Yuxarı

Milyonçu nəvəsi, SSRİ-nin məxfi generalı, sirli Kərimov - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Otuz ilə yaxın Pilotlu Gəmilərin Sınaq Uçuşları üzrə SSRİ Dövlət Komissiyasının sədri (1966-1991) vəzifəsini tutmuş Azərbaycanın milli iftixarı, “Kosmosun əfsanəsi” adlandırılan general-leytenant Kərim Kərimovun yüz illik yubileyi Azərbaycanda və Rusiyada qeyd edilməkdədir. Həyatını sirlər dolu bir ömürə sığdıran məxfi general yalnız SSRİ süquta uğradıqdan sonra geniş ictimaiətə tanınmışdır.

General Kərim Kərimov kimdir?

Azərbaycan Cumhuriyyətinin parlament üzvü Əsədulla bəy Əhmədovun nəvəsi olmaqla bərabər, məşhur milyonçu və mesenatlar Hacı Zeynalabdin Tağıyevlə və Murtuza Muxtarovla qohumluq əlaqələri olan bir şəxsin SSRİ-nin ən məxfi və strateji sahəsinə rəhbərlik edən dövlət komissiyasının rəhbəri vəzifəsinə uzun illər rəhbərlik etməsi maraq doğurmaya bilməzdi. Hər kəsə məlumdur ki, SSRİ səviyyəsində türk soylu millətlərdən yalnız barmaqla sayılacaq səviyyədə mühüm post tutan şəxslər olmuşdur. Bu şəxslərdən biri də məhz məxfi general Kərim Kərimov idi. Kərim Kərimovun sirri nədə idi? Nədən o sıçrayışla vəzifə pillələrində irəliləyirdi?

Bioqrafiyası:

General Kərim Abbasəli oğlu Kərimov 14 noyabr 1917-ci il tarixdə Bakı şəhərində ziyalı ailəsində anadan olub. İlk təhsilini Təzəpir Məscidinin nəzdində mədrəsədə aldıqdan sonra orta təhsilini Bakıda 8 saylı (hazırda General Kərim Kərimovun adını daşıyır) orta məktəbdə davam etdirib. O, 1934-cü ildə orta məktəbi bitirib. Sonra - 1936-cı ilin avqustunda Moskvaya gedib və Novoçerkaskdakı Sənaye İnstitutunun Elektromexanika fakültəsinə qəbul olunub.

Birinci kursda oxuduğu zaman artıq orta məktəbdə on il birlikdə təhsil aldığı və orta məktəb illərindən sevdiyi Zərifə xanım Hənəfiyeva ilə ailə qurur. Atası Abbasəli Kərimov bu evliliyə qarşı olsa da, ailədə nüfuz sahibi olan Cümhuriyyət Parlamentinin deputatı olmuş babası Əsadulla bəy Əhmədov bu evliliyə xeyir-dua verir. Bu evlilikdən general Kərim Kərimovun 22 yanvar 1937-ci il tarixdə qızı dünyaya gəlir. Qızını anası Sürəyya xanımın şərəfinə adlandırır. Ancaq bir müddət sonra ailə vəziyyəti ilə bağlı gələcəyin dahisi 1939-cu ildə Bakıda Sənaye İnsitituna köçürülür. Həyat yoldaşı isə Sənaye İnsititunun Kimya fakültəsində təhsilini başa vurur (Z.Hənəfiyeva Moskava Dövlət Universitetində kimya fənindən dərs deyib).

Lakin tale yenidən Kərim Kərimovun həyatını Rusiyaya bağlayır. Belə ki, o, 1942-ci ildə Dzerjinski adına Artilleriya Akademiyasına göndərilir. Qeyri-adi istedadını və biliyini nəzərə alaraq, Kərim Kərimov birbaşa akademiyanın IV kursuna qəbul edilir və 1943-cü ildə akademiyanı topçu-mühəndis ixtisası üzrə bitirir. O, təhsil aldığı müddətdə “Katyuşa B 13” adı ilə tanınan yaylım atəş qurğusu üzrə mütəxəssis kimi hazırlanır. Silahın təkmilləşdirilməsi barəsində bir neçə səmərələşdirici təklif irəli sürən Kərim Kərimov həmin vaxtdan həyatını raket texnikası ilə bağlayır, bu texnikanın inkişafı naminə elmı və fiziki potensialını əsirgəmir.

Baykonurun təməli qoyulan gündən Azərbaycan tarixinin görkəmli şəxsiyyətlərindən olan Kərim Kərimov kosmodromda çalışmağa başlayır. O, Kosmik Gəmilər üzrə Dövlət Komissiyasının tərkibinə daxil edilir.

Tanış olduğum sənədlərə əsasən fəxrlə qeyd edim ki, kosmik aparatların yaradılmasında, dünyada ilk dəfə insanın kosmosa göndərilməsində Kərim Kərimovun böyük rolu olub. Bunun nəticəsi kimi ilk kosmonavt Yuri Qaqarinin tarixi uçuşu uğurla başa çatdıqan sonra Kərim Kərimov SSRİ-nin ən yüksək ordeni – Lenin ordeni ilə təltif olunmuşdu.

1945-ci ildən böyük mühəndis vəzifəsində çalışmağa başlayan Kərim Kərimov 1961-ci ildə general rütbəsi alır. 1965-ci ildə Kosmik Vasitələrin İdarəsinin rəisi, 1966-cı ildən isə Pilotlu Gəmilərin Sınaq Uçuşları üzrə SSRİ Dövlət Komissiyasının sədri vəzifələrinə təyin edilir.

Qeyd edək ki, general Kərim Kərimovun rəhbərlik etdiyi komissiyanın tərkibi 50 nəfərdən ibarət olub. Buraya SSRİ-nin Müdafiə naziri, o cümlədən 7 nazir, digər mühüm komitə və struktur rəhbərləri daxil idi.

1975-ci ildə “Apollo” və “Union” gəmilərinin rekonstruksiyası və uçuşun hazırlığı ilə əlaqədar iş Kərim Kərimovun məsuliyyətində idi. Yeni yaradılan bu nazirlik kosmik sənayenin bütün müəssisələrini özündə birləşdirirdi. Lakin K.Kərimovun istedadını və təşkilatçılıq qabiliyyətini yüksək qiymətləndirən məşhur konstruktor S.P.Korolyov 1966-cı ildə təkidlə onun Kosmik Gəmilər üzrə sistemlərin hazırlığını yoxlayan, uçuşun başlanmasına icazə verən şəxs kimi məhz Kərim Kərimovun olmasını istəyirdi. Və bu təkid öz nəticəsini vermişdi. Kosmik səyahətə çıxan və tapşırığı yerinə yetirib geri dönən uçuş heyətlərinin hesabatlarını qəbul edərək heç vaxt televiziya reportajlarına düşməyən şəxs də Kərim Kərimov idi.

1974-cü ildə Kərim Kərimov əsas vəzifəsi ilə paralel olaraq Mərkəzi Elmi-Tədqiqat Maşınqayırma İnstitutu direktorunun birinci müavini kimi elmi-təşkilatçılıq fəaliyyətinə qatılmışdı. O dövrdə sovet kosmonavtikasının fəxri sayılan, alim-mühəndis zehninin qələbəsi kimi qəbul edilən kosmik aparatlar onun fəal iştirakı və birbaşa rəhbərliyi ilə yaradılmışdı. Onların sırasında yeni nəsil “Soyuz” kosmik gəmiləri, “Salyut” orbital stansiyası, sonradan isə çoxmodullu “Mir” stansiyasının adlarını çəkmək olar.

Azərbaycanla əlaqəni kəsməyən, Azərbaycan Elmlər Akademiyasının Aerokosmik Tədqiqatlar Mərkəzinə əlindən gələn köməkliyi göstərən general bir çox azərbaycanlı alimin bu sahədə fəaliyyət göstərib inkişaf etməsi üçün şərait yaratmışdı. 1991-ci ildə istefaya çıxan Kərim Kərimov ömrünün sonunadək kosmik sahə ilə əlaqəsini qırmamış, Uçuşları İdarəetmə Mərkəzinin məsləhətçisi olmuşdu. İstehsalat-təşkilat və elmi fəaliyyətinə görə general-leytenant Kərim Kərimov Sovet İttifaqı Qəhrəmanı fəxri adına, iki dəfə Lenin ordeninə, Qırmızı Əmək Bayrağı, Qırmızı Ulduz ordenlərinə layiq görülmüş və çoxlu medalla təltif olunmuşdu. Kərim Kərimov 2 dəfə dövlət mükafatı almışdır. Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif edilmiş, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü seçilmişdir.

General-leytenant Kərim Kərimov 29 mart 2003-cü ildə Moskvada vəfat etmiş və elə orada da dəfn olunmuşdur.

Məxfi generalın zəngin bioqrafiyasının araşdırdıqda onun fenomenal həyat hekayəsinin əsl sirri aydın olur. Onun sıçrayışlı karyera yüksəlişinin səbəbi qeyri-adi istedadı, fenomenal yaddaşı, təşkilatçılıq bacarığı, yüksək intellekti və çevik təfəkkürü olmuşdur. Əvəzedilməz generalın bu keyfiyyətləri cühuriyyətçi ailəsindən olması faktorunun arxa plana keçməsinə səbəb olmuşdur.

General Kərim Kərimovun ailə şəcərəsinə yaxın qohumu (dayısı oğlu) Azərbaycan Cümhuriyyətinin parlament üzvü Əsədulla bəy Əhmədovun nəvəsi, xüsusi xidmət polkovniki Oqtay Əhmədov işıq salır:

“General Kərim Kərimov hər iki tərəfdən Azərbaycan türküdür, Oğuz soyundandır!”

Xatırladım ki, general Kərim Kərimovun atası Kərimov Abbasəli Hacıbalakərim oğlu 1879-cu ildə Bakı şəhərində anadan olub. Azərbaycan türküdür. Azərbaycanın ilk ali təhsilli mühəndislərindəndir. Sankt-Peterburq Mülki Muhəndislər İnstitunda bir müddət təhsil aldıqdan sonra 1912-ci ildə Peterburq Texnologiya İnstitunu bitirib. (Abbasəli Kərimovun fəaliyyətinin professor Ədalət Tahirzadə araşdırıb).

Anası Əhmədova Sürəyya Əsədulla qızı isə Azərbaycan Cümhuriyyəti Parlamentinin üzvü, I Bakı Dumasının deputatı, “Nəşri-maarif” cəmiyyətinin təsisçilərindən biri Əsədulla bəy Əhməd oğlu Əhmədovun qızıdır. Azərbaycan türküdür.

1930-cu ildə Azərbaycan Cümhuriyyətinin parlament üzvü Əsədulla bəy Əhmədov NKVD tərəfindən aparılan istintaqa verdiyi ifadələrində əfsanəvi general Kərim Kərimovun məhz onun himayəsində yaşadığını bildirmişdir (sitat professor Ədalət Tahirzadənin araşdırmasından götürülmüşdür).

Tarix
2018.11.14 / 08:45
Müəllif
Səməd Vəkilov
Şərhlər
Digər xəbərlər

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla