Yuxarı

Bu, fantastik nəticədir - Çingiz Hüseynzadə

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda digər sahələrdə olduğu kimi, idmanda da inkişaf göz qabağındadır. Ölkəmiz irimiqyaslı yarışlara yüksək səviyyədə ev sahibliyi edir, idmançılarımız beynəlxalq arenada qələbələr qazanaraq xalqımızı sevindirirlər. Ötən illərdə olduğu kimi, bu il də Azərbaycan idmançıları möhtəşəm qələbələr qazanaraq üçrəngli bayrağımızı dalğalandırıb, himnimizi səsləndiriblər.

Axar.az xəbər verir ki, Azərbaycan Milli Olimpiya Komitəsinin və İslam Həmrəyliyi İdman Federasiyasının vitse-prezidenti Çingiz Hüseynzadə cari ilin idman yekunları ilə bağlı Azərtac-a müsahibə verib. Müsahibəni təqdim edirik.

- Çingiz müəllim, cari ilin idman yekunlarını necə dəyərləndirirsiniz?

- Ötən illərdə olduğu kimi, 2017-ci il də Azərbaycan idmanı üçün çox uğurlu oldu. Cari ilin ən əsas yarışı Bakıda təşkil olunan IV İslam Həmrəyliyi Oyunları idi. Azərbaycan idmançıları bu mötəbər yarışda uğurla çıxış etdi və ölkəmiz komanda hesabında qalib gəldi.

Həmçinin bir çox idman növlərində Azərbaycan idmançıları ustalıq nümayiş etdirdilər. Təkcə ənənəvi idman növlərində deyil, komanda idman növlərində də uğurlarımız böyük oldu. Futbolçularımız, voleybolçularımız, həndbolçularımız və basketbolçularımız IV İslam Həmrəyliyi Oyunlarının çempionu adını qazandılar. Bütün bunlar Azərbaycanda idmanın inkişafını nümayiş etdirir.

Azərbaycan dünyaya idman nəticələri ilə yanaşı, yüksək təşkilatçılıq bacarığını da nümayiş etdirdi. İlk Avropa Oyunlarından iki il sonra təşkil olunan “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları da yüksək səviyyədə təşkil olundu. Oyunların Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyevanın bilavasitə rəhbərliyi ilə təşkil olunan bu yarışlar Azərbaycanın qüdrətini bir daha bütün dünyaya nümayiş etdirdi. Biz bu İslamiadanı keçirməklə İslam Həmrəyliyi Oyunlarının standartlarının yeni və yüksək səviyyəsini müəyyənləşdirə bildik. Azərbaycanda keçirilən Oyunlar digər ölkələrdə təşkil olunan İslam Həmrəyliyi Oyunlarından daha möhtəşəm və yüksək səviyyədə, ən əsası böyük proqram əsasında təşkil olundu.

Cari ildə idmanın müxtəlif növləri üzrə də mühüm uğurlar əldə olunub. 2017-ci ildə iki idmançımız üçqat dünya çempionu adını qazanıb. Hacı Əliyev güləş, Məhəmmədrəsul Məcidov isə boks üzrə üçqat dünya çempionluğu sevincini xalqımıza yaşatdılar. Bu, sübut edir ki, azərbaycanlı atletlərin uğurları təsadüfi deyil. Bu, qanunauyğun haldır. Ümumiyyətlə, idmanın digər növləri üzrə əldə olunan nailiyyətləri də nəzərə alsaq, cari ili ölkə idmanı üçün uğurlu hesab etmək olar.

- Ölkəmiz 2019-cu ildə növbəti mötəbər yarışa ev sahibliyi edəcək. Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalına hazırlıq barədə nə deyə bilərsiniz? Yarışın proqramına hansı idman növləri daxil ediləcək?

- Bu, çox mötəbər yarışdır. Turnirdə 3600-dək idmançının iştirakı gözlənilir. Bu yarış Avropada ən mühüm turnirlərdən hesab olunur və qitə ölkələri bu festivalda məmnuniyyətlə iştirak edirlər. Təsadüfi deyil ki, cari ildə Avropa Olimpiya Komitələri (EOC) bu yarışların 25 illik yubileyini təntənə ilə qeyd etdi.

Azərbaycanın bu yarışa ev sahibliyi etməsi bizim üçün çox əhəmiyyətlidir. Bu idmançılar yeniyetmə və gəncdirlər, onların 16-17 yaşı var. Festival həmin kateqoriyadan olan idmançılar üçün ilk irimiqyaslı yarış olur. Bütün Avropanı əhatə edən bu yarışlar idmançıların xatirəsində silinməz xoş izlər buraxır. Həmçinin onlardan bəziləri idman karyeralarına Bakıda keçiriləcək festivalla start verəcəklər ki, paytaxtımız onlar üçün yaddaqalan olacaq. Yeniyetmə idmanı olmasa böyüklərin idmanından danışmaq mümkün deyil. Həmçinin bu yarışlarda gələcəyin Olimpiya çempionları yetişir. Belə bir statistika var ki, festivalın qaliblərinin 30 faizi Olimpiya Oyunlarında mükafatçılar sırasında yer alırlar.

Təşkilati baxımdan yarışın Bakıda keçirilməsi üçün hər cür şərait var. Festival üçün heç bir yeni idman qurğusu tikilməyəcək və ya təmir olunmayacaq. İdman infrastrukturumuz yarışa hazır və yüksək səviyyədədir. Təşkilati işləri həyata keçirən komanda hazırdır. İlk Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunlarında təcrübə toplamış insanlar bu yarışın da təşkilində iştirak edəcəklər. Ümid edirəm ki, Avropa Yeniyetmələrinin Olimpiya Festivalı da yüksək səviyyədə təşkil olunacaq.

Cari ilin noyabrında Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalına Bakının ev sahibliyi etməsi ilə bağlı müqavilə imzalanıb. Müqaviləyə əsasən, festivalda atletlər idmanın on növü üzrə mübarizə aparacaqlar. Burada idmanın doqquz növü məcburidir və digər festivallarda da proqrama bu növlər daxil edilib. Bunlar voleybol, basketbol, həndbol, üzgüçülük, atletika, gimnastika, cüdo, tennis və velosiped idmanıdır. Festivala ev sahibliyi edən ölkə istəsə, onuncu idman növünü proqrama daxil edə bilər. Bu barədə hələ ki yekun qərar qəbul olunmayıb. Amma düşünürəm ki, proqrama güləşin daxil olunmasını təklif edəcəyik. Gələn ilin əvvəllərində keçiriləcək Koordinasiya Komissiyasının iclasında bu məsələ müzakirə olunacaq. Düşünürəm ki, biz buna nail ola biləcəyik.

- Məktəblilər arasında “Olimpiya Hərəkatı” layihəsinin növbəti illər üçün təşkili nəzərdə tutulubmu? Layihənin proqramına yeni idman növləri əlavə ediləcəkmi?

- Bu layihənin icrasına bir neçə il bundan qabaq Bakıda başlanılıb. Azərbaycan dünya miqyasında bu layihəyə qoşulmuş beşinci ölkədir. Ölkəmizdə layihənin icrası çox uğurlu oldu. Bu layihəyə ilk dəfə başlayanda onu bir dəfə reallaşdırmağı nəzərdə tutmuşduq. Lakin layihə müvəffəqiyyətli olduğu üçün onu davam etdirdik. “Olimpiya Hərəkatı”nın növbəti ildə keçirilməsi üçün danışıqlar aparılır və inanıram ki, biz layihənin davam etməsinə nail ola biləcəyik. Layihə miqyasına görə geniş auditoriyanı əhatə edir. Təkcə Bakı məktəbliləri deyil, rayonlardan da şagirdlər “Olimpiya Hərəkatı”nın bir parçasına çevrilmişdilər. Əvvəlcə layihəyə idmanın dörd növü ilə start verdik. Sonra növlərin sayı beşə çatdırıldı. Milli Olimpiya Komitəsi tərəfindən layihənin təşkili ilə bağlı bütün məsələlər qaydasındadır. Ancaq “Olimpiya Hərəkatı”nın icrasında sponsorlar da iştirak edirlər. Gələn ilin əvvəlində artıq bu istiqamətdə danışıqlara start veriləcək.

- Azərbaycan II Avropa Oyunlarına necə hazırlaşır? Azərbaycan bu Oyunların təşkilində Belarusa nə cür kömək edir?

- Azərbaycan idmançıları ikinci Avropa Oyunlarına ciddi hazırlaşırlar. “Minsk-2019”un prorqamına daxil olan idman növləri üzrə federasiyalarımız yarışa hazırlığı artıq öz planlarına salıblar. Azərbaycanda bu Oyunlara çox ciddi əhəmiyyət verilir. İdmançılarımız bu mötəbər yarışa Avropa və dünya çempionatları, Olimpiya Oyunları səviyyəsində hazırlaşırlar.

Bu Oyunlar Azərbaycan üçün xüsusi əhəmiyyəti malikdir. Bakıda təşkil olunan ilk Avropa Oyunlarında ölkəmiz ümumi komanda hesabında ikinci olmuşdu. Bu, bizdə böyük məsuliyyət hissi yaradır. “Minsk-2019”da idman növləri fərqlidir və ola bilsin ki, həmin nəticəni göstərə bilməyək. Amma ümid edirik ki, Azərbaycan komandası bu Oyunlarda layiqincə çıxış edəcək.

“Minsk-2019”un Təşkilat Komitəsində Azərbaycandan bir neçə mütəxəssis çalışır. “Bakı-2015”də təcrübə qazanmış mütəxəssislərimiz Belarus tərəfdən dəvət olunub. Belarus tərəfi “Bakı-2015”in təcrübəsindən geniş istifadə etməyə çalışır. Rəhbərlik səviyyəsində bizdə məsləhətləşmələr keçirlir. Avropa Olimpiya Komitələrinin Xorvatiyada keçirilən Baş Assambleyasında da görüşlər keçirdik, müzakirələr apardıq. “Minsk-2019”un Təşkilat Komitəsnin üzvləri bir neçə dəfə Bakıda olublar. Səfər zamanı ilk Avropa Oyunlarının təşkili ilə bağlı bütün məlumatlar onlara təqdim olunub. Oyunların başlanmasına yaxın onlar bizim mütəxəssislərdən daha çox istifadə edəcəklər və belə müraciətlər var. Bizim mütəxəssislər onlara lazımi yardımı göstərəcəklər.

- Cari ildə Milli Olimpiya Komitəsinin yaradılmasının 25 illiyi təntənəli şəkildə qeyd olundu. MOK-un bundan sonrakı fəaliyyətində əsas hədəflər hansılardır?

- Milli Olimpiya Komitəsinin əsas hədəfi Olimpiya Oyunlarıdır. MOK növbəti Olimpiadaya hazırlığı təşkil etməlidir. Növbəti Olimpiya Oyunları 2020-ci ildə Tokioda təşkil olunacaq. Biz “Tokio-2020”də Azərbaycanı daha yüksək səviyyədə təmsil etməyə hazırlaşırıq. Bu, çətin olacaq. Çünki Azərbaycan komandası Rio-de-Janeyroda təşkil olunan Olimpiya Oyunlarında 18 medal qazanıb. Bu, fantastik nəticədir. Bu nəticəni təkrar etmək çox çətindir. Amma düşünürəm ki, bu, mümkündür və nəticəni daha da yaxşılaşdırmaq olar. Hazırlıq tam sürətlə davam edir. Gələn ildən Olimpiadaya lisenziya yarışlarına start veriləcək və bu, “Tokio-2020”nin başlanmasına 3-4 ay qalmış başa çatacaq. Fərəhli haldır ki, Minskdə keçiriləcək ikinci Avropa Oyunlarında da idmanın on növü üzrə lisenziyaların sahibləri müəyyənləşəcək. Hazırda əsas məqsədimiz çoxlu sayda lisenziya qazanmaqdır.

Olimpiya Oyunlarından başqa hədəflərimiz də var. Olimpizmin, Olimpiya dəyərlərinin və hərəkatının təbliği bizim əsas məqsədlərimizdəndir. Olimpiya hərəkatında “Hamı üçün idman” adlı beynəlxalq layihə var. Biz bu layihəyə qoşulmuşuq və müxtəlif tədbirlər keçiririk. Olimpiya və ətraf mühit layihələrində də yaxından iştirak edirik. Gələcəkdə Gənclər və İdman, Təhsil nazirilikləri ilə bir çox layihələrimiz var. Bunlardan biri məktəblərdə Olimpiya klublarının yaradılmasıdır. Qarşıda bizi xeyli iş gözləyir. Olimpiya hərəkatı dünyada sürətlə genişlənir.

Son dövrün aktual mövzularından biri də dopinq məsələsidir. Dopinq skandalları bütün dünyanı bürüyüb. Ölkəmizdə Anti-Dopinq Agentliyi yaradılıb. Bu agentliyin işi daha da genişləndirilməlidir. Qurum ilə yaxın zamanda memorandum da imzalanacaq. Bu istiqamətdə çox iş görülməlidir.

Tarix
2017.12.20 / 22:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla