Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
19 Oktyabr 2018


TV-mizin çöküşü: Yayımını dayandıran əfsanəvi verilişlər

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən əsrin 60-70-ci illərində yaşanmış mədəni intibah televiziyamıza da sirayət etmişdi. O dövrdə bir-birindən maraqlı verilişlər, telelayihələr hazırlanıb, tamaşaçılara təqdim olunurdu. Bunlara “Mozalan”, “Komediyalar aləminə səyahət”, “Səhər görüşləri” və digər verilişlərimizi misal göstərmək olar. Bu kimi verilişlərdə korifey sənətkarlarımız, istedadlı aktyorlar müxtəlif tamaşalar göstərirdi. Bu həm onların xalq tərəfindən tanınmasına, həm teatrlarımızın təbliğinə, həm də mədəni zövqün yüksəlməsinə töhfə verirdi.

Son illər isə efirə gedən verilişlər tamaşaçı və media ekspertləri tərəfindən tənqid olunur. Onlar telekanallarımızda bayağı, heç bir mənəvi, elmi-mədəni çəkisi olmayan verilişlərin çoxluğundan şikayət edirlər. Xüsusən də yumor sahəsində bayağılığın özünü qabarıq göstərdiyini bildirirlər. Hətta bəzi tamaşaçılar keçmiş verilişlərin yenidən bərpa olunmasını istəyirlər. Bəs görəsən, həmin verilişlər bərpa olunsa, əvvəlki kimi baxımlı olacaqmı?

Məsələ ilə bağlı Kult.az-ın suallarını cavablandıran media eksperti Qulu Məhərrəmli bildirib ki, bu gün həmin layihələrin bərpa olunması uğurlu addım olar:

“Bizim televiziya kanallarında keyfiyyətli yumor, satirik verilişlər demək olar ki, yoxdur. “Komediyalar aləminə səyahət” çox maraqlı proqram idi və hər kəs tərəfindən izlənirdi. Çünki orada sağlam gülüş, sağlam tənqid var idi. İnsanlar həm əylənirdi, həm də müəyyən nəticələr çıxardırdı.

Bu gün bizdə təkcə ədəbi hissə deyil, ümumiyyətlə, dəyərlərə münasibətdə də soyuqluq var. Bu, televiziya verilişlərində özünü açıq şəkildə büruzə verir. O verilişləri müəyyən formada yenidən bərpa etmək olar. Mən bunu daha çox müəyyən ənənəsi olan Azərbaycan Dövlət Televiziyasından gözləyirəm. Müasir yazıçılarımız çox maraqlı hekayələr, povestlər yazırlar. Onların əsərləri əsasında maraqlı, yumoristik səhnələr hazırlamaq olar”.

Q.Məhərrəmli yumoristik verilişlərlə yanaşı, keçmişdə yayımlanan bir çox ədəbi verilişlərin adlarını çəkərək, onların da bərpasının vacib olduğunu bildirib:

“Avropada məşhur bir kəlam var - “ən yaxşı yenilik unudulmuş köhnəlikdir”. İstər Azərbaycan televiziyasında, istərsə də radioda yaddaqalan, parlaq proqramlar var idi. Bunlara “Kitablar aləminə səyahət”, “Ədəbi üfüqlər” və ədəbi mənzərəni əks etdirən digər proqramları göstərmək olar. Bundan başqa, “Bayatı” verilişi var idi. Düzdür, rusca yayımlanırdı, amma onu indi ana dilimizdə yenidən bərpa etmək olar. İnsanlara dəyərləri çatdırmaq üçün bu cür verilişləri bərpa etməliyik. Ədəbiyyat xalqın ruhu, düşüncəsi, özünüifadəsidir. Bu cür verilişlərə çox ciddi ehtiyac var. Onların bərpa edilməsi gözəl olar”.

Ssenarist, rejissor, jurnalist Orxan Fikrətoğlu bildirib ki, maarifçi verilişlərin sayının artması cəmiyyət üçün vacib məsələdir:

“Radioda “Bulaq” verilişi yayımlanırdı. O da mentallığa yaxın bir veriliş idi. Amma indi dinamika, sürət başqadır. Mənim “Bakı vaxtı ilə” adlı layihəm vardı. Çox çətin layihə idi, arxivdə işləmək lazım gəlirdi. Mən Bakının çox nadir görüntülərini tapmışdım. Məsələn, bu kimi verilişlərin bərpa olunması çox yaxşı olardı. İntellektual, maarifçi verilişlərə tələbat var, çünki biz vətəndaş yetişdiririk. Mənə elə gəlir ki, əyləncə verilişlərindən də çox, maarifçi verilişlər gündəmdə olmalıdır”.

O.Fikrətoğlu “Mozalan”ın bərpası məsələsi haqda da danışıb:

“Düşünürəm ki, “Mozalan” kinojurnalının bərpası mütləqdir. O, bizim böyük tariximizdir. Mən 15 il “Mozalan”ın direktoru vəzifəsində çalışmışam. Məndən qabaq orada Eyvaz Borçalı, Ziyafət Abbasov, Cahangir Mehdiyev işləyib. Bu, çox şərəfli tarixdir. Amma çox təəssüf ki, bir neçə ildir, “Mozalan” çəkilmir”.

O.Fikrətoğlu bu gün televiziya kanallarımızda yayımlanan yumoristik verilişlərə baxmadığını da bildirib:

“Açığı, bu gün yayımlanan yumoristik verilişlərə baxmıram. Çünki indi nə o dramaturgiya var, nə də o rejissorlar. Bir zamanlar Mübariz Əsgərovla, Baba Pünhanla birlikdə hazırladığımız “Qulp” verilişi yayımlanırdı. Siz görürsünüz, o dövrün yumorları birbaşa ənənə ilə - Mirzə Ələkbər Sabirlə, Mirzə Cəlillə bağlı idi. Azərbaycan mentallığında olan yumorlar idi. Bugünkü yumora bəlkə də başqaları baxır, zövqlər müxtəlifdir. Amma intellektual yumor, satira, sarkazm - bunlar fərqli şeylərdir”.

Mövzunu davam etdirəcəyik.

Tarix
2018.10.10 / 15:15
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Загрузка...
Digər xəbərlər

Bakıda satıcının pulu və qızılları belə oğurlandı - Video

MTN əməliyyatçısı Oqtay Əliyev kimdir?

“Audi Club” müstəqillik gününü belə təbrik etdi - Video

Azadlıq nədir? – Ağaoğlunun cavabı

Cəlilabadda bədbəxt hadisə: ölü və yaralı var

Rus dili mütləq öyrədilməlidir, amma... – Millət vəkili

Hokinqin son kitabı: Allah yoxdur?..

Tədqiqat zamanı uçqun baş verdi: AMEA əməkdaşları... - Foto

“Çağdaş tribunu”nun növbəti buraxılışı – Video

Yeni TV-nin yayıma başlayacağı tarix açıqlandı

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla