Yuxarı

“Rusiya 5 rayonun boşaldılmasına razılıq verib”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kremlin əsas şərti məlumdur; "ABŞ və NATO-nun adamı" Əbiyevin görəvdən alınmasının və rus generalının Müdafiə Nazirliyində yüksək posta təyinatının sensasion sirri...

"Rusiya Dağlıq Qarabağ ətrafındakı Azərbaycanın işğal olunmuş beş rayonunu-Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlının boşaldılmasına prinsipial razılıq verib". Diplomatik kanallardan "Yeni Müsavat"a daxil olan bu xəbər əlbəttə ki, Azərbaycan oxucusu üçün sensasion sayıla bilməz. Çünki 2007-ci ildən üzü bəri hətta Azərbaycanın dövlət rəsmiləri səviyyəsində də səslənən bu kimi iddialar gerçəkləşməyib və tezliklə gündəmdən çıxıb.

Amma xəbəri bir Qərb diplomatına istinadən redaksiyamıza verən mənbənin sözlərinə görə, məsələ bu dəfə çox ciddidir və Rusiya Dağlıq Qarabağ probleminin həllində özündə saxladığı açarı artıq masa üzərinə qoyub. Azərbaycanın 5 rayonun boşaldılmasını (üstəgəl Laçının da 13 kəndinin işğaldan azad edilməsini) nəzərdə tutan Madrid prinsiplərində münaqişənin nizamlanmasının bütün mərhələləri öz əksini tapıb. Nizamlanmanın birinci mərhələsində 5 rayon və Laçının 13 kəndi azad olunmalıdır. Bu ərazilərdən erməni qoşunları çıxarıldıqdan sonra bütün sərhədlər və kommunikasiyalar açılmalı, minalanmış torpaqlar təmizlənməli və dağıdılmış kommunikasiyalar bərpa olunmalıdır. Bundan sonra regionda sülhməramlı müşahidəçilər yerləşdirilməli, evlərinə qayıdan köçkünlərin təhlükəsizliyi təmin edilməlidir. Növbəti mərhələdə Laçın və Kəlbəcər rayonları tamamilə işğaldan azad edilməli, azərbaycanlı icma Dağlıq Qarabağa qayıtmalı, bundan sonra Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın hüququ statusu müəyyən edilməlidir. Ermənistan tərəfi illərdir ki, 5 rayonun boşaldılması təklifi ilə bağlı razılaşma olarsa, bu halda Dağlıq Qarabağın statusunun referendumla müəyyən edilməsinə və buna qədər Laçın və Kəlbəcər rayonlarının işğalda qalmasına çalışır. Azərbaycan isə bu təklifi qəbuledilməz sayır. Rəsmi Bakı yalnız o halda razılıq verəcəyini deyir ki, Dağlıq Qarabağın statusu məsələsi ən azı beş il sonraya saxlanılsın.
Yada salaq ki, münaqişənin nizamlanması ilə bağlı sənəd tərəflərə ilk dəfə 2007-ci il noyabrın sonunda Madriddə təqdim olunub. Bundan sonra, Azərbaycan və Ermənistan prezidentlərinin 2008-ci il iyunun 5-də Sankt-Peterburqda, noyabrın 2-də Moskvada, 2009-cu il yanvarın 28-də Sürixdə, mayın 7-də Praqada, iyunun 4-də Sankt-Peterburqda, iyulun 17-18-də Moskvada, oktyabrın 8-9-da Kişinyovda, noyabrın 22-də Münhendə, 2010-cu il yanvarın 25-də Soçidə, iyunun 17-də Sankt-Peterburqda, oktyabrın 27-də Həştərxanda, 2011-ci il martın 5-də Soçidə, iyunun 24-də Kazanda, 2012-ci il yanvarın 25-də isə Soçidə 14 görüşü keçirilib. Azərbaycanın təkliflərindən sonra yeniləşən Madrid prinsipləri bu illər ərzində məhz Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe nəticəsində reallaşmayıb.
İndi isə Rusiya Azərbaycana o vədi verib: "Ermənistan 5 rayonu boşaldacaq!" Qeyd edək ki, yuxarıda sadaladığımız bu görüşlərdən 9-u, eləcə də son 6-sı Rusiya prezidentinin (Dmitri Medvedyevin) vasitəçiliyi ilə keçirilib.
Rusiyanın Azərbaycana vəd etdiyi 5 rayonun boşaldılması üçün əsas şərti də "Yeni Müsavat"a məlumdur. Azərbaycan Rusiyanın patronajlıq etdiyi Gömrük və Avrasiya ittifaqlarına qoşulmalıdır. Azərbaycanın işğalçı bir ölkə ilə geniş əməkdaşlığı nəzərdə tutan ittifaqlara üzvlüyü mümkünsüzdür və bunu Rusiya yaxşı anlayır. Münaqişənin həlli ilə bağlı ciddi hərəkətliliyin olmasını Belarus prezidentinin Azərbaycanda nədənsə, çox da diqqət yetirilməyən son bəyanatı da təsdiqləyir. Oktyabrın 24-də Minskdə MDB dövlət başçılarının sammitindən bir gün əvvəl keçirilən Avrasiya Ali İqtisadi Şurasının toplantısında Lukaşenko deyib ki, Ermənistanın Gömrük İttifaqına üzvlüyü məsələsində Azərbaycanın mövqeyinin nəzərə alınması önəmlidir. Lukaşenkonun fikrincə, Ermənistanın Azərbaycanla həll olunmamış ərazi münaqişəsinin olması üzvlükdə problem yarada bilər.
Bu bəyanatın təhlili iki mühüm məqamı ortaya çıxarır. Birincisi, Rusiya və tərəfdaş ölkələrin Gömrük və Avrasiya ittifaqlarının yaradılması Dağlıq Qarabağ münaqişəsi həll olunmadan mümkünsüz sayılır.
İkinci mühüm məqam ondan ibarətdir ki, Azərbaycan bu birliklərə qoşulmağa razılıq verib və əsas şərti də Qarabağ probleminin həllidir. Aydındır ki, Rusiyanın razılığı olmadan ev sahibi olsa da, Lukaşenko bu cür ciddi, həm də Ermənistanı küncə sıxacaq bəyanat verə bilməzdi. Bu, Rusiya prezidentinin ən çox önəm verdiyi bir projenin baş tuta bilməməsi variantında əsas günahkarın Ermənistan olacağına mesajdır. Putin isə Avropa Birliyinə az qala alternativ kimi düşündüyü bu ittifaqları Ermənistanın cığallığına qurban vermək istəməz.
Azərbaycanın iqtisadi inkişafı Rusiyanın ölkəmizə təzyiq imkanlarını minimuma endirib. Kreml də bunun fərqindədir. Bu səbəbdən də Azərbaycana daha diplomatik və həssas nöqtədən yanaşma tələb olunur. Bunun yolu isə Qarabağdan keçir. Kreml rəhbərliyi onu da yaxşı anlayır ki, ağlı başında olan heç bir hakimiyyəti təzyiqlər yolu ilə ərazi münaqişəsində olduğu digər bir dövlətlə hər hansı iqtisadi əlaqələr qurmağa razı salmaq olmaz. Belə bir razılaşmaya gedən dövlət başçısı isə hakimiyyətini qoruya bilməz...
Hakimiyyətini qorumaq istəyən Azərbaycan rəhbərliyinin də Putinin inad etdiyi birliklərə yalnız Qarabağ şərti ilə qoşulacağına razılıq verməsi inandırıcı görünür.
Diplomatik mənbənin dediyinə görə, Putinin Bakıya avqust səfərində də əsas müzakirə mövzusu Qarabağ ətrafında 5 rayonun boşaldılması olub. Bu məlumat çox konfidensial saxlanılsa da, razılaşmanın bəzi detalları ABŞ-a məlum olub. Hətta bir qədər ziddiyyətli görünsə də, ABŞ-ın 9 oktyabr seçkisinə sərt mövqeyini bu görüşdə əldə edilən razılaşma ilə izah edənlər də var.
Putinin səfərində Rusiyanın Gömrük ittifaqına üzvlüklə bağlı Azərbaycanın dekabrın 15-dək qərar verməsini istədiyi barədə bir neçə dəfə yazılıb. Amma həmin görüşdə daha iki sensasion məsələ də müzakirə edilib.
Qərb mənbələrinə məlum olub ki, Rusiya 5 rayonun boşaldılmasından sonra Madrid prinsiplərində nəzərdə tutulduğu kimi, regiona BMT sülhməramlılarının deyil, rus qoşunlarının yerləşdirilməsini istəyir. Münaqişənin həllində açar rolunu oynayan Rusiyanın təşəbbüsü ələ almaq istəməsi və sülhməramlılarının Qarabağda yerləşdirilməsinə çalışması barədə xəbərlər də yeni deyil. Amma bu dəfə Rusiya bu prosesdə həmsədr ölkələrdən fərqli bir rol almaq istəyir və 5 rayonun boşaldılmasına nail ola bilərsə, sülhün qarantı kimi də Qarabağa qoşun yeritmək iddiası əsaslı görünür. (Bu qoşunun statusu isə "MDB sülhməramlıları" kimi tərtib olunacaq.) Yəni hər şeyi Rusiya həll edirsə, ABŞ, Fransa və ya BMT niyə sülhə qarant olsun ki? Azərbaycanın bu məsələdə indilikdə hansı mövqedə olduğunu demək çətindir, çünki yalnız münaqişənin həllində ciddi irəliləyiş əldə etdikdən sonra bu barədə danışmaq olar. Qərb diplomatı bu görüşdə Rusiyanın sülhməramlılarla bağlı şərtini ilkin olaraq razılaşdırdığını iddia edib.
"Rusiyanın həmin görüşdə irəli sürdüyü bir şərti isə artıq yerinə yetirilib" deyən, mənbəmiz adını gizli saxladığı diplomatın sensasion sözlərini "Yeni Müsavat" la bölüşüb: "Səfər Əbiyevin istefasının (nəzərə çatdıraq ki, "Yeni Müsavat" və digər qəzetlər bu istefanın daha çox daxili amillərlə-nazirin gizli bank hesabları, ordudakı özbaşınalıq və komandanlığa inamın zəifləməsi və sair kim səbəblərlə izah edib) əsas səbəbi Rusiya ilə bağlıdır. Rusiya "ABŞ və NATO-nun generalı" hesab etdikləri Əbiyevin görəvdən alınmasını Qarabağ razılaşmasının şərti kimi qoyub. Görünür, Kreml Əbiyevin bu razılaşmada "əngəl"ola biləcəyindən ehtiyat edib".
Qeyd edək ki, 18 il nazir olmuş S.Əbiyev Rusiya ilə də normal əlaqələr yaratsa da, ordu quruculuğunda əsasən NATO modelinə üstünlük verirdi.
Rusiyanın bu postda Əbiyevlə konfliktdə olan Baş Qərargah rəisi Nəcməddin Sadıqovu görmək istədiyi də iddia olunur. Amma bu təklifi də bir çox səbəblərdən hakimiyyət qəbul etməyib. Yeni müdafiə naziri general-polkovnik Zakir Həsənovun ehtiyatda olan general-mayor Anatoli Vasyakı nazirlikdə yeni vəzifəyə təyin etməsi bu xəbərlərin fonunda çox diqqətəlayiqdir. Qeyd edək ki, slavyan mənşəli general Müdafiə Nazirliyində yaradılmış Daxili Təhlükəsizlik İdarəsinə şöbə müdiri vəzifəsinə təyin edilib.
Çox maraqlıdır ki, general Vasyak Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqovun ən yaxın dostlarından və sirdaşlarından biridir...
ATƏT-in Minsk Qrupunun həmsədrləri gələn həftə Azərbaycana gələcəklər.
Rəsmi məlumatlara görə, həmsədrlər səfər zamanı Azərbaycan rəsmiləri ilə görüşəcək, münaqişənin həlli prosesində yaranmış vəziyyəti müzakirə edəcəklər. Həmsədrlərin bölgəyə səfərində əsas məqsəd Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü təşkil etməkdir. Onlar Bakıdan Ermənistana yollanacaq. Həmsədrlərin səfəri ərəfəsi bu məlumatların media vasitəsilə ictimaiyyətə ötürülməsinin arxasında hansı ciddi niyyətlərin dayandığını öyrənmək də maraqlı olacaq.
Həmsədrləri gözləyək...
Tarix
2013.11.01 / 09:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla