Yuxarı

TV-də ləğv edilən peşə: yenidən ehtiyac varmı?

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Diktor - latın dilindən tərcümədə “danışan” deməkdir. Radio və televiziyada diktorun vəzifəsi jurnalist tərəfindən yazılan mətni səsləndirməkdir. Bunun üçün diktor nəinki gözəl səsə, o cümlədən aydın tələffüzə və aktyorluq qabiliyyətinə malik olmalıdır.

Lakin bu gün Azərbaycan efir məkanında demək olar ki, diktor yoxdur, aparıcılar var. Telekanallardakı nöqsanlar, aparıcıların dil normalarını kobud şəkildə pozması, dialekt sözlərdən istifadə etməsi TV-lərdə səlis danışığı, düzgün üslubu, görünüşü ilə seçilən peşəkar diktorlara ehtiyac olması məsələsini gündəmə gətirir.

Mövzu ilə bağlı Kult.az-a danışan media eksperti, professor Qulu Məhərrəmli bildirib ki, hazırda diktorlara o qədər də ehtiyac yoxdur:

“Diktoru əvəz edən aparıcılar və prodüserlər var. Onlar jurnalistikanı keçmiş, püxtələşmiş, sənətin dərinliklərini bilən insanlardır. Diktor məktəbi, əslində, 90-cı illərin əvvəllərində ləğv olunmuşdu. Məmməd Murad AzTV kanalında sədr olanda bu institut ləğv olundu. Sonrakı direktorların vaxtında isə diktor kursları yenidən formalaşdı.

Aparıcılar heç bir göstəriş olmadan özləri yazır, özləri materialları hazırlayır, hətta montaj prosesində də iştirak edə bilirlər. Aparıcılıq yaradıcı peşədir. İndiki halda isə diktor sənətinə hesab edirəm ki, ehtiyac yoxdur. Müasir televiziya, müasir radio şəbəkəsi bu peşəni keçmişə çevirib. Heç qərb ölkələrində televiziya və radiolarda bizim başa düşdüyümüz mənada diktorlar yoxdur”.

Qulu Məhərrəmli mərhum diktor Rafiq Hüseynovu nümunə göstərərək, onun həm də gözəl aparıcı olduğunu qeyd edib:

“Rafiq Hüseynovun fövqəladə dərəcədə gözəl səs tembri, oxu qabiliyyəti, duyumu var idi və o, yalnız diktor deyildi, həm də aparıcı idi.

Ümumiyyətlə, diktor bir elementdir, bir fəaliyyətlə məşğul olur. Kağızı gətirib qoyurlar qarşısına, o da oxuyur. Aparıcı isə qonağı dəvət edir, onunla bağlı araşdırma aparır, suallar verir, verilişi idarə edir”.

Keçmiş televiziya aparıcısı, gözəl diktor, xalq artisti Ofeliya Sənani isə bildirib ki, diktorlar hər şeyi bacarırdılar: həm diktorluq, həm də aparıcılıq edirdilər:

“Aparıcılıq peşəsi diktorluqdan gəlir. Mənə görə, sənət ordan başlayır. İndi bu peşə ona görə “aparıcılıq” adlanır ki, onlar bizim qədər saatlarla mətnlər oxumurlar. Düşünürəm ki, diktorluq sənəti oxumaqla əlaqədardır. Gərək aparıcı kadr arxasında mətni gözəl oxumağı bacarsın. Biz əvvəllər həm kadrarxası mətnlər oxuyurduq, həm canlı çıxışlar edirdik, həm də xəbər oxuyurduq. Bəzən elə olurdu ki, 40-50 dəqiqə davamlı xəbər oxuyurduq.

Bu gün “diktor” sözü nədənsə dəbdən düşüb. Amma deməzdim ki, diktorluq peşəsi hazırda mövcud deyil. Sadəcə olaraq, indi diktor, xəbər oxuyan, veriliş aparanlar ayrı-ayrı şəxslərdir. Düşünürəm ki, bu gün aparıcı təkcə xəbər oxumamalıdır, eyni zamanda, başqa işləri də görməyi bacarmalıdır. Məsələn, “Mavi işıq” verilişi ilə saatlarla efirdə olurduq. Bayram günlərində gecə saatlarına qədər xalqımızı təbrik edirdik”.

Ofeliya Sənani bu gün “diktor” sözünün unudulduğu üçün heyifsiləndiyini bildirib:

“Diktorluğun unudulması mənə çox ağır gəlir. AzTV-də hələ də “aparıcı” sözü yoxdur, işə götürəndə “diktor” adı ilə götürürlər. Kadrlar şöbəsində də bu peşə “diktor” kimi yazılıb.

Bugünkü aparıcıları tənqid etmək istəmirəm. O qədər zəif aparıcılar var ki... Heç onların adları da yadımda qalmayıb. Ona görə yadda qalmırlar ki, bu gün televiziyada öz gözəl sənətləri ilə heç bir iz qoymayıblar. Məncə, diktorluq peşəsi hər zaman olub, bundan sonra da olacaq”.

Qeyd edək ki, 90-cı illərin əvvəllərində diktorluq peşəsi dinləyiciyə düzgün məlumat çatdırılmaması iddiası ilə ləğv edilib. O zamandan isə diktorlar həm proqram hazırlayan, həm də proqramı aparan jurnalistlərlə əvəz edilib.

Tarix
2017.11.07 / 13:48
Müəllif
Nigar, Büllurə
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla