Dağlıq Qarabağ probleminin uzunmüddətli həlli yolu
tapılmazsa, münaqişənin yeni güclə şiddətlənəcəyi təhlükəsi
var.
Bunu Trend ə Stokholm Dünya Problemlərinin Tədqiqat İnstitutunun
baş tədqiqatçısı Neyl Melvin Avropa Parlamentində Gənc Liderlərin
Forumunda deyib.
N.Melvin etiraf edib ki, Avropa İttifaqı (Aİ) Dağlıq Qarabağ
münaqişəsinin nizamlanmasına az diqqət yetirir və Ukrayna
böhranının həllinin axtarışı məsələsində daha aktiv mövqe
tutur.
O xatırladıb ki, Dağlıq Qarabağ münaqişəsi yarananda Aİ-nin
ümumi xarici mövqeyi və vasitəçilik etmək üçün lazımi vəziyyətdə
olmayıb.
N.Melvinin sözlərinə görə, hazırda Aİ-nin münaqişələrin həll
edilməsi üçün resursları var, lakin bu məsələdə hələ də siyasi
strategiyası və kompleks yanaşması yoxdur: "Aİ üzv ölkələrinin bir
sıra əsas sahələrdə nə etməklə bağlı ideyalarda konsensusunu əldə
etməyib. Hətta Ukrayna böhranı məsələsində sanksiyalar tətbiq
etməklə bağlı razılaşsalar da, sanksiyalardan başqa Rusiya ilə
gələcək əlaqələrin ümumi strategiyası yoxdur".
Aİ-nin digər münaqişələrin həlli üzrə danışıqlar prosesinə cəlb
edilməsinə gəlincə, ekspert bildirib ki, əvvəlcə Avropa İttifaqının
Ukrayna böhranının həll edilməsi məsələsində birgə işləyə
bilib-bilməyəcəyinə baxmaq lazımdır: "Əgər Aİ vasitəçilik rolunu
üzərinə götürərsə, İttifaq münaqişəyə cəlb olunmuş ölkələrin daxili
siyasətinə təsir etməli olacaq. Ukraynadakı rus cəmiyyətləri ilə
bağlı hadisələr göstərdi ki, Aİ bu sahədə vəziyyətə nəzarət
etməlidir".
N.Melvin əlavə edib ki, ümumilikdə Aİ vasitəçiliyi üzərinə
götürərsə, regiondakı vəziyyətlə bağlı yanaşma
müəyyənləşdirməlidir.