Yuxarı

Məşhur kaskadyor: Oğlunun qatilinin başını...

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həmsöhbətim film istehsalında idman üzrə “Oskar” mükafatına layiq görülən qazax əsilli kaskadyor, dövrümüzün əfsanəsi sayılan Jaydarbek Kunqujinovdur. Bugünədək Hollivud və Bollivud da daxil olmaqla dünya kinosunun nəhəng layihələrində yer alan kaskadyor hazırda öz komandası ilə Rusiyanın ən reytinqli “Qızıl Orda” serialının çəkilişlərində iştirak edir. Gərgin iş qrafikinə baxmayaraq, Jaydarbek suallarımı cavablamağa razılıq verdi.

- Hazırda çəkilişləri davam edən “Qızıl Orda” serialında iştirak edirsiniz...

- Bəli, artıq bir müddətdir ki, çəkilişlərlə əlaqədar Moskvadayıq. Serialda nəinki kaskadyor qrupumuz, eləcə də Qazaxıstanın bir neçə məşhur aktyorları iştirak edir. 4 kaskadyorumuzla gəlmişik Moskvaya. Əsasən atla bağlı çox çətin tryuklar yerinə yetiririk.

- Ümumiyyətlə, ruslarla münasibətiniz necədir?

- Bütün yaradıcı heyətlə çox isti münasibətimiz var. İstər aktyorlar olsun, istərsə də kaskadyorlar. Sizə bir şey deyim, biz kaskadyorlar dünyanın harasında yaşasaq da, bir ailə kimiyik. Layihələrimizdə bir-birimizə yardım etməkdən çəkinmirik. Özü də bunu məsələnin tək maddi yönünə görə etmirik. Bildiyiniz kimi kaskadyorluq çox təhlükəli peşədir, belə deyim əsl kişi sənətidir. Kişi isə verdiyi sözün həmişə arxasında durmalıdır.

- Dünyanın ən böyük kaskadyor şirkətlərindən sayılan "Nomad Stunts"ın qurucusu və sahibisiniz.

- Bəli, qürurla deyə bilərəm ki, dünyanın ən güclü kaskadyor komandalarından birini yaratmağa nail olmuşam. 72 rəsmi üzvümüz var. Biz bu sahənin ən çətin yönlərindən olan atla tryukları yerinə yetiririk. Bu çox çətin məsələdir. Çünki məsələn maşınla bağlı tryuklarda vəziyyəti tam ələ almaq olur. At isə canlıdır. Onun hansı vəziyyətdə necə davranacağını, hansı reaksiya göstərəcəyini bilmirsən. Zədə də, təhlükə də daha çoxdur. Məsələn, hazırda iştirak etdiyimiz layihədə avropasayağı similar tələb olunur. Amma biz bu işi onlardan qat-qat yaxşı bacardığmız üçün bizə müracət etdilər. Mən də layihə üçün tələb olunan görünüşlü üzvlərimizi seçib, onları hazırladım. Ümumiyyətlə, "Nomad Stunts"da bir çox ölkədən olan kaskadyorları toplamışıq.

- Bəz azərbaycanlılar var komandanızda?

- Elə bu yaxınlarda Hollivud kaskadyorluq məktəbinin məzunu Sain Fərmanlı da komandamıza qoşulub. Yeni seçimlərimiz də davam edir.

- İstənilən türk xalqının taleyində atın xüsusi yeri var və əsrlər keçsə də, bu dəyişməz olaraq qalır. Komandanızın dördayaqlı üzvlərinə münasibətiniz necədir?

- Çox vaxt atlarla olan döyüş səhnələrinə baxanda, tamaşaçı elə bilir ki, at zədə alır, həyatını itirir. Əslində isə biz onlarla ən az 4 il məşqlər keçirik. Elə ilk səhnədə at zədə alıb, öləcəksə, bizim peşəmizin nə önəmi qalar? Ümumiyyətlə, at çox güclü heyvandır, möhkəm əzələləri var. Davamlı məşqlərdən sonra yıxılmaq, tullanmaq kimi çətin hərəkətləri asanlıqla yerinə yetirirlər. İnanırsınız, bizdə kaskadyorlar atlardan çox zədə alırlar. Neçə illərdir atlarla çalışıram. Hələ bir dəfə də ölüm halı olmayıb. Bəzən soyuqlaya bilərlər, dağa-daşa çıxanda ayaqları yüngül zədə alar.

- Atları sevməmək mümkün deyil…

- Doğrudur. Atlarıma qarşı münasibətim komandamın üzvlərinə olan davranışımdan fərqlənmir. Mənimlə 12 il çalışan atlarım olub. Artıq qocalandan sonra təqaüdə yollamışam. Biz onlarsız heç nəyik axı... Çox gözəl baxırıq onlara. Vitaminləri, tibbi yoxlanışları da öz yerində. Dünyanın hər yerindəki layihələrə birgə gedirik.

- Neçə atınız var?

- Hazırda 33. Bütün çətin tryuklarda iştirak edirlər. Silah səsindən hürkmürlər.

- Hansı cinsdən olan atlar var komandanızda?

- Ərəb, rus, holland, əndəlüs atlarının bir neçə cinsləri ilə çalışırıq. Qazax atları çox dözümldürlər, amma boyları qısadır. Əndəlüs atları çox ərköyün olurlar. Axlatikenlər ancaq aktyorlarla birgə olanda əmrləri yerinə yetirirlər. Yıxılmağı sevmirlər, aqressivdirlər. Ərəb atları olduqca temperamentlidirlər, ona görə onları çox çətinə salmıram. Promis atları isə bütün tryukları yerinə yetirməyi bacarırlar.

- Yəqin bilirsiniz, bizim Qarabağ atlarımız da dünyada çox məşhurdur.

- Bilirəm, lakin təəssüf ki, Qarabağ atları ilə çalışmamışam. Amma ölkənizdə olanda mütləq yaxından tanımağa çalışacam.

- Mənə görə kaskadyorluq kifayət qədər amansız peşədir. Həyatınızı riskə atıb, təhlükə ilə üz-üzə qalan siz, amma gözümüzdə qəhrəmanlıq, cəsarət rəmzi kimi canlanan aktyorlar olur.

- (Gülür) Yox, deməzdim. Bizim çox gözəl peşəmiz var. Bundan öncə Hindistanda çəkilişlərdə idim. Bərk zədə aldım, amma yenə özümü toplayıb, Moskvaya gəldim. Bu sənətdən çox həyat tərzidir. Sevdiyin peşədə özünü sübut etməkdir. Ancaq bəzən təbii ki, bizim də incidiyimiz, ruhdan düşdüyümüz məqamlar olur.

- Hansı məqamı nəzərdə tutursunuz?

- Çəkilişlər boyu bütün truykları aktyorun əvəzinə sən edirsən. Film hazır olandan sonra müsahibələrdə deyir ki, təhlükəli səhnələrin hamısında özü çəkilib. Burdan səslənmək istəyirəm. Belə iddialara inanmayın. Doğrudur bəzi hallarda aktyor özü riskli səhnələrə çəkilə bilər. Amma həyatı təhlükə daşıyan tryukları mütləq kaskadyor edir. Axı biz illər boyu bunun təhsilini alırıq. Komandamın üzvləri əllərini, ayaqlarını sındırıblar, onurğalarından zədə alıblar, amma sənəti atmayıblar. Çünki biz buna psixoloji hazırıq. Yaxud da film hazır olandan sonra, tamaşaçıları daha çox cəlb etmək üçün anonsları ekşn səhnələr bəzəyir. İş titrlara gələndə isə bizim adlarımız son sıralarda yer alır. Bu sovet sisteminin qalıqlarıdır. Mən bununla da razı deyiləm. Hollivudda isə əksinə adımız daha ön sıralarda olur. Amma təbii ki, prinsipcə biz aktyorların imicini qaldırmaq üçün çalışırıq. Çünki onların da peşəsi asan deyil. Aktyor tanınır, mənsə yox deyib, üzülmək bizə yaraşmaz.

- Artıq bir müddətdir ki, bütün sosial şəbəkələrdə, mediada “Tomris” filmi müzakirə olunur. Filmin yaradıcı heyətində sizin komandanız da var.

- Bu film Mərkəzi Asiya xalqlarının əcdadları haqdadır. Onunla bağlı məlumatlara Herodotun, Strabonun və digər tarixçilərin əsərlərində də rast gəlinir. Amma biz filmi rus tarixi mənbələrindən istifadə olunmuş ssenari üzrə çəkirik. Kifayət qədər yüksək büdcəli ekran əsəridir. Mənbələrə görə Əhəməni hökmdarı II Kir Orta Asiya ərazisini ələ keçirmək üçün bu torpaqlara üz tutur. Massagetlərin şahı öldükdən sonra hakimiyyətə onun dul arvadı Tomris keçir. Kir ona bir neçə dəfə evlənmək təklif etsə də, Tomris bunun torpaqlara sahib olmaq üçün qurulmuş oyun olduğunu anlayır. Əhəməni hökmdarı Tomrisin oğlunu hiylə ilə öldürür. Tomris ll Kirin qoşununu bütövlükdə məhv edir. Şərab çənini insan qanı ilə dolduraraq, Kirin cəsədini tapmağı əmr edir. Onun başını çənin içinə soxaraq belə söyləyir: "Sən hiyləgərliklə mənim oğlumu əlimdən aldın. Mən demişdim ki, sənə qan içirdəcəyəm. İndi nə qədər istəyirsən, iç bu insan qanından".

Filmdə 80-dən çox kaskadyor iştirak edəcək. Artıq 3 aydır ki, hazırlıqlara başlamışıq. Mistik, fantastik heç bir şey olmayacaq. Bürünc qılınclar və digər silahlardan ibarət döyüş səhnələri yer alacaq. Atlı səhnələr də kifayət qədər çoxdur. Silahların, bir çox döyüşlərin tarixini tədqiq etmişik ki, tam hazır olaq.

- Zərif cinsin nümayəndələri ilə də çalışırsınız? Ümumiyyətlə, qadın və kişi kaskadyorların nə kimi fərqləri var?

- Bilirsiniz, mənim həyat yoldaşım da kaskadyordur. Biz onunla çəkilişlərdə tanış olmuşuq. Hazırda komandamızın 15 qadın üzvü var. “Tomris” filminin çəkilişləri üçün xanımlarımızla gərgin məşq keçirik. Övladlarımız doğulandan sonra xanımım bir müddət işinə fasilə verdi, amma yenə iş başındadır. Tomris filmində həm kaskadyor, həm də aktrisa kimi çəkilir. Amma biz onları çox riskli tryukları yerinə yetirməyə qoymuruq. Belə deyim, qızlarımızı qoruyuruq. Doğrudur, atlı döyüş səhnələrində, suyun altında bütün tryukların öhdəsindən məharətlə gəlirlər. Amma yenə də çox riskli tryuklarda onları gənc, bədəncə daha incə kişi kaskadyorlarımız əvəzləyir.

- Neçə övladınız var?

- İki qızım, iki oğlum var.

- Çox vaxt insanlar öz peşələrini övladlarına rəva bilmirlər. Xüsusən də sizin kimi riskli peşənin sahibləri. Sizdə vəziyyət necədir?

- Böyük oğlum artıq bir müddətdir ki, kaskadyor kimi çalışır. Qızlarım gimnastika ilə məşğuldurlar. Balaca oğlum isə akrobatlığa meyl edir. Xeyr, heç də bu fikirlə razı deyiləm. Bilirsiniz, uşaqlar böyüdükcə təbii olaraq, valideynlərdən uzaqlaşırlar. Öz həyatlarını qurub, istədikləri peşədə çalışmağa başlayırlar. İndi oğlum mənimlə birgə işləyir. Hər gün yanımdadır. Sizə bir sirr açım. Bu məni xoşbəxt edir. Həm də mənim üçün kaskadyorluq kişi peşəsidir. Niyə də olmasın axı… Balacalar da böyük oğlumun yolunu getsələr, bu məni lap çox sevindirər.

- Dünya kinematoqrafiyasının, həmçinin Hollivudun ən məşhur simaları ilə eyni layihələrdə yer almısınız. Bu haqda nə deyə bilərsiniz?

- Keçmiş Sovet ərazisində yeganə komandayıq ki, dünyanın hər yerindən dəvət alırıq. Hazırda "Disney"dən maraqlı təklif almışıq. “Mulan” filminin çəkilişlərində iştirak edəcəyik. İndiyədək Natali Portman, Silvester Stallone, Kollin Farrel, Ed Harris, Brüs Uillis və bir çox digər dünya ulduzları ilə birgə çalışmışam. Bu böyük xoşbəxtlikdir. Ömrümün sonunadək bəs edəcək gözəl xatirələrdir.

Leyla Sarabi

Publika.az

Tarix
2018.03.16 / 16:51
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - Foto

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla