Azərbaycanda parlament seçkilərində müşahidə aparmış MDB
müşahidə missiyasının üzvləri heç bir qanun pozuntusu ilə
qarşılaşmadıqlarını açıqlayıblar.
Axar.az saytı xəbər verir ki, Rusiya Mərkəzi Seçki
Komissiyasının əlaqələndiricisi, MDB müşahidə missiyasının üzvü
Sergey Danilenko seçkilərin qanunvericiliyə uyğun şəkildə
keçirildiyini bildirərək deyib: "Azərbaycanın müxtəlif ərazilərində
seçki məntəqələrində müşahidələr apardıq. Mən və həmkarlarım
seçkilərin sakit şəkildə keçdiyini müşahidə etdik, qanunvericiliyə
zidd hər-hansı hadisənin şahidi olmadıq".
Komissiyaların işinin yaxşı təşkil edildiyini bildirən Sergey
Danilenko deyib: "Kifayət qədər insanın olmasına baxmayaraq,
məntəqələrdə növbələr yox idi. Çünki seçici siyahıları düzgün
tərtib edilmişdi".
Şamaxı, İsmayılı kimi dağlıq rayonlarda səsvermə prosesini
izləyən Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Vladimir Çurov
isə səsvermənin bütövlükdə normal getdiyini, ciddi qanun
pozuntusunun qeydə alınmadığını bildirib.