Ana səhifə Hadisə |
Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdulla İtaliyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Auqusto Massari ilə görüşüb.
Kult.az xəbər verir ki, A.Massarini səfir vəzifəsinə təyin edilməsi münasibəti ilə təbrik edən K.Abdulla iki ölkə arasındakı xoş münasibətlərin bundan sonra da davam edəcəyinə ümid etdiyini bildirib. İtaliya ilə bağlı xatirələrindən danışan rektor dünya şöhrətli italyan yazıçı Umberto Ekonun dəvəti ilə onun evində olduğunu xatırladıb. Bu xatirələrin unudulmaz olduğunu deyən rektor İtaliya ilə bağlı xoş təəssüratlarını bölüşüb.
Multikulturalizm sahəsində əməkdaşlıqdan söz açan K.Abdulla bildirib ki, “Azərbaycan multikulturalizmi” fənninin tədris edildiyi universitetlərdən biri də İtaliyanın La Sapienza Universitetidir:
“Çalışacağam ki, italyan alimlər Azərbaycana gəlsinlər. Mən italiyalı alimlərin ADU ilə sıx təmaslarının qurulmasının tərəfdarıyam. Ümid edirəm ki, cənab səfir bizim bu istiqamətdə arzularımızın həyata keçirilməsinə kömək edəcək”.
Səfir A.Massari Azərbaycanın ölkəsində kifayət qədər tanındığını, İtaliya səfirliyi ilə ADU arasında isti münasibətlərin mövcud olduğunu vurğulayıb:
“Ümid edirəm ki, bu münasibətlər daha da məhsuldar olacaq. Mən əməkdaşlığa, eyni zamanda “Azərbaycan multikulturalizmi” fənninin tədrisinə öz töhfəmi vermək istərdim. Əminəm ki, digər italyan universitetləri də bu fənnin tədrisinə maraq göstərəcək”.
Görüşün sonunda səfirə “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı və rektor K.Abdullanın İtaliyada nəşr olunan əsərləri təqdim olunub.
Tarix
2017.10.17 / 16:53
|
Müəllif
Aqşin
|