Ana səhifə Gündəm |
"Azərbaycan Rusiyanın maraqlarını nəzərə alaraq NATO-ya üzvlük hədəfini qarşısına qoymayıb. Halbuki bu, bizim daxili işimizdir".
Bu sözləri Axar.az-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. O bildirib ki, Ukrayna və Gürcüstanın bu addımı atmaq istəyərkən nələrin baş verdiyinin şahidi olduq:
"Azərbaycan bütün bunları nəzərə alaraq NATO-ya üzvlük məsələsini qarşısına qoymayıb. Bu da Rusiya hakimiyyətini razı salıb. Ancaq bütün bunlara baxmayaraq, NATO ilə əməkdaşlığı dərinləşdirməkdə sərbəstik. Hazırda ordumuzu NATO standartları səviyyəsində qururuq. Ərzaq təchizatı, hərbi təlimlərin sayı, texnika təchizatından tutmuş geyimədək, hamısı bu alyansın standartlarına uyğun tətbiq olunur. Azərbaycanın NATO yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Xəzər İbrahimin fikri ilə tamamilə razıyam ki, biz NATO-ya üzvlük məsələsini qarşımıza qoymadan da bu əməkdaşlığı dərinləşdirə bilərik. Bu, açıq-aşkar Rusiyada qıcıq yaratmayacaq. İndiyədək Rusiya rəsmilərindən heç birinin dilindən eşitməmişəm ki, onlar NATO-Azərbaycan əməkdaşlığından narahat olsunlar. Əksinə, Ukraynadan daha çox, bu məsələdə Gürcüstanın adı çəkilir. Azərbaycanın adı heç vaxt çəkilməyib. Bu da ondan xəbər verir ki, Rusiya Azərbaycanın NATO-ya üzv olmamaq hədəfini anlayışla qarşılayır. Amma alyansla əməkdaşlığı dərinləşdirmək, orduda NATO quruculuğunu sürətləndirmək bizim daxili işimizdir. Rusiya buna heç qarışmır və qarışa da bilməz".
Tarix
2014.12.12 / 11:57
|
Müəllif
Aygün Yusibova
|