Ana səhifə Hadisə |
Hər kəs bilir ki, Amaliya Pənahova xəstəliyini gizlədirdi. Hətta Bakı Bələdiyyə Teatrındakı aktyorlar onun xəstəliyindən xəbərdar olmalarına baxmayaraq, özlərini elə aparırdılar ki, guya heç nə olmayıb.
Bu sözləri Kult.az-a açıqlamasında akademik Milli Dram Teatrının aktrisası, xalq artisti Bəsti Cəfərova Amaliya Pənahova haqqında danışarkən deyib. O bildirib ki, Amaliya xanım xəstəliyi barədə danışılmasını sevmirdi:
”Onun xərçəng xəstəsi olmasını biz də ordan-burdan eşitmişdik. Sözün düzü, Amaliya xanımın qəfil ölümündən hamımız şok keçirdik. Eşitdiyimə görə, onun müalicəsi normal gedirdi. Mənə elə gəlirdi ki, Amaliya xanım sağalacaq, hər şey yaxşı olacaq. O, görünüşcə elə şux idi ki, yatsaydım, yuxuma da girməzdi ki, belə olacaq.
Kədərliyəm ki, biz eyni ildə Fuad Poladov və Amaliya Pənahova kimi əfsanəvi sənətkarlarımızı itirdik. Bu, Azərbaycan mədəniyyətinə və incəsənətinə ağır itkidir”.
B.Cəfərova Amaliya Pənahova ilə son görüşündən də danışıb:
“Oktyabrın 24-də Bakı Bələdiyyə Teatrı Türkiyə Cümhuriyyətinin 95 illiyinə həsr olunan tamaşanı təhvil verdi. Amaliya xanım həmin tamaşanın sonunda gəlib çıxış elədi. Onun hazırladığı sonuncu tamaşa isə oktyabrın 29-da Akademik Milli Dram Teatrının səhnəsində oynanılıb. Amaliya xanımın vəziyyəti bir qədər ağırlaşdışı üçün sonuncu tamaşasına gələ bilmədi.
Biz onunla bir çox tamaşada oynamışıq. Hərdən insanlar arasında elə təəssürat yaranır ki, aktrisalar bir-birilə düşməndir, amma bizim münasibətimiz hər zaman çox yaxşı olub. Ailə üzvlərimdən xəstəliyi olan vardı deyə, Amaliya xanımın dəfnində iştirak edə bilmədim.
Onu sonuncu dəfə Yeni Azərbaycan Partiyasının tədbirində görmüşdüm. Amaliya xanım, mən, Firəngiz Mütəllimova bir masa arxasında əyləşmişdik. Səmimi söhbət etdik, gələcək planlarımızdan danışdıq. Heç ağlımızın ucundan keçməzdi ki, belə bir hadisə baş verə bilər. O qədər həyat dolu idi ki, insan ölümü ona yaraşdırmır”.
Bəsti Cəfərova Amaliya xanımın Akademik Milli Dram Teatrına olan münasibəti haqda da danışıb:
“Düzdür, Amaliya xanım 25 ildən çox idi ki, öz teatrını yaratmışdı, amma mən onu həmişə Akademik Milli Dram Teatrının aktrisası hesab etmişəm. O və komandasının bəzi üzvləri son illərdə “Jasmin” adlı rus serialına çəkilmişdi. Yəni Amaliya xanım heç vaxt kənarda qalan aktrisa olmayıb. Həmişə öz işi ilə məşğul olub”.
Qeyd edək ki, xalq artisti, Bakı Bələdiyyə Teatrının rəhbəri Amaliya Pənahova noyabrın 8-də xərçəng xəstəliyindən dünyasını dəyişib.
Tarix
2018.11.13 / 14:06
|
Müəllif
Büllurə Yunus
|