Yuxarı

Ölüm cəzası bərpa edilməlidirmi?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədəki Özgəcan cinayətindən sonra həm Türkiyədə, həm də ölkəmizdə ölüm cəzasının təkrar tətbiq edilməsinin zərurəti haqqında fikirlər səsləndirilməyə başlandı.

Ümumiyyətlə, ölüm cəzasının ləğvi ilə bağlı dünyada getdikçə yayılan bir tendensiya var. Avropa Şurası və Birliyi üzvlərində ölüm cəzasının tətbiqi qadağandır; bu cəzanı Avropa İnsan Hüquqları Konvensiyasının əlavə 6-cı Protokolu ləğv edir. BMT çərçivəsində isə 1966-cı il tarixli Mülki və Siyasi Hüquqlar Haqqında Paktın seçmə 2-ci protokolu ölüm cəzasının tətbiqini qadağan edir.

Əslində, ölüm cəzası birdən-birə yığışdırılmadı. Regional çərçivədə ölüm cəzası hələ ki, ancaq Avropa qitəsində tamamilə qadağandır. Avropa Şurasında da bu, birdən birə olmadı, əvvəlcə Konvensiyaya 1983-cü ildə əlavə kimi qəbul edilən 6-cı Protokol opsional idi, daha sonra məcburi hala gəldi. Onu qeyd edək ki, ölüm cəzasının yığışdırılması Avropada İntibah dövründən başlayan bir mədəni inkişafın ayrılmaz xəlqəsidir - növbəti bir mərhələsidir. Ölüm cəzasının olmasını istəyənlər bunu onunla əsaslandırırlar ki, ancaq ölüm cəzası kimi ağır cəza bəzi cinayətlərin sayını azaltmağa kömək edə bilər. Yəni cəmiyyətin bəzi üzvləri hər halda ən ağır cinayətləri törədəcəklər, amma əhəmiyyətli sayda potensial cinayətkarlar ölüm cəzasından qorxub çox ağır cinayətlərə getməyəcəklər.

Bu iddia yersiz və əsassızdır; məsələn, Pakistanda ölüm cəzası var, lakin İtaliyada yoxdur. İtaliya Avropada cinayətkarlıqda xeyli yüksək səviyyədə olsa da, statistik hesabatlara görə zorakı cinayətlərin sayı Pakistanda İtaliyaya nisbətdə 270% daha çoxdur. ABŞ-ın bir çox ştatında ölüm cəzası saxlanılsa da, oradakı cinayətkarlıq səviyyəsi xeyli immiqrantın yaşadığı Fransadan daha yüksəkdir.

Ölüm cəzasının ləğvini şərtləndirən digər amil hüquqidir: hər bir sistemdə həmişə məhkəmə səhvi ola bilər. Nəzəri olaraq mümkündür ki, zəruri müdafiə halında kimisə öldürmüş şəxs bunu sübuta yetirə bilməsin və ölüm cəzasına məhkum olunsun. Ya da bir nəfər şərlənib ölüm cəzasına məhkum edilə bilər, lakin həqiqəti sonradan öyərənsəniz belə bu vəziyyəti düzəldmək mümkün olmayacaqdır.

Başqa bir səbəb - dini-əxlaqidir: deyilir ki, insana həyatı bəxş edən Tanrıdır və sadəcə Tanrı onun həyatına təbii yolla son qoya bilər. Dövlət insana həyat bəxş etmədiyi üçün insanı həyatından məhrum edə bilməz. Əgər şəxs cəmiyyət üçün təhlükəlidirsə, onu təcrid etmək mümkündür.

Və nəhayət, ölüm cəzasının ləğvini şərtləndirən son səbəb siyasidir. Bir ölkədə ölüm cəzası verilə bilirsə, o, ən ağır cinayətlərə görə verilir. Cinayət qanunvericiliyi adətən bu cür cinayətlərə - birdən çox şəxsi vəhşi hisslə və ya köməksiz vəziyyətdə, ya da zorladıqdan sonra olan öldürmə, habelə vətənə xəyanət, casusluq, ağırlaşdırıcı hallarda terrorizm kimi əməllərə görə - ölüm cəzasını nəzərdə tutur. Diqqət edilsə, son saydıqlarımız sırf siyasi motivli ola biləcək cinayətlərdir. Bu da o deməkdir ki, müəyyən dövrdə müəyyən iqtidarlar öz rəqiblərini bu cinayətlərlə ittiham edərək rahatlıqla öldürə bilər. Tarix bunun dəfələrcə şahidi olmuşdur. Məsələn, 30-cu illərdə SSRİ-də minlərcə insan bu ssenari ilə "xalq düşməni" libası geydirilərək öldürülmüşdür.

Bu səbəblərə görə mədəni dünya ölüm cəzasından qəti və birdəfəlik imtina etmişdir. Ağır cinayətkarlıqla mübarizənin ağır cəzalardan yox, müvafiq həyat standartı təmin edib düzgün tərbiyə və təhsildən keçdiyini anlayıblar. Lakin hər bir cəmiyyətdə mümkün sadist cinayətkarlara görə rejimin sərtləşməsinə gedilmir - bu cür anormal cəmiyyət üzvləri üçün sadəcə olaraq ömürlük həbs cəzaları, islah oluna biləcək şəxslərə isə azadlıqdan məhrum etmə ilə bərabər müəyyən islahedici tədbirlər tətbiq olunur.

Odur ki, bir insanın xüsusi dərəcədə ictimai təhlükəli olması insanlığın tərəqqi kimi əldə etdiyi bir səviyyədən geri dönməsinə səbəb ola bilməz. Müasir cəmiyyət daha da humanistləşəcək, həmişə ortaya çıxa biləcək Beriyalar, Çakkal Karloslar, Üsamə bin Ladenlər isə cəmiyyətin mədəni inkişafına əngəl ola bilməyəcəklər.

Tarix
2015.02.24 / 09:09
Müəllif
Fərhad Mehdiyev
Şərhlər
Digər xəbərlər

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla