Yuxarı

Remarkın bu fikri ağlıma Qarabağın taleyini gətirdi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Üç qalan roman

Tək vaxt qıtlığı və hövsələyə görə yox, çoxu da səhhətimdəki nasazlıqdan dolayı indi hər kitabı, əlimə düşən hər yazını oxumuram daha. Oxuyuramsa da, ya nə vaxtdansa yadımda qalan, sadəcə mütaliəsinə vaxt tapa bilmədiyim bir kitab, ya ictimai fikrin diqqətini çəkən bir roman, ya da hansısa bir dost yazısı olur o. Ötən yay Naxçıvanda keçirdiyim biraylıq məzuniyyətimi o qisim əsərlərdən üçü - Erix Mariya Remarkın “Zəfər tağı”, Sona Vəliyevanın “İşığa gedən yol” və Səməndər Məmmədovun “Faxralılar” romanı ilə başa vurdum, amma maraqlıdır ki, üst-üstə 1887 səhifə təşkil edən bu üç qalın roman qətiyyən yormadı məni: hiss etdiyim qədər, çox-çox fərqli mövzularda qələmə alınmaqlarından savayı, adıçəkilən əsərlərin hər üçü qalan, daha dəqiqi, yararlılıq müddəti xeyli uzun olan romanlardır.

“Zəfər tağı”nda Joan Madu obrazı qarşıma çıxan kimi xatirimdə həmişəlik qara şlyapada və ciddi görünüşü ilə qalan Remarkın bütün şüurlu həyatı boyu can atdığı, ancaq vəslinə yetə bilmədiyi valehedici aktrisa Marlen Ditrix canlandı. Bu gün Hüqonun, Balzakın, Bayronun, Heminqueyin, ümumən, dünyaca məşhur qələm ustalarından bir çoxunun məşuqəsi və ya məşuqələri olduğu kimsəyə sirr deyil. Jizel Destokun Mopassanın, Meyblin Cek Londonun, rəqs ilahəsi Aysedora Dunkanın Yeseninin, Lilya Brikin Mayakovskinin, Bübüsaranın Çingiz ağanın... yaradıcılığına təsiri kimin də olmasa, ən azı bioqrafların maraq dairəsində olub.

Dünya ədəbiyyatı xəzinəsinə daha çox müharibə əleyhinə yazılmış əsərlərin müəllifi kimi düşən Remark “Zəfər tağı”nda sanki öz şəxsi həyatını qələmə alıb. (Təxminən, “Üç yoldaş” romanında olduğu kimi) Əsərin qəhrəmanı mükəmməl təşrih ustası Ravik də vətəndən deportasiya olunur, boş vaxtlarını içki məclislərində, əsasən qadınların əhatəsində keçirir, bir daha Fransaya qayıdır, tutulur və hər şey yenidən təkrar olunur. Bu o illər idi ki, faşizm bir taun kimi Avropada tüğyan eləyirdi. Guya, alman əsgərinin qəhrəmanlığını alçaltdığına görə kitabları yandırılan Remarkın dərbədər ömür tarixçəsi də elə bu cür başlanmışdı. O, əvvəlcə İsveçrəyə sığındı, sonra Fransa həyatı gəldi, Marlendən məhəbbət uma-uma onun eşqilə uçub Amerikayacan getdi, axırda ömrünü də vətəndən uzaqlarda başa vurdu.

- Adam sevməyəndə qocalır, - deyir Remark, - sevməyən adam bu dünyaya məzuniyyətə gəlmiş ölüdür.

Onu Ernest Heminqueyin, Jan Qabenin, Orson Uelsin, Ceyms Stüartın və daha kimlərin əlindən keçmiş bir qadına doğru çəkən də, bəlkə, adını öz aləmində sevgi qoyduğu bu müəmmalı hiss idi? Hərçənd ona qədər Remarkın həyatında Qret Qarbo, Nataşa Braun, Leni Rifenştal, Hedi Lamarr kimi qadınlar olmuşdu. Sonda isə o, Marlenlə yox, digər məşhur bir aktrisa – korifey sənətkar Çarli Çaplinin keçmiş həyat yoldaşı Polettlə evlənəsi oldu.

Bəzən elə görünür ki, Ravik də Parisə sanki bir mühacir və həkim kimi yox, gözəl qadınları dişinə vurmaq üçün üz tutub. Təbii ki, onların içərisində hamıdan bir pillə öndə dayanan restoran müğənnisi Joan Madunun özünəməxsus yeri var. Remark həyatda çata bilmədiyi Marlen Ditrixə “Zəfər tağı”nda sanki bu qadının timsalında qovuşub.

Amma təbii ki, romanın dəyəri tək sevgi səhnələri ilə süslənmiş, həyat və yaşamaq eşqi saçan bu səhifələrdə deyil. Ağır mühacir həyatı, daim ələ keçmək qorxusu, gizli iş şəraiti Ravikin zərif duyğularını, həyata olan inam və mübarizə əzmini, bir sözlə, insani dəyərlərini əlindən heç cür ala bilmir. Haake kimi bir qaniçəni qətlə yetirib öz insanlıq borcundan çıxmaqla o, faşizm cinayətlərinə heç zaman, hətta vətəndən uzaqlarda olanda belə biganə qalmadığını və bu mübarizədə hər şeyə hazır olduğunu da sübut etmiş olur. Bir yazıçı olaraq dövrün ictimai ziddiyyətlərini ustalıqla yaratmağı bacaran Remarkın da böyüklüyü onda idi ki, romanlar mövzusu ola biləcək bir hadisəni çox ustalıqla yığcam hekayələrə sığışdıra bilirdi. Məsələn, “İohan Bartokun qəribə taleyi”ndə olduğu kimi. Vaxtilə oxuduğum bu balaca hekayədən “Zəfər tağı”ndan aldığımdan heç də az zövq almadım.

Remarkın “faciə iyirmi il davam edəndə onun komediyaya çevrilmək qorxusu yaranır” fikri nəzərimə dərhal Qarabağ hadisələrini, aradan ötüb keçən, az qala, bir qərinəlik əzab dolu illəri gətirdi və birdən-birə bu dramda bir çoxu kimi indi özümün də kütləvi səhnələrin ifaçısı olmağımdan yalnız xəcalət çəkdim.

Əsərlərini bir zamanlar heyran-heyran oxuduğum müəlliflərin şəxsi həyatını, indiki dillə desək, yaşam tərzini gənclik illərində bilməməyimin, ya da çox üzdən bilməyimin, sən demə, xeyri də olub mənə: o, sirlərlə dolu sənət dünyasını mənimçün mənasız və qurama bir aləm olmaqdan, müqəddəs sandığım qələm ustalarını isə gözdən düşməkdən qoruyub. Nə deyəsən, bəlkə, gerçək heç bu da deyil. Remarkın elə öz sözü, Ravikin dililə Joan Maduya deyilən fikirdir: “Dünyada peşmanlıqdan mənasız şey yoxdur. Onsuz da heç nəyi geri qaytarmaq olmaz. Yoxsa hamımız müqəddəs olardıq. Həyat bizə kamillik bəxş eləməyib. Kamillərin yeri muzeydir”.

***

Ədəbiyyatımızda macəra və detektiv janrının yenidən at oynatdığı, ucuz məişət romanlarının meydan suladığı, guya, postmodernist üslubun və müxtəlif nəzəriyyə və postulatların hökmfərma olduğu bir vaxtda birdən-birə “İşığa gedən yol” kimi bir roman? Maraqlıdır. O indiyədək şair, publisist, ədəbiyyatşünas alim, illah da maarifpərvər bir xanım kimi tanıdığım Sona Vəliyevanın əsl nasir keyfiyyətlərini üzə çıxarmaqdan əlavə, həm də son illər Azərbaycan sənədli-bədii nəsrinin ən mükəmməl nümunəsi kimi diqqətimi çəkdi. Hiss etdiyim qədər, bu roman Sona xanımın həm nəzəriyyəbazlara, həm də yeni üslub icadı üçün baş sındıranlara bəs qədər tutarlı və layiqli cavabıdır.

Müəllif əsasən XIX əsrin ikinci yarısı, qismən isə XX əsrin əvvəllərində Azərbaycanın mədəni, ictimai və siyasi həyatında baş verən təbəddülatları usta bir qələmlə təsvir edib. Bu, tək yurd sevgisi, vətən eşqi, övladlıq borcundan doğan bir nəsnə yox, daha geniş anlamda Azərbaycançılıq məfkurəsindən yaranan bir ideyadır. Bu mənada “İşığa gedən yol” romanı sözügedən məfkurənin həm də ədəbi-estetik təlimi və örnəyi kimi artıq bir kitab olaraq ortadadır.

Sözün ölümə gedən yolunda Azərbaycanın başı bəlalar çəkən aydınları içərisindən məhz Həsən bəy Zərdabini, milli mətbuatımızın yaranmasında əlahiddə xidmətləri olan bir insanı seçib, obrazını yaratmaq, mən bilən, Sona xanımın daha çox maarifçilik ənənələrinə sədaqətindən və öz təbiətindən irəli gələn bir məsələdir. Bu gün onun respublikamızın ədəbi-elmi mühitində gördüyü işlər, həyata keçirdiyi tədbirlər, ideya müəllifi olduğu layihələr, Seyid Əzimin hələ gənclik illərində Həsən bəyə tövsiyə etdiyi kimi, yolu uzun, yükü ağır bir sahənin – maarif və mədəniyyətin, elm və təhsilin, bir sözlə, mənəviyyatımızım tərəqqisi və inkişafı yolunda atılan çox vacib addımlardır. Bu mənada müəllifin məhəbbətlə yaratdığı Hənifə xanım obrazında Sona xanımın öz xarakter və xeyirxah əməllərinə uyğun nə qədər oxşar məqamlar tapmaq mümkündür?! Elə Həsən bəy də onu deyirdi: “Əsl təmizlik ruhun və qəlbin bakirəliyidir”.

Deyib də qolunu çırmalayaraq işə məhz qəzetçilikdən başlamışdı Həsən bəy. Halbuki “Əkinçi” tək kənd və kənd təsərrüfatı məsələlərinin təbliğatı ilə deyil, onun yaradıcısına maarifçilik, elm, təhsil və tərəqqinin inkişafı üçün bir tribuna olaraq lazım idi. O, dini fanatizmə, ətalət və irticaya, geriliyə və avamlığa, cahillik və nadanlığa qarşı mübarizəsini tək pedaqoji-maarifçi və hüquqşünas fəaliyyəti ilə deyil, həm də qəzet vasitəsilə aparır, bu məşəqqətli yolda təqiblərə, təzyiqlərə məruz qalır, amma dediyindən sonadək dönmür. Xeyriyyə cəmiyyəti yaratmaq məqsədilə qarış-qarış gəzdiyi məmləkətin ən işıqlı adamlarını başına toplayıb sözdən işə keçir, arzu və istəklərini əməli fəaliyyəti ilə gerçəkləşdirə bilir.

“İşığa gedən yol” sırf tarixi əsər deyil. Sadəcə, müəllifin məharəti orasındadır ki, tarixi hadisələrə mükəmməl bədii don biçməyi bacarıb, romanı uzun-uzadı quru arxiv materialı və tarixi faktlarla doldurmaqdan qaça bilib. Nəticədə Azərbaycan sənədli-bədii nəsrinin faktına çevrilən çox oxunaqlı bir roman yaranıb. Diqqətləri çox səbr və təmkinlə o dövrün ictimai-siyasi hadisələrinə fokuslayan müəllif, qəhrəmanının – sözün əsl mənasında, millət yolunda can qoyan fədai bir insanın – Zərdabinin Tiflis gimnaziyasından başlanan, Moskva universitetində təkmilləşən, Bakı ictimai-tarixi mühitində isə kamilliyə çatan ömrünün az qala günbəgün səhifələrini təsvirə gətirməklə məmləkətin yarım əsrdən uzun bir tarixinin mənzərəsini də gözlər önündə sərgiləmiş olur. Özü də necə? Bunu hadisəçilikdən qaçıb yalnız mahiyyətə varmaqla etmək mümkün idi ki, müəllif də bunu çox ustalıqla bacarıb.

“İşığa gedən yol”... Bu işıq tək Həsən bəy Zərdabinin şəxsi həyatına tutulan işıq yox, o dövr Azərbaycan ictimai-siyasi həyatına, general-leytenant F.B.Ağayevin, general-leytenant K.X. Naxçıvanskinin, M.F. Axundovun, S.Ə.Şirvaninin, Natəvanın, S.Nigarinin, N.Vəzirovun, M.Şahtaxtlının, Ə.Goraninin, H.F.Ordubadinin, M.T.Sidqinin, Xalxalinin, Şükuhinin, H.Z.Tağıyevin, Ə.Topçubaşovun və digər say-seçmə insanların simasında elmi-mədəni düşüncə və ziyalılıq tariximizə salınan gur işıqdır.

Əsərdə bir dastan estetikası var, hiss etdiyim qədər, bu, real tarixi hadisə və faktlara müəllif yanaşmasının olduqca vacib şərti kimi meydana çıxıb. Eyni zamanda Sona xanımın o dövrün təhkiyə və stilistikasını sonadək qoruyub saxlamaq bacarığı da əsərə böyük epik vüsət verib. Hadisə və təhkiyənin tempinə uyğun olaraq bir-birini tez-tez, sürətlə əvəz edən və çox aydın hiss olunan müxtəlif üslublar (bədii, elmi, rəsmi-kargüzarlıq, danışıq və məişət) muğamda tamam dəstgahın gah enib, gah yüksələn tembrindən sanki heç nəyi ilə fərqlənmir. Bura müəllifin yüksək yazı texnikası və cilalanmış fərdi poetik dilini də əlavə etmiş olsaq, bəs qədər böyük bir dövrü əhatələyən – söhbət hadisələrin miqyası yox, onlara yanaşma aspektinin genişliyindən gedir – 800 səhifəyə yaxın bir epopeyanın, necə deyərlər, su kimi içilməsinin səbəbləri tam aydın olar. Qəti qənaətimdir ki, nə olmuş olsaydı belə, bu əsəri bundan yaxşı yazmaq olmazdı.

Respublika Dövlət mükafatı almağa tam haqqı olan, ona layiq bir əsər kimi qavradığım “İşığa gedən yol” “görkəmli adamların həyatı” seriyasından çağdaş Azərbaycan nəsrinin çox gözəl örnəklərdən biridir. Kim bilir, bəlkə də, itmiş oxucu auditoriyasını və kitaba olan marağı məhz bu cür əsərlərlə geri qaytarmaq olar. Təbii ki, onda xaotik söz bumu içərisində inci tapmağın çətinliyi ilə üz-üzə qalan tələbkar oxucunun haqlı olaraq verdiyi “görəsən, o yaxşı kitablar necoldu, o müəlliflər hara qeybə çəkildi” tipli sualları da eşidilməz.

***

Qəhqəhəsi dağlar uçuran Faxralı ləqəbli dostum Səməndər Məmmədov barədə indiyəcən bir neçə yazım olub ki, onların hər biri qırx beş illik dost ömrünün olsa-olsa ötəri anlarının yazıya gələn təsviridir. Nəyi dəyişsə də, sifəti dəyişməyən bu insanı, hələ tələbəlik illərindən, sözün yaxşı mənasında, həm iddialı, həm də sözlə, daha konkret desəm isə, odla-közlə oynayan gördüm. “Bu faktın özü belə sübut edir ki – o yazılarımdan birində idi – Səməndər hansı sahədə çalışsaydı, oranın birinci adamı olmalıydı. İcra aparatında başçı, orduda sərkərdə, şeirdə bayraqdar...”

Elə onda hiss eləmişdim ki, saza-sözə aşırı vurğunluğun, o qaynar təbin, sönməz ehtiras və çılğınlığın axırı kitabla, geniş anlamda isə irimiqyaslı yaradıcılıq işi ilə bitəcək. Budur, hazırda qarşımda müxtəlif səpkili iyirmi kitabın siyahısı, sonuncunun isə özü var: “Faxralılar”. Yadımdadır ki, Səməndərin ilk şeir kitabı da hələ otuz-otuz beş il əvvəl “Faxralı” adı ilə işıq üzü görmüşdü. Yeri gəlmişkən, Ceyms Coysun da kitablarından biri “Dublinlilər” adlanırdı. Orda görkəmli nasirin, dəyərini hələ də saxlayan hekayələri toplanmışdı.

Ola bilər texniki parametrləri romanınkına uyğun gəlməsin, amma mahiyyət etibarilə “Faxralılar” özü bir romandır. Deməzdim ki, bu yazıları bir-birinə bağlayan onun tək bir kənddən – Borçalının ağır ellərindən olan Faxralıdan bəhs etməsidir, heç onu da deməzdim ki, şirin ləfzi, səlis nitqi, rəvan və axıcı dili olan Səməndər necə danışırsa, o cür də yazır və bu, onun bütün yazılarında çox qəribə bir ədəbiyyat növrağı yaradır, amma məxsusi olaraq diqqətə çatdırardım ki, ayrı-ayrı bədii-publisistik mətnlərdən ibarət olan yığcam portret-oçerk və esseləri qırılmaz tellərlə bir-birinə bənd eləyən cəhət bundan da çox, onun vahid ədəbi-estetik dəyərə, məntiqi ardıcıllığa və daxili harmoniyaya malik olmasındadır.

Əsərdə yüzdən çox surət: alim, şair, müəllim, hərbçi, döyüşçü, el ağsaqqalı, din xadimi, nəticə etibarilə isə ümumi konteksdə iri hərflərlə yazılmağa layiq olan vahid bir faxralılı obrazı, elm və sənət yolunda hər bir çətinliyə sinə gərməyi bacaran irfan əhli var. Məhz buna görə kitab başdan-başa insan mənzərələrindən ibarətdir və təfərrüata varmadan deyim ki, bütöv Qafqazın on beş minə yaxın əhaliyə malik ən böyük kəndlərindən hesab olunan Faxralıdan rəsmi olaraq yüzdən çox elm adamı (elmlər namizədi və doktoru) pərvazlanıb ki, onlardan bir çoxu respublikamızın ədəbi, elmi, ictimai və mədəni həyatına öz dəyərli töhfələrini vermiş və bu gün də davam etməkdə olan insanlardır. Görkəmli qorqudşünas Hüseynqulu Məmmədli, professorlar Şamil Qurbanov, Şəmistan Mikayılov, Əli Hüseynov, , Namaz Bədəlov, Süleyman Qasımov, Rəhilə Ramazanlı, Elxan Məmmədli, xeyriyyəçi Arif Əliyev, Mətbuat Şurasının sədri Əflatun Amaşov və digərlərini bu gün respublikada tanımayan çox az adam olar. İbrətamiz faktdır: “XIX əsrin sonu və XX əsrin ilk iki onilliyini əhatə edən dövrdə... Borçalıda fəaliyyət göstərən 116 poeziya təmsilçisindən 36 nəfəri şair, 61 nəfəri el şairi, 19 nəfəri isə yaradıcı aşıq olub”.

Əsərdə Faxralı obrazının kimliyini, nəçiliyini və onun xarakterini incələyən, açan, bəlirləyən, nə qədər ştrix-məqam var?! Onlardan birinə üstünlük verib, digərlərini diqqətdən kənarda saxlamaq niyyətim yoxdur, intəhası bir neçəsinin sadəcə adını sadalamaqla müəllifin yaradıcılıq müstəvisində nələrə və hansı məqamlara məxsusi yer ayırdığını diqqətə çatdırmaq istərdim. “Mən Nəbiyəm, aşıqların zəriyəm,” “Öyrədənin və öyrənənin haqq səsi” və yaxud “Ocaqdı Şamilim, pirdi Şamilim” esseləri, xüsusən də “Sazlı-sözlü Faxralı” bölməsi nəzərimcə, ayrıca bir araşdırma mövzusudur. Müəllifin tədqiqatçı zövqünə güzgü tuta biləcək bir məqam olmaqla yanaşı, əsərin ümumi palifoniyasına bir elm ovqatı gətirən bu amil özlüyündə onun həm də mükəmməl bir tədqiqat işi olduğu təəssüratını yaradır. Söhbətimin bu yerində müxtəlif ədəbi mükafatlara layiq görülən Səməndərin eyni zamanda iyirmidən çox kitabın müəllifi olduğu faktını nəzərə almaqla bugünkü gündə onun filologiya üzrə fəlsəfə doktoru almağa tam haqq etdiyini də deməliyəm.

Nəcib və xeyirxah əməlləri ilə həyatı daha da zinətləndirən insanların xidmətlərini unutmayıb da onu ədəbiyyata daşımaqla yaxşıların ömrünü uzadan qədirbilən dostun bu kitabı nəzərimdə faxralıların şəninə ucaldılmış qədir ağacıdır: “Hər dəfə yolum Borçalıya – böyüyüb boya-başa çatdığım Faxralı kəndinə düşəndə mütləq bir vaxtlar təhsil aldığım orta məktəbə baş çəkir, mənim üçün dünyanın ən müqəddəslərindən olan müəllimlərimlə görüşürəm. Xəyal məni çəkib yenidən keçmişə – bir vaxtlar təhsil aldığım bu təhsil ocağına ayaq döydüyüm illərə aparır. Xatirələr çözələnir, yaddaşlar təzələnir. Elə bil hər şey dünən olubmuş”– deyən müəllifin nostalji duyğuları kimin üçün qüssə dolu tanış mənzərə deyil?!

İstedadlı şair, ünsiyyətcil insan, gözəl natiq, xeyriyyəçi və çörəkli kişi kimi tanıdığım, qırx beş ilin məsləkdaşı olan canlara dəyən dost Səməndərin bu qədər od-ocaq təəssübkeşi olduğuna qətiyyən təəccüblənmirəm. Konkret fakt, dəlil və arqumentlərlə sistemli şəkildə təqdim etdiyi müxtəlif sənət, peşə və vəzifə sahibi olan insanları, yəni öz qəhrəmanlarını urvatlı etmək istəyi küll halında qədirbilənliyin ədəbi-estetik dərkinə xidmət edir. Nəticə isə ondan da qanunauyğundur: “Faxralılar” bu kənddən olanların vizit kartıdır.

Tarix
2017.12.07 / 11:23
Müəllif
Əlabbas Bağırov
Şərhlər
Digər xəbərlər

Bağanis Ayrım kəndi minalardan təmizlənir

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla