Odnoklassniki sosial şəbəkəsində əslən Qarabağdan olan
erməni Artur Ağacanovun Qarabağ ətrafında vəziyyət, Azərbaycanda
Alban kilsəsinin bərpasına dair müraciəti yayılıb.
Axar.az xəbər verir ki, İnterfax-Azərbaycan agentliyi A.Ağacanovla əlaqə
saxlayıb və məlum olub ki, Bakı ermənisi, hazırda Ukraynada yaşayan
Ağacanov artıq uzun illərdir erməni təbliğatı və tarixin
saxtalaşdırılmasına qarşı mübarizə aparmağa çalışır. Əksər Qarabağ
xristianları kimi, A.Ağacanov da özünü zorla erməniləşdirilmiş
şəxslərdən sayır. Çünki etnik baxımdan onun qaykan (hay) xalqına
heç bir aidiyyəti yoxdur.
O, Alban kilsəsinin xalqlarının zəngin irsini mənimsəmiş, qaykan
xalqının Qarabağa gəlmə olduğunu sübuta yetirəcək hər şeyi məhv
etmiş Eçmiadzin kilsəsinin və erməni millətçilərinin ifşası üçün
əlindən gələni etməyə hazırdır. A.Ağacanov Qarabağı açıq şəkildə
Azərbaycan torpağı adlandırır, erməni separatçılarını ifşa edir və
əmindir ki, Qarabağın gələcəyi yalnız Azərbaycanın
tərkibindədir.
A.Ağacanov onun kimi düşünən Qarabağ ermənilərini öz ətrafında
birləşdirməyə hazırdır və onları bəyanatına dəstək verməyə
çağırır.
Onun sosial şəbəkələrdəki səhifəsində yaydığı müraciəti təqdim
edirik:
"Qarabağ torpağı əsrlər boyu müxtəlif müharibələrə, toqquşmalara
səhnə olub. Bu proseslər nəticəsində onun qədim Qafqaz
Albaniyasının bir hissəsi olan mədəniyyəti, məbədləri, memarlıq
abidələri və xalqların irsi ziyan görür. Bu qədim dövlətin öz
xüsusi mədəniyyəti, tarixi və memarlığı olub. Onlardan biri də
xristian dünyasının ən qədim kilsəsi sayılan Avtokefal Alban
Kilsəsi idi. Lakin artıq bütün bu qədim irs ya məhv edilib, ya da
erməni mədəniyyəti və tarixi kimi təqdim olunmaqdadır.
Məsələ ondadır ki, insanlar tam qədimdən etnik deyil, dini
mənsubiyyətinə görə bölünüblər. 19 əsrədək insanları məhz dini və
konfessional mənsubiyyətinə görə yəhudi, xristian, müsəlman,
buddist, atəşpərəst, erməni və s. adlandırırdılar. Müxtəlif
xalqların bu və ya digər dinə inanan nümayəndələri bu adlar altında
birləşirdilər. Sonradan müxtəlif xalqlar arasında fərqlər aradan
qalxdı və onlar özlərinə verdikləri ad altında birləşməyə
başladılar. Beləliklə, "ermənilər" anlayışı dini termindən "erməni"
etnik termininə çevrildi və qıpçaqlar, tatlar, kürdlər, udinlər və
monofizit xristianlığa etiqad edən digər Qafqaz xalqları da
"erməni" kimi təqdim olunmağa başladı.
Faciə ondadır ki, "erməni" adlandırılan hər kəs Eçmiədzin
kilsəsinə aid edilməyə başlayıb. Halbuki, əvvəllər ora qaykan (hay)
xalqının dini mərkəzi olub. Nəticədə bütün erməniləri zorla haya
çevirib, onları öz etnik mənsubiyyətlərindən, mədəniyyət və
tarixlərindən məhrum ediblər.
Artıq iki əsrdir ki, Türkiyədən, İrandan, Yaxın Şərq
ölkələrindən olan erməni köçkünlər (hay və ya qaykan xalqının
nümayəndələri) Qarabağın qədim torpaqlarını mənimsəyir. Bu iki
əsrdə həmin köçkünlər Eçmiədzin kilsəsinin dəstəyilə qədim
Avtokefal Alban Kilsəsini ləğv etməyə də nail olublar. Qandzasar və
Amaras kilsələrinin, Alban kilsəsinin Qarabağda və bütünlükdə
Cənubi Qafqazdakı digər patriarx taxt-taclarının ləğvi nəticəsində
çoxsaylı xalqlar, onların mədəniyyəti, məbədləri, kitabları və irsi
Eçmiədzin erməni kiləsinin əlinə keçib. Bu xalqların bir hissəsi
erməni qriqoryanlığına etiqad etsələr də, onların erməni-hay
xalqına və Eçmiədzinə heç bir aidiyyəti olmayıb. Lakin bu xalqların
etnik mənşəyi zorla dəyişdirilib və onlar erməniləşdiribilər.
Qarabağ xristianları bioloji baxımdan Qafqaz Albaniyasının
Azərbaycan və digər xalqlarına yaxındırlar. Lakin müxtəlif siyasi
mərkəzlərin və ölkələrin susqun razılığı və himayəsi fonunda iki
əsr ərzində müxtəlif xalqların, ölkələrin və mədəniyyətlərin erməni
irsi təhrif olunaraq erməni-hay xalqının və Eçmiadzin erməni
kilsəsinin adına yazılıb. Bu biabırçı ədalətsizlik bir çox qanlı
milli münaqişələrə yol açıb və onlardan ən amansızı, qanlısı
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir.
Biz başa düşürük ki, Qarabağın tarixi və taleyilə bağlı erməni
millətçi konsepsiyasına zidd istənilən fikir və ya çıxış həyat üçün
təhlükəlidir. Son 25-30 ildə erməni millətçiliyinin postulatlarının
əleyhinə çıxış edən saysız-hesabsız erməni siyasətçisi, ictimai
xadimi və fəalı öldürülüb, yaxud terrora məruz qalıb. Qarabağın
Azərbaycanın ayrılmaz hissəsi, qədim Qafqaz Albaniyası tarixinin,
onun xristian mədəniyyətinin bir parçası olduğunu söyləyən
istənilən şəxs həyatı üçün birbaşa təhlükə ilə qarşı-qarşıya
qalıb.
Lakin biz hesab edirik ki, həqiqəti söyləməkdən, onun uğrunda
mübarizə aparmaqdan qorxmaq lazım deyil. Hesab edirik ki, Qarabağ
problemi həll olunmalıdır, əks təqdirdə o, bizdən övladlarımıza
qalacaq və artıq onların qanı axıdılmağa başlayacaq. İnsanlar
erməni millətçiləri tərəfindən qondarılmış, həyata keçirilən saxta
tarix uğrunda ölüblər və ölürlər. Xalqlarımızın üzərinə çökmüş
bütün şər məhz bu tarixi konsepsiyadan gəlir. Odur ki, saxta tarixi
ifşa etmək, qan tökülməsinin qarşısını almaq üçün əlimizdən gələni
etməliyik. Bizi - Qarabağ ermənilərini Ermənistanda qaykanlarla
etnik fərqimizə görə hər zaman "ikinci dərəcəli" insan sayıblar və
saymaqda davam edirlər. Orada bizi hər zaman nifrətlə "şurtvas"
("dönmə") adlandırıblar. Bu, bir daha göstərir ki, qaykanların
özləri də bizi ayrı, etnik, dini və tarixi baxımdan fərqli xalq
sayırlar.
Dünya ictimaiyyətini, beynəlxalq təşkilatları - BMT, YUNESKO və
digərlərini erməni inancına malik olmuş müxtəlif xalqların qədim
irsinin dərindən öyrənilməsi və qorunub saxlanılması üçün lazımi
tədbirlər görməyə çağırırıq. Biz erməni inanclı xalqların irsinin
öyrənilməsi, qorunması və təbliği işinə, xristian dünyasının ən
qədim kilsələrindən olmuş Avtokefal Alban Kilsəsinin bərpasına
hərtərəfli töhfə verməyə hazırıq. Biz Azərbaycanda Alban kilsəsinin
dirçəlməsi, məbədlərdə ibadətin bərpası haqda məlumatı sevinclə
qarşıladıq. Bu, bizim üçün böyük impuls, Alban dini irsi ətrafında
birləşməyimiz üçün əla imkandır. Bu məqsədlə yaxın zamanlarda
təşkilat da yaradacağıq və Qarabağın tarixinə, taleyinə biganə
olmayan hər kəs bu təşkilata qoşula biləcək.
Hər kəsi bu müraciətin yayılmasına yardım etməyə çağırıram!"