Yuxarı

Müşfiqi onlar satdı - Adbaad siyahı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kult.az "Xalq qəzeti"ndə dərc olunmuş bu qəzetin baş redaktoru Həsən Həsənov və Beynəlxalq Terrora və Korrupsiyaya Qarşı Strateji Araşdırmalar Mərkəzinin direktoru Rövşən Novruzoğlunun müəllifliyi ilə Mikayıl Müşfiq haqda araşdırma yazısını təqdim edir:

Azərbaycanda xalqımızın mədəniyyətinə, elminə, incəsənətinə, ədəbiyyatıına dövlət tərəfindən hər zaman böyük qayğı göstərilir. Odur ki, Stalin repressiyasının qurbanı olmuş və 1938-ci ildə güllələnmiş Mikayıl Müşfiqin qalıqlarının tapılması barədə son günlərdə kütləvi informasiya vasitələrində yayılmış materiallar dərhal möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqətini cəlb edib. Bu barədə açıqlama verən Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov bildirib ki, Mikayıl Müşfiqin qalıqlarının aşkar olunmasına dair yayılan məlumatlar dövlət başçısının nəzarətindədir və Azərbaycan Prezidenti Milli Elmlər Akademiyası, Səhiyyə, Mədəniyyət nazirlikləri və digər əlaqədar qurumların nümayəndələrindən ibarət işçi qrupun yaradılması ilə bağlı göstəriş verib. Noyabrın 1-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin yanında işçi qrupun ilk iclası keçirildi və qrupa KİV-lərdə dərc edilən məlumatların öyrənilməsi, müvafiq arxiv materiallarının araşdırılması, Mikayıl Müşfiqə aid olduğu ehtimal edilən qalıqların DNT analizinin aparılması və digər zəruri tədbirlərin həyata keçirilməsi barədə tapşırıqlar verildi.

Böyük şairimiz Hüseyn Cavid Müşfiqi "gələcək şeirimizin tacidarı" kimi öyür, Səməd Vurğun isə "məni poeziya sahəsində yalnız Müşfiq keçəcək" deyirdi. Bəs yaradıcılığına bu qədər yüksək dəyər verilən Müşfiq hansı günahın sahibi idi ki, donosçular dəstəsi onu ləkələmək, məhv etmək məqsədilə dəridən-qabıqdan çıxır, iclaslarda onu haqsızlıqla tənqid edir, böhtan atırdılar. Yazdıqları donosların mürəkkəbi qurumamış yenidən qələmə sarılırdılar. Donosçular ən qəddar düşməndən intiqam alırmışlar kimi, onu xalq düşməni, müsavatçı, pantürkist, əksinqilabçı, sovet quruluşunun əleyhdarı, gəncliyi düz yoldan sapdıran təxribatçı adlandırırdılar. Yazılan məktublarda Müşfiqin ünvanına söylənilən təhqirlərin, hədyanların, uydurmaların həddi-hüdudu yox idi. Heç şübhəsiz ki, donosçular dəstəsi, o cümlədən bu şərəfsiz kampaniyaya qoşulan Məmməd Rahim, Ə.Əkbər, Mikayıl Rzaquluzadə, Seyfulla Şamilov, Əsəd Əyyubi, Mirmehdi Seyidzadə, Məmmədkazım Ələkbərli və başqaları yaxşı bilirdilər ki, yazılan donoslar, Müşfiqin əleyhinə yönələn ifadələr gec-tez bu böyük şairi ölümün pəncəsinə verəcək. Mənfur repressiya maşını artıq hərəkətə gəlmişdi, millətin öncülləri, düşünən beyinləri ölüm təhlükəsi ilə üz-üzə qalmışdılar.

Bəzi məlumatlara görə, 1937-ci ilin yazında Müşfiqə təklif edirlər ki, Hüseyn Cavidin məsələsi artıq həll olunub, bu gün-sabah tutacaqlar, sən özünü xilas etmək üçün onun əleyhinə bir-iki yazı çap elətdir. Müşfiq təklifi rədd edərək deyir ki, mənim sağ əlim Cavidin əleyhinə bir yazı yazsa, sol əlimlə onu baltalayaram. Bəli, bu nakam şair qeyrət, kişilik mücəssəməsi idi. Təəssüf ki, donosçular dəstəsi bu keyfiyyətlərdən xali idi.

Müşfiq incə hisslər, kövrək duyğular, məhəbbət və bəşəri ideallar şairi idi. Onun poeziyası insanın qəlbinin dərinliklərinə nüfuz edərək, beyinlərə hakim kəsilir, gəncliyi yüksək dəyərlər ruhunda tərbiyə edir, bəşəri amallar uğrunda mübarizəyə səsləyirdi. İlk şeiri 1926-cı ildə çap edilən gənc şair ədəbiyyata və həyata böyük amallarla qədəm qoymuşdu, özünəgüvəni, gənclik enerjisi sərhəd tanımırdı:

Hər tərəfdə qurulan toy-büsat mənəm,

Ulduzlarla edən ixtilat mənəm,

Mənim azadlığım qucağa sığmaz,

Yer mənəm, göy mənəm, kainat mənəm!

Gənc və istedadlı şairin bu qədər böyük cəsarətlə ədəbiyyata gəlişi bəzi paxıl qafiyəbazları qorxuya salmışdı:

Dünən bir şairin keçdim yanından,

İldə bir söz çıxmaz xəsis canından.

Eşqi, ehtirası olmayan, yetər,

Çıxsın birdəfəlik söz meydanından!

Paxıllar, istedadsızlar isə söz meydanını tərk etmək fikrində deyildilər, birləşib fitnə-fəsadla, məkrlə quyu qazırdılar Müşfiqə. "Gənc işçi" qəzeti 1932-ci ilin 20 iyul tarixli sayında yazırdı: "Müşfiqin həyasızlığı o dərəcəyə çatmışdır ki, qəzet idarəsinə gələrək onu Cavidin "Ay qoduq" sərlövhəli şeirini yaymaqda tənqid edən və haqqında yazan komsomolçu müəllim Yusif Şirvanı adam yerinə qoymur, Süleyman Rüstəmi heç bir şey hesab edir və qəzetimizin 17 iyul tarixli nömrəsində "Düşmən ağzına bolşevik yumruğu" sərlövhəli məqalə yazan və onun Cavadçılığını, Cavad quyruğunda süründüyünü isbat edən Əsəd Əyyubiyə nümayişkaranə bir surətdə "Əsəd xuliqandır" deyə təhqir edir".

Bu, həmin Əsəd Əyyubidir ki, yazırdı: "Biz bu cəbhədə qəti vuruş, döyüş hərbinə keçməliyik. Bu, Müsavata da, Cavada da, Cavada quyruqluq edənlərə də zərbə, fəqət bizim üçün əzici, qurtarıcı bir zərbədir. Çünki biz bu zərbə ilə Müşfiqi sapqınlığından qorumasaq belə, Müşfiqləri qurtarırız".

Beləliklə, Xalq Daxili İşlər Komissarlığının əlinə özümüzünkülər qədərindən artıq dəstavüz vermişdilər. Repressiya maşınının sükanı arxasında duran Dövlət Təhlükəsizliyi İdarəsində heç kim Müşfiqin yaradıcılığı ilə maraqlanmırdı. Əks halda anlayardılar ki, "Ölkəm" şeirində:

Dünyamızı seyr etdim min dürlü həvəslərlə,

Gördüm coşuyor dillər pək nəşəli səslərlə.

Baxdım doludur yerlər şən qəlbli kəslərlə.

Pək şad olaraq güldüm abad olan ölkəmdə,

Qəmlərdən, ələmlərdən azad olan ölkəmdə.

yazan Müşfiq "əksinqilabçı, faşist ovqatlı insan", "qudurğan millətçi", "alçaq xəyanətkar", "Vətən xaini" ola bilməz! Bəzi qələm sahiblərinin qəlbiqaralığı, özünüqoruma instinkti Müşfiqi güdaza verdi.

Ə.Əkbər "Kommunist" qəzetinin 1937-ci il 20 iyun tarixli sayında "Ədəbiyyatda düşmən qalıqları axıradək ifşa edilməli" sərlövhəli məqaləsində yazırdı: "Necə ola bilər ki, Əhməd Cavadın, Hüseyn Cavidin yuvasından çıxmış riyakar, əclaf Müşfiq ittifaqın plenumunu və "Ədəbiyyat qəzeti"ni öz tribunasına çevirmişdir... Necə ola bilmişdir ki, Müşfiq kimi xain düşmən sovet yazıçıları ittifaqı rəhbərləri S.Şamilov və S.Vurğunun qanadı altında son günədək öz kontrrevolyusion pozucu işlərini yeritməyə imkan tapmışdır. Ədəbiyyatda xalq düşmənlərinin bütün qalıqları axıradək ifşa olunmalı, böyük sosializm quruluşumuza qarşı azğıncasına kin və ədavət bəsləyən müsavatçı və trotskist quduzlar yox edilməlidir".

SSRİ Mərkəzi İcraiyyə Komitəsinin 1934-cü il 10 iyul tarixli qərarı ilə SSRİ Xalq Daxili İşlər Komissarlığı (XDİK) yaradıldı və SSRİ Xalq Komissarları Soveti nəzdində Birləşmiş Dövlət Təhlükəsizliyi İdarəsi Baş Dövlət Təhlükəsizliyi İdarəsi adı ilə XDİK-ə birləşdirildi. 1934 - 1936-cı illərdə XDİK-ə Henrix Qriqoryeviç Yaqoda, 1936 - 1938-ci illərdə Nikolay İvanoviç Yejov rəhbərlik edirdilər.

Keçmiş İttifaqın Baş Kəşfiyyat İdarəsinin 6-cı idarəsi kimi tanınan və dövlətin elm, təhsil, maarif, ədəbiyyat, incəsənət, səhiyyə... sisteminə nəzarət edən Baş Siyasi İdarəyə 1937-ci ildə Azərbaycandan 69 min məktub göndərilib. Ölüm saçan bu məktubların çoxunda insan taleyini alt-üst edən şər, böhtan, iftira yer almışdı. Bu məktubların təqribən 85 faizi araşdırılmaq və tədbir görülmək üçün Moskvadan Azərbaycana göndərilib.

Əməkdaşlarının əksəriyyəti qeyri-azərbaycanlılar olan Dövlət Təhlükəsizliyi İdarəsində heç kim respublikanın tanınmış ziyalılarının, sənət adamlarının, dövlət xadimlərinin taleyinə balta çalan bu məktubları ədalətlə araşdırmır, həqiqəti üzə çıxarmaq istəmirdi. Amansız repressiya minlərlə insanın taleyinə zərbə vurdu, taun, vəba kimi nəsilləri məhv etdi. Yalan, böhtan, iftira qanunları və həqiqəti üstələmişdi. Dövlət Təhlükəsizliyi İdarəsinə göndərilən məktubların bir qismi dövrün və zamanın ən istedadlı şairlərindən olan Mikayıl Müşviq haqqında idi.

Məktub müəllifləri utanmadan, çəkinmədən yazırdılar: "...Tutun onu! Dövlətimizi parçaladı... Satqındır". Amma araşdıran yox idi ki, nə baş verib? Şair dövlətin əleyhinə hansı addımı atıb? Ləyaqətsizlik, şərəfsizlik, biganəlik tüğyan etdikcə dəyərli ziyalılarımızı itirirdik. Repressiya maşını millətin potensial imkanlarını, intellektual zümrəsini məhv edirdi.

Mikayıl Mirzə Əbdülqadir oğlu İsmayılzadə 1937-ci ilin iyun ayının 4-də həbs olundu. Ona dustaq paltarı geyindirib, yaxasından nömrə asdılar. İndi 1109 nömrəli məhbus idi Müşfiq. Dövlət Təhlükəsizliyi İdarəsinin istintaq zabiti Lev Abramoviç Sinman Stepan Federoviç Yemelyanova müraciət edir ki, milliyyətcə azərbaycanlı olan Mikayıl Mirzə Əbdülqadir oğlu İsmayılzadə ilə bağlı ilk istintaq protokolunu o yazsın. Həmin vaxt S.F.Yemelyanov bilavasitə xarici kəşfiyyat məsələləri ilə məşğul olurdu. İstintaqın ona müraciətində dustağın qatı cinayətkar olduğu, xarici hərbi kəşfiyyata işlədiyi bildirilirdi. Şairə artıq növbəti damğalar vurulmuşdu. Bu müraciətdən sonra S.F.Yemelyanov Moskvaya Xalq Daxili İşlər Komissarı baş dövlət təhlükəsizliyi komissarı N.İ.Yejova teleqram vuraraq Azərbaycanda həbs olunmuş, dövlət sirlərini Türkiyə və İrana satan... cinayətkarı - Mikayıl Müşfiqi Moskvaya göndərməyi təklif edir. Lakin bu teleqrama cavab verilmir.

Mikayıl Müşfiq 508 nömrəli orderlə, cümə günü saat 24-də həbs olunmuşdu, yəni ayın 4-nə keçən gecə. Ertəsi gün Yemelyanov tabeçiliyində olan təhlükəsizlik zabiti Sinmanın arayışına nəzər salır və tapşırır: "Bacardıqca onun əleyhinə ifadələrin sayını artır. Ola bilər yoldaş Bağırova tanınmış adamlar zəng edər, xəbər verərlər. Ehtiyatlı olun..."

Arxiv sənədlərinə görə təhlükəsizlik kapitanı Sinmanın özü də 1955-ci ildə həbs olunub və Moskva Vilayət Hərbi Tribunalının hökmü ilə 20 il müddətinə azadlıqdan məhrum edilib.

Lev Sinman həbs olunarkən verdiyi ifadələrdə (Xüsusi qovluq 21. vərəq 9-13) qeyd olunur ki, şair Mikayıl Müşfiqin əleyhinə Azərbaycan Yazıçılar İttifaqının 26 üzvü ifadə verib. Onlar hamısı yalvarırdı ki, adları və soyadları gizli saxlanılsın, heç kəs bilməsin: "Amma kişi kimi dayanan, məni və əməkdaşlarımızı evinə buraxmayanlar da var idi. Onlardan tanınmış biri Bağırova zəng edərək etirazını bildirdi. Acıqlı və əsəbi halda dedi ki, onun əleyhinə ifadə vermək üçün növbəyə duranlar var, onları arayın... Sonra Yemelyanov dedi ki, həmin adamın yoldaş Bağırovla şəxsi dostluq əlaqəsi var. Həmin gün eşitdim ki, yoldaş Bağırov Ağasəlim Atakişiyevi, Timofey Borşşevi, Xoren Qriqoryanı, Yuvelian Sumbatov-Topuridzeni, Ruben Markaryanı, Stepan Yemelyanovu yanına çağırıb. Yoldaş Bağırov tələb edib ki, təhlükəsizlik idarələrində özbaşınalığa son qoyun!.. Kim gəldi həbs etməyin!

Xahiş edirəm, yoldaş hakim, mənim ifadələrim Baş Kəşfiyyat İdarəsində "mənim üçün ayrılmış "Xüsusi Qovluq"da saxlanılsın..."

Arxiv sənədləri ilə tanış olduqca indiyədək məlum olmayan həqiqətlər üzə çıxır. Təhlükəsizlik zabiti Sinman bunu da qeyd edirdi ki, yoldaş Bağırov hətta istintaq idarəsinə iradını bildirir ki, şairin günahı yoxsa, buraxın onu... Amma Yemelyanov çalışırdı ki, onu Moskvaya istintaqa göndərsin... Yoldaş Bağırovdan ehtiyat edirdi. Əslində, xalq daxili işlər komissarı Yejov da yoldaş Bağırovun qəzəblənməsindən qorxurdu. 1109 saylı məhbusla bağlı bütün hadisələr gözümün önündədir... Sorğunuza cavab verirəm. Etiraf edim ki, mən 1109 saylı məhbusa əl qaldırdım. Onu vurdum. Onun canı üzülmüşdü. Yeməkdən imtina etmişdi... Onun sinəsindən itələyəndə yıxıldı, ağzı üstə yerə dəydi. Dodaqlarından qan gəldi. Onu nə üçün vurdum, heç özüm də bilmədim. Amma vurdum. İstintaqda iştirak edən köməkçim vardı, azərbaycanlı idi... Və gördüm ki, o ağlayır. Əyilib 1109 saylı məhbusu yerdən qaldırdı. Dəsmalını çıxarıb, məhbusun ağzının qanını sildi. Onda gördüm ki, 1109 saylı məhbusun gözləri dolub...

Ertəsi gün yenə eşitdim ki, yoldaş Bağırov 1109 saylı məhbusu xəbər alıb. Fikri var idi ki, onu xilas etsin. Amma kimsə mane olurdu. Moskvadan kimsə təzyiq edirdi. Mən bundan sonra iki ay istintaqa getmədim, onu dindirmədim. Başqaları da şairlə görüşməkdən imtina edirdi. Çünki yoldaş Bağırovdan qorxurdular.

Moskvaya, Baş Dövlət Təhlükəsizliyi İdarəsinə üst-üstə 48 istintaq və yaxud dindirmə, üzləşmə, şahid materialları göndərilmişdi. Materiallar isə qəbul olunmurdu.

Bütün materiallarda istintaq idarəsinin rəisi polkovnik Ruben Ambarsumoviç Markaryanın imzası qoyulmuşdu. O, Azərbaycan dilində çox təmiz və qüsursuz danışırdı. Respublika Dövlət Təhlükəsizliyi İdarəsində milliyyətcə erməni olan kadrlar üçün Azərbaycan dilini öyrənmələri üçün xüsusi altıaylıq kurs təşkil etmişdi və zabitlər arasında bu kurslara "Markaryan kursları" deyirdilər".

Mikayıl Müşfiq 4-cü kamerada dünyasını dəyişəndən sonra Dövlət Təhlükəsizliyi İdarəsinin milliyyətcə erməni olan 36 zabiti respublikanın 31 rayon və şəhər şöbələrinə rəis təyin olunublar. Onlardan bir qismini təqdim edirik:

1. Polkovnik Arakelov D.N. - Astara dairəsinə,

2. Mayor Comardyan S.M. - Astraxanbazara (indiki Cəlilabad),

3. Mayor Zərgəryan L.M. - Zəngilan rayonuna,

4. Kapitan Petrosyan Ş.A. - Samuxa,

5. Avanesov M.A. - Masallıya,

6. Movsesyan L.Ş. və Tovatov A.O. - Lənkərana,

7. Akopyan A.A. və Ağacanyan A.L. - Naxçıvana,

8. Seyranyan İ.S, İşxanyan və Parseqyan - İmişliyə,

9. Muradyan - Salyana.

Araşdırmalar göstərir ki, "güllələnmə kağızları" xüsusi vərəqələrdə hazır gəlirdi. Möhürlü, imzalı... təkcə ad familiyaları yazmaq lazım gəlirdi.

Araşdırma materiallarına görə, keçmiş Dövlət Təhlükəsizlik İdarəsinin sıravi işçilərindən olan və 1930-cu ildən 1937-ci ilədək Dağıstanda və Rostovda işləyən Məhəmmədcan Əbubəkir oğlu Əbdülsamadov bir neçə nəfərlə Moskvanın sərəncamı ilə (yəni o vaxt məşhur 5-ci şöbənin xəttilə) Bakıdakı duruma kömək məqsədilə Azərbaycana ezam olunur. Milliyyətcə avar olan M.Ə.Əbdülsamadov təlimat aldıqdan sonra (təlimatı kapitan M.Mustafayevdən alır) 28 saylı kamerada saxlanılan ən qəddar və dövlətçilik üçün ən ciddi ideoloji təxribatlar törətməkdə təqsirli bilinən şəxsin qorunması, davranışlarına nəzarət olunması ona tapşırılır. M.Ə.Əbdülsamadov kameralarda heç kəsi tanımırdı və məhbuslarla rəftarı da ilk vaxtlar qəddar idi. 1937-ci il mayın 28-də Əbdülsamadova 4-cü kameraya nəzarət etmək tapşırılır. Kamerada saxlanılan 3 nəfərlə tanış olan Əbdülsamadov 1937-ci il iyunun 5-də saat 19.30-da Yemelyanova... xüsusi arayış yazır. Arayışda serjant Əbdülsamadov qeyd edir ki, 1109 saylı məhbusun bütün kamera davranışlarına nəzarət etdim. Azərbaycan dilini yaxşı bildiyimdən kamerada bütün danışıqlarını təhlil etdim. O, evi üçün, ailəsi üçün, dəniz və Bakı üçün darıxır. Onun kamera yoldaşı professor Məhərrəm Şüvəlanlı Qurbanzadənin həmin axşam ürək tutması oldu. Məhbus M.İsmayılzadə ona yardım etdi. O, həm də mahnı oxuyurdu. Əlbəttə ki, darıxmamaq üçün. Heç bir ruhi sarsıntısı yox idi. O, özünü çox səliqəli, ciddi və qüsursuz aparır.

Xüsusi arayışa imza atan Əbdülsamadov bunu da qeyd edir ki, belə sakit məhbuslarla işləmək onun üçün çox rahatdır.

M.Ə.İsmayılzadənin (Mikayıl Müşfiqin) həbs olunmasının 10-cu günü Əbdülsamadov adəti üzrə işini başa vurduqdan sonra yenə arayış yazır. Bu dəfə arayışı Qriqoryanın adına yazır... Qriqoryan arayışda qeyd olunmuş "o, özünü çox alicənab aparır" ifadəsinin üstündən qırmızı xətt çəkir və soruşur: Əbdülsamadov, yəni sözə qulaq asmır?.. Əbdülsamadov deyir ki, xeyr, o, çox nəcib adamdır... Bundan sonra Atakişiyev Əbdülsamadova axşama qədər başqa kameraya nəzarət etməyi tapşırır və ertəsi gün...

1937-ci il iyunun 15-də Azərbaycanın rəhbəri M.C.Bağırova müraciət edir. Müraciətdə Atakişiyev bildirir ki, məhbus kamerada özünü yaxşı aparmır, mahnı oxuyur, mahnının sözləri arasında Sizi və dövləti söyür. Yaxşı olardı ki, məhbus İsmayılzadəni təhlükəli məhbus hesab edərək, Baş Kəşfiyyat İdarəsinin Xüsusi Şöbəsinin sərəncamına verək. Beləliklə, 1937-ci il iyunun 27-də kapitan Sinmanın tərtib etdiyi arayışa yenidən baxılır və şəxsən Atakişiyevin əlavələri ilə məhbus M.Ə.İsmayılzadə daha ciddi və təhlükəli cinayətkar kimi Xüsusi Şöbənin sərəncamına verilir. Bu şöbə Baş Kəşfiyyat İdarəsinə tabe idi. Onun tərtib etdiyi istintaq arayışının icrası üçün müəyyən vaxt verilirdi və beş gün ərzində müttəhim kimliyindən asılı olmayaraq güllələnirdi. Bu şöbə rəsmi sənədlərdə 6-cı idarə kimi gedirdi və bilavasitə ölkənin elm, incəsənət, ədəbiyyat, səhiyyə, təhsil, maarif sistemində çalışanlara nəzarət edirdi.

1937-ci il iyunun 27-də əks-inqilabçı gənclər təşkilatının müsəlman ölkələri üzrə ideoloji koordinatoru müttəhim kimi M.Ə.İsmayılzadənin istintaq işi təhlükəsizlik zabiti İ.İ.Şevçenkonun imzası ilə Xüsusi Şöbəyə göndərilir. Həmin vaxt şöbənin əksər əməkdaşları ruslar və qeyri-azərbaycanlılar olduğundan istintaq materialları düzgün tərtib olunmurdu, materiallar tamamlanmırdı. Həmçinin kameralara nəzarət edənlər başqa millətdən olduğundan müttəhimlərlə əlaqə zamanı problemlər yaranırdı. Nəticədə 1937-ci il noyabrın 26-da Xüsusi Şöbəyə vaxtilə 4-cü kameraya baxan Əli adlı bir nəzarətçi ayrılır.

Qısa arayış: Serjant Əli Mərdan oğlu Əlistan 1937-ci ilin mayında Bakıda Xüsusi Şöbədə işə başlayıb. O, 4-cü kamerada 1109 saylı məhbusa nəzarət edib. Əli rus dilini bidiyinə görə kameradakı məhbus M.İsmayılzadə ilə sorğu-sual tez də tərcümə olunurdu.

Müstəntiq Sinman Baş Kəşfiyyat İdarəsinin istintaq qrupuna verdiyi arayışda göstərir ki, 1109 saylı məhbusun kamerasına Əli Mərdan oğlu Əlistanın təyin olunması işləri xeyli dəyişmişdi.

Şübhəsiz, istintaq materiallarının düzgün tərtib olunması vacib idi. Çünki bundan sonra heç kəs müdaxilə edə bilmirdi.

Müstəntiq Sinman daha sonra Baş Kəşfiyyat İdarəsinin müstəntiqi A.A.Rıbkinə verdiyi məlumatda qeyd edir: "...Mən 1109 saylı məhkumdan razı idim. Məni yormurdu. Bəzən mənə məlumat gətirirdilər ki, istintaq zamanı bəzi-bəzi adamların adlarını çəksin... canını qurtarsın. Amma mən bu yolu seçmirdim. 1938-ci il yanvarın 4-də gündüz mənə Qriqoryan Xoren İvanoviç xəbər göndərdi ki, söhbəti qısa elə... Mən anladım ki, 1109 saylı məhkumun taleyinə artıq nöqtə qoyulub. Başımı qaldırıb, məndən bir az aralıda duran Əli Əlistana nəzər saldım. Hiss etdim ki, qatarın getdiyini o da başa düşdü. Birdən heç kimin gözləmədiyi bir halda serjant Əli Əlistan dedi: - Şair, bu, bizim sonuncu görüşümüzdür, sonuncu arzunu de. Sabah sərəncam icra olunacaq... Kimə nə çatdıracaqsansa, de...

Müşfiq susurdu. Nəhayət, "Allah hamınıza cansağlığı versin. İmkan olarsa, məni anamın yanında dəfn edin. Bacararsanmı?..." - dedi.

Əli Əlistan "Yox, mən bunu bacarmaram" - dedi.

Araşdırma materiallarından: 1109 saylı məhkumu - şair Mikayıl Müşfiqi tək buraxdıq. Onu kameraya ötürdük.

Müşfiqin ölümü və məzarı ilə bağlı yeni versiya

1938-ci ilin yanvarın 5-də ölüm hökmü icra olunur...

Bundan sonra serjant Əli Əlistan 1109 saylı məhkumun meyitini palaza bükülmüş halda təcili kameradan çıxararaq aparır. Kapitan Sinman istintaq idarəsinə verdiyi ifadədə göstərir ki, 1109 saylı məhkumun meyidinin tələm-tələsik aparılmasını MK-da bilirdilər. İstintaq idarəsinin rəisi Ağasəlim Atakişiyev verdiyi ifadələrin birində qeyd edib ki, Bağırov şairin ölümündən xəbərsiz idi... Hadisəni biləndən sonra Əli Əlistana şairi dəfn etməyi tapşırır. Əli Əlistan 1109 saylı məhkumun - Mikayıl Mirzə Əbdülqadir oğlu İsmayılzadənin meyitini Bayıl qəbiristanlığına aparır. Orada adsız qəbirlərin birində dəfn edir.

Bu yazının müəlliflərindən biri Rövşən Novruzoğlu Əli Mərdan oğlu Əlistanla 1994-cü il may ayının 27-də Prezident yanında Xüsusi İdarədə görüşüb. Görüş idarənin rəisi, sonralar xaincəsinə qətlə yetirilmiş polkovnik Şəmsi Rəhimovun otağında olur. Dövlət Təhlükəsizliyi Komitəsinin polkovniki, fəxri çekist mərhum Kamal Əlisəttar oğlu Əliyev də görüşdə iştirak edib. Söhbətdən sonra mayın 27-də saat 17:30-da Əli Mərdan oğlu Əlistan Rövşən Novruzoğlunu və polkovnik Kamal Əliyevi Bayıl qəbiristanlığına aparıb üzərində kiçik başdaşı olan bir qəbri göstərib hönkürür. Sonra da, başdaşının üstündə yazılmış Əli sözünü nişan verir. "Bu sözü mən yazmışam. Qəbir itməsin deyə, onun da üstündə Allah sözü yazdım" deyir.

Əli Əlistan onu əlavə edir ki, şairin məzarı ətrafında Azərbaycanın onlarca tanınmış, sevilən insanlarının məzarları var Onların hamısı Sumbatovun, Qriqoryan Xoren İvanoviçin, Markaryan Ruben Ambarsumoviçin, Borşşevlərin, Yemelyanovların hökmü ilə öldürülüb. Ayrılarkən Əli kişi dağılmış, batmış, adsız, ünvansız məzarlardan birini nişan verib deyir: "Qurani-Kərimi Azərbaycan dilinə ilk dəfə tərcümə etmiş 83 yaşlı Seyid Mirəli Məhəmmədini də sürüyə-sürüyə bu qəbirə atdılar. Onun Nargin adasında öldürüldüyü deyilirdi, amma yalandır. Onu başına döyə-döyə öldürdülər. Ölüm hökmü isə ertəsi gün çıxdı".

Redaksiyadan: Noyabrın 3-də Bayıl qəbiristanlığına gedib mərhum Əli Əlistanın Mikayıl Mirzə Əbdülqadir oğlu İsmayılzadəyə aid olduğunu söylədiyi qəbri ziyarət edib, ruhuna dualar oxuduq. Allahdan ona rəhmət dilədik. Bu qəbrin böyük şairimiz Mikayıl Müşfiqə aid olub-olmadığı yalnız DNT analizi nəticəsində müəyyənləşdirilə bilər. Hələlik isə bu, irəli sürülən versiyalardan biridir.

Müşfiqin əleyhinə donos yazanların, ifadə verənlərin bir qismi özünü repressiya təhlükəsindən xilas etməyə çalışırdı, digərləri mənzil almaq, ad-san qazanmaq, vəzifə tutmaq naminə alçalmışdılar. Başqa bir qrup isə ağır işgəncələrə dözməyib istintaq orqanlarının istədiyi kimi ifadə vermişdilər. Təəssüf doğuran haldır ki, Müşfiqi qorumağa, müdafiə etməyə borclu olan qələm əhlinin bir qismi də ona balta çalanların, repressiya maşınının ağzına atanların sırasında yer alıblar, qurultayda, plenumlarda onu tənqid və təhqir ediblər. Heç bir halda və heç bir səbəblə donosçulara, verdikləri ifadələrlə kiminsə ölümünə bais olanlara haqq qazandırmaq olmaz!

Xalq Daxili İşlər Komissarlığına rəhbərlik edənlərdən Henrix Yaqoda 1938-ci ilin iyununda, Nikolay İvanoviç Yejov isə 1940-cı ilin fevralında güllələnməyə məhkum olundular.

1956-cı ilin fevralında Sovet İttifaqı Kommunist Partiyasının XX qurultayında Nikita Xruşşov "Şəxsiyyətə pərəstiş və onun nəticələri haqqında" məruzə ilə çıxış etdi. Qurultay SSRİ-nin ictimai-siyasi həyatının liberallaşmasında mühüm rol oynadı. Repressiyaya məruz qalanların işinə yenidən baxıldı.

1956-cı il may ayının 23-də SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının qərarı ilə Mikayıl Mirzə Əbdülqadir oğlu İsmayılzadəyə də bəraət verildi. Ölümündən 18 il sonra.

Bəraət hökmü ilə bağlı Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin rəisinə 9d-471-56 nömrəli məxfi məktub göndərilib. Məktubda deyilir: "SSRİ Daxili İşlər Nazirliyinin birinci xüsusi şöbəsi, SSRİ Nazirlər Soveti yanında DTK-nın qeydiyyat-arxiv şöbəsi, 23 may 1956-cı ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının İsmayılzadə Müşfiq Qədir oğlunun işi haqqında göndərişini icra olunmaq üçün sizə göndərirəm. İsmayılzadənin yaxın qohumlarını tapıb, göndərişin mətnini tam elan etmədən onlara ancaq işin baxılması və tarixi haqqında məlumat verilsin. Hərbi Kollegiya və Baş Prokurorluğa da məlumat verilsin. DTK-nın Azərbaycan İdarəsinin rəisindən xahiş edirəm ki, İsmayılzadənin qanuni varislərinə müsadirə olunmuş əmlakı və ya onun dəyəri qaytarılsın. İcra barədə Hərbi Kollegiyaya məlumat verilsin".

Müşfiqin qanuni varisi kiçik bacısı Balacaxanım İsmayılzadə dövlət tərəfindən ayrılan vəsaiti almaqdan imtina edir. Evdə qalan şeylərin Müşfiqə aid olduğunu bildirərək dövlətə keçməsinə razılıq verir.

Təəssüf ki, bəraət hökmündən sonra Mikayıl Müşfiqin dəfn olunduğu yerlə maraqlanan olmadı. O vaxt onu güllələyənlərin də, istintaq aparanların da, şahidlərin də çoxu hələ həyatda idilər, istənilən məlumatları dəqiqləşdirmək, həqiqətləri aşkara çıxarmaq mümkün idi. O halda biz indi - Müşfiqin ölümündən 80 il keçəndən sonra cavabsız suallarla üzbəüz qalmazdıq. Bununla bağlı Müşfiqin qohum-əqrabasını günahlandırmaq insafsızlıq olar. Çünki bacısı Böyükxanım Müşfiq tutulandan sonra onu həbs etməyə gələn NKVD işçilərinə paltarını dəyişmək istədiyini deyib mətbəxə keçərək üstünə neft töküb özünü yandırmışdı. Kiçik bacısı Balacaxanım "ifşa edilmiş xalq düşməninin bacısı" kimi həbs olunaraq Arxangelskə sürgün edilib.

Müşfiqin böyük qardaşı isə 1938-ci ildən sonra Astara rayonunun Pensər kəndində (bəzi məlumatlara görə Masallıda) yaşayıb, lakin şairin qardaşı olduğunu kimsəyə bildirməyib. 1937-ci il noyabrın 1-də NKVD inspektoru Kolqinanın təqdimatı əsasında Borşşev Dilbər Axundzadənin həbsinə dair order imzalayıb. Həbs olunaraq iki ay işgəncələrə məruz qaldıqdan sonra Dilbər Axundzadənin əsəbləri pozulur, 1938-ci ilin fevralında əsəb xəstəlikləri xəstəxanasına göndərilir. 1939-cu il martın 7-də Respublika Prokurorluğunun xüsusi işlər şöbəsinin təqdimatından sonra martın 10-da NKVD-nin rəis müavini Kərimovun imzaladığı qərara əsasən Dilbər Axundzadə həbsdən azad olunmuşdur.

Tarix
2018.11.12 / 11:02
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla