Yuxarı

Fətullah Gülən Bəxtiyar Hacıyevlə nə söhbət edib? – Müsahibə

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Fətullah Gülən mənə kifayət qədər sadə, təvazökar, xüsusi ambissiyaları olmayan xarizmatik insan təsiri bağışladı"

Bu gün saytımızda yayımlanan özəl xəbərdə Bəxtiyar Hacıyevin Fətullah Gülənlə görüşən ən gənc tələbə olduğu bildirilib. Hazırda Türkiyədə baş verənlər fonunda bu görüş xüsusilə diqqət cəlb edir: görüşdə məqsəd nə imiş? Hansısa razılaşma olubmu?

Onun Fətullah Gülənə münasibəti, ümumiyyətlə, onunla etdikləri söhbət haqqında Bəxtiyar Hacıyev suallarımızı cavablandırdı.

- Fətullah Gülənlə görüşməkdə məqsədiniz nə idi?

- Belə bir görüş olub, amma xəbərdə qeyd etdiyiniz kimi xüsusi bir təklif olmayıb. Bu görüşlə bağlı dəvət mənə 2008-ci ildə, ABŞ-da tələbə olanda gəldi. O vaxta qədər artıq bizim universitetdə bir çox dövlət və hökumət başçıları ilə görüşlərimiz olmuşdu. Həmin dövrdə qeyri-formal liderliklə bağlı mövzuları keçdiyimizə görə heç bir formal vəzifəsi olmayan bir şəxsin milyonlarla insana necə liderlik etməsi maraqlı idi. Buna görə də təklifi qəbul etdim və onun Pensilvaniyada yerləşən iqamətgahına getdim.

- Söhbət hansı istiqamətdə getdi? Onu Azərbaycanla bağlı nələr maraqlandırırdı?

- Fətullah Gülənin iqamətgahına dünyanın bir çox yerlərindən insanlar gəlir və mütəmadi olaraq orada mənəvi söhbətlər gedir. Biz çatanda da bir ümumi dini, mənəvi söhbət gedirdi. Bu ümumi söhbətdən sonra bir neçə nəfərlə birlikdə bizimlə ayrıca görüşdü. Görüşdə xüsusi mövzu yox idi, sadəcə, dərslərimizlə və s. maraqlandı. Azərbaycan ilə bağlı xüsusi bir şey soruşmadı, amma bu hərəkatın xaricə açılan ilk qapısı Azərbaycan olduğuna görə, ölkəmizə xüsusi simpatiyası hiss olunurdu. Söhbətin sonunda öz imzası ilə mənə qol saatı da hədiyyə etdi.

- Sizcə, Fətullah Gülən necə adamdır?

- Mənə kifayət qədər sadə, təvazökar, xüsusi ambissiyaları olmayan xarizmatik insan təsiri bağışladı. Hər halda, heç bir formal vəzifəsi olmayan bir şəxs dünyanın 100-dən çox ölkəsində məktəblər, universitetlər açılmasını təşviq edirsə, bir çox elm, dövlət və biznes adamı onunla məsləhətləşir, onun təşəbbüslərinə dəstək verirsə, bunun özü çox şey deyir.

- Son günlər Türkiyədə Fətullah Güləni dövlət içində dövlət yaratmaqda günahlandırırlar. Sizcə, Gülənin Türkiyədəki proseslərdə rolu nə qədərdir?

- Ona simpatiyası olan kifayət qədər Türkiyə vətəndaşı var. Təbii ki, bu insanlar da müxtəlif sahələrdə olduğu kimi, dövlət qulluğunda da çalışırlar. Amma bəzi hadisələrin arxasında Gülənin dayandığına inanmıram. Çünki bəzən elə şeylər baş verir ki, o hadisələr bu hərəkatın təməl dəyərlərinə ziddir. Məsələn, heç vaxt inanmaram ki, kiminsə məhrəm görüntülərinin yayılmasında bu hərəkata yaxın şəxslər dayansınlar. Belə hadisələr göstərir ki, kimsə Ərdoğan hakimiyyəti ilə Gülən tərəfdarlarının narazılığından istifadə edərək, iki tərəfi bir-birindən daha da uzaqlaşdırmaqda maraqlıdır.

- Gülənin Pensilvaniyadakı iqamətgahı necə bir yerdir? Orada Gülənin ətrafinda kimlər var?

- Xüsusi mühafizə olunan, yaşıllıqlar arasında, bir neçə mərtəbəli iqamətgah idi. Orada bir çox ölkədən, əksəriyyəti Türkiyədən olan şəxslər var idi və bəziləri bir neçə gün qonaq qalaraq onun söhbətlərini dinlədiklərini deyirdilər. Binanın alt mərtəbəsində isə qonaqlar üçün yeməkxana vardı.

- Bəs, bu gün necə, Gülən və ya gülənçilərlə hər hansı əlaqəniz qalırmı?

- Mən 2010-cu ildə parlament seçkilərində iştirak etdikdən sonra həbs edildim. Bundan sonra bacardığım qədər çalışıram ki, hətta bu hərəkata yaxın olduğu deyilən liseylərə də getməyim. İstəməzdim ki, kimsə mənim siyasi baxışlarım, həbsim və fəaliyyətimi bəhanə edib, Azərbaycanda bir çox insanın keyfiyyətli təhsil almasına töhfə verən bu təhsil qurumlarına problem yaşatsın. Bu yaxınlarda sosial şəbəkələrdə məzunu olduğum Ağdaş liseyinin fotosu qarşıma çıxdı. Lisey illərim, o bina üçün çox darıxdım, xatirələr gözümün önündən keçdi. Bir anlıq özümə "həftə sonu get liseyə, bir çay iç və qayıt" dedim. Amma dərhal fikrimdən vaz keçdim. İstəmirəm ki, mənim siyasi baxışlarıma görə kimlərsə bəhanə edib liseylərə problem yaratsınlar.

- Nurçuluğa munasibətiniz necədir?

- Yaşadıqları ölkələrin qanunlarına, Konstitusiyalarına qarşı olmayan, başqalarına zərər verməyən, əksinə, xeyir verməyə çalışan bütün insanlara münasibətim normaldır.

- Fətullahçılar Türkiyədəki kimi Azərbaycanda da müxtəlif yerlərə öz adamlarını yerləşdirə bilərmi? Ümumiyyətlə, nə vaxtsa onların Azərbaycan qarşı olacaqları ehtimalı nə qədərdir?

- Bu hərəkatın 100-dən çox ölkədə qurumları var. İnanmıram ki, həyatları boyunca dünya nemətlərindən belə imtina etmiş, hər zaman Allahın razılığını qazanmağa çalışmış könüllülər hərəkatının bütün dünyanı ələ keçirmək kimi bir niyyəti olsun. Onların siyasi ambissiyalarının olduğunu zənn etmirəm. Çoxları buna inanmır, amma tarixə baxsaq, bir çox könüllülər hərəkatı, bir çox ideya insanının dünyanın daha yaxşı yer olması üçün bir çox dəyişikliklərə səbəb olduqlarını görərik.

- Azərbaycandakı bəzi təhsil müəssisələrinin Fətullah Gülənin təbliğatını həyata keçirdiklərini söyləmək olarmı?

- Azərbaycandakı təhsil müəssisələri bu hərəkatın dünyaya açılan ilk müəssisələridir və ilk dəfə Naxçıvanda Heydər Əliyevin xeyir-duası, dəstəyi ilə olub. H.Əliyev həmin dövrə qədər SSRİ-də ən yüksək postları tutmuş, kifayət qədər dövlətçilik təcrübəsi olan, dünyanın düzənini anlayan bir şəxs idi. Hər halda, o, belə bir təşəbbüsə xeyir-dua veribsə, bunun kiminsə təbliğatı olmadığını, ölkəmiz və dünya üçün müsbət təşəbbüs olduğunu da bilib.

- Gülən hərəkatın ən birinci şəxsidir. Deyilənə görə, onunla görüşmək fətullahçıların bir üzvünə çevrilmək deməkdir...

- Bildiyimə görə, "camaat" (fətullahçılar) rəsmi üzvlüyü olmayan bir şəbəkədir. Kimsə özünü ora yaxın saya və ya saymaya bilər. F.Gülən ilə bir çox insan, o cümlədən, müxtəlif ölkələrin jurnalistləri, təqdiqatçıları görüşüb, bu hərəkat haqqında tədqiqatlar ediblər. Bu o demək deyil ki, onlar da "camaat" üzvüdürlər.

- Sizcə, Türkiyədə kim qalib gələcək: Gülən, yoxsa Ərdoğan?

- Məncə, Türkiyədə kifayət qədər ağıllı, dövlətini və xalqını sevən dövlət adamları var ki, onlar bu gərginliyin aradan qalxması üçün təşəbbüs göstərəcəklər və gərginliyin Türkiyənin gələcəyinə zərbə vurmamasına nail olacaqlar.

Tarix
2014.01.08 / 14:44
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan razılaşdı: 4 kəndlə bağlı qərar verildi - Təcili

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla