Yuxarı

Müzakirə: alimlər nələrdən narazı qaldı? - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

15:46

Azərbaycan Dil Qurumu (ADQ) İctimai Birliyi “Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsi ilə bağlı dəyirmi masa keçirib.

Kult.az xəbər verir ki, toplantını ADQ başqanı, xalq şairi Sabir Rüstəmxanlı açaraq, “Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsinə münasibət bildirib.

“AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun hazırladığı “Azərbaycan dilinin drfoqrafiya qaydaları” layihəsinin ictimai müzakirəyə verilməsi lüğətçilik tarixində yeni hadisədir. Mən bu hadisəni müsbət dəyərləndirirəm. Düzdür, layihədəki qaydaların içərisində mübahisə doğuranlar var, amma qaydaların əksəriyyəti mübahisə yaratmır. Layihə ətrafında gedən mübahisələr, fikir ayrılıqları müstəqillik dövründə ana dilinin yüksələn rəsmi və beynəlxalq statusunun, Konstitusiya ilə təsbit edilmiş hüquqlarının qorunması zərurəti ilə bağlıdır. Azərbaycan dünya dövlətləri arasında yerini möhkəmləndirdikcə ana dilimiz də əlaqələrini genişləndirir, yeni siyasi, ictimai, ədəbi-mədəni vəzifələri yerinə yetirməli olur”, - S.Rüstəmxanlı qeyd edib.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin aparıcı elmi işçisi, İnstitutda orfoqrafiya lüğəti ilə bağlı yaradılan İşçi Qrupunun üzvü Şahlar Məmmədov (Göytürk) “Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsindəki qaydaların sayının artırıla biləcəyini istisna etməyib:

"İşçi Qrupunun üzvləri təklif verənlərin mövqeyindən asılı olmayaraq, bütün təkliflərə obyektiv yanaşırlar. Bütün təkliflər pasportlaşdırılacaq. Düşündürücü təkliflər də var. Ola bilsin ki, layihədəki təkliflərin sayı artsın (Hazırda Layihədə 69 qayda var – red.) Həmin təkliflər seçilərək müzakirələrə təqdim olunacaq.

İşçi qrupunun üzvü kimi deyə bilərəm ki, "Layihə" ilə bağlı KİV-də gedən yazılara - irad və təkliflərə son dərəcə təmkinlə yanaşılır. Çox təəssüf ki, bəziləri dillə dilçilik elmini eyniləşdirirlər, hətta "dilimiz dəyişdirilir" kimi yanlış, əsassız təbliğatlarla məşğuldurlar, halbuki söhbət orfoqrafiya qaydalarından, onun təsbitindən gedir. Problem təkcə mühafizəkarlıqla bağlı deyil, həm də qərəzli yanaşmalardadır.

İşçi qrupunun iclasında akademik İsa Həbibbəylinin söylədiyi bir fikri diqqətinizə çatdırmaq istəyirəm: “Bu "Layihə” kiminsə elmi-tədiqiqt işi deyil ki, istədiyi maddələri daxil etsin və onu müdafiə etsin. "Layihə" ilə bağlı təkliflər ayrı-ayrı dilçilərə məxsusdur. Bunlar ümumiləşdirilərək müzakirəyə təqdim edilib.

Mən bir dilçi kimi bu "Layihə"ni çox yüksək qiymətləndirirəm. Bəzilərinin mübahisə predmetinə çevirdiyi 22, 37 və 69-cu maddələri də təqdir edirəm. Bu maddələrlə bağlı mətbuatda çıxış etdiyim üçün qısa şəkildə bəzi məqamlara toxunmaq istərdim.

Orfoqrafiya lüğətində sözlərin sətirdən-sətrə keçirilməsi ilə bağlı cəmi iki maddə verilib. Apastrofun ləğvindən sonra bəzi apastroflu sözlərin sətirdən-sətrə keçirilməsilə bağlı problemlər yaranmışdı. Bu məsələyə Orfoqrafiya lüğətində vaxtında aydınlıq gətirilməliydi. Orfoqrafiya Komissiyası və Dilçilik İnstitutu çox haqlı olaraq belə bir maddəni müzakirəyə çıxarıb. Apastrof ləğv edilibsə, deməli, sözün sətirdən-sətrə keçirilməsi qaydası digər apastroflu sözlərə də şamil edilməlidir. Ona görə də “Layihə”yə belə bir maddənin əlavə olunmasına zərurət yaranmışdı. Bəziləri iddia edir ki, guya biz "sürət", "cürət" sözünü sür-ət, cür-ət şəklində sətirdən sətrə keçirməsək, dilimiz üçün nəsə təhlükəli bir vəziyyət yarana bilər. Bu cür fikirlərin heç bir elmi əsası yoxdur. İş o yerə çatıb ki, həmin adamlar apastrofun bərpa olunması təklifi ilə çıxış edirlər, halbuki vaxtilə bu məsələ birdəfəlik həll edilib.

Müzakirəyə səbəb olan maddələrdən biri də “iyyət” şəkilçisindəki “y”dir.

Bu maddəni dilimiz üçün təhlükə mənbəyi hesab edənlər çox ciddi yanlışlığa yol verirlər. Vaxtilə bizim böyük alimlərimiz də “-iyyət”nin bir "y" ilə yazılması fikrini müdafiə ediblər. 2013-cü ilin Orfoqrafiya lüğətində bu sözügedən şəkilçilərin tək "y" ilə sözlüyə düşməməsi o demək deyil ki, bundan imtina olunmalıdır. Mən 37-ci maddə ilə bağlı hörmətli Qulu müəllimin fikirlərinə etirazımı bildirmişəm.

Yeni layihənin 37-ci bəndində “iyyət” şəkilçisinin bir “y” ilə yazılması təklif olunur, çünki bu qəbildən olan sözləri, əsasən bir “y” ilə tələffüz edirik. Buna görə də fonetik prinsipə əsaslanaraq, tərkibində həmin şəkilçilər olan sözlərin bir “y” ilə yazılması daha məqsədəuyğundur. Bəziləri ana dildəki söz vahidlərini tələffüzə uyğun şəkildə yazılmasını ciddi yanlışlıq hesab edirlər. Məsələyə bu şəkildə yanaşanlarla mübahisə etməyə dəymir.

Bu dil ərəb dili deyil. Bizim dilimiz iltisaqi, ərəb dili isə flektiv quruluşludur. Ərəb mənşəli sözlərdə bir samiti ixtisar etsək, yaxud dəyişsək, söz tamam mənasını itirər. Ərəb dilində -iyyun şəkilçisi ilə bağlı belə bir islahat aparılsaydı, razılaşardıq ki, bu, mümkün olmayan bir işdir, hətta ərəb dilinə qəsddir. -iyyət, -iyyat və -iyyə şəkilçiləri ilə düzələn isimlərlə ərəb dilində nisbi sifət şəkilçisi olan –iyyun və ya –avıyyun ayrı-ayrı şəkilçilərdir. Dilimiz bu şəkilçini tarixən (-iyyin, -avıyyun) -i, -vi şəklində mənimsəyib. Bu şəkilçi ərəb dilindəki -iyy(un) və at(un) şəkilçisinin kontaminasiyasından yaranıb. Xalq öncəki yüzilliklərdən fərqli olaraq, bu gün həmin şəkilçiləri əsasən bir “y” ilə tələffüz edir. Dilin öz qənaət prinsipi var, ehtiyac olmayan hərfi, hətta şəkilçini də tələffüzdən və yazıdan çıxara bilir.

Biz bu məsələdə bir hərfdə ilişib qalmamalıyıq, dilimizin gələcəyini düşünməliyik. Dünya qloballaşır, zəif dillər sıradan çıxır. Bu gün Güneydə gedən dil prosesləri ziyalılarımızı ciddi şəkildə düşündürməlidir. Onlar bizim ədəbi dilimizdən çox Türkiyə türkcəsinə daha çox meyil edirlər. Bunun səbəblərindən biri də bizim həddən artıq mühafizəkarlığımızdır".

Filologiya üzrə elmlər doktoru, professor Qulu Məhərrəmli “Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsində əks olunan qaydaların 90 faizi çox faydalıdır:

“Ancaq üç maddədə müəyyən problemlər var. Layihənin 37-ci qaydası, ümumiyyətlə, qaydaların ruhuna ziddir. "Y" hərfinin ixtisarında bir məntiq olmalıdır. Niyə məhz "y" hərfi, onda qoşa "s"dan da birini ixtisar etməl reallığı ilə üz-üzə qalırıq. 37-ci qayda gələcək üçün təhlükədir, çünki bütün lüğət bazamızda köklü dəyişikliklər lazım gələr. Biz başqa dillərə əsaslanmalı deyilik. Hər dilin öz qaydası var. Bizim dildə isə "y" hərfini ixtisar etməyə ehtiyac yoxdur. Dilin yazılış qaydasının danışığa uyğunlaşdırılması dili bəsitliyə aparacaq”.

AMEA-nın Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir tarixi şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədov vurğulayıb ki, “Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsinin bir çox bəndi keçmiş qaydaların təkrarından ibarətdir:

“Layihədə ciddi ziddiyyətlər mövcuddur. Məsələn, 22-ci bənddə mənbə dil əsas götürüldüyü halda, 37-ci və 9-cu bəndlərdə başqa məntiqdən çıxış edilir. Ona qalsa, gərək "Gülsüm" sözünü "Külsüm" yazaq. Bu söz də ərəb dilindən bizə keçib, "k" ilə yazılır və ya eyni məntiqlə istisna kimi göstərilən "mühüm" sözünü gərək "mühim" kimi yazaq.

37-ci bənddə heç bir ciddi əsas göstərilmədən, mənbə dilin xüsusiyyətlərini nəzərə almadan, "iyyat", "iyyət" və "iyyə" şəkilçilərindəki qoşa "ye"dən biri ixtisar edilir. Bu şəkilçilərlə digər sözlərin tərkib elementi sayılan "iyat", "iyə" və "iyət" morfem-leksem kombinasiyaları səhv salınır və elə zənn olunur ki, bunlar eyni şeydir. Üstəlik, bu dəyişikliyə səbəb kimi fonetik prinsip göstərilir. Bu məntiqə qalsa, onda "müəllim" sözünü "məllim", "təəssüf" sözünü "təsüf", "müəyyən" sözünü "məyyən" kimi yazaq. Bu bəndəki çatışmazlıqları xülasə etsək, istisna kimi göstərilən səyyah, səyyar, səyyarə, təyyar kimi sözlərin tərkibində qoşa "ye" elementli hissə və qoşa "ye" elementli "iyyat", "iyyət" "iyyə" şəkilçiləri ayrı-ayrı qrammatik hadisələri ifadə edir. Birincisi əgər sözün əsasını əmələ gətirən morfem-leksem kombinasiyasıdırsa, ikincilər şəkilçilərdir. Odur ki, yuxarıdakı sözlərin istisna kimi təqdim edilməsi səhvdir.

Deyilir ki, fonetik prinsipə əsasən "ye" hərflərindən biri ixtisar olunmalıdır. Söhbət hansı prinsipdən gedir? "Tələffüzə uyğun yazmaq" prinsipindənmi? Orfoqrafiya və orfoepiya qaydalarını bir-birinə qatmaq anormal dil hadisəsinin meydana çıxması ilə nəticələnə bilər. Həmçinin bu prinsip əsas götürülürsə, gərək eyni formada işlədilən "hədiyyə" və "məziyyət" morfemlərini "hədiyə" və "məziyət", "Səriyyə" adını da "Səriyə" kimi yazaq. Unutmayaq ki, orfoqrafik forması dəyişdirilməsi istənən sözlər bizim dilimizdə yüz illərdir işlənir, yüz ilə yaxındır ki, konkret maddi qabığa sahibdir, özü də dil hadisələrini uğurlu şəkildə əks etdirən qabığa! Yeni qaydaların təşəbbüskarları bir çox ərəbmənşəli sözlərdəki "iyyat" şəkilçisini "iyat", "iyyə/iyyət" şəkilçilərini isə "iyə" və ya "iyət" kimi dəyişdirmək mövqeyindən çıxış edirlər. Onlar nəzərdən qaçırırlar ki, bu morfemlər ərəbmənşəli sözlərin tərkibində işlədilir və heç də zənn edildiyi kimi eyni dil hadisəsinin müxtəlif təzahürləri deyildir; əksinə, hər biri ayrı dil hadisəsidir. Dilimizdə ərəbmənşəli sözlərin sonunda yazılan "iyyat" suffiks olub, cəm bildirir. Məsələn, təbiyyət, riyaziyyat, mənəviyyat, iqtisadiyyat və s. Hərfən: təbii olan hər şey, riyazi olan hər şey, mənəvi olan hər şey, iqtisadi olan hər şey. “Ehtiyat” sözündəki "iyat" isə suffiks və ya digər şəkilçi deyildir, söz kökünün amorf (bölünməz) elementidir, kök samitlərindən ibarət morfdur. Bu baxımdan "ehtiyat" sözündə cəm bildirən "iyyat" şəkilçisi yoxdur, odur ki, bir "y" ilə yazılır. Eyni şeyi "iyyət" və ya "iyyə" şəkilçiləri haqqında da demək olar. Bu şəkilçilər ərəb mənşəlidir, mücərrədlik ifadə edir, isimdüzəldici, bəzən də (birləşmələrin tərkibində) sifətdüzəldici xüsusiyyətə malikdir: hədiyyə, cərrahiyyə, mədhiyyə. "İyə" isə şəkilçi olmayıb, sözlərin tərkib elementidir, bölünməz morfdur: təziyə, tədiyə, mərsiyə, təxliyə, tərbiyə, təhkiyə, tövsiyə, nahiyə və s. "İyyə" element deyil, şəkilçidir, "iyə" isə amorf hissədir, leksem-morfem kombinasiyasıdır.

Biz məhz bu fərqli dil hadisələrini eyni fonetik qəlibə təhkim etməyin əleyhinəyik. Dil nəhənglərimiz, həm də ərəb dilini bildiklərindən ərəbmənşəli sözləri müvafiq olaraq "iyyat", "iyyət və iyyə" , "iyat" və "iyə" ilə yazmışlar. Odur ki, Azərbaycan dilində işlədilən ərəbmənşəli sözlərin orfoqrafik xüsusiyyətlərinə bələd olmaq üçün ərəb dilini bilmək şərtdir. Bu səbəbdən orfoqrafiya qaydalarında yenidəntəsis işi aparılarkən ərəbşünas-dilçilərin rəyləri də nəzərə alınmalıdır”.

Onun sözlərinə görə, yeni layihənin ən böyük qüsuru onun "fonetik prinsip" əsasında hazırlanmasıdır:

“Ana dildəki söz vahidlərini tələffüzə uyğun şəkildə yazmaq ciddi səhvdir. Bu barədə ciddi akademik müddəalar mövcuddur. Ümumiyyətlə, "söz necə tələffüz edilirsə, o cür də yazılmalıdır" prinsipi əsas götürülsə, müxtəlif vaxtlarda saysız-hesabsız fərdi orfoqrafiyalar meydana çıxacaq. Unutmaq olmaz ki, sözlərin deyilişi ilə tələffüzü arasında tam eyniyyət mövcud deyildir. Keçmiş SSRİ-də 60-cı illərdə orfoqrafiya problemləri ətrafında gedən qızğın müzakirələrdə dilçilərdən biri N.Rojdestvenski belə bir fikir səsləndirmişdi. Buna orfoqrafiya sahəsində aparılacaq heç bir islahat ilə nail olmaq mümkün deyil. Yazı tələffüzü əks etdirən güzgüyə çevrilə bilməz, tələffüz də yazını eynilə kopya etməyə qadir deyil. Sovet dilçi-alimi O.S.Axmanova haqlı şəkildə qeyd edirdi ki, bir sıra hallarda sözün bu və ya digər elementi şifahi nitqdə itib-silinə bilir. Orfoqrafiya bu elementləri qoruyub-saxlamaqda, hətta bərpa etməkdə müəyyən rol oynayır. Böyük metodist alim Əziz Əfəndizadə yazırdı: "Səslə hərf arasında eyniyyət olmadığını, onların bir-birindən əsaslı surətdə fərqləndiyini nəzərə almadan a) dilin fonetik sistemini həqiqi şəkildə müəyyənləşdirmək, b) orfoqrafiya və orfoepiya məsələlərini elmi əsasda tədqiq etmək ... mümkün deyildir”. Yəni orfoqrafiya orfoepiyadan fərqli olaraq bir dilin morfoloji vahidlərinin strukturu haqqında aydın təsəvvür yaradır, morfem-leksem kombinasiyasının düzgün şəkildə "hissə"lərə ayrılmasını təmin edir".

Tədbirdə həmçinin Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Qəzənfəroğlu, əməkdar jurnalist Azər Həsrət, şair-publisist Rasim Qaraca, Türkiyənin Erciyes Universitetində ermənişünaslıq bölümü başqanı, Azərbaycan-erməni Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru Qafar Çaxmaqlı və başqaları çıxış edərək, “Azərbaycan dilinin Orfoqrafiya qaydaları” layihəsinə münasibət bildiriblər.

Toplantının yekununda Azərbaycan Dil Qurumunun bəyanatı qəbul edilib. Bəyanatda deyilir ki, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun təqdim etdiyi qaydalar bütövlükdə Azərbaycan türkcəsinin yüz illər ərzində formalaşmış mükəmməl qrammatik normalarına, yazı prinsiplərinə və lüğətçilik təcrübəsinə əsaslanır, dilçilər arasında mübahisə yaradan bəzi məqamlara baxmayaraq, küll halında etibarlı bir nəzəri mənbə sayıla bilər. Qaydalar bir daha göstərir ki, azərbaycan dilinin orfoqrafiyası, yəni sözlərin yazılış şəkli, daha çox “deyilən kimi yazmaq” prinsipinə əsaslanır və şübhəsiz, gələcəkdə də alınma sözlərə münasibətdə bu xətt qorunacaq. Bu yanaşma ana dilimizin həm yazı, həm də nitq özəlliyini və təmizliyini qoruyur, onun gücünü göstərir. Qaydaların ADQ-də də etiraz doğuran bir neçə maddəsi nəzərə alınmasa, digər maddələri dövrün tələblərindən və dilimizin inkişaf səviyyəsindən doğur və qəbul edilməlidir.

Sonda vurğulanıb ki, ADQ AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun müzakirə materiallarını və mütəxəssis rəylərini diqqətlə gözdən keçirəcəyinə ümid edir.

Tarix
2018.02.06 / 22:39
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla