Prezident İlham Əliyevin son müşavirələri yeni
islahatların başlanması üçün siqnal oldu. Gəlirlərin azalması və
manatın mövqeyinin qorunması üçün bundan öncə xərclənən vəsait
ölkənin böyük qənaət rejiminə keçməsinə şərait yaratdı. Artıq bir
sıra mətbuat orqanları struktur islahatlarına başlanacağı haqqında
iddialar səsləndirməkdədir.
Prosesi daha dəqiq izləmək üçün iqtisadçı-ekspert Natiq
Cəfərli ilə söhbətləşdik:
- Artıq ölkədə bəzi qurumlar ləğv edilib, bəziləri
birləşdirilib. Bu struktur islahatlarının davamını necə
görürsünüz?
- Azərbaycanda Nazirlər Kabinetinin və dövlət idarələrinin
strukturuna baxanda görürük ki, 44-ə yaxın nazirlik və dövlət
idarəsi var. Bu, kiçik ölkə üçün həddindən artıq çox idi və büdcə
üçün yük yaratmışdı. Sadəcə, neftin qiyməti yüksək olduğu üçün biz
bu yükü hiss etmirdik və büdcədən ayrılan pullar hesabına bu
qurumların ayaqda qalması daha rahat olurdu. İndi qənaət rejiminə
keçmişik. Prezident də çıxışında bunu qeyd etdi. Hazırda ilk
baxışdaca artıq olduğu görünən qurumların ləğvi, yaxud
birləşdirilməsi prosesi gedir. Bu, çox doğru qərardır. Sadəcə,
burada sosial məsələlərin də paralel şəkildə həlli vacibdir. Çünki
Azərbaycanda 950 minə yaxın insan büdcədən maliyyələşir. Əgər
dövlət şirkətlərini də nəzərə alsaq, bu rəqəm 1 milyonu keçir. Bu,
çox böyük rəqəmdir. Azərbaycanda 1,7 milyondan artıq muzdla işləyən
işçi var. Onun təxminən 1,1 milyonu dövlət şirkətlərinin tərkibində
çalışan insanlardır. Bunun da üzərinə 1,3 milyon təqaüdçünü gəlsək,
büdcə üçün çox böyük risk və yük yaranır.
Yaxın gələcəkdə büdcəyə dəyişiklik edilməsi məsələsi gündəmə
gəlib. Çox güman ki, bu dəyişiklik zamanı biz daha ciddi struktur
islahatlarını görəcəyik. Fikrimcə, indiki mərhələdə ən çox
toxunulan sahə tikinti olacaq. Çünki nazirlik və komitələrdən başqa
tikintiyə nəzarət edən çoxlu qurumlar var. Bu, iş adamlarının
fəaliyyətini, lisenziyaların alınmasını, tikintilərin aparılmasını
çətinləşdirir. Prezident son müşavirədə bununla bağlı maraqlı fikir
söylədi ki, tikintidə olan korrupsiya digər sahələrdən daha çoxdur.
Bu, tamamilə doğru təsbitdir. Tikintinin çox maraqlı bir cəhəti də
onun multiplikator effektinin olmasındadır. Yəni tikinti öz
arxasınca bir çox sahələri dartıb apara bilir, həmçinin sürətlə
kifayət qədər iş yerləri yaratma imkanına malikdir. Ona görə də çox
güman ki, tikintidə kifayət qədər çox ciddi dəyişiklik, struktur
islahatları olacaq. Təxminən 14-ə yaxın dövlət qurumunun tikintiyə
nəzarət etmək haqqı var. Ola bilsin ki, bir nazirliyin və yaxud
idarənin tərkibində bunların hamısının birləşdirilməsinin şahidi
olaq. İlkin mərhələdə bunu gözləyirəm.
Hazırda Nazirlər Kabineti ilə Prezident Administrasiyasının (PA)
bəzi şöbələrinin funksiyaları üst-üstə düşür. Burda da bir-birini
tamamlayıcı və yaxud ardıcıllığını saxlamaq şərti ilə müəyyən
struktur islahatları mümkündür. Yəni qənaət rejimi bu islahatları
diqtə edir. Sadəcə, sosial paket də bunun yanında olmalıdır. Çünki
söhbət on minlərlə insanın işsiz qalmasından gedir.
- Struktur islahatlarının davamı kimi cəmiyyətdə belə
fikir var ki, bəzi rayonlar birləşdiriləcək. Sizcə, bu addım
doğrudurmu? Doğrudursa, hansı rayonlar
birləşdirilməlidir?
- Əslində, bu qərarın verilərsə, bunu ciddi təqdir edərəm.
Azərbaycan kiçik ölkədir. Kiçik ölkədə 70-dən artıq rayonun, rayon
mərkəzinin olmasının effektivliyi aşağıdır. Təsəvvür edin ki, hər
rayonun özünün polis şöbəsi, prokuroru, təhsil, səhiyyə şöbəsi var.
Bunların hamısı qeyri-effektiv idarəetməyə və resursların doğru
xərclənməsi zamanı müəyyən problemlərə gətirib çıxarır.
Təmərküzləşmə yolu ilə bunun adını "El", yaxud "Mahal" da qoymaq
olar. Mənim təsəvvürümdə El daha yaxşı səslənir. Bir neçə rayonun
birləşdirilməsi yolu ilə təqribən Azərbaycanı 18-20 Elə bölmək
olar. Məsələn, Şəki, Gəncə, Lənkəran, Quba kimi şəhərlərin El
mərkəzləri olmaq imkanları genişdir. Həm büdcə, həm də effektiv
idarəetmə nöqteyi-nəzərdən bu islahat ölkəyə çox yararlıdır.
Çox təəssüf ki, indiyə qədər kanalizasiyadan tutmuş yol su
xətlərinə qədər, hər şey insanların düşüncəsində Bakının problemi
hesab edilir. Əslində bu, yerli məsələlərdir. Amma burada idarəetmə
struktur islahatları ilə paralel, təmsilçilik islahatı da
olmalıdır. Məsələn, təəssüf ki, Azərbaycanda bələdiyyələr işləmədi.
Onların həm pis imici var, həm də institusional olaraq ölkənin
tələblərinə cavab vermədilər. Bələdiyyələrin effektiv idarəetməsi
üçün məsuliyyət və səlahiyyət bölgüsünə ehtiyac var. Yəni, icra
strukturları, icra nümayəndələri qaldıqca bələdiyyələr heç vaxt
normal şəkildə inkişaf edə bilməyəcək. Bələdiyyələr ən yaxşı halda
icra strukturunun bir filialına, qoluna çevrilir və bu da effektiv
idarəetməni xeyli dərəcədə aşağı salır. Ən yaxşı variant kimi yerli
özünüidarəetmənin Avropa təcrübəsi, El məclislərinin formalaşması
götürülə bilər. Bu, bir növ yerli seçkilər şəklində, böyük
şəhərlərdə mer seçkilərinin keçirilməsi formasında baş
tutmalıdır.
Biz cəmiyyəti çox pis öyrətdik və hamı cavabı mərkəzdən
gözləyir. Bütün məsuliyyət, səlahiyyət, vəsait mərkəzin
üzərindədir. Son vaxtlar regionlarda olan proseslər də göstərdi ki,
hamı Bakıdan imdad gözləyir. Heç kim yerli rəhbərlikdən, özünün
təmsilçisindən nəsə gözləmir, gözləntisi yoxdur. Ona görə ki,
resursunun olmadığını, səlahiyyətinin kiçik olduğunu bilir. Bu,
düzgün deyil. Xırda kommunal məsələlərin həlli sahəsində yerli
özünüidarəetməyə yavaş-yavaş keçid olmalıdır. Yəni vətəndaş
bilməlidir ki, suyu gəlmirsə, günah Bakıda yox, yerli
təmsilçilikdədir. Bunların həlli üçün onların büdcəsi olmalıdır.
Büdcəsinin olması üçünsə ciddi struktur islahatları ilə yanaşı,
qanunvericilikdə də dəyişiklik edilməlidir. Məsələn, ən optimal
yollardan biri ƏDV-ni azaltmaq şərti ilə ticarət vergisinin təsis
olunmasıdır. Yəni yerli biznesin üzərinə də yük düşməsin. Yığılan
ticarət vergisi birbaşa yerli büdcəyə keçirilsin. Bu, çox effektiv
modeldir, Avropa və Amerikada tətbiq olunur.
Regionların, rayonların birləşdirilməsi çox optimal addım
olardı. Bu, büdcənin yükünü xeyli dərəcədə azaldardı.
- Belə çıxır, islahatlar olarsa, icra hakimiyyəti, ya da
bələdiyyələrdən hansısa biri ləğv ediləcək.
- İcra hakimiyyətləri əslində ləğv olunmalıdır, amma mərkəzi
hökumətin bölgələrdə mütləq təmsilçisi olmalıdır. Bu, "vali",
"elbəy" şəklində də ola bilər. Hətta bizdə belə təklif də vardı ki,
adını "elbəyi" qoyaq. Bu "elbəy", "vali" bölgələrdə ancaq mərkəzi
hökumətin nəzarətçisi rolunu oynayır, birbaşa icra işlərinə
qarışmır. O, yalnız yerli rəhbərliyin konstitusiyaya uyğun hərəkət
edib-etmədiyini nəzarətdə saxlayır. Fövqəladə vəziyyətlərdə
idarəçiliyi öz üzərinə götürür. Mərkəzi hökumət onu vəzifələndirir
və güc strukturlarının koordinasiyasını o həyata keçirir. Söhbət
təbii fəlakət və iğtişaşlardan gedir. Amma normal iş rejimi ondan
ibarətdir ki, "el" ərazisində konstitusiya və mərkəzi hökumətin
qoyduğu qaydalara riayət edilməsinə nəzarət edir və birbaşa mərkəzi
hökumətə bununla bağlı məlumat verir. Həmin şəxsin özünün birbaşa
Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ olmalıdır. Əgər El
ərazisində konstitusiyaya zidd addımlar varsa, birbaşa Konstitusiya
Məhkəməsinə üz tutur və yerli məclisin qəbul etdiyi qaydaları ləğv
edir. Bu, hüquqi nöqteyi-nəzərdən vacibdir. Lakin düşünmürəm ki,
buna tez-tez ehtiyac olacaq. "El"lərin kiçik yerli hökumətləri
olmalıdır.
- Prezident son müşavirədə tenderlə bağlı problemlərin
olduğunu da dedi. Məsələn, dövlət idarələrinin tikililərinin böyük
bir qismini elə dövlət şirkətlərinin özü həyata keçirir. Bəzən
bunun üçün tenderlər belə keçirilmir. Effektivlik baxımından qənaət
dövründə biz bu dövlət şirkətlərini özəl və ya xarici şirkətlərin
əvəz etdiyini görə bilərikmi?
- Əslində bu, struktur islahatlarının ana xətlərindən biridir.
Məsələn, nazirliklər və dövlət idarələri təsərrüfat fəaliyyətindən
ayrılmalıdır. Nazirlik siyasi qurumdur, siyasəti müəyyən edir.
Məsələn, Nəqliyyat Nazirliyi bu sahənin siyasətini müəyyən edir.
Nazirlik kiçik, çevik aparatdan ibarət beyin mərkəzi olmalıdır və
bu sahələrlə bağlı dövlətin kiçik, orta və uzun vədəli siyasətini
müəyyən etməlidir. Nazirlik təsərrüfat fəaliyyəti ilə, ümumiyyətlə,
məşğul olmamalıdır. Özəl şirkətlər təbii ki, dövlət idarələrindən
daha effektiv işləyir. Əgər tenderi dövlət şirkəti udursa,
keyfiyyətə, xərclərə nəzarət ciddi olmur. Ona görə də nazirlik və
dövlət idarələri təsərrüfat işlərindən çəkilməlidir.
Dünyada belə bir praktika mövcuddur ki, tenderlərlə məşğul olan
xüsusi idarə olur. Həmin şirkət dövlətin birbaşa nəzarəti altında
bütün sahələr üzrə tender keçirir, tenderlərin şəffaf olması üçün
kanalların biri ilə müqavilə imzalanır və canlı yayımlanır.
Təklifdə müddət və qiymət olur. Məsələn, dövlət istəyir ki, bir
bina tiksin, yol salsın. Ən yaxşı təklifi edən iki şirkət sona
qalır. Tender komissiyası o şirkətləri araşdırır və onlar arasından
seçim edilir. Bu, çox effektiv və şəffafdır. İlkin şərt kimi dövlət
qurumları təsərrüfat fəaliyyətindən çəkilir və ayrıca qurum
yaradılır. Burada söhbət mütəxəssislərdən gedir. 15-20 nəfərlik
komissiya bütün ölkə üzrə bu tenderlərin normal şəkildə fəaliyyət
göstərməyinə təminat verə bilər.
İndiki qənaət rejimində onu da nəzərə almaq lazımdır ki, 2016-cı
ildə büdcəyə dəyişiklik olacaq. Bu olmasa belə, 4 milyard manata
yaxın investisiya xərcləri azaldılıb. Az qalmış vəsaiti daha
effektiv xərcləməyə ehtiyac var. Tenderlər xüsusi bir qaydada
keçirilməlidir. Tender komissiyasının üzvləri çox şəffaf işləməklə
yanaşı, çox yüksək maaş almalıdırlar. Azərbaycanda ən yüksək
maaşdan da artıq almalıdırlar ki, onların heç bir maddi marağı
qalmasın. Maddi maraq olmadıqda şəffaflıq artacaq, nəzarət güclü
olacaq.
- Millət vəkili Zahid Oruc Energetika Nazirliyinin lazım
olmadığını və ləğvinin məqsədəuyğunluğunu bildirib. Bu təklifə necə
baxırsınız?
(ardı var)