Yuxarı

Xanəndələrin ölümü: şok olayın arxasındakı sirli adam?

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

16:22

Gənc xanəndələr Novruz Hüseynov və dostu Miryusif Mirizadənin ölümü ilə bağlı müəmma hələ də davam edir.

Kult.az xatırladır ki, hadisə günü onların avtomobil qəzasında həlak olduqları haqda məlumat yayıldı. Lakin qısa müddətdən sonra M.Mirizadənin bıçaqlanaraq qətlə yetirildiyi bildirildi.

Növbəti xəbər isə ictimaiyyəti dəhşətə saldı. Mətbuatda xanəndə Novruz Hüseynovun qardaşı ilə əlbir olaraq Miryusif Mirizadəni öldürməsi, daha sonra isə intihar etməsi haqda xəbərlər yayıldı.

Lakin qəribədir ki, həm Miryusifin, həm də Novruz Hüseynovun ailəsi, yaxınları belə bir cinayətin baş verməsinin mümkün olmadığını, onların çox yaxın dost olduqlarını bildirərək, iddiaları qəti şəkildə rədd edirlər.

Novruz Hüseynovun qardaşı Azər Hüseynov Azvision.az-a bildirib ki, bu işdə başqa bir insanın əli var:

"Hazırda istintaq gedir. Mən də istəyərəm ki, qardaşımın düşməni varsa, ortalığa çıxarılsın. Çünki Novruz Miryusifi öldürə bilməz. Doğrudur, onun meyitinin üzərində bıçaq zərbələri var. Ancaq Novruzun öz dostunu öldürməsi inandırıcı deyil. Onlar qardaşı kimi olublar. Novruz öz dostunu niyə öldürsün ki? Burada başqa adamın əli var. Miryusifin həmin gün evimizə gəlişi münasibətilə qoyun kəsilib", - deyə xanəndənin qardaşı söyləyib.

O, evlərindən qan ləkəsinin tapılması haqda xəbərlərin doğru olduğunu deyib:

"Bayaq dediyim kimi, Miryusifin gəlişi münasibəti ilə qoyun, toyuq kəsilib. Bəlkə elə qoyunun, toyuğun qanını götürüblər? Mən nə deyə bilərəm ki? İstintaq araşdıracaq ki, bu nə qandır. Maşının içində də qan izinin olduğunu deyirlər. Maşını hələ görməmişəm. İstintaq araşdırma aparır. Yəqin ki, yaxın vaxtlarda cinayətin əsl mahiyyəti üzə çıxacaq”.

A.Hüseynov daha sonra hadisənin olduğu axşam nələrin baş verdiyindən söz açıb:

"Həmin gün gecə saat 1-də evə gəliblər. Dostları ilə birlikdə olublar. Səhər saat 5-də Novruz anama deyib ki, "Miryusifin ürəyi bulanır. Aptekə dəyib qayıdırıq".

Ondan sonra isə xəbər çıxmayıb. Qardaşımın maşın aldığından xəbərim yox idi. Mən Ağdamın Quzanlı kəndində yaşayıram. Qardaşım isə Ağcabədinin Hacıbədəlli kəndində olur. Qəza xəbərini kənd icra nümayəndəsinin müavini Vidadi müəllim mənə zəng edib dedi. Ona Novruzun maşınının olmadığını bildirdim. Dedi ki, maşında vəsiqəsi tapılıb. Novruzla bir yerdə qalan qardaşım Sevindiyə zəng edib soruşdum. Bildirdi ki, Novruz maşını hadisədən bir gün qabaq alıb".

O, xanəndələrin ölümü ilə nəticələnən hadisədə müəmmalı vəziyyətin olduğunu qeyd edib: "Maraqlıdır ki, Novruz Ağcabədinin Hacıbədəlli kəndində yaşayır. O, dərman almaq üçün Ağcabədiyə də gedə bilərdi. Lap tutaq ki, Bərdəyə gedib. Evdən çıxdığı vaxtla Ağcabədiyə qayıtdığı vaxtı götürəndə uyğunsuzluq yaranır. Çünki bu vaxt ərzində o, gedib qayıda bilməzdi. Qəza isə Bərdədən qayıdan istiqamətində baş verib. Ağaclar da bu istiqamətə qırılıb. Görünür, yolun yarısından qayıdıb. Burada qaranlıq, müəmmalı iş var. Qəzanın baş verdiyi ərazi ilə su kanalı arasındakı məsafə təxminən 15 metr olar”.

Qardaşı mərhum xanəndənin son günlər psixoloji probelminin olmasına da aydınlıq gətirib:

"Dostu mətbuata müsahibəsində deyib ki, Novruz son günlər özünü qəribə aparırmış və psixoloji vəziyyəti yaxşı olmayıb. Müsahibə verən dostu kimdirsə, işin içində olan düşmənin biri elə odur. Əks halda belə sözlər danışmazdı. Novruzun dostları ilə oturub durmamışam deyə bilim ki, bu hansı şübhəli şəxsdir. Onun ən yaxın dostu Miryusif olub. Qalanları ilə yoldaşlığı evdən kənarda olub. Evə gətirməzdi. Mən onları tanımıram. Novruz onu öldürmək istəsəydi, niyə gətirib evmizdə öldürürdü ki? Onu öldürsəydi, elə yerdə edərdi ki, heç kim də bilməzdi. Novruz Miryusifi çox istəyirdi. Maşın alanda ona deyib ki, mənim maşınımı istəyirəm ilk sən sürüb evimizə aparasan. Bax, belə münasibətləri olub. Novruzdan çox Miryusifin ölümü mənə təsir edir, çox böyük peşimanlıq oldu. Onun valideyinləri də deyir ki, Novruzun Miryusifi qətlə yetirməsi inandırıcı deyil”.

Bir-birinə dost, hətta qardaş olan iki gənc xanəndənin gözlənilməz ölümü öz müəmmasını qoruyur. Şübhəsiz ki, şok olayın arxasında sirr pərdəsi hüquq-mühafizə orqanlarının apardığı araşdırmadan sonra üzə çıxacaq və hadisənin bütün detalları ictimaiyyətə təqdim olunacaq.

Miryusifin əmisi oğlu, əməkdar artist Səbuhi İbayev isə Kult.az-a açıqlamasında bu məlumatlar yayılandan sonra N.Hüseynovun qardaşının və anasının prokurorluğa çağırıldığını bildirib:

“Hazırda onlar prokurorluqda dindirilirlər. Hadisənin təfərrüatını bilmirik. Ancaq heç kim Novruzun Miryusifi öldürməsinə, sonra da intihar etməsinə inanmır”.

Məsələ ilə bağlı Kult.az-a açıqlama verən xanəndə Miryusif Mirizadə və Novruz Hüseynovun sənət dostu Kənan Qurbanoğlu onların uzun illərin dostu olduğunu xatırladıb:

“Miryusiflə Novruz bir-birilərinə can deyib, can eşidiblər. Elə məclislər olub ki, Novruzu dəvət etmişəm, Miryusifi də özü ilə gətirib, yəni demək olar ki, onsuz heç yerə getmirdi. Əgər onların arasında soyuqluq olsaydı, Novruz öz aldığı maşını Miriyusifə etibar etməzdi: Miryusifin adına alınmışdı maşın. Hadisə Miryusif maşına görə Novruza etibarnamə aldığı günün səhəri baş verib. Biz qəza olan yerə gedib gördük ki, Novruzun qohumları orada onu axtarırlar. Deyilənə görə, Novruzun anası da, qardaşı da prokurorluğa dəvət olunmuşdu. Guya kimsə deyib, Novruz Miryusifi öldürüb qaçıb. Miryusif Novruzun yanında olmuşdu deyə, hamı ondan şübhələnmişdi. Orada Novruzun qardaşına zəng gəldi, dedilər ki, Qarabağ kanalında meyit tapılıb. Biz də tez oraya getdik. Novruzun cəsədi idi. Tanınmaz hala düşmüşdü, çox şişmişdi bədəni. Heç birimiz inana bilmirik belə bir hadisəyə. Onlar 13 illik dost idilər. Bir yerdə oturub-durublar, bir-birinin evlərinə gedib-gəliblər. Onların arasından su keçmirdi. Novruzun ailəsini də tanıyıram. Bu ailədə qatil ola biləcək biri yoxdur. Anası 80-90 yaşlarında bir qadındır. Bu hadisə planlı şəkildə olmayıb. Fikrimcə, 14 bıçaq zərbəsi də şişirdilmiş məlumatdır. Digər tərəfdən, o maşın qəza ilə həmin vəziyyətə düşə bilməzdi: elə bil, üstündən nəsə keçib”.

Tarix
2018.08.03 / 18:21
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla