürdüstanın tərkib
hissəsi olduğunu təbliğ niyyətində olublar.
Eyni zamanda, "Bakur", "Başur", "Rojhilat", "Rojava" kimi
təşkilatların Azərbaycanda yaşayan kürdlərə dəstək verərək
"müstəqillik" yolunda birlik təşkil etməsini hesablayıblar.
"Yekbun" rəhbərliyi bununla fəaliyyət çərçivəsini
məhdudlaşdırmayıb. Onların proseslərin gedişində güclənərək
Azərbaycan parlamentində kürd fraksiyası yaratmaq, media bazarına
girmək, kürd iş adamlarını bir mərkəzdə toplamaq və mütəşəkkil bir
hala gətirilmək planları qurulub.
Məlumatda o da deyilir ki, onlar Kobanidə döyüşmək üçün kürd
gənclərini hazırlamaq niyyətində olublar. Lakin Qaraçuxur
məscidindən başladıqları ilk cəhddən layihə uğursuzluğa düçar olub
və hüquq-mühafizə orqanları cinayəti təsbit ediblər.
Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyi (MTN) Qaraçuxur
məscidinin yandırılması ilə bağlı məlumat yayıb. Milli
Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilmiş anti-terror
tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonunun Biləcəri
qəsəbəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Azərbaycan
Respublikasının vətəndaşları – Nəsibov Namiq Kamil oğlu və
Ələkbərov Elnur Tahir oğlu saxlanılıblar.